Bizim çox qabiliyyətli, savadlı və vətənpərvər gənclərimiz var"  

 

 "MƏN ONLARIN ÖLKƏMİZİN İŞIQLI GƏLƏCƏYİNİ TƏMİN EDƏCƏKLƏRİNƏ İNANIRAM”

 

 (X söhbət)

 

Bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında Təhsil naziri Misir Mərdanovla müxtəlif mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim olunur. Bu söhbətlərin hər birində həmsöhbətimin uşaqlıq, gənclik illərinə, həyatından keçən insanlara, ailəsinə, övladlarına, çağdaş cəmiyyətdə baş verən hadisələrə, mətbuata, təhsilimizin keçmişinə və bu gününə aid  fikirləri ilə tanış oluruq.

Son söhbətlərimizin mövzusunu nazirin təhsil tarixinə aid araşdırmalarıyla bağlı idi. Qeyd edək ki, Misir müəllim Azərbaycanda təhsilin tarixini araşdıran, bu barədə sanballı əsərlər yazan azsaylı alimlərdəndir. Bəlkə də ilk baxışdan riyaziyyatçı alimin tarixi kitablar yazmasına skeptik yanaşanlar da olsun. Amma müəllifin kitabların hər birinin yazılma tarixçəsi, materialların toplanması haqqında şövqlə bəhs etməsi, ən kiçik əlyazmalarını belə arxivləşdirib saxlaması və özünün şəxsən redaktə elədiyi “siqnal” nüsxələri həvəslə qarşısına qoyub vərəqləyərəq danışması bir həmsöhbət kimi mənim üçün maraqlı idi. Düşünürəm ki, nazirin apardığı araşdırmaları özünəməxsus təqdimatı, ideyanın yaranmasından kitabın “sobadan çıxmasına qədər incəlikləri, sirləri bölüşməsi oxucularımız üçün də maraqlı ola bilər.

Qeyd edim ki, “Azərbaycan təhsil tarixi” kitabının IV cildi Azərbaycanda müstəqilliyin ilk illərindən bu günümüzə kimi olan dövrdə ali təhsil tarixindən bəhs edir. Hazırda kitab üzərində son redaktələri işləri aparan müəlliflə ali təhsilimizin keçdiyi yol, dünəni və bu günü barədə söhbətimiz ötən şənbə sayında yer almışdı. Budəfəki söhbətimizdə isə ali təhsil sisteminin çoxlarına hələ də tam aydın olmayan Boloniya prosesinə qoşulması, xaricdə təhsil, bunların müsbət tərəfləri, bu istiqamətdə görülən işlər  və digər məsələlərə toxunulub.

Pərvin: Misir müəllim, bilirik ki, 2005-ci ildən ölkəmizin ali təhsil sistemi Boloniya prosesinə qoşulub. Amma bu sistemin mahiyyəti hətta təhsil işçilərinin çoxuna tam aydın deyil. İstərdim, bu barədə oxucularımıza bir az ətraflı məlumat verəsiniz...

Misir Mərdanov: Hələ 1998-ci il mayın 25-də Fransanın paytaxtında Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda dörd Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri “Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında” Sorbonna Bəyannaməsini qəbul etmişdilər. Sorbonna Bəyannaməsini imzalamış nazirlər digər İttifaq üzvləri və Avropa dövlətlərini qarşılıqlı əməkdaşlığa, imkanların genişləndirilməsi və təhsilin modifikasiyası vasitəsilə Avropa qitəsinin mövqelərinin gücləndirilməsi üçün birləşməyə çağırırdılar. Bir il sonra, 1999-cu ilin iyun ayında Avropanın 30 ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində ümumavropa ali təhsil müəssisələrinin gələcək inkişaf tendensiyalarının təsdiqlənməsi üçün hazır olduqlarını bildirdilər və bu barədə rəsmi sənəd imzaladılar. Həmin sənədə əsasən yaxın gələcəkdə Avropanın ali təhsil müəssisələrində  çox pilləli sistemə keçid, tədrisdə kredit sisteminin tətbiqi və bir sıra başqa məsələlər nəzərdə tutulurdu. Məhz bu hadisə tarixə “Boloniya prosesikimi daxil oldu.

