Polşa
fədaisi, Azadlıq şairi və Türk dostu – Adam
Mitskeviç
“Mən
özümü milyon sayıram. Çünki, milyonlarla əzilmiş
insanın iztirabını çəkirəm”-deyirdi,
böyük polyak şairi, ictimai xadim Adam Mitskeviç
şeirlərinin birində...
Adam
Bernard Mitskeviç Polşanın qonşu dövlətlər
tərəfindən parçalanmasından bir neçə il
sonra, 1798-ci il dekabr ayının 24-də Novoqrudka
yaxınlığındakı Zaosye kəndində (indiki
Belorus ərazisində) vəkil ailəsində anadan
olmuşdu.
Hələ
gənc yaşlarında haqsızlığa və basqına məruz
qalmış vətəndaşlarının
duyğularını şeir çevirir. O azadlığı əlindən
alınmış xalqının intiqamını almaq və bu
duyğuları hər bir polyakın ürəyindən və
yaddaşından silinməməsi üçün ən
uyğun olan vasitəni-şeiri seçir.
Adam
Mitskeviç millətinə gerçəyi izah etdiyi
üçün hələ gənc ikən məşhurlaşaraq
hamının sevimlisi olur. Onun şeirləri işğal
altındakı polşalıların mənəvi qidası
kimi axtarılaraq gizlində oxunmağa başlanır.
Məktəbdə
tarix və ədəbiyyata maraq göstərsə də
Mitskeviç 1815-ci ildə Vilnüs universitetinin fizika-riyaziyyat
fakültəsinə daxil olur. 1816-cı ildə
ixtisasını dəyişərək təhsilini
tarix-filologiya fakültəsində davam etdirir. Məşhur
professor İohan Leleveldən dərs alır. Bu münasibət
sonralar dostluğa çevrilir. 1817-ci ildə
Lelevelin təsiri ilə universitetdə vətənpərvər
tələbələrdə inqilabı ruh yaratmaq və onu
kütləviləşdirmək üçün gizli “Elm
dostları” tələbə təşkilatı
yaradılır. Mitskeviç bu hərəkatın
ən aktiv üzvlərindən və ideya rəhbərlərindən
olur.
Tələbəlik illərində onun inqilabi dünya
görüşü formalaşır, gənc nəslin himninə
çevrilən şeirlər yazır.
Şairin
həmin vaxtlar yazdığı (“Filoretlərin nəğməsi”,
“Gənclik odası” və s.) şeirlərində o
dövrün ruhu hiss olunur.
Univerisiteti bitirdikdən sonra 1819-1823-cü illərdə
Kaunasda müəllimlik edir.
1822-ci ildə çıxan ballada və romanslardan ibarət
“Poeziya. I cild” şeirlər kitabı onu Polşanın
demokratik düşüncəli insanlarının sevimlisinə
çevirir.
Mitskeviçin burada toplanan əsərlərində tərəqqiyə
inam, patriotik pafos qabarıq şəkildə hiss olunur.
1823-cü ildə tələbə gənclər təşkilatının
üzvləri, o cümlədən Adam Mitskeviç çar
hakimiyyəti tərəfindən həbs olunur və
1824-cü ildə Rusiyaya sürgün edilir. Peterburqda,
Odessada yaşayır. Krımda, Moskvada
olur. Dekabristlərlə və Puşkinlə
ünsiyyət qurur.
Adam Mitskeviç Peterburqda olarkən polyak əsilli şərqşünas
O. Senkeviçlə görüşür. Universitetdə
çalışan azərbaycanlı alim, şair Mirzə Cəfər
Topçubaşovla tanış olur.
Topçubaşov Adam Mitskeviçin şeirlərini tələbəsi-polyak
şairi, “Koroğlu” eposunun ilk tərcüməçisi A.
Xodzkonun köməyi ilə fars dilinə
çevirməklə onun Şərqdə ilk tərcüməçisi
və təbliğatçısı olur.
Adam Mitskeviçin “kiçik Şərq”
adlandırdığı Krımdakı (1825)
yaratdığı “Krım sonetləri” dünya
poeziyasının qiymətli və dəyərli nümunələrindəndir. Vətənə,
doğma torpağa, yurda məhəbbət, istibdada, hakimiyyətə
qarşı mübarizə hissi bu şeirlərin əsas qayəsini
təşkil edir. Bütün bunlar Vətən
həsrəti çəkən şairi duyğulandırmaya
bilməzdi.
Avropa və
Şərq dillərinə tərcümə olunmuş
“Krım sonetləri”ni (Sonety krymskie ), “Pan
Tadeuş” (Pan Tadeusz) poemasını və başqa şeirlərini
Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan dilinə
çevirib.
