Azərbaycan
Silahlı Qüvvələri müasir mərhələdə
Hər
bir müstəqil dövləti dünya birliyində layiq
olduğu yerə gətirən faktorlar sırasında ölkənin
silahlı qüvvələrinin döyüş qabiliyyəti,
texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi,
əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer
tutur. Bu amil həm də geopolitik faktor kimi dövlətin beynəlxalq
aləmdə qlobal və regional yerini müəyyənləşdirir.
Təsadüfi deyil ki, ölkə başçısı
İlham Əliyev bu strateji sahəyə çox böyük
önəm verir. Elə buna görə də müasir Azərbaycan
ordusu keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın
güclü ordusu var. Ölkəmiz sözün əsl mənasında,
bölgədə ən yüksək mövqelərə malik
ölkədir. Bu mövqeni şərtləndirən
mühüm amillər isə böyük iqtisadi potensial və
güclü ordudur.
Bu gün
Azərbaycan ordusunun inkişafı çox sürətlə
gedir. Belə ki, Azərbaycan ordusu həm peşəkarlıq,
həm də maddi-texniki bazasının
üstünlüyü baxımından bölgədə ən
güclü ordudur. Azərbaycanın hərbi xərcləri
artıq 2 milyard dollardan çoxdur və bu artım davam edəcək.
Təbii ki, bu yüksəliş hərbi qulluqçuların
və onların ailə üzvlərinin həyat tərzinin
daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin
gücləndirilməsinə də müsbət təsir
göstərir. Taktiki və strateji planlaşdırmalar,
yüksək səviyyəli hərbi təlimlərin
keçirilməsi də ordumuzun qüdrətindən xəbər
verir.
Zəngin
təbii sərvətlərə, əlverişli və strateji
coğrafi-siyasi mövqeyinə görə vətənimiz
tarix boyu güclü dövlətlərin təzyiqlərinə,
hərbi təcavüzünə məruz qalıb. Bununla belə
xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən
qüdrətli düşmən ordularına qarşı
mübarizədə hünər, qəhrəmanlıq
nümunələri göstərib.
1918-ci il
iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə
qərarın qəbul olunması ilə Azərbaycanda milli
