Taleh Həmidin adına verilmiş xoşbəxtlik...
ŞAİR DOSTUMUN 60
İLLİK YUBİLEYİNDƏ XATIRLADIQLARIM
Unutdum,
Ömrün uzaq bir qatarında
Xoşbəxtliyimi.
İtirdim,
Tələbəlik illərində
Qatarda itirdiyim
Çantam kimi...
Bu sətirləri Taleh Həmidin nə
vaxt, taleyin hansı acı zərbəsindən sonra
yazdığını indi dəqiq xatırlaya bilmirəm. Amma xoşbəxt anlarının, fərəhli
günlərinin çox şahidi olmuşam. O anların, o günlərin uzaq illərdə
qalanı da var, ən yaxın tarixlərdə yaşananı
da...
Səhv etmirəmsə,1989-cu
il avqustun son günləri idi. Baş redaktoru
olduğu “Yeni fikir” qəzetinin birinci nömrəsi
çıxmışdı. Xoşbəxt idi...
1991-cı ilin yayında birlikdə Moskvaya uçurduq. Onun şeirlərini rus dilinə tərcümə eləyən
bir rus şairinin 50 illik yubileyində iştirak eləmək
üçün. Uçmağa qanadı yox idi...
Günlərin birində məni “Yeni
fikir”də aldığım maaşdan ikiqat çox əməkhaqqı
ilə başqa bir işə
çağırmışdılar. Bunu eşidən
kimi dərhal qəzetin təsisçisi olan Dövlətnəşrkomun
sədri, mərhum Rəşid Mahmudovun yanına getmiş, vəziyyəti
danışmış və sevincək redaksiyaya
qayıtmışdı: “Rəşid müəllim dedi ki,
Müsəllimə yeni işdə təklif edilən məbləğdə
maaş veririk və heç yana buraxmırıq”. Bu sözləri deyərkən qəlbən
keçirdiyi məmnunluq hissi gözlərindən
açıq-aşkar oxunurdu...
Allah Rəşid müəllimə rəhmət
eləsin. Həmin gün, həmin an
Taleh Həmidə xoşbəxt anlar
yaşatmışdı... Biz
yaşa dolduqca anlayırıq ki, bütövlükdə insan
xoşbəxt ola bilmir. İnsan
ömrü, sadəcə, xoşbəxt dəqiqələrdən,
saniyələrdən və bir də bədbəxt dəqiqələrdən
və saniyələrdən ibarət olur. Ömrümüzə
birinciləri bəxş eləyənlərə isə həmişə
minnatdarlıq borcumuz var.
Əslində, Taleh Həmidlə həmyerli
olsaq da (hər ikimiz şəmkirliyik), bizi birləşdirən və
yaxınlaşdıran qətiyyən bu amil olmayıb. Jurnalistikada ilk addımlarımı
atan vaxtlarda mən
gənc şair və publisist Taleh Babayevin imzasını
yaxşı tanıyırdım və deyəsən, bir dəfə
də görüşmüşdük. Heç demə, o da kənardan-kənara mənimlə
maraqlanır, yazılarımı oxuyurmuş. Bunu 1989-cu ilin
bir avqust günündə hiss elədim. Onda mən Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib 4
il idi ki, “Azərnəşr”də redaktor işləyirdim. Hansısa
iş dalınca getdiyim üçün nahar fasiləsindən
bir az gec qayıtmışdım. Otağa
girəndə iş yoldaşlarım dedi ki, şair Taleh Həmid
gəlmişdi, səni axtarırdı, telefon nömrəsi
qoyub, xahiş elədi ki, zəng vurasan.
Belə qəfil axtarış məni də
şübhəyə saldı: xeyir ola?
Axı biz heç düz-əməlli tanış
deyilik... Qoyub getdiyi nömrəyə zəng
etdim. Mətləbi uzatmadan Dövlətnəşrkomun
orqanı kimi yeni qəzetin fəaliyyətə başladığını,
özünün isə həmin qəzetə baş redaktor təyin
olunduğunu bildirdi. Və məni də o qəzetə
işə dəvət elədi - şöbə müdiri
kimi...
Görüşdük və mən
prinsipcə etiraz etmədiyimi bildirdim. Amma iş yerimdən
- “Azərnəşr”dən də icazə almalıydım.
Bu təklif barədə “Azərnəşr”in o vaxtkı
direktoru, rəhmətlik Əjdər Xanbabayevə məlumat
verib, bu məsələyə münasibətini öyrənmək
istədim. O, məni işdən buraxmaya da bilərdi. O vaxt
belə şeylər də olurdu. Amma rəhmətlik Əjdər
müəllim dedi:
- Orda maaş nə qədərdir?
- 200 rubl deyirlər... - mənim cavabım
belə oldu.
O, stolunun siyirməsindən yeni qəzetin
təsis olunması barədə qərarın surətini
çıxarıb dedi:
- Düz deyirlər. Burda nə
qədər alırsan?
- 180 rubl...
- Get, xeyirli olsun!