Pərvin: Ümumiyyətlə, Azərbaycan təhsil sisteminin bu prosesə qoşulmasına ilkin cəhd nə zamandan başladı?

Misir Mərdanov: 2001-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirdi. 2004-cü ilin dekabrında isə “Boloniya prosesi”nə qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil nazirliyinin hesabatı hazırlanaraq Avropa Komissiyasına təqdim olundu. 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Respublikanın təhsil naziri kimi Boloniya Bəyannaməsini imzaladım. Düşünürəm ki, bu hadisə respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılmış mühüm addım  idi.

Pərvin: Misir müəllim, bu prosesə qoşulmaqla Boloniya Bəyannaməsi müddəalarının həyata keçirilməsi istiqamətində müəyyən öhdəliklər yarandı. Bu istiqamətdə hansı işlər görüldü?

Misir Mərdanov: Əlbəttə, işin başlanğıcında çoxsaylı çətinliklərlə qarşılaşdıq. O zaman Təhsil Nazirliyində aparıcı mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrupu tərəfindən digər sənədlərlə yanaşı, “Azərbaycan Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Bəyannaməsinin müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı” hazırlandı. Tədbirlər planında istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması, kredit sistemi barədə mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin nostrifikasiyası prosedurasının təkmilləşdirilməsi, respublikamızda ali məktəb məzunlarına verilən bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi və s. nəzərdə tutulmuşdu.

Pərvin: Boloniya Bəyannaməsinə və müvafiq tədbirlər planına uyğun olaraq ali təhsil sistemində edilən əsaslı dəyişikliklər nədən ibarət idi?

Misir Mərdanov: Hesab edirəm ki, bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanması əsas işlərdən biri oldu. 2006-cı ildə “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edildikdən sonra mütəxəssislərin iştirakı ilə ali məktəblərdə bakalavr hazırlığı aparılan bütün istiqamətlər üzrə dövlət təhsil standartları hazırlandı və Nazirliyin müvafiq əmri ilə təsdiq edildi. Həmin standartlara uyğun tədris planlarının hazırlanması, təsdiqi və 2006-2007-ci tədris ilindən I kurslarda tətbiqi qərara alındı.

Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri də diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanması və tədrisdə kredit sisteminin tətbiqidir. Dünya təcrübəsində tədrisdə kredit sisteminə müxtəlif yanaşmalar mövcuddur. Ayrı-ayrı ölkələrdə təhsilin məzmunu və təşkili formalarından asılı olaraq, kredit sistemi müxtəlif formalarda tətbiq edilir. Lakin məqsəd birdir - ali təhsildə demokratik prinsiplərin bərqərar olması və təhsilin keyfiyyətinin yüksəldilməsi.

Pərvin: Misir müəllim, yazılarınızda da qeyd edirsiz ki, kredit sisteminin tətbiqi, ilk növbədə, onun böyük üstünlüklərə malik olması ilə bağlıdır. Hansı məqamları əsas üstünlük hesab edirsiz?

Misir Mərdanov: Həqiqətən də bu sistemin müsbət tərəfləri həddən artıqdır. Əsas üstünlüklər tələbənin özünün fərdi tədris planını tərtib etməsi, ona fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılması, müəllimi seçmək hüququnun verilməsi, bununla da tələbələrin tədris prosesinin təşkilində bilavasitə iştirakının təmin olunmasıdır. Bundan əlavə akademik borcların ləğvinə yalnız fənni  təkrar dinlədikdən sonra icazə verilməsi çox önəmlidir.

Pərvin: Xatırlayıram ki, əvvəllər, bizim oxuduğumuz dövrdə, tələbə imtahandan qeyri-kafi qiymət aldıqdan bir neçə gün sonra yenidən imtahan verə bilirdi. Amma dediyiniz kimi, kredit sisteminə görə isə qeyri-kafi qiymət almış tələbə yalnız bu kursu yenidən dinlədikdən sonra imtahan verə bilər, elə deyilmi?

