Emin Həsənli: “Silahlı Qüvvələrimiz Azərbaycan xalqına bir müqəddəs bayram – Qələbə günü bəxş edəcək”  

 

 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə, ölkədə ordu quruculuğu, əldə olunan nailiyyətlər, ordu və vətəndaş cəmiyyəti arasında münasibətlər barədə suallarımızı Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli cavablandırıb.

– Vətəndaş cəmiyyətinin təmsilçisi olaraq, Azərbaycanda ordu quruculuğu prosesini necə qiymətləndirirsiniz?

– Azərbaycan Silahlı Qüvvələrinin yaşı müstəqilliyimizlə eynidir. Ordu hər bir dövlətin mühüm atributudur. Azərbaycanda da ordu quruculuğu ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra başladı. Heydər Əliyevin hakimiyyətə gəlişi nəticəsində müstəqilliyimiz qorunub saxlandı, ordu quruculuğa başlanıldı, ordu daxili çəkişmələrə yox, Azərbaycan dövlətinin qorunmasına yönəldildi. Həmin vaxta qədər xalqımızın qeyrətli, vətənpərvər oğulları bütün cəbhə boyu döyüşürdü. Azərbaycan xalqı qəhrəman xalqdır, şəhidlərimiz, Qarabağ əlilləri, müharibə veteranlarımız var. Onlar bizim canlı muzeylərimizdir. Lakin ordu 1991-ci ildə yaradılmasına baxmayaraq, vahid komandanlığa əsaslanan nizam-intizamlı ordu, hərbi birləşmələr yox idi. Heydər Əliyev 1993-cü il 2 noyabrda müraciət edərək xalqımızı səfərbər etdi, ordu quruculuğu sürətləndi. Düşmən qısa bir zamanda Füzuli istiqamətində geri oturduldu və düşmən atəşkəs sazişi imzalamağa məcbur edildi.

Atəşkəsdən sonra dövlət quruculuğu bütün sahələrdə inkişaf etdiyi kimi ordu quruculuğu da inkişaf etdi. Ordu hərb elminin qanunlarına əsasən yaradıldı. Qısa bir zamanda zabit kadr potensialının hazırlanması üçün işlər görüldü, bu sahədə qardaş Türkiyə dövlətinin dəstəyi oldu. Hərbi məktəblərimizdə NATO standartlarına uyğun zabitlər hazırlanmağa başlandı. 2001-ci ildə ilk buraxılış oldu. Bu il biz o buraxılışın 12-ci ildönümü keçirdik. Bu gün Azərbaycanda hərbi akademiya, Heydər Əliyevin adını daşıyan ali hərbi məktəb var. Ali Təyyarəçilik, Ali Dənizçilik məktəbləri, Təlim-Tədris Mərkəzi, çavuşlar, gizirlər məktəbi var. Tibb Universitetində hərbi kafedra fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan ordusunu zabitlərlə təmin edir. Eyni zamanda NATO proqramları çərçivəsində Azərbaycan zabitləri NATO ölkələrində kurslar keçirlər. Xüsusən Türkiyədə zabitlərimiz müasir hərb elminin sirlərinə yiyələnirlər.

Bu il Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. 7 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıb, 665 adda məhsul istehsal edilir. Azərbaycan ordusunun yerli istehsal olan silahla təmin edilməsi qarşıya məqsəd qoyulub. Beynəlxalq tədbirlərdə çox yaxşı nəticələr əldə edilib. Bütün cəbhə boyu kazarmalar yaxşılaşdırılıb.

– Hərbçilərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində atılan addımlara münasibətiniz necədir?

Prezident İlham Əliyev keçən il dekabrın 28-də sərəncam imzalayıb. 20 il qüsursuz xidmət edən zabitlər mənzillə təmin ediləcək. Bu, yüksək əhval-ruhiyyə yaratdı. Bu il məzunların buraxılışında prezident 12 zabitə mənzilin orderini verdi. 312 mənzilin açılışı oldu.