1828-ci ildə
çap olunmuş “Konrad Vallenrod” (Konrad Wallenrod
) patriotik poeması o dövrlər Mitskeviç
yaradıcılığının zirvəsi idi.
İlk dəfə 1831-ci ildə nəşr olunan “Pan
Tadeuş” epopeyası Adam Mitskeviçin mühacirətdə
yazdığı ən gözəl əsərlərindən
biridir. Şair “Pan Tadeuş”poemasında
böyüdüyü mühiti, Tadeuş Kostyuşkonun
başçılıq etdiyi polyak üsyanında öz
diyarının azadlığı uğrunda silaha sarılaraq
döyüşmüş atasının və balaca Adamın
qəlbində dərin iz buraxan, onun ilk müəllimi
olmuş anasının obrazlarını əks etdirmişdir.
“Polşa həyatının ensiklopediyası”
adlandırılan bu əsər Polşanın
keçmişini, dövrün əsarətdən qurtulmaq
üçün keçdiyi bütün ağrılı
yolları özündə əks etdirir.
Tarixi süjet Mitskeviç qələmində romantik
çalar alırdı.
1830-1831-ci
il polyak üsyanından sonra Qafqaza
sürgün edilmiş polyaklar Azərbaycan türkcəsini, mədəniyyətini
öyrənməklə bərabər, burada çarizm əleyhinə
mübarizədə fəal iştirak etmişlər.
Harada olmasından-müvəqqəti, ya daimi
yaşamasından asılı olmayaraq polyaklar irticaya
qarşı daima mücadilə aparmışlar.
lll
Adam Mitskeviçin bütün
yaradıcılığında Polşa sevgisi, onun
azadlığı uğrunda mübarizəsi
açıq-aydın hiss olunur.
O,
bütün şeirlərində sevdiyi Vətəninin xilas
olması, bütün maneələrə və təhlükələrə
qarşı mübarizənin aparılmasını tərənnüm
edir.
Şeirlərinin böyük əksəriyyətini gəncliyə
xitabən yazan şair millətinə daim doğrunu izah etdiyi
üçün geniş oxucu rəğbəti
qazanmışdır.
Ümumiyyətlə, Vətən sevgisi, müstəqillik,
azadlıq demək olar ki, zaman-zaman bütün polyak
yazarlarının yaradıcılığında
özünü qabarıq şəkildə göstərir.
lll
Şair gənc yaşlarında Məryəm
Vereşçakovnaya (Maryla Wereszczakıwna) aşiq olur. Ancaq
dövrünün ənənəsinə görə zadəgan
bir ailə qızı olan Məryəm, xalq təbəqəsindən
birinin oğlu olan Adam ilə evlənə bilməzdi. Sevgilisinin ailəsi qızlarının evlənmə
arzusuna çiddi etiraz edir. Biri-birini ürəkdən
sevən gənclər, cəmiyyətlərinin ənənəvi
qaydalarına boyun əymək məcburiyyətində
qalırlar. Şair Adam Mitskeviç sonsuz
sevgisini şeirlərinə köçürərək
Vereşçakovnanın adını Polşa ədəbiyyatında
əbədiləşdirmişdir.
Adam Mitskeviç Parisdə professorluq edərkən,
Polşadan onun eyni həyatı yaşadığından
qaçmağa məcbur olan Selina Şımanovska (Celina
Szymanowskı) ilə evlənir. Onların altı
uşaqları-iki qızları və dörd oğulları
dünyaya gəlir. Fədakar bir qadın olan həyat
yoldaşı ərinə əqidə yoldaşı olmaqla bərabər,
həm də işləyərək ev xərclərinin
ödənilməsində köməklik göstərir.
lll
Adam Mitskeviç qürbətdə olarkən
Polşanın müstəqilliyə qovuşması
üçün bütün varlığıyla
çalışır. Bu məqsədlə İtaliya, Almaniya,
Macarıstan və Rumıniyadakı Polşalı mühacirlərin
yığıncaqlarına qatılır. Dünyaya
səpələnmiş polşalı emiqrantlarla
yazışır, birləşmək üçün əlaqələr
qurur.
1829-cu ildə Rusiyadan Almaniyaya, oradan İtaliya və
İsveçrəyə üz tutan Adam Mitskeviç Parisdə
polyak mühacirlərin yanında qərar tutmalı olur. Rus
imperiyasının caynağından qurtulmaq istəyən
polyaklar o vaxtlar Avropanın bütün inqilabi hadisələrində
iştirak edirdilər. Hər zaman öndə
olan Mitskeviç Parisdə fransız dilində dram əsərləri
yazır, universitetlərdə slavyan xalqları ədəbiyyatından
mühazirələr oxuyur. Polşanın
taleyini qabartmaqla yanaşı, Avropa xalqlarının da
azadlığı ilə bağlı yazılarla
çıxış edir.
