Görkəmli nazimşünasın “Ceviz ağacı və Çinar” rapsodiyası
Nazim
Hikmət yaradıcılığı Azərbaycanda təkcə
ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən
deyil, fəlsəfi baxımdan da işlənmişdir. Bu sahədə
ilk addım atan, namizədlik dissertasiyasını müdafiə
edən və elmi əsərini nəşr etdirən Aqşin
müəllimin qızı Aytən Babayeva olmuşdur.
İstedadlı nazimşünas bu əsərində Nazim Hikmətin
fəlsəfi görüşlərində humanizm problemini
üç aspektdə şərh etmişdir: İnsan problemi
və bunun Nazim Hikmətin dünyagörüşündəki
yeri; humanizm probleminin Nazim Hikmət
dünyagörüşündə transformasiyası və
Nazim Hikmətin ideya dünyası. Kitabda Nazimin son şeirləri
də fəlsəfi baxımdan geniş təhlil edilmişdir.
2007-ci
ildə dərc olunan “Mövlana və Nazim Hikmət” adlı məqaləmizdə
yazmışdıq ki, mütəfəkkir-şair hələ
gəncliyində, marksizmə yiyələnmədən
mövləviliyi, təsəvvüf fəlsəfəsini
yüksək qiymətləndirmiş, sonralar da bütün
yaradıcılığı boyu böyük hikmətə –
Kamil insana inanmış, bu mərtəbəyə bəşər
övladını ucaldan Eşqə sadiq qalmışdır.
Fərq yalnız burasındadır ki, həsrətdən
doğulan, ayrılıqdan fəryad edən, daim vüsala
doğru yürüyən Nazim Hikmət iyirmi yaşından
sonra öz Yaradanına heç bir zaman asi olmadan xoşbəxtliyi
Yaradılanda axtarmışdır. Dahi sənətkar poetik
yaradıcılığının birinci dövründə
(təxminən 1916-1920-ci illər) heca vəznində
yazdığı “Mövlana” adlı şeirində
özünü Cəlaləddin Ruminin müridi hesab etmiş,
yardıcılığının sonrakı dövrlərində
də ayrılıq, həsrət motivləri
üstünlük təşkil etmişdir. Aqşin müəllim
kitabda Nazimin ilk şeirlərinin təhlilini verərkən bu
məsələyə də toxunur və onun heca vəznində
yazdığı ilk yaradıcılıq nümunələrindən,
o cümlədən “Mövlana” və “Sərv ağacları”
şeirlərindən bəhs edir.
Burada
kiçik bir haşiyə çıxaraq Nazim Hikmətin
poeziyasının mənim üçün də doğma
olduğunu vurğulamaq istəyirəm. Sadəcə, türk ədəbiyyatı
mütəxəssisi olduğum üçün yox, həm də
ona görə ki, mənim də, tələbəlik illərini
eyni qrupda paylaşdığımız ömür-gün
yoldaşımın da universiteti bitirərkən
nazimşünas Yusif Şirvanın elmi rəhbərliyi ilə
yazdığımız diplom işləri sənətkarın
məşhur “İnsan mənzərələri” irihəcmli
epopeyasındakı iki poemanın (“Zoya” və “Moskva
simfoniyası”) ədəbi-tənqidi təhlilinə həsr
olunmuşdu.
Kitabın
maraqlı səhifələrindən bir çoxu Azərbaycan
poeziyasında Nazim Hikmətə həsr edilmiş əsərlərin
təhlilinə ayrılmışdır. Aqşin müəllim
Rəsul Rzanın və Nigar Rəfibəylinin Nazim Hikmətə
həsr olunmuş və sənətkarlıqla qələmə
alınmış silsilə şeirlərini xüsusi qeyd edir
və bildirir ki, bu poetik nümunələrdə şairin həyatı,
mübarizəsi, amalı, keşməkeşli bir ömür
yolu keçməsi əks etdirilməklə yanaşı, hər
iki şairin Nazim Hikmətə olan böyük sevgisi də bədii
boyalarla verilmişdir.
Kitabda
yer alan ayrı-ayrı məqalələrdə Səməd
Vurğun, Süleyman Rüstəm, Mikayıl Rəfili, Mirvarid
Dilbazi, Balaş Azəroğlu, Mədinə Gülgün, Bəxtiyar
Vahabzadə, Zeynal Xəlil, Məmməd Araz, Fikrət Qoca,
Fikrət Sadıq, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli,
Musa Yaqub, Məsum Əliyev, Arif Abdullazadə, İsa
İsmayılzadə, Mustafa İsgəndərzadə, Məmməd
Aslan, Ağasəfa, Tofiq Abdin, Allahverdi Məmmədli, Qəşəm
İsazadə, Adil Cəmil və başqalarının
şeirlərinin də ruhunun, mayasının Nazim Hikmətə
olan böyük sevgidən, rəğbətdən
yoğrulduğu vurğulanır.