Keçən il zabitlərin əməkhaqqı 25 faiz artırıldı. Azərbaycanda orduya hərtərəfli dəstək, qayğı var. Eyni zamanda müasir silahlar alınır. Hava hücumundan müdafiə üçün qurğular, müasir təyyarələr, vertolyotlar, döyüş texnikası alınır. Bizim həm quru qoşunlarımız, həm aviasiyamız, həm hərbi donanmamız yüksək sürətlə inkişaf edir. Ən əsası odur ki, hərbçilərimizdə çox yüksək əhval-ruhiyyə, döyüş ruhu var. Bu döyüş ruhu imkan verəcək ki, torpaqlarımızı işğaldan azad edək. Son zamanlar düşmənin hücum cəhdlərinin qarşısı da müvəffəqiyyətlə alınıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın çox güclü ordusu varbu ordunun mənəvi-psixoloji hazırlığı yüksəkdir. Biz Ermənistandan həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm siyasi, həm mənəvi-psixoloji, həm insan resursu baxımından qat-qat üstünük. Bunlar da imkan verir ki, torpaqlarımızı işğaldan azad edək. İnşallah, Silahlı Qüvvələrimiz Azərbaycan xalqına bir müqəddəs bayram bəxş edəcək, o da Qələbə Günü olacaq. Azərbaycan dövlətinin artan gücü buna imkan verir.

Prezident məzunların buraxılışındakı çıxışında çox haqlı olaraq qeyd etdi ki, sülh danışıqlarında nəticə əldə etmək üçün çox güclü olmalıyıq. 10 il əvvəl Ermənistanla Azərbaycanın gücü arasında bərabərlik var idisə, bu gün artıq böyük fərq var. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 10 dəfə güclüdür, çox qüdrətli dövlətimiz var. Ermənilər bunu bilirlər. Baxmayaraq ki, böyük lobbiləri var, ermənilər onu da bilirlər ki, beynəlxalq aləmdə nəticə əldə edə bilməyəcəklər və ona görə də BMT Təhlükəsizlik Şurasına namizədliklərini geri götürdülər. Prezident haqlı olaraq qeyd etdi ki, sabah düşmən döyüş meydanından da qaçacaq. Azərbaycanın bu gün çox qüdrətli ordusu var.

Ordunun qələbə çalması silah-sursatla bərabər həm də vətənpərvər, mübariz ruh şərtdir. Bəs torpaqları işğal altında olan Azərbaycanda nə dərəcədə vətənpərvər gənclik yetişir?

Mübariz İbrahimov sübut etdi ki, bu gün Azərbaycanda torpaqların işğal altında qalması ilə heç bir zaman barışmayacaq bir gənclik yetişib. Bu gün gənc zabitlərimiz çox intellektual, çox savadlıdırlar. Azərbaycan ordusunun şəxsi heyəti Əfqanıstanda, İraqda sülhyaratma prosesində iştirak edir. Həm Azərbaycanda, həm dünya ölkələrində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan hərbçiləri yüksək səviyyədə iştirak edirlər. Bizim hərbimizin tarixi döyüşə ənənələri olub. Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi generallarımız olub. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin zabit kadr potensialının 90 faizi Cəmşid Naxçıvanski adına liseyin məzunlarıdır. Heydər Əliyev birinci hakimiyyəti dövründə məhz bu günləri görərək həmin hərbi liseyi yaradıb. SSRİ-nin ayrı-ayrı mülki ali məktəblərinə tələbələr yolladığı kimi hərbçilər də yolladı. Bu gün bu siyasət davam edir. Dünyanın ayrı-ayrı ölkələrinə 5 mindən çox gəncimiz ali təhsil almaq üçün göndərilib. Dünyanın ən müasir hərbi akademiyalarında, hərbi məktəblərində gənclərimiz oxuyur. Bu gün Azərbaycanın hərbi məktəblərində Orta Asiyadan, Qazaxıstandan, Qırğızıstandan kursantlar təhsil alır. Bu, Azərbaycan hərbi məktəblərinin nə qədər güclü olmasının göstəricisidir. Bu gün Azərbaycan zabitləri dünyanın ən güclü texnikalarını mənimsəyərək onları çox yaxşı idarə edirlər. Bu gün Azərbaycan əsgərinin döyüş ruhu, hərbi davranışı yüksək səviyyədədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək.

Ermənistan bir tabor səviyyəsində hərbi təlimlər keçə bilmir. İldə bir dəfə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlim keçirməyə çalışır. Amma hər il Azərbaycan Silahlı Qüvvələri bütün qoşun növləri ilə birlikdə hər fəslə uyğun iri miqyaslı təlimlər keçirir. İki il dalbadal Müdafiə Nazirliyi Daxili Qoşunlar və Sərhəd Qoşunları Müdafiə Nazirliyi ilə birlikdə komanda-qərargah təlimləri keçirdi. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 80 illiyi, 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı böyük hərbi parad keçirilib. Bu hərbi paradlarda Azərbaycan Silahlı Qüvvələrinin nə qədər silah və texnikasının olduğu, hərbçilərimizin nə dərəcədə hazır olduğu göründü. Ali hərbi məktəblərin buraxılışlarının, gənc leytenantların keçidini görəndə insan nə qədər qürur hissi keçirir! Bizim bu cür nizami, peşəkar hərbçilərimiz var. Azərbaycanda peşəkar ordunun yaradılması qarşıya məqsəd qoyulub. Bu, Ali Komandanın qarşıya qoyduğu birbaşa tapşırıqdır. Bütün tapşırıqlar yerinə yetirildiyi kimi bu tapşırıq da yerinə yetiriləcək.

