Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə   

 

Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Səlib yürüşləri və digər qəddarlıq nümunələri

 

Xristianlar islamın yaranmasını və irəliləməsini özləri üçün böyük təhlükə hesab edirdilər. İslam qoşunlarının ilk işğal etdiyi ərazilər xristian dövləti olan Bizansa məxsus idi. Digər tərəfdən islama qarşı nifrəti qızışdırmaq üçün sonralar yaxşı bəhanə də ələ düşdü. İisus Xristin çarmıxa çəkildiyi və qəbri olan yer də islamın nəzarətinə keçmişdi. Ona görə də islama qarşı silahlı yürüşlər təşkil olundu. Səlib yürüşləri adlanan bu müharibələr Sahibin qəbrini dinsizlərdən (islam dininə sitayiş edənlərə xristian kilsəsi belə damğa vurmuşdu) azad etmək üçün təşkil edilirdi və bu, əslində gələcək müstəmləkəçilik siyasətinin müjdəsi olmaqdan başqa bir şey deyildi. Din bayrağı altında baş verən yürüşlər əslində daha çox maddi fayda götürmək məqsədini güdürdü. Avropanın yoxsul xristian əhalisi öz ağır vəziyyətindən çıxmaq üçün xilas yolları axtarırdı. Digər tərəfdən, varlı adamların torpağı və mülkiyyəti irs kimi yalnız yaşca böyük olan oğula çatdığından, digər qardaşların öz həyatlarını təmin eləmələri üçün heç bir imkan qalmırdı. Ona görə də böyük sayda kütlə dini qızışdırmalarla yanaşı, torpaq və mülkiyyət qazanmaq, bütövlükdə yaşamağa maddi şərait əldə etmək üçün Şərqə, islamın hakim olduğu torpaqlarda vuruşmağa könüllü qaydada razılıq verirdilər.

V əsrdə hun sərkərdəsi Attila Romaya böyük təhlükə törətdiyindən onu “Allahın bəlası” adlandırmışdılar. Müsəlmanlara qarşı tədricən qızışdırılan nifrət də əslində onlar barədə də belə bir ədalətsiz təsəvvür yaradırdı. Xristian kilsəsinin alovlandırdığı bu nifrət dalğası onun nəticəsi kimi səlib yürüşlərində meydana çıxdı.

1095-ci ildə Klermon yığıncağında Papa II Urban Müqəddəs Torpağı və həmçinin xristian zəvvarlarının Kiçik Asiyada oraya getmək yolunu tutmuş səlcuqlara qarşı səlib yürüşünə çağırdı. Sahibin qəbrini dinsizlərin əlindən azad etmək barədə onun çağırışı “Allah belə istəyir” nidaları ilə qarşılandı. Fələstinə səlib yürüşü barədə bütün Avropada ehtiraslı moizələr oxunmağa başlandı. Moizəçi rahib Pyotr Tərki-dünya xüsusi populyarlıq qazanmışdı. 1096-cı ildə çoxminli könüllülər yığıldı, onlar əsasən Fransanın, Flandriyanın, Lotaringiyanın, Almaniyanın cənub vilayətlərinin kəndlilərindən və kiçik rıtsarlarından ibarət idi. Nə atı, nə ərzaq ehtiyatı olmayan, demək olar ki, silahsız döyüşçülər Şərqə tərəf hərəkət etdilər, qəddarcasına yəhudi qırğınlarını təşkil edir, quldurluqla özlərinə qida əldə edirdilər. Bu dəstənin böyük hissəsi öldürüldü və hələ yolda dağıldı. Qalanları isə Kiçik Asiyada səlcuqlar tərəfindən məhv edildi.