Kitabda
1978-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında
Nəcəf Quliyevin “Yana-yana” adlı sənədli povestinin
çap olunması, əsərdə
Nazim Hikmətin həyat və fəaliyyətinin ən parlaq səhifələrinin
öz əksini tapması qeyd olunur. Aqşin müəllim Azərbaycanın
tanınmış şair, publisist və alimlərindən Nəriman
Həsənzadə, Ələkbər Salahzadə, Tofiq Abdin,
Vilayət Rüstəmzadə, Arif Abdullazadə, Altay Məmmədov,
Tofiq Qaraqaya, Azər Əbilov və başqalarının Nazim Hikmət haqqında məqalə
və xatirələr yazıb çap etdirdiklərini,
bütün bunların Nazim Hikmət irsinin öyrənilməsində
mühüm rol oynadığını nəzərə
çatdırır.
Kitabda
Nazim Hikmət haqqında öz həmyerliləri Vala Nurəddin
(“Bu dünyadan Nazim keçdi”), İbrahim Balaban (“Şair Baba
və damdakılar”), Orxan Kamal (“Nazim Hikmətlə 3,5 il”),
Kamal Sülker (“Nazim Hikmətin saxta dostları”), Zəkəriyyə
Sertel (“Mavi gözlü dev”, “Nazımin son illəri”), A.Kadir
(“1938-ci il Hərbi məktəb hadisəsi”), Fəxri Erdinc
(“Nazim Hikmət və Bolqarıstan”), Sunay Akın
(“İstanbulun Nazim Planı”) kimi ədiblərin, eləcə
də 1993-cü ildə Madımak otelində
yandırılaraq öldürülənlər arasında olan
görkəmli tənqidçi Asım Bezircinin Türkiyədə
çap etdirdikləri əsərlərdən
türkoloq-nazimşünas səriştəsilə söhbət açılır.
Nazim Hikmət haqqında 60-70-ci illərdə çıxan
bu memuar və publisitik
kitabların, əslində, 30 illik bir ayrılıqdan sonra vətəninə
“ikinci dəfə dönən” dahi türk
şairi N.Hikmətin
yarıdıcılığına olan
böyük marağın, qırılmaz iradəsinə
bəslənən ehtiramın, onun həqiqi mənada qəhrəman
həyatının türk oxucusuna
çatdırılması istəyinin
nəticəsi kimi səciyyələndirilir.
Nazim
haqqındakı bu əsərlərdən ən səmimisi
Vala Nurəddinin “Bu dünyadan Nazim keçdi” memuar
kitabıdır. Aqşin müəllimin bu kitaba və onun müəllifinə
xüsusi rəğbəti hiss olunur. Vala Nurəddin Nazimin ən
yaxın silahdaşı, Moskva Universitetində (KUTV) tələbəlik
yoldaşı, ailəvi dostu idi.
İbrahim
Balaban və onun “Şair Baba və damdakılar” kitabı da
çox dəyərlidir. Bu həmin İbrahimdir ki, ilk
yağlı boya tablolarına Bursa həbsxanasında birlikdə
məhbəs həyatı keçirdikləri Nazim Hikmət
xeyir-dua vermişdi. Məlumdur ki, N.Hikmətin Anası Cəlilə
xanım öz dövrünün tanınmış ali
savadlı peşəkar rəssamı olub. Şairin
özünün də çəkdiyi xeyli rəsm əsəri
var. Bu həmin İbrahimdir ki, N.Hikmətin “vətən xaini”
elan edildiyi illərdə dünyaya gələn
oğlanlarından birinə Nazim, o birinə Hikmət
adını qoymuşdu. Bu həmin İbrahimdir ki, müasir
Türkiyənin say-seçmə rəssamlarından biri hesab
edilir.
Türkiyənin
görkəmli realist nasiri Orxan Kamalın “Nazim Hikmətlə
3,5 il” kitabı müəllifin Nazimlə birlikdə
keçirdikləri məhbusluq dövrünün
acı-şirin xatirələri kimi qiymətləndirilir.
Kitabda
yer alan məqalələrdən bir bölümü doğma
Aərbaycanımıza səfər edən, Aqşin müəllimin
rəsmi, yaxud qeyri-rəsmi qonağı olan, çoxusundan
jurnalist kimi müsahibə götürdüyü türk
yazıçı, şair və ziyalılarına, Türkiyəyə
qayıtdıqdan sonra qələmə aldıqları yol-səyahət
oçerkləri, səfər təəssüratları
(İlhan Səlcuq “Uzaq qonşu Rusiya”, Kamal Bayram “Sibir şəfəqi”,
A.Qadir “On beş gün Sovet İttifaqında” və s.)
haqqındakı maraqlı yazılar təşkil edir.
