Əli Əhmədov:
“Azərbaycan obyektiv tənqidləri qəbul
edir"
"AMMA TƏNQİDLƏR QƏRƏZLİ,
QEYRİ-OBYEKTİV OLANDA ÖZ KƏSKİN
MÖVQEYİNİ DƏ ORTAYA QOYUR”
Müsahibimiz
millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra
katibi Əli Əhmədovdur.
– Əli
müəllim, ABŞ dövlət katibi Hillari Klintonun regiona və Azərbaycana səfərini necə
qiymətləndirirsiniz? Səfər günlərində cəbhə
və təmas xəttində atəşkəsin iri miqyasda
pozulması sizcə, nədən xəbər verirdi?
– Təbii
ki, bu səfəri yüksək qiymətləndirirəm. Bu,
birincisi Amerika Birləşmiş
Ştatlarının Cənubi Qafqaza marağını ifadə
edir. Bu marağın yüksək olduğu bir daha bu səfərlə
vurğulanır. Digər bir tərəfdən, hesab edirəm ki, bu səfər Cənubi
Qafqaz, o cümlədən Azərbaycanla
əlaqədar ABŞ-da kifayət qədər səhih və
düzgün məlumatların, informasiyanın əldə
edilməsi üçün əhəmiyyət
daşıyır. Daha doğrusu, məlum səfər
ABŞ-ın Cənubi Qafqazla , eləcə də Cənubi
Qafqazın ən güclü dövləti olan Azərbaycanla
bağlı siyasətinin dəqiqləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu səfərdə
Amerikanın dövlət katibi Azərbaycanda cərəyan edən
proseslərə, Azərbaycanın inkişafına, Azərbaycanın
həyata keçirdiyi siyasətə və onun nəticələrinə
kifayət qədər müsbət münasibət bildirib.
Bütövlükdə Azərbaycanın həm regionda, həm
də regiondan kənarda oynadığı rolu yüksək
qiymətləndirib. Bütövlükdə qeyd etmək istəyirəm
ki, xanım Klintonun Azərbaycana səfəri pozitiv məqamlarla
yadda qalıb və ayrıca onu da vurğulamaq istəyirəm
ki, bu səfər Amerika-Azərbaycan münasibətlərinin
müsbət, pozitiv məqamlarda bundan sonra da inkişafına əhəmiyyətli
təkan verəcək.
Amma
təəssüf ki, Hillari Klintonun Cənubi Qafqaza və Azərbaycana
səfəri Ermənistanla Azərbaycanın təmas nöqtələrində
bir sıra gərginliklərlə müşayiət olundu və
hesab edirəm ki, bunu təsadüfi saymaq olmaz. Yəqin ki, Ermənistan
tərəfi və onu himayə edənlər bu gərginliyi
yaratmaqla, ən azından provakasiya törətməklə
günahı öz ənənələrinə sadiq olaraq Azərbaycan
tərəfinin üzərinə yıxmağa
çalışırdılar. Və beləliklə də
sülhyaratma prosesinə əngəl törətmək istəyirdilər.
Amma
hesab edirəm ki, təmas nöqtələrində son zamanlar
baş verən gərginliyin həqiqi səbəblərinin, səbəbkarlarının
nədən və kimlərdən ibarət olduğu
haqqında maraqlı tərəflərdə, o cümlədən,
fikrimcə, ABŞ-da kifayət qədər səhih məlumatlar
var, Amerikadan gələn reaksiyalar da bunu söyləməyə
əsas verir. Hesab edirəm ki, bu, ABŞ-ın Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınmasında yaxından
iştirak etmək istəyinin ortaya qoyulması ilə bilavasitə
əlaqədardır. Çox güman, hansısa maraqlı
dairələr var ki, ABŞ-ın münaqişənin nizama
salınmasında yaxından iştirak etməklə
bağlı bəyanatlarını qıcıqla
qarşılayıblar və Amerikanın bu münaqişənin
nizama salınmasında maraqlı bəyanatlarının və
bu bəyanatların arxasından gələcək hərəkətlərin
qarşısını almaq üçün təxribatlar
törədirlər.
Lakin
düşünmürəm ki, bu təxribatlar ABŞ-ın
münaqişənin nizama salınmasına diqqətinin
artmasının qarşısını ala biləcək.