Rıtsar Səlib yürüşü, yoxsulların yürüşündən sonra 1099-cu ildə təşkil edilməklə, Konstantinopolun tutulması və Yerusəlim krallığının əsasının qoyulması ilə nəticələndi. Bizans imperatorları səlcuqlarla mübarizə üçün Romaya müraciət etsələr də, səlibçilərin nəhəng intizamsız ordusunun Bizans ərazilərində meydana çıxması az qala müharibəyə gətirib çıxardı. Bizans və yunan müəlliflərinin “franklar” kimi adlandırdığı səlibçilər bir-birlərinə nifrətlə yanaşırdılar. “Müqəddəs Roma imperiyasının” imperatoru “barbarları” tezliklə Kiçik Asiyaya yola salmağa tələsdi. Orada ilk səlibçi dövləti olan Edessa qraflığı yarandı. Sonra Antioxiya knyazlığı meydana gəldi. Səlibçilərin əsas dövləti 1099-cu ildə tutduqları Yerusəlimin adı ilə adlanan krallıq oldu. Səlibçilər müsəlmanlar və yəhudilər üzərində vəhşilik törətdilər.

Şartrdan olan Fulxer Müqəddəs Torpağa səlibçiləri müşayiət etmişdi. Onun Birinci Səlib yürüşü barədə məlumatı diqqəti cəlb edir. Yerusəlimə hücumu o, belə təsvir edir: “Onlar “Allah kömək et!” harayı ilə cəsarətlə şəhərə atıldılar və divarın üstündəki yüksəklikdə bayrağı qaldırdılar. Bütün bütpərəstlər tam dəhşətə gəlmişdilər, onların çoxu tezliklə qaçdı. Səlibçilər gördülər ki, saratsinlər (ərəblər) divarın zirvəsindən tullanırlar. Səlibçilər bunu görüb, sevinclə şəhərə girdilər və digər adamlara kömək etdilər ki, iyrənc düşməni təqib edib öldürsünlər.

Sonra sakinlərdən bəziləri, ərəblər və həbəşlər David qülləsinin içərisinə qaçdılar. Digərləri Allah və Solomon məbədlərində gizlənirdilər, orada onların üzərinə şiddətli hücum baş verdi. Elə bir yer yox idi ki, orada saratsinlər qılınclı adamların əlindən qaçıb qurtara bilsinlər.

Solomon məbədinin damında onların çoxu nizə zərbəsi ilə öldürüldü və damdan yerə atıldı. Bu məbədin içərisində on minə yaxın adamın başı kəsildi. Əgər siz orada olsaydınız, ayağınız öldürülənlərin qanına bulaşacaqdı. Daha nəyi deməliyəm? Onlardan birinə də yaşamağa icazə verilmədi. Səlibçilər qadınlara və uşaqlara da aman vermədilər”.

Səlib yürüşləri vaxtı xristianlar daha çox fanatizm və qəddarlıq nümayiş etdirirdilər. 1097-ci ildə səlibçilər Maarat şəhərini tutduqda orada bütün əhalini qırmaqla əsl qəssabxana düzəltmişdilər. Şəhər əhalisinin həyatını hifz edəcəkləri barədə vədlərinə baxmayaraq, səlibçilər yaşlı adamları odda qızardırdılar və bundan qida kimi istifadə edirdilər. Uşaqları isə payaya keçirib, zəif odda onlardan özlərinə xörək hazırlayırdılar. 1099-cu ildə səlibçilər Yerusəlimi tutduqda isə, burada onlar kütləvi quldurluq və dəhşətli qırğın təşkil etdilər. Bütün sakinlərin başını kəsdilər. Sağ qalmış iudeyləri sinaqoqaya doldurub diri-diri yandırdılar.

Salnaməçi Raymundo de Aqilere baş verənləri bir şahid kimi belə təsvir edir: “Küçələrdə və meydanlarda kəsilmiş insan başlarının, qollarının, qılçalarının topaları görünürdü. Məbəddə və Solomon portikində bizimkilər at üstündə saratsinlərin qanında gəzirdilər. Qan gölünün səviyyəsi atların dizinə çatırdı”. Müsəlmanlar səlibçilərin belə qəddarlığından dəhşətə gəlirdilər.