N.Hikmətin
kitabın əvvəlinə qoyulan poetik “Avtobioqrafiya”sında
belə bir misra var: “Arxasınca qiybət etmədim
dostlarımın...”. Bəli, o heç bir zaman
dost-yoldaşlarının arxasınca danışmadı,
onlara dönük çıxmadı. Lakin onun əqidə
dostları, dost bildikləri, siyasi partiyadaş və məfkurədaş
zənn etdikləri, qələm yoldaşları içərisində
ondan üz döndərənlər də, ona xəyanət edənlər
də, mətbuatda açıq və gizli imzalarla onu təhqir
edənlər də, “Moskva nökəri”, “kommunist cəsus”
adlandıranlar da oldu. Uzun illər əqidə
yoldaşı və siyasi həmkarı,
xeyli müddət TKP-yə rəhbərlik etmiş İ.Bilən,
30-cü illərdə çıxardığı “Dan” qəzetində
birlikdə əməkdaşlıq etdiyi, realist türk
poeziyasının formalaşmasında ona və digər
türk ədiblərinə böyük dəstək verən
Zəkəriyyə Sərtəl bu üzü dönük
“dostlardan” sadəcə bir neçəsidir. Aqşin müəllim
onlar haqqında ürək ağrısı ilə bəhs
edir. Xüsusən özünün də şəxsən
tanıdığı, duz-çörək kəsdiyi, uzun illər
Bakıda yaşamış Zəkəriyyə Sərtəlin
70-ci illərin sonunda əvvəlcə “Milliyət” qəzetində
hissə-hissə dərc etdirdiyi, sonradan
kitablaşdırdığı “Nazimin son illəri” əsərindəki
şairə atılan böhtan və yalanları, əsassız
xoşagəlməz iradları qəbul edə bilmir.
Doğrudur, həmin kitaba Türkiyənin tanınmış
nazimşünaslarından Kamal Sülkər “Nazimin saxta
dostları” adlı bir kitabla tutarlı cavab vermişdi. Lakin
bunun Aqşin müəllimi təsəlliyə kifayət etmədiyini
o, kitabda açıq-açıq vurğulayır. Bu
faktın kədərli tərəfi bir də burasıdır
ki, Nazim haqqında ən gözəl kitablardan hesab edilən “Mavi gözlü
dev”in müəllifi də Zəkəriyyə Sərtəldir
və bu kitabı müəllifin icazəsiylə Azərbaycan
dilinə Aqşin müəllimin ömür-gün
yoldaşı Müzəyyən xanım çevirmişdi...
Elə
buradaca Aqşin müəllim bir müddət Xarici İşlər
naziri də işləmiş Mümtaz Soysalın da N.Hikmətə
mənfi münasibətini, şairin öz səsindən lent
yazılarını dinləməkdən imtina edən
davranışını
başa düşməkdə çətinlik çəkdiyini
xatırladır. Təəssüf doğuran, başa
düşülməyən həm
də belə bir məqamdır ki, Aqşin müəllimin bəhs
etdiyi ixtisasca hüquqşünas olan Mümtaz Soysal partiya mənsubiyyəti
baxımından sol partiyanın (SHP) millət vəkili idi.
Türkiyədə N.Hikmət əleyhinə yazılan
kitablardan biri də Erqun Gözenin 1969-cu ildə qələmə
aldığı “Peyami Safa – Nazim Hikmət qovğası” əsəridir.
Aqşin müəllim kitabı təhlil edərək göstərir
ki, müəllifin N.Hikmətə hücumları əsassız,
yazdıqları iftira və böhtandır. Məqsəd böyük
şairi xalqın gözündən salmaq, ona qarşı
antipatiya yaratmaq, mənfi ictimai rəy
formalaşdırmaqdı. Necə deyərlər, son söz həmişə
xalqın olmuşdur və aradan keçən zaman göstərdi
ki, bir sənətkarı ucaltmaq üçün (Peyami Safa, həqiqətən,
qüvvətli nasirdir!) digərini (Ustad Nazimi!) kiçiltmək
yolu tutmaq heç kimə, o cümlədən Erqun Gözeyə
baş ucalığı gətirmir.
Nazim
Hikmət və Azərbaycan mövzusu, eləcə də sənətkarın
poetik irsinin tədqiqi məsələləri
bitməz-tükənməz qaynaq və xəzinədir. Məsələn,
Nazim Hikmət və Azərbaycan poeziyası mövzuda ölkəmizdə ilk
dissertasiya 80-ci illərdə yazılıb (Azər Abdulla).
