“Yarımçıq əlyazma” ərəb dilində çapdan çıxıb  

 

 Bu yaxınlarda  görkəmli yazıçı Kamal Abdullanın  “Yarımçıq əlyazma” romanı ərəb dilinə tərcümə olunaraq işıq üzü görüb. Roman Misirin mədəniyyət naziriliyinin nəznində fəaliyyət göstərən milli tərcümə mərkəzi tərəfindən dünya ədəbiyyatı seriyası çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Milli Tərcümə Mərkəzi Misirin ən böyük və ən mühüm rəsmi tərcümə qurumudur.

“Yarımçıq əlyazma” romanı Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim doktor Əhməd Sami Elaydi tərəfindən tərcümə olunub. Doktor Əhməd Sami eyni zamanda romanın ərəb dilinə tərcüməsinə ön söz yazıb. Müqəddiməsində azərbaycanşünas alim bu romanın əhəmiyyətini və ərəb dünyasında yayılmasını və onun Azərbaycan ədəbiyyatındakı yerini vurgulayaraq bildirib ki, romanın  “Nobel” mükafatına namizədliyi irəli sürülüb.

Kitabda Azərbaycan yazıçısı Kamal Abdullanın həyat və yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatındakı rolu haqqında geniş məlumat verilir.

Bu roman Ərəb dünyasında, o cümlədən Misirdə Azərbaycanın bədii əsərlər silsiləsindən ərəb dilində tərcümə olunan ilk əsərlərdəndir.

Milli Tərcümə Mərkəzinin müdiri professor Xeyri Abu Doma bildirib ki, tezliklə Misirdə kitabın təqdimat mərasimi keçiriləcək, mərasimə müəllif də dəvət olunacaq.

 

 

Günel

 

525-ci qəzet.- 2012.- 26 iyun.- S.7.