Misir Mərdanov: Doğrudur. Bu qayda fənni mənimsəmədən tələbələrə qiymət yazılmasının qarşısını alır və bir sıra neqativ halları aradan qaldırır.

Kredit sisteminin əsas üstünlüklərindən biri də tədris plan və proqramlarının ümumavropa məkanının ali məktəblərinin müvafiq sənədləri ilə uyğunlaşdırılmasıdır. Bu da öz növbəsində tələbələrin həm ölkə daxilində, həm də ümumavropa məkanında mobilliyinə şərait yaradır. Ali məktəblər arasında bağlanmış müqavilələrə uyğun olaraq bizim tələbələr Avropa ali məktəblərinə göndərilə bilər və onların qazandıqları kreditlər qarşılıqlı tanınar. Beləliklə, tələbələrin ikiliya iki diplom almalarına da şərait yaradılar. Bununla yanaşı, diplomların Avropa məkanında tanınmasına, xarici ölkə vətəndaşlarının Azərbaycan ali məktəblərində təhsil almalarına da geniş imkan yaranır.

Pərvin: Bu gün Azərbaycan təhsil sistemi sadaladığınız  üstünlüklərdən yararlana bilirmi?

Misir Mərdanov: İmkanlar daxilində faydalanırıq. Amma təbii ki, bu məsələlərin ölkə səviyyəsində həyata keçirilməsi kifayət qədər mürəkkəb, çətin  uzun zaman tələb edən  bir prosesdir. Qeyd etməliyəm ki, tələbələrin bir təhsil müddətində digər yaxın ixtisasa yiyələnə bilməsinə, təhsillərini müəyyən olunmuş müddətdən əvvəl başa vurmasına şərait yaradılması da kredit sisteminin özəllikləridir. Haqqında danışdığımız prinsipkriteriyalar kredit sisteminə keçidin nə qədər mütərəqqi addım olduğunu göstərən dəlillərdir.

Pərvin: Lakin bu keçid də birdən-birə olmadı. Bildiyimə görə, ali məktəblərdə fakültələr bu sistemə seçmə üsulu ilə, tədricən qoşulurdular.

Misir Mərdanov: Bilirsiz, Təhsil Nazirliyi çox ciddi çətinliklər yarana biləcəyini nəzərə alaraq, bütün ali məktəblərdə deyil, yalnız bir neçə ali məktəbin seçilmiş fakültələrində eksperiment qaydasında bu sistemə keçməyi qərara aldı. Sonrakı araşdırmalar göstərdi ki, bu, yeganə düzgün yol idi.

Növbəti illərdə eksperimentin əhatə dairəsi tədricən genişləndirildi və 2010-cu ildən başlayaraq respublikanın bütün özəl və dövlət ali məktəblərində tədrisin kredit sistemi ilə təşkilinə keçildi. Hazırda bu uğurla davam etdirilir.

Boloniya Bəyannaməsinin başlıca müddəalarından biri də ölkədə təhsilin keyfiyyətinin təmin olunması sisteminin yaradılması və onun ümumavropa “təhsilin keyfiyyətinin idarə olunması” sisteminə uyğunlaşdırılması ilə bağlıdır.

Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə “Aliorta ixtisas    təhsili müəssisələrinin    attestasiya        akkreditasiyası haqqında Əsasnamə”, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və təhsil müəssisələrinin statusunu (tipininövünü) müəyyənləşdirən meyarları hazırlanaraq təsdiq olundu, Təhsil Nazirliyində  Akkreditasiya  komissiyası     2010-cu ildə  Akkreditasiya şöbəsi yaradıldı. Hazırda  təhsil müəssisələrinin  Akkreditasiyası istiqamətində işlər davam etdirilir.

Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşlarının və Azərbaycanda yaşayan əcnəbilərin diplomlarının tanınması istiqamətində də tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları” təsdiq edildibuna müvafiq olaraq, Təhsil Nazirliyində müvafiq sektor yaradıldı. Təsəvvür edin ki, 2011-ci ilin sonunadək komissiyaya 5718 müraciət daxil olmuşdur. Onlardan 4234-nə müvafiq sertifikat verilmiş, 679 sənəd isə qaydalara uyğun gəlmədiyindən onların tanınmasından imtina edilmişdir.