– Silahlı Qüvvələrlə ictimaiyyətin əlaqələri hansı səviyyədədir?           

Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrinin mətbuatla, QHT-lərlə, ictimaiyyətlə əlaqələri güclüdür. Azərbaycanın mədəniyyət xadimləri, şairlər, yazıçılar, incəsənət nümayəndələri, musiqiçilər hərbçilərlə görüşürlər. Azərbaycanda vətənpərvərlik ruhu həddən artıq yüksək səviyyədədir. Mətbuatın da üzərinə xeyli işlər düşür. Bu gün sevindirici haldır ki, mətbuatda bu mövzuya xeyli yer ayrılır və ictimaiyyət ordumuza dəstək verir. Xalqımızda əminlik yaranıb ki, bu ordu torpaqlarımızı işğaldan azad edəcək. Düşmən həmlələri dəf edilir, geri oturdulur. Azərbaycan dövləti Silahlı Qüvvələrimizdə xidmət edənlərə xüsusi diqqət və qayğı ilə yanaşır. Qarabağ, Çernobıl əlillərinə avtomaşınlar verilir, müharibə veteranlarına xüsusi diqqət var. Milli Qəhrəmanlara, şəhid ailələrinə, Qarabağ əlillərinə prezident təqaüdü verilir, hər il müavinətləri artırılır. Dövlət qarşıya məqsəd qoyub ki, xidmət edənləri xüsusi qiymətləndirsin, xüsusi diqqət və qayğı göstərsin. Ən böyük büdcə də orduya ayrılıb və bu da təbiidir. Torpaqlarımız işğal altındadır, Azərbaycan çox sürətlə inkişaf edir. Ordumuz çox qüdrətlidir, müasir texnikamız var. Get-gedə bölgənin, dünyanın ən müasir ordularından birinə çevrilir. Bu, çox sevindirici haldır. Heydər Əliyev deyirdi ki, azərbaycanlılar hər bir işin öhdəsindən layiqincə gəlməyə qadirdir. 20 il əvvəl bizim bu cür təyyarəçilərimizin, zabitlərimizin, qüdrətli ordumuzun olmasına möcüzə kimi baxırdılar, ordu yaradılanda çoxları inanmırdı. Amma bu gün bizim bu cür qüdrətli ordumuz, güclü iqtisadiyyatımız var. Vaxt var idi ki, Azərbaycan 5 kilometr yolu asfaltlaya bilmirdi, bu gün çox böyük tikinti-quruculuq işləri gedir. Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə kimdəsə cüzi şübhə varsa, inşallah, bu da aradan qaldırılır. Buna möcüzə kimi baxanlar, Azərbaycanı istəməyənlər sabah görəcəklər ki, Azərbaycan öz torpaqlarını da işğaldan azad etdi. Azərbaycan regiondadünyada müstəqil siyasət aparır. Azərbaycanın torpaqlarını yalnız öz ordusu qoruyur. Ermənistanda başqa dövlətin ordusu var, onlar ermənilərə təlim keçir. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan ordusunun güclü olması regionda sülhün qarantı, təminatıdır.

Azərbaycan dövləti qarşıya qoyulan bütün məqsədlərə nail olduğu kimi inşallah, torpaqlarımızı işğaldan azad edəcək. Biz bu cür tədbirləri cənnət Qarabağımızda, gözəl torpaqlarımızda qeyd edəcəyik. Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək. Ermənistan ərazilərimizi işğal edib, bütün cəbhə boyu bu işğal var. Bu işğal tək Qarabağla bitmir, Qazaxda da torpaqlarımız işğal edilib. Bu torpaqlarımızın hamısı geri alınacaq, düşmən torpaqlarımızdan qovulacaq. Azərbaycanın üçrəngli bayrağı bütün torpaqlarımızın üzərində dalğalanacaq. O zaman şəhidlərimizin ruhu şad olacaq.

 

lent.az

 

 

525-ci qəzet.- 2012.- 26 iyun.- S.4.