–
Ümumiyyətlə, bu səfəröncəsi Azərbaycana
qarşı ABŞ başda olmaqla, Qərb dairələri tərəfindən
ciddi tənqidlər gəlirdi. Bu baxımdan, bu səfər Azərbaycana
yönəlik tənqidləri səngidə, Azərbaycan
haqqında obyektiv fikirlərin yaranmasına öz təsirini
göstərə bilərmi? Eyni zamanda, bu səfər müddətində
atəşkəsin pozulması ABŞ-ın Ermənistana
yönəlik siyasətinə hansısa bir dəyişikliklər
gətirəcəkmi?
– Mən
də elə onu qeyd etmək istəyirəm ki, əgər siz
diqqətlə ABŞ-dan səsləndirilən, xüsusilə
son vaxtlar səsləndirilən bəyanatları nəzərdən
keçirsəniz, bu bəyanatlarda kifayət qədər Azərbaycanın
bölgədə, regionda, hətta beynəlxalq aləmdə roluna
yüksək qiymət verilir. Digər tərəfdən, Azərbaycanın
bölgə proseslərində böyük potensiala malik
olduğu da açıq şəkildə vurğulanır və
eyni zamanda, bu, təbiidir ki, Azərbaycanla ABŞ arasında
münasibətlərin müsbət dinamikasına öz təsirini
göstərir.
Amerika
tərəfi bunu öz bəyanatlarında, o cümlədən
də hesab edirəm ki, Amerika prezidentinin verdiyi bir neçə
bəyanatda əks etdirib. O ki
qaldı münasibətlərin inkişaf perspektivlərinə,
bu barədə kifayət qədər ciddi əsaslar var ki, bu
münasibətlər pozitiv məqamda inkişaf etsin. Bu, həm
Azərbaycanın, həm bölgə ilə bağlı
ABŞ-ın siyasətini həyata keçirməsinə
öz müsbət təsirini göstərə bilər. Tənqidlərlə
əlaqədar onu qeyd etmək istəyirəm ki, hansı tərəfdən
səsləndirilməsindən asılı olmayaraq, Azərbaycan
bu tənqidlərə özünün obyektiv münasibətini
bildirib. O yerdə ki, Azərbaycanla bağlı səsləndirilən
tənqidlərin əsasları var, obyektivliyə,
reallığa söykənib,
hesab edirəm ki, Azərbaycan o tənqidləri qəbul
edir. O yerdə ki, tənqidlər qərəzlidir,
qeyri-obyektivdir, hansısa dairələrin maraqlarına istinad
edir, belə olan hallarda da mən hesab edirəm ki, Azərbaycan
o tənqidlərə qarşı özünün kəskin
mövqeyini ortaya qoyur. Xüsusi vurğulamaq istədiyim məqam
ondan ibarətdir ki, nəticə etibarilə Azərbaycanı əsassız
olaraq, qərəzli şəkildə tənqid edən tərəflər,
dairələr və yaxud tutaq ki, hansısa beynəlxalq təşkilatlar
nəticə etibarilə Azərbaycanın haqlı iradları
ilə razılaşmağa məcbur olur və çünki
Azərbaycan səsləndirilən əsassız tənqidlərin
qeyri-obyektivliyini, bəzi hallarda isə qərəzli
olduğunu faktlarla sübuta yetirə bilir. Ona görə biz haqlı, haqsız, qərəzli
tənqidlərin olmasını istəmirik. Amma o şeylər
ki, əsassızdır, fakta söykənmir və yaxud qərəzli
şəkildə həyata keçirilib, gec-tez onun həqiqi
mahiyyəti ortaya qoyulur və bu da Azərbaycanın haqlı
olduğunu təsdiq etmiş olur. Bu mənada qeyd etmək istəyirəm ki, Azərbaycan
könüllü şəkildə seçdiyi siyasəti Azərbaycan
xalqının maraqlarına uyğun şəkildə
ardıcıl surətdə həyata keçirir və haqq-ədalət
Azərbaycanın tərəfində olduğunu dəfələrlə
Azərbaycan sübuta yetirə bilib. Azərbaycana bu gün də bunu sübuta yetirir
və güman edirəm ki, biz bundan sonra da haqqın, ədalətin
Azərbaycanın tərəfində olduğunu sübuta yetirə
biləcəyik.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 26 iyun.- S.5.