Görkəmli alim Zemfira Səfərovanın yubileyi Milli Elmlər Akademiyasında qeyd olunub   

 

Ötən gün Milli Elmlər Akademiyasında (AMEA)  AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Zemfira Səfərovanın 75 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan yazıçı, AMEA-nın müxbir üzvü, Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdullayev çıxışında alimin həyat və yaradıcılıq yoluna nəzər salıb. Yubilyarın yaradıcılıq sahələri haqqında danışan K. Abdullayev tədqiqatçının elmi əsərlərinin türk, rus, ingilis, fars və başqa dillərdə çap olunduğunu, Rusiyada, Türkiyədə, İranda, Fransada, Çində və digər ölkələrdə aktual mövzulara həsr olunan məqalə və çıxışlarının xüsusi marağa səbəb olduğunu vurğulayıb: “ Zemfira Səfərova Azərbaycan musiqişünaslığının inkişafında mühüm xidmətlər göstərib, dahi bəstəkar Üzeyir Hacıbəyovun nəzəri və estetik baxışlarını tədqiq edib. Alimin yaradıcılığı, geniş və çoxşaxəli fəaliyyəti daim respublika ictimaiyyətinin, elm aləminin diqqət mərkəzindədir, haqqında yerli və xarici mətbuatda yazılar nəşr olunur”. Tədbirin aparıcısı yubilyarı təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə “Zemfira Səfərovanın yaradıcılığında müasir musiqişünaslığımızın aktual problemləri” mövzusunda məruzə ilə çıxış edən əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə alimin fəaliyyət sahələrinə geniş diqqət ayırıb: “50 ildən artıqdır ki, alim Üzeyir Hacıbəyli ilə, onun musiqisi, elmi müddəaları ilə bir növ virtual dialoq apararaq yaşayır, sənətkarın yaradıcılığından ilham alaraq musiqimizin keçmişinə səyahət edir, tariximizin örtülü qalan səhifələrinə işıq saçır, bu günümüzün çeşidli problemlərini Üzeyir bəyin sənət prinsipləri prizmasından araşdırır, musiqimizin gələcəyinə də nəzər salmağa cəhd göstərir. Üzeyir Hacıbəyli sənətinin dünya miqyasında tanıtdırılmasında Zemfira Səfərovanın xidmətləri müstəsnadır”. Z. Dadaşzadə alimin Azərbaycan musiqi tarixində fenomenal şəxsiyyətlərdən olan Cabbar Qaryağdıoğlu barəsində yazdığı, Heydər Əliyev Fondunun dəstəyi ilə çap edilən “Şərq musiqisinin peyğəmbəri” araşdırması haqqında fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb: Zemfira Səfərovanın araşdırması ilə tanışlıqdan çıxardığım başlıca qənaəti belə müəyyənləşdirə bilərəm: heç bir mübaliğəyə yol verməyərək Cabbar Qaryağdıoğlunu XX əsrdə təşəkkül mərhələsini yaşayan yeni Azərbaycan mədəniyyətinin ən önəmli fiqurlarından biri adlandırmaq olar. Araşdırmada Zemfira Səfərova Azərbaycan musiqi mədəniyyətində Cabbar Qaryağdıoğlunun tutduğu unikal mövqeni konkret faktlara arxalanaraq dəqiq və yığcam şəkildə müəyyənləşdirməyə, unudulmaz sənətkarın cazibədar yaradıcılıq portretini  rəngarəng boyalarla canlandırmağa müvəffəq olub.  Məruzəçi Z. Səfərovanın “Azərbaycanın musiqi elmi” əsəri haqqında xüsusilə söz açaraq bu əsərinin Azərbaycan elmi üçün əhəmiyyətindən danışıb: Burada Üzeyir Hacıbəyli, onun “Azərbaycan xalq musiqisinin əsasları” araşdırması dahi sələflərinin – Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvabın musiqiyə dair elmi baxışlarını, onların nəzəriyyə sahəsində tapıntılarını ümumiləşdirən XX əsrin risaləsi kimi təqdim olunur. Beləliklə, alim sanki Üzeyir bəyin konsepsiyasını dayaq nöqtəsi seçib nəhəng zaman maşınını işə salaraq tarixin ənginliklərinə baş vururböyük səbrlə , səriştə ilə həmin tarixin başlıca mərhələlərini  üzə çıxarır, halqa-halqa tarixi zənciri  bərpa edir. Zemfira Səfərovanın bu araşdırmasının nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda doğurduğu rezonans kifayət qədər səciyyəvidir”.

Zemfira Səfərova Azərbaycan musiqi mədəniyyəti tarixinin böyük bir dövrünü tədqiq edib, elmi əsərlərində musiqi tarixi və nəzəriyyəsinin çeşidli problemlərini araşdırmaqla yanaşı, müxtəlif qədim musiqi alətlərinin quruluşifa tərzlərindən xəbər verib, orta əsr musiqi nümunələrinin rasşifrovkalarını həyata keçirib”. Bu fikirləri sessiyada sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Azərbaycan musiqi elmində mənbəşünaslığın əsasını qoyan ilk musiqişünas alim” məruzəsindən səsləndirib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Kazımova “ Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi” kitabı və onun milli musiqi mədəniyyətinin inkişafına töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. Sənətşünas sözügedən araşdırmanın  Azərbaycan musiqi salnaməsinin, orta əsrlərin musiqi elminin bir çox unudulmuş səhifələrini açıqladığını, onun XIII əsrdən XX əsrə kimi inkişaf mərhələlərinin tarixi ardıcıllıqla  tədqiq etdiyini çıxışında önə çəkib.

Sənətşünaslıq doktoru Şəhla Həsənova çıxışında Z. Səfərovanın musiqişünaslıq fəaliyyəti və alimin musiqişünaslığımızın inkişafındakı rolundan ətraflı bəhs edib: “30-dan artıq kitabın, 200-dən çox elmi məqalənin müəllifi Zemfira Səfərovanın tədqiqatları musiqişünaslığa aid olsa da, əslində bunların ümumilikdə milli tariximiz, ədəbiyyatımız, elmimiz üçün müstəsna əhəmiyyəti var”.

Yubilyarın çoxsahəli fəaliyyəti haqqında söz açan elm və sənət adamları alimi həm də gözəl insan,  səmimi dost, maraqlı həmsöhbət kimi səciyyələndiriblər.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Zemfira Səfərovanın çox geniş elmi təşkilati fəaliyyətlə də məşğul olduğunu vurğulayıb: “Zemfira xanım çox vacib sahə sayılan mənbəşünaslıqda çalışan ilk böyük musiqişünas alimimizdir. XXI əsrə qədər bütün mənbələri öyrənib tədqiq etmək nəhəng bir işdir. Zemfira xanım həm də çox maraqlı həmsöhbətdir, müxtəlif konfransların yaraşığıdır”.

Sessiyada çıxış edən AMEA-nın vitse prezidenti Arif Həşimov, Memarlıq və İncəsənət Universitetinin direktoru, professor Ertəkin Salamzadə, akademik Vasim Məmmədəliyev, musiqişünas İmruz Əfəndiyeva  Z. Səfərovanın Azərbaycan xalqı üçün böyük işlər gördüyünü diqqətə çatdırıblar. Onun qiymətli tədqiqatlarını Azərbaycan musiqi tarixi üçün son dərəcə önəmli qaynaq kimi dəyərləndiriblər və yubilyara gələcək fəaliyyətində də uğurlar arzulayıblar.

Sonda çıxış edən yubilyar elmi sessiyanın təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 26 iyun.- S.7.