Yerusəlimin xristian işğalının vəhşiliyi, bu şəhəri 1187-ci ildə səlibçilərin əlindən almış Səlahəddinin alicənablığı və təmkini ilə tam bir kontrast təşkil edirdi. Bu isə Üçüncü Səlib yürüşünə səbəb oldu.

Sonralar da səlib yürüşləri davam etdirildi. Üçüncü Səlib yürüşü vaxtı bütün xristian dünyası Yaxın Şərqə yeni yürüş etmək barədəki çağırışla hərəkətə gəlmişdi. Üç əsas monarx şəxsən səlibçi qüvvələrə başçılıq etməyə razılıq verdi. Onlar Almaniyadan olan imperator Fridrix Barbarossa, İngiltərə kralı şirürəkli I Riçard və Fransa kralı II Filip Avqust idi. Səlibçilərin bir hissəsi 1189-cu ildə Yaxın Şərqə gəlib çıxdı və burada xeyli problemlərlə üzləşdi. Fridrix Barbarossa kiçik bir çayda üzəndə batdı və onun ordusu tezliklə parçalandı. İngilislər və fransızlar dəniz yolu ilə gəldilər və sahilyanı şəhərlərə qarşı mübarizədə uğur qazandılar. Sonra onlar içərilərə doğru hərəkət etdikdə bədbəxtcəsinə məğlub oldular. Nəticədə Filip vətənə yollandı, Riçard isə Səlahəddinlə danışıqlar aparıb müəyyən razılığa gəldi. Bu razılığa görə Səlahəddin xristian zəvvarlarına sərbəst qaydada Yerusəlimə ziyarət etməyə icazə verdi.

Bütövlükdə səkkiz səlib yürüşü həyata keçirildi. Lakin səlibçilər öz baş məqsədlərinə nail ola bilmədilər, Müqəddəs Torpağı xristian Qərbi üçün almaqda uğursuzluğa düçar oldular.

Səlib yürüşləri bütün eybəcərliklərinə baxmayaraq iki mədəniyyət arasında mübadilələrdən irəli gələn perspektivi bir qədər genişləndirdi. Lakin xristian Avropası ilə müsəlman dünyasının qarşılıqlı təsiri Müqəddəs Torpağa nisbətən İspaniyada və Siciliyada daha intensiv və daha əhəmiyyətli idi. Digər tərəfdən, bir-birilə vuruşan gənc döyüşçüləri doğma səhnədən uzaqlaşdırmaqla səlib yürüşləri Avropada stabilliyin yaranmasına köməklik göstərdi. Bu tədbirlərdən həmçinin italyan liman şəhərləri iqtisadi inkişafa nail oldu. Səlib yürüşlərinin bir əlavə effekti də ondan ibarət idi ki, Avropa cəmiyyəti bir çox nəsillər üçün saxlandı.

Səlib yürüşləri ilə yəhudilərə qarşı ilk geniş hücumlar başlandı. Bəzi xristianlar təkid edirdilər ki, dinsiz müsəlmanlara qarşı müqəddəs müharibələr apardığımız bir vaxtda “Xristin qatillərinin” vətənimizdə azad dolaşması ağıla sığmayan bir məsələdir. Yəhudilərin qırğını orta əsrlər Avropa həyatının həqiqi sifətinə çevrildi.

İspan böyük inkvizitoru Tomas de Torkvemadanın dövründə (XV əsrin sonu) Pireney yarımadasında yəhudilərin dəhşətli təqib edilməsi başlandı. Məcburi xaç suyuna çəkilmə, autodafe (tonqalda yandırılma) adi hadisəyə çevrildi.