Beləcə, mən “Yeni fikir” qəzetində
işləməyə başladım və Taleh Həmidin
xoşbəxt günlərinin şahidinə çevrildim.
Və bu xoşbəxt günlərdən
biri də Heydər Əliyevin Moskvada çıxan “Teatralnaya
jizn” jurnalındakı müsahibəsinin 1991-ci ildə “Yeni
fikir”də tərcüməsinin çap olunduğu gün
idi. Taleh Həmidə xəbər vermişdilər
ki, Heydər Əliyevin müsahibəsini Mərkəzi Komitədə
kabinetlərdə stolun siyirməsində oxuyurlar. Qapını açıb içəri girən
olanda siyirməni irəli itələyirlər ki, görən
olmasın. Hamı bir-birindən xəlvət...
Bu xəbəri eşitmək həmin an Taleh Həmidin xoşbəxt olması
üçün yetərli idi. Ona görə yox ki, o vaxt təqib
və tənqid edilən Heydər Əliyev nə vaxtsa hakimiyyətə
gələcəkdi, ona görə ki, Heydər Əliyevin o
müsahibəsinə görə “Yeni fikir”in
oxucularının sayı birə-beş artmışdı. Taleh Həmid bir qəzet readktoru kimi xoşbəxt
idi.
Və bu xoşbəxtliyin bir müəllifi
də rəhmətlik Əjdər Xanbabayev idi.
...Mən onda 4-cü mikrorayonda
yaşayırdım. Səhər işə getmək
üçün yolda avtobus gözləyirdim ki, “Azərnəşr”in
direktoru Əjdər Xanbabayev özünün şəxsi
“Jiquli”sini
yanımda saxlayıb, maşına əyləşməyimi
təklif etdi, yolumuz bir idi.
Onda 20 Yanvar faciəsi təzəcə
baş vermişdi.
Maşına oturan kimi birinci sualı bu
oldu ki, Heydər Əliyevin Moskvada daimi nümayəndəliyimizdə
20 Yanvar hadisələri ilə bağlı verdiyi bəyanatın
lent yazısını görübsənmi?
“Yox” dedim.
Dedi, “evdə video-aparat da olmaz yəqin...”
“Yoxdur”,- dedim.
“Olsaydı, o lenti verərdim,
baxardın”. Və sonra Moskvada baş verənləri
birbəbir danışdı.
Və birdən sözarası dedi ki, Heydər Əliyevin
“Teatralnaya jizn” jurnalında müsahibəsi çıxıb,
bizim qəzet redaktorlarının heç biri onu çap etməyə
razılıq vermir, onu “Yeni fikir”də çap eləmək
olarmı?
- Əjdər müəllim, mən Talehlə
danışaram, - dedim,- məncə,
problem olmaz, əksinə maraqlıdır...
İşə çatdıq və mən
Əjdər müəllimin istəyini Talehə
çatdırdım. Bu təklif onun
üçün göydəndüşmə oldu. Və bir neşə dəqiqədən sonra mən
jurnalı götürmək üçün Əjdər
Xanbabayevin yanına qayıtdım.
Müsbət cavabla
qayıtmağım onun kefini kökəltdi və jurnalı
götürmək üçün növbəti gün saat
9-a vaxt təyin elədi.
Növbəti gün 9-da “Azərnəşr”də
Əjdər müəllimin kabinetinin qapısını
döydüm. “Gəl içəri, otur, jurnalı indi gətirirlər”,
- dedi.
Bir az oturmuşdum ki,
içəri tanımadığım bir adam daxil oldu və əlindəki
diplomatı açdı, jurnalı çıxarıb Əjdər
müəllimə verib çıxdı.
O çıxandan sonra Əjdər müəllim
üzümə baxıb dedi:
- Tanıdın?
- Yox...
- Kişinin kürəkənidir, - dedi...
Mən bu adamın Mahmud Məmmədquluyev
olduğunu çox sonralar bildim.
Taleh dərhal jurnalı tərcümə
üçün tanınmış jurnalist və tərcüməçi
Şakir Yaqubova göndərdi. O da mətni yüksək səviyyədə
Azərbaycan dilinə çevirdi.
Bir neçə gün sonra iki səhifəlik
müsahibə artıq “Yeni fikir”in çapa hazır
versiyasında mətbəədə idi. O vaxt şəhərdə
komendant saatı olduğundan (gecə saat 12-dən
sonra küçəyə çıxmaq qadağan idi) biz qəzeti çap
üçün təqdim eləsək də, çap
prosesini gözləyə bilmədik. Yalnız növbəti
gün qəzeti köşklərdə görəndən
sonra anladıq ki, Heydər Əliyevin bədxahları bu
müsahibənin çapa getdiyini görməyiblər və
mane ola bilməyiblər. Qəzeti
və müsahibəni köşklərdə görən
Taleh Həmid xoşbəxt idi. Ən
azı qəzetin əl-əl gəzəcəyini bildiyi
üçün. Elə belə də oldu, qəzet əl-əl
gəzdi...