Adam Mitskeviç Parisdə dərs verərkən,
oradakı polşalıların təşkilatlanması ilə
də məşğul olur. Daha sonra bu məqsədlə
İsveçrəyə, İtaliyaya gedir və orada
professorluq edir. Təkrar Parisə dönərək
“Xalqların Kürsüsü” adlı jurnal çıxarır.
Bu jurnal vasitəsi ilə o, əzilmiş
xalqların haqlarını müdafiə edir.
Bütün bunlarla kifayətlənməyən
Mitskeviç 1848-1849-cu illərdə İtaliyanın
azadlığı uğrunda vuruşan polyak legionu yaradır.
lll
Adam
Mitskeviç 1855-ci il sentyabrın 22-də
doğma yurdu Polşanı istiladan qurtarmaq üçün
Türkiyəyə üz tutur. 1841-ci ildən İstanbulda
yaşayan, islam dinini qəbul edən,
müsəlman adı Sadıq paşa olan polyak
yazıçısı köhnə dostu Mixail Çaykovskinin
yanına gəlir. Sadıq paşa rus-türk
müharibəsində türklər tərəfindən
vuruşmaq üçün böyük bir polyak dəstəsi
də toplamışdı.
Adam Mitskeviç Sadıq paşanın vasitəsi ilə
legionun üzvləri ilə görüşür.
İstanbulda türk həyatına, məişətinə
maraq göstərir, türk dilini öyrənməyə
başlayır.
1855-ci ildə İstanbulu xolera bürümüşdü. Xoleralı xəstələrə
baş çəkərkən mikroba yoluxan şairin vəziyyəti
10 günün içində pisləşir. O, xəstəliyinin
xolera olduğunu və bu xəstəlikdən qurtuluş
olmadığını bilir. Eyni ideya uğrunda Türkiyəyə
gələn, şairin yanından ayrılmayan vəfalı
yoldaşı və Türk ordusunda böyük xidmətləri
olan Polşalı İskender Paşaya öləcəyini bilə-bilə
söylədiyi son sözlər bu olur:
“İstanbulda xoleradan öləcəyimi bilsəydim, yenə
bura gələrdim. Çünki bu mənim vəzifəmdi.
Mən, Fransada bir elm Akademiyasının
ümumi katibi olmaqdansa, bir Türk taborunun mirzəsi
olmağı üstün tuturam”.
1855-ci il noyabrın 26-da Adam Mitskeviç
İstanbulda, Perada (indiki Bəyoğluda) vəfat edir.
Adam Mitskeviçin daxili orqanları
çıxarılaraq ömrünün sonlarında
yaşadığı evin zirzəmisində
basdırılır. O dövrün qaydalarına əsasən cəsədi
Fransanın Türkiyədəki səfirliyi vasitəsilə
Parisə göndərilir. Çünki şair
hər yerdə Napoleonun qonağı sayılırdı.
Mitskeviçin cəsədi Monmoransdakı Le
Şampo qəbirstalığında dəfn olunur. 1890-cı ildə Parisdəki məzarı
açılaraq sümüklərinin qalıqları
Polşaya göndərilir. Krakov şəhərindəki
Vavel qəsrində basdırılır. Şairin
İstanbulda, Parisdə və Polşada olmaqla üç
ayrı yerdə xatirəsi yaşayır.
Adam Mitskeviçin ölümündən sonra Kalenci
Qulluq küçəsindəki bu bina İstanbula gələnlər
və İstanbulda yaşayanlar tərəfindən tez-tez ziyarət
edilir.
1861-ci ildə şairin oğlu Vladislav da buranı ziyarət
etmişdir.
1909-cu ildə Adam Mitskeviçin İstanbulda
yaşadığı binanın qarşısında Krım
Döyüşündə şəhid olan polyakların şərəfinə
bir mərasim təşkil edilir. Məryəm Ana Kilsəsindəki
ayindən sonra Polşa və Türk bayraqları ilə bəzədilmiş
kortej Azadlıq şairi-Adam Mitskeviçin
yaşadığı binaya istiqamət götürür.