1492-ci ildə elan olunmuş dekretdə ispan taxt-tacı belə qayda qoymuşdu ki, ölüm cəzası qorxusu altında bütün yəhudilər dörd ay ərzində İspaniyanı tərk etsinlər. Səbəb isə belə izah olunurdu ki, yəhudilərin adicə mövcudluğu və onların xristianlığa düşmən olan dini guya katolik dininə təhlükə törədir və İspaniyanın katolik missiyasına ziddir. İspaniyadakı bu qan axıdılması vaxtı yəhudilər həmin dəhşətlərdən yalnız müsəlmanların işğal etdikləri ərazilərdə xilas ola bilərdilər. Ona görə də oradan qaçan sefard yəhudiləri əsasən Türkiyədə sığınacaq tapdılar. Orta əsr iudeyləri xristianların fanatizminə dözməkdənsə, müsəlmanların ağalığı altında yaşamağa daim üstünlük verirdilər.

Səlib yürüşləri digər məsələlərdə də öz mənəvi, ruhi irsini uzun illər, əsrlər boyu qoruyub saxladı. İslam dünyasına qarşı nifrət dalğası uzun müddət nəinki yatmadı, hətta tsunami kimi uzun tarixi məsafələrə çatdı. Xristian dünyasının bəzi dühaları belə, islama qarşı hissləri qızışdırmaq cəhdlərindən kənarda dayana bilmədi. Əsasən XIV əsrin başlanğıcında yazıb yaratmış böyük italyan şairi Dante Aligyeri özünün “İlahi komediya”sında (əsərin adına şair öləndən sonra “ilahi” sözü əlavə olunmuşdu) Məhəmməd peyğəmbəri və onun ən yaxın silahdaşı Əlini axirət dünyasında onların qətiyyən layiq olmadıqları yerdə məskunlaşdığını iddia etməklə, həmçinin onları ağır işgəncələrin qalıqları ilə birlikdə təsvir edir. Dante xristian dini görüşlərinin diqtəsi altında təkcə islamın banisinə və onun əziz adamına hörmətsizlik etməklə kifayətlənmir, antik dünyanın böyük dahilərini də cəhənnəmdə yerləşdirmişdi. Onun düşüncəsinə görə yalnız xristianlar cənnətdə sığınacaq tapa bilərlər.

Xristianların yeretik hesab etdiyi böyük fransız filosofu və yazıçısı Volter özünün “Məhəmməd” pyesində əslində Qərbdəki dinin islama qarşı mövqeyindən çıxış edərək, islam peyğəmbərini Məkkədə sabitliyi pozan qiyamçı kimi göstərir, onun qəti düşməninin isə şəhərin böyük nüfuza malik olan meri rolunda, stabilliyin mühafizəçisi kimi təsvir edir.

Belə cəhdlərə heç də son qoyulmur. İslama qarşı nalayiq hücumlar edən, “Şeytan ayələri” kimi həcv kitabının müəllifi Salman Ruşdiyə Qərbdə hərarətli himayə göstərilir. Əlbəttə, ona İran ayatollaları kimi ölüm fitvası vermək də müasir dünyagörüşə əks olan ekstremist baxışları gündəliyə gətirmək cəhdindən başqa bir şey deyildir. İdeyaya qarşı mübarizə ictimai qınaqdan uzağa qetməməlidir. İdeyanı ölümlə, edamla məhv etmək mümkün deyildir.

Hər bir dünya dininin müqəddəs şəxsləri öz ideyaları və fəaliyyətləri ilə toxunulmazlıq hüququ qazanmışlar, bunu pozmaq ümumbəşəri hiddət doğurmalıdır. Təəssüf ki, Den Braunun “Da Vinçi kodu” əsərində İisusun evlənməsi və Mariya Maqdalinadan qızı olmasını iddia etməsi Vatikanın hiddətinə səbəb olsa da, Məhəmməd peyğəmbərə Danimarka jurnalında təhqiramiz karikatura dərc edilməsi ali xristian kilsəsini narahat etmədi. Yalnız müsəlman ölkələrində bu iyrənc hərəkətə qarşı etiraz nümayişləri baş verdi. Belə münasibətlər heç də dünya əhalisinin az qala yarısı arasında qarşılıqlı hörmət və anlaşmaya nail olmağa kömək edə bilməz.

 

 

(Ardı var)

 

Telman Orucov

 

525-ci qəzet.- 2012.- 23 iyun.- S.18.