Eyni mövzuda indilik bizə məlum sonuncu dissertasiyanı
Nigar İsmayılzadə uğurla müdafiə edib (2007),
N.Hikmət və R.Rzanın yaradıcılığı əsasında
sərbəst şeirə dair yeni baxış
bucağından monoqrafiya çap etdirib (2008).
Bir
müddət əvvəl informasiya agentliklərinin verdiyi xəbərlərdən
öyrəndik ki, Paris şəhərindəki
“Petra” nəşriyyatında nəşr olunan “Nazim Hikmət:
irs və modernizm” adlı fransız dilində çap
olunmuş məqalələr toplusunda Fransa, Türkiyə,
Almaniya, Polşa, İspaniya alimlərin yazıları ilə yanaşı,
görkəmli ədəbiyyatşünas-alim,
Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa
Həbibbəylinin “Nazim Hikmət Azərbaycanda” adlı məqaləsi
də verilmişdir. Məqalədə şairin Azərbaycanla,
habelə Azərbaycan yazıçıları və şairləri
ilə əlaqələri, Nazim Hikmətin
yaradıcılığında Azərbaycan mövzusu, azərbaycanlı
müəlliflərin şair-dramaturqla bağlı tədqiqatları
haqqında elmi qənaətlər Azərbaycan-türk ədəbi
əlaqələrinin fonunda təqdim olunmuşdur.
Aqşin
müəllimin özü ildə ən azı iki dəfə
(sənətkarın doğum və anım günlərində)
Nazim Hikmət haqqında məqalə çap etdirir, onu yad
edir, ruhunu yaşadır. Və hər səfərində bunu
qeyd etməyi unutmur ki, Nazim Hikmətin son illərində onun vətən
həsrəti ilə çırpınan yaralı ürəyinin
yeganə təsəllisi Azərbaycan idi. Azərbaycan da onu həmişə
öz doğma övladı kimi qəbul edirdi. Yalnız onu
yox, onun doğmalarını da xalqımız həmişə
mehribanlıq və qayğıkeşliklə
qarşılayırdı. Şairin ölümündən bir
il sonra Bakıya qonaq gələn xanımı Münəvvər
və oğlu Mehmet, sonralar ölkəmizi ziyarət edən
bacısı Samiyə xanım da Nazim Hikmət kimi
xalqımıza çox doğma, çox əzizdir.
Biz
buraya qədər məqalənin sərlövhəsindəki
Nazimşünasdan və onun Türkiyədə nəşr
olunan kitabından bəhs etdik. Bir neçə kəlmə də
Ceviz ağacı, Çinar və rapsodiya haqqında. Türk
dünyası poeziyasında ceviz ağacı deyincə,
ağla ilk gələn Nazim Hikmət və onun Vətən həsrətli
məşhur şeiridir (bu sətirləri yazarkən
tanınmış estrada müğənnisi Cəm
Qaracanın bu şeirə bəstələyib oxuduğu
mahnı qulaqlarımda cingildəyir):
Ben bir ceviz ağacıyım
Gülhane Parkı’nda,
Ne sen bunun farkındasın, ne polis farkında.
Yarpağı doğma Azərbaycanımızın
xəritəsinə oxşayan
ulu çinar ağacı isə türkçülər arasında
hər zaman ölkəmizin rəmzi sayılıb. Türkiyədə
ötən əsrin
40-cı illərində təxminən
yeddi il
boyunca məşhur türkçü şairləri
ətrafında toplayan
“Çinaraltı” adlı
jurnal nəşr olunurdu...
Rapsodiya kəlməsi isə məlumdur. N.Hikmətin yurdumuzla münasibətləri,
ədəbiyyatımız, incəsənətimiz və
elm adamlarımızla əlaqələri
o qədər çoxşaxəli,
irimiqyaslı və müxtəlifyönlüdür ki,
haqqında ancaq
bu şəkildə –
epik parçalardan, miniatür etüdlərdən
ibarət bütöv
bir monumental əsər
formatında söz açmaq mümkün idi.
Kitabın ön sözündə
Aslan Kavlak yazır ki, vaxtilə N.Hikmət onun haqqında Moskvada yaşayan məşhur azərbaycanlı
türkoloq-nazimşünas Əkbər Babayevin qələmə aldığı ilk monoqrafiyanı
oxuduqdan sonra ona hədiyyə etdiyi kitablardan birinə belə bir avtoqraf yazıb
imzalamışdı: “Məni
mənə tanıdana...”.
Məncə, Ustad sağ
olub, Aqşin müəllimin bu kitabını oxusaydı,
eyni avtoqrafı təkrarlardı. Bəlkə
də yaradıcılığında
tavtologiyanı sevməyən
sənətkar belə
yazardı: “Məni mənə, doğma Azərbaycanıma və Türkiyəmə tanıdana...”
Əsgər RƏSULOV,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2012.- 23 iyun.- S.16.