Naxçıvanda
Beynəlxalq Rəsm Festivalı
Ötən
həftə Naxçıvan şəhərində
başlayan rəssamların Beynəlxalq Rəsm Festivalı
öz işini tamamlamışdır. Bu nüfuzlu tədbir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun “2012-ci ili
milli-mənəvi dəyərlərin
qorunması və təbliği ili” elan etməsi
qarşılığında baş tutub. Qeyd edək ki,
yaranmış ənənə üzrə Naxçıvan
Muxtar Respublikasında hər yeni il başlayarkən həyata
keçiriləcək tədbirlərin xarakterinə uyğun
olaraq konkret məqsədlər də müəyyənləşdirilir.Elə
bununla bağlı Ali Məclis sədrinin imzaladığı
sərəncamda da 2012-ci ildə
milli-mənəvi dəyərlər sahəsində tədbirlərə
diqqət artırılacağı, milli dəyərlərin bərpası,
qorunması və gələcək nəsillərə
çatdırılması ilə bağlı əvvəlki
illərdə başlanılmış tədbirlərin daha
geniş miqyasda davam etdiriləcəyi vurğulanır. Elə
üç gün ərzində sənət adamları ilə
yanaşı şəhər əhalisinin maraq dairəsində
olan bu tədbirin yüksək səviyyədə təşkil
olunması da göstərdi ki, respublikada milli –mənəvi dəyərlərin
cəmiyyətin inkişafındakı önəmli roluna
duyulası əhəmiyyət verilir.
Qədim
diyarın həm də dünya incəsənəti xəzinəsinə
verdiyi əvəzsiz töhfələrə rəğmən
Beynəlxalq rəsm festivalının “Naxçıvan-bəşəriyyətin
beşiyi” adlandırılması da məntiqli səslənirdi.
Festivalın əsas tədbirlərinin Əcəmi
Naxçıvani təxəyyülünün bənzərsiz
ifadəsi olan Mömünə xatun türbəsinin
qarşısındakı “Açıq səma altında
muzey”in ərazisində keçirilməsi də
dünyanın müxtəlif ölkələrindən bura gəlmiş
sənət adamlarının şərəfli tarixi
keçmişimizlə təmas yaratmaq, onun unikal abidələri
ilə təmas yaratmaq məqsədi daşıyırdı.
Festivalın ilk günü beynəlxalq tədbirə
qatılan rəssamlar və sənətşünaslar
Naxçıvanın müxtəlif muzeylərində
olmuş, tarixi yerləri ziyarət etmişlər. Heydər Əliyev
və Xalça muzeyi ilə, Naxçıvan Dövlət Rəsm
Qalereyası, Xan sarayı, Qədim musiqi alətləri mərkəzi,
Nuhun türbəsi, Əshabi-kəhf və məşhur
Duzdağla tanışlıq qonaqlarda zəngin təəssürat
yaratmışdır. Ertəsi gün keçirilən tədbirin təntənəli
açılış mərasimində Naxçıvan Muxtar
Respublikasının mədəniyyət və turizm naziri
Sarvan İbrahimov, Naxçıvn Rəssamlar Birliyinin sədri,
respublikanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva,
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı
Ağali İbrahimov, Naxçıvan Dövlət
Universitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli
və əməkdar rəssam Eldar Qurbanov
çıxış edərək görkəmli
fırça ustası Bəhruz Kəngərlinin vətənində
keçirilən tədbirin əhəmiyyətindən
danışıblar. Sonra bura toplaşanlar yerli musiqi kollektivlərinin
çox maraqlı konsert proqramına şahidlik ediblər.
Bundan sonra festivalın yaradıcılıq hissəsinə
start verilmişdir. Türkiyə, Rusiya, Azərbaycan və
Filippindən gəlmiş fırça ustaları yerli rəssamlarla
birlikdə “Açıq səma altında muzey”in daş abidələrlə zəngin
ərazisini yaradıcılıq emalatxanasına çevirmişlər.
Əksəriyyəti Naxçıvanı ilk dəfə
görən sənət adamları qədim Naxçıvan
torpağından aldıqları təəssüratı
gün ərzində elə tamaşaçıların
gözü qarşısında kətan üzərində əbədiləşdiriblər.
Festivalın üçüncü günü çəkilmiş
əsərlərə baxış keçiriləndə
tamaşaçılar əcnəbi rəssamların çox
qısalığına baxmayaraq bu yerlərin səciyyəvi
xüsusiyyətlərini duyub kətanda əks etdirmələrini
yüksək dəyərləndiriblər. Elə ilk
festivalın təşkilatçıları da alınan nəticələrdən
çox məmnun qalıblar. Həm də sənətkarlıq
nümayişinə çevrilən bu tədbirin
iştirakçılarına frstivalın bağlanış mərasimində
təqdim olunan sertifikat və qiymətlə hədiyyələr
də nə qədər yerli qonaqpərvərliyin əlaməti
idisə, bir o qədər də sənətsevərlərə
həm də yüksək ustalıq dərsi nümayiş
etdirənlərin əməyinin dəyərləndirilməsi
idi. Festival
iştirakçılarının və yerli əhalinin hələ
uzun müddət unutmayacağı tədbir Rəssamlar
Birliyində yerli
yaradıcıların əsərlərinə
baxış və Naxçıvan Dövlət Universitetində
təşkil olunan gənc rəssamların sərgisi və konsertlə tamamlanıb.
ZİYADXAN ƏLİYEV,
Əməkdar incəsənət
xadimi
525-ci qəzet.-
2012.- 26 iyun.- S.7.