Sonralar çox dəyişikliklər
oldu. Heydər Əliyev deputat
seçildi, Naxçıvan Ali Məclisinin sədri oldu və
ilk dəfə Bakıya - Ali Sovetin sessiyasına gələndə
fasilə zamanı parlament müxbirləri ilə foyedə
mehriban bir görüşü oldu. Və
onda bizlərdən bir-bir hansı qəzetdə işlədiyimizi
soruşdu və növbə mənə çatanda “Yeni fikir”
qəzetində işlədiyimi bildirdim. Dərhal
onun müsahibəsinin ilk dəfə bu qəzetdə
işıq üzü gördüyünü yada salıb,
bizim qəzetin redaktoruna və kollektivinə salamlarını
yetirməyi xahiş elədi.
Sonra yenə dəyişiklikər
oldu. Heydər Əliyev yenidən hakimiyyətə
gəldi və ulu öndərin “Teatralnaya jizn”dəki müsahibəsinin ilk dəfə
hansı qəzetdə dərc olunması barədə iddialar
başladı. Onda nə “Yeni fikir” yada
düşdü, nə də Taleh Həmid. Əjdər Xanbabayev artıq dünyada yox idi. Taleh Həmid özü isə bu bəhsəbəsə
heç qoşulmadı, başını salıb qəzetçiliyini
elədi, şeirini yazdı. Hesab elədi
ki, o, Heydər Əliyevin müsahibəsini verməklə
öz redaktor borcunu yerinə yetirib və buna görə
hansısa təmənna ummağın yeri yoxdur. Amma o vaxt elə bizim həmkarlarımız
arasında kifayət qədər iddialı və təmənnalı
adamlar var idi və onlar belə şeylərdən yararlanmağın
yolunu da tapa bilmişdilər. Taleh Həmid
o yolu axtarmamışdı, heç indi də, 60
yaşında da axtarmır.
...Bu yazının girişində Taleh Həmiddən
misal gətirdiyim şeir belə bir bədbin notla başa
çatır:
Təcili bir elan vermək
Keçir hərdən ürəyimdən.
Ağrılar var
Sinəm boyu
Yayılır.
Taleh Həmidin
Adına verilmiş
Xoşbəxtlik
İtdiyi üçün
Etibarsız sayılır.
Taleh Həmidin bu sətirləri
hansı ağrılı duyğuların təsiri altında
yazdığını xatırlamağa, anlamağa
çalışıram. Bilirəm
ki, yeniyetmə qızı Sevincin vəfatı onun xoşbəxt
anlarının bir xeyli hissəsini dözülməz bir qəmlə,
kədərlə əvəz eləmişdi. Sonra
qardaşı Malikin vaxtsız vəfatı... Və yəqin
şair ömrünün kədər fəsli onda gəlmişdi:
Ötən illərimə acı
qatıbdı,
Səsimə səs vermir, yaman
yatıbdı.
Yoxsa dincəlməyin vaxtı çatıbdı
Deyəsən, ay Taleh, yordum
ömrümü.
Belə ağır faciələri
yaşayan ömür yorulardı. Və yoruldu
da... Düz on il əvvəl pozulan səhhətini
bərpa etmək, itirdiyi sağlamlığını geri
qaytarmaq sanki müşkülə düşmüşdü.
Yanlış müalicə xəstəliyini şiddətləndirsə
də, Taleh Həmid daxili iradəsini, mənəvi
gücünü, həyat eşqini bir an
belə itirmədi.
Gün var şirin, gün var acı
Mən dərd gördüm yox əlacı.
İstəmirəm taxtı-tacı
Yatmağa taxt axtarıram.
Bu misralar məhz o vaxt süzülüb ağ kağıza: ağrı-acı ilə
mübarizə apardığı o çətin, əzablı
günlərdə də Taleh Həmid yazıb-yaratmaq həvəsindən
qətiyyən düşməmiş, ilhamının
ovxarını əksiltməmişdi.
Onda bir az qəmli
yazırdı, amma yazırdı...
Mən bütün yaşları bir
yaşa qatdım
İçimdə sönməyən
bir ocaq çatdım.
Hər gecə ölümlə
baş-başa yatdım
Sabah açılanda “min şükür”
- dedim.
Hər açılan sabaha
şükür deyən Taleh Həmid həyatın bu
ağır sınağını neçə illərdir
geridə qoyub, şair-publisist kimi ədəbiyyatımıza,
jurnalistikamıza yeni-yeni töhfələr verir.
Və “Taleh Həmidin adına verilmiş
xoşbəxtlik...”
indi etibarsız sayılmır! Çünki bu
gün onun evi körpə Talehin (nəvəsi Taleh Həmidin)
nəfəsi ilə yenidən xoşbəxtlik, sevinc,
şadlıq ab-havasına bürünüb.... Taleh Həmidin adına
verilmiş xoşbəxtlik tapılıb...
Qoy bu xoşbəxtliyin ömrü əbədi
olsun!
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2012.- 23 iyun.- S.19.