Binanın qarşısındakı mərasimdə
çıxış edən Seyfeddin Paşanın (Tadeusz
Gasztowtt) Türk Millətinin polyaklara qarşı çox isti
münasibət bəslədiyini ifadə etmişdir. Mərasimin sonunda müsəlman ənənələrinə
uyğun olaraq Adam Mitskeviçin şərəfinə qurban kəsilmişdir.
1984-cü ildən İstanbulda Adam Mitskeviç Muzeyi
sistemli şəkildə fəaliyyət göstərir. Badem
küçəsindəki binanın üzərindəki xatirə
lövhəsində bir hadisə xatırladılmaqdadır.
Böyük
şair Mitskeviç istər Parisdə, istərsə də
Türkiyədə olarkən bu fikri daim təkrarlamışdır:
“Polşanın qonşu düşmənlər tərəfindən
əzilməsinə heç bir dövlətin səs
çıxarmadığı günlərdə, tək
dostumuz Türklər olmuşdur. Bu ölkənin
parçalanmasına tək etiraz səsi Türklərdən
gəlmişdir. Tarix Türk
xalqının cəsarəti, insanlığı və məzlumlara
qarşı sinə gərən hadisələri ilə
doludur. Biz Türkləri düşmənimizin
qarşısında əyilmədiyi və Polşanın
işğalını qəbul etmədiyi üçün,
üstün bir millət olaraq sevirik”.
lll
“Kim şairi dərk etmək istəyirsə onun yurduna
getməlidir.”
Hötenin niyə belə dediyini Polşada olarkən daha dərindən
hiss etdim.
Adam Mitskeviçin Varşanın mərkəzində
möhtəşəm bir abidəsi ucalır. Bu abidənin
xüsusi bir tarixçəsi var. 1897-ci ildə II Nikolay
Varşavaya gəlir. Onu təm-təraqla
qarşılayırlar. Qəbuldan məmnun
qalan çar Mitskeviçin abidəsinin qoyulmasına və 24
dekabr 1898-ci ildə şairin 100 illiyində abidənin
açılışına razılıq verir. Amma bir şərtlə ki, abidənin
hündürlüyü general-feldmarşal Paskeviçin heykəlinin
başından aşağı olsun. Bu o
Paskeviçdir ki, 1831-ci ildə polşa üsyanını
yatıraraq Varşavanın şöhrətli knyazı
titulunu almışdır. Polyaklar şərti qəbul
edirlər, amma bir az biclik işlədirlər.
Pusiya hakimiyyətinə təqdim olunan layihədə şərtlər
gözlənilir, ancaq postamentə bir neçə pillə əlavə
edilir və abidə açılanda onun feldmarşalın abidəsində
bir baş yuxarı olduğu hiss olunur...
Bu polşa xalqının Böyük şairinə,
Azadlıq mücahidinə, həyatını Polşanın
müstəqilliyi, azadlığı üçün fəda
etmiş bir insana olan sevgisi idi.
Bu
möhtəşəm abidəyə baxdıqca, sevən və
sevilənə olan ehtiramı gördükcə adamın
daxilindən bir məğrurluq baş qaldırır.
Polyaklar
həqiqətən qəhrəmanlarını, onu tanıdıb
yaşadanları daima əziz tutur, sevir və onları
lazımınca dəyərləndirirlər.
Polşa
dedikdə ilk öncə adamın yadına Adam Mitskeviç və
Friderik Şopen düşür. Eyni taleyi yaşamış bu
iki böyük şəxsiyyəti Polşada hamı sevir. Elə
Polşadan kənarda da. Polşada adları ən çox əbədiləşdirilənlər
də elə bu iki Dahi İnsanlardır.
Polyaklar
heç nəyi unutmurlar. Onu sevəni də, onu sevgidən məhrum
etmək istəyəni də.
Keşməkeşli tarix yaşayan, amma sınmayan, daima mücadilə aparan Polşa xalqı əzmi sayəsində Avropadakı bu günkü mövqeyi ilə qürur duymalıdır. Bu onların haqlarıdır.
Adam Mitskeviç böyük polyak şairidir. Onun polyak ədəbiyyatındakı
rolunu, Puşkinin rus ədəbiyyatında, Şevçenkonun
Ukrayna ədəbiyyatındakı rolu ilə müqayisə
etmək olar.
O, eyni
zamanda dövrünün aparıcı siyasi xadimi,
bütün dünyada öz xalqının azadlıq
mübarizəsinin simvolu idi.
Adam Mitskeviç əsərləri dünya ədəbiyyatı
incilərinə, adı mütərəqqi fikir tarixinə
daxil olan Böyük İnsandır.
Rəfail TAĞIZADƏ
525-ci qəzet.-
2012.- 26 iyun.- S.6.