Pərvin: Təhsil Nazirliyinin Boloniya prosesi ilə bağlı işləri hələ də davam edirmi?

Misir Mərdanov: Əlbəttə. Digər məsələlərlə yanaşı, diplomların qarşılıqlı tanınması məqsədilə “Azərbaycan Respublikasında ixtisas dərəcələri çərçivəsi” sənədi də beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən islahatlar hələ uzun müddət davam edəcək.

Pərvin: Misir müəllim, son illərdə ali təhsil sahəsində görülən işlərdən və əsas müzakirə olunan məsələlərdən biri də Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlıdır. Məlumdur ki, vətəndaşlarımızın ölkədən kənarda təhsil alması hələ Xalq Cümhuriyyəti dövründən başlanıb...

Misir Mərdanov: Bəli. Əvvəlki söhbətlərimizdə qeyd etdiyimiz kimi azərbaycanlıların xarici ölkələrin ali məktəblərində planlı və məqsədyönlü şəkildə, dövlət səviyyəsində təhsili Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox gəncin təhsil almağa göndərilməsi ilə başlanmış, Sovet İttifaqı dövründə bu təcrübə davam etmiş, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik  etdiyi dövrdə daha geniş miqyas almışdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə iqtisadiyyat, ticarət, mədəniyyət və eyni zamanda, təhsil sahəsində əməkdaşlıq imkanları xeyli genişləndi. Təhsil sahəsində əməkdaşlıq istiqamətlərindən biri də tələbə mübadiləsi idi. Lakin 1991-1992-ci illərdə gənclərimiz xarici ölkələrdən yalnız Türkiyə Cümhuriyyətinin ali məktəblərində təhsil almağa göndərilmişdilər.

Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından və ölkədə siyasi sabitlik bərpa edildikdən sonra azərbaycanlıların xaricdə təhsili daha geniş vüsət aldı.  

Müstəqillik illərində azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsili bir neçə istiqamətdə həyata keçirilirdi. Vətəndaş ya öz təşəbbüs və imkanları, ya müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri, yaxud da dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına xaricdə təhsil ala bilərdi.

Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərin birbaşa təhsil müəssisələrinə müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra fərdi müqavilə əsasında təhsil almasıdır. Ölkənin qanunvericiliyiali məktəblərin tələblərindən asılı olaraq, belə təhsil bir çox hallarda ödənişli olur. Hətta təhsilin ödənişsiz, yaxud çox aşağı qiymətlərə olduğu ali məktəblərdə tələbənin yaşayış və təhsillə bağlı olan digər xərcləri təhsil alanın özü tərəfindən ödənilir. Bu yolla xaricdə təhsil son illər daha geniş yayılıb və Azərbaycan gənclərinin təhsil aldığı ölkələrin coğrafiyası da genişlənməkdədir. Hazırda, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, eləcə də ABŞ, Kanada, Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya, MDB ölkələrində minlərlə Azərbaycan vətəndaşı bu yolla təhsil alır.

Xaricdə təhsilin ikinci forması müxtəlif təşkilatların həyata keçirdiyi müsabiqələr vasitəsilə qazanılan xaricdə təhsil proqramlarıdır, məsələn, ABŞ-ın ACCELS (Amerika Təhsil Şurası), IREX, World Learning, Böyük Britaniyanın British Counsil, Almaniyanın DAAD təşkilatlarının Bakıdakı nümayəndəlikləri, habelə Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşas. ölkələrin Bakıdakı səfirlikləri tərəfindən belə təqaüd proqramları elan  olunur. Say baxımından ABŞ və Almaniyada həyata keçirilən təqaüd proqramları daha çoxdur.  Təhsil Nazirliyi qeyd olunan təşkilatlarla faydalı əməkdaşlıq əlaqələri qurub.

Belə təqaüd proqramlarının qalibləri olan tələbələrin bütün təhsil xərcləri, o cümlədən yol xərcləri həmin proqramlar  çərçivəsində ödənilir. ABŞ-ın təqaüd proqramları, əsasən, bu ölkənin Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Xaricdə təhsilin üçüncü forması bilavasitə hökumət tərəfindən ikitərəfli razılaşmalar əsasında həyata keçirilir. 2011-ci ilin sonuna olan məlumata görə bu yolla 798 azərbancanlı gənc xaricdə təhsil alır.

Pərvin: Bu istiqamətdə ən ciddi işlərdən biriPrezident tərəfindən təsdiq edilmiş Dövlət proqramıdır. Bu proqramın mahiyyəti barədə fikirlərinizi bilmək istərdim...

Misir Mərdanov: Pərvin xanım, qloballaşan dünyada Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən xaricdə təhsil proqramlarının reallaşdırılması da ölkəmiz üçün xüsusi aktuallıq kəsb edirdi. Bu zərurəti nəzərə alaraq, “qara qızılın insan kapitalına çevrilməsi” ideyasını irəli sürən Prezident İlham Əliyev 2006-cı ildə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edildi.

Dövlət Proqramının həyata keçirildiyi beş il ərzində dünyanın 24 ölkəsinin 200-dən çox nüfuzlu ali məktəblərinə ölkəmiz üçün ehtiyac olan ixtisaslar üzrə ali təhsilin bakalavr, magistr, rezidentura, doktorantura  səviyyələrində  təhsil almaq üçün 1204 nəfər gənc göndərilmiş, 322 nəfər məzun olmuşdur. Sevindirici haldır ki, məzunların əksəriyyəti ölkəmizin nüfuzlu dövlət və özəl qurumlarında yiyələndikləri peşələr üzrə əmək fəaliyyətinə başlamış, müəyyən hissəsi xarici ölkələrin aparıcı şirkətlərində çalışır, bəziləri isə daha yüksək səviyyədə təhsillərini davam etdirməkdədirlər.

Onu da qeyd edim ki, bu proqrama başlanılan il təhsil almağa göndərilənlərin sayı cəmi 66 nəfər, ikinci il 134 nəfər idisə, beşinci il   421 nəfərə çatmışdı.

Pərvin: Xaricdə təhsil alan tələbələrin həmin ölkələrdəki şəraitə necə uyğunlaşması, davranışı, oxuması və s. ilə bağlı məlumatlar alınırmı?

Misir Mərdanov: Əlbəttə. Biz Təhsil Nazirliyi olaraq hər il monitorinq keçiririk. Öz işçilərimizi xaricə ezam edirik, tələbələrin necə təhsil almaları, hansı problemlərlə qarşılaşdıqları ilə yaxından tanış olur, müvafiq köməklik göstəririk. Bundan əlavə hər ilin yay tətili dövründə Təhsil Nazirliyində onlarla görüşlər keçirilir, müxtəlif səviyyəli  söhbətlər aparılır.

Bilirsiniz, Pərvin xanım, bu proqramın həyata keçirilməsində əsas məqsəd gənclərimizin yüksək bilik və bacarıq əldə etməsi olsa da, digər məqsədimiz onların köməyi ilə Azərbaycanı dünyada daha yaxşı  tanıtmaq, müstəqillik illərində ölkəmizdə baş vermiş hadisələr,  əldə olunmuş nailiyyətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun səbəb və nəticələri barədə həqiqətləri onlara çatdırmaqdır. Yuxarıda qeyd etdiyim görüşlərdə bütün bunlar barəsində geniş  söhbətlər aparılır.

Son olaraq demək istərdim ki, ölkəmizin paytaxtı Bakı şəhərində və son illərdə Avropanın müxtəlif ölkələrinin böyük şəhərlərində ölkəmizdən xaricdə bu proqram çərçivəsində təhsil alan tələbələrlə keçirilən görüşlər zamanı xeyli fərəhlənirəm. Bizim çox qabiliyyətli, savadlı və vətənpərvər  gənclərimiz var, mən onların ölkəmizin işıqlı gələcəyini təmin edəcəklərinə inanıram.

 

 

525-ci qəzet.- 2012.- 23 iyun.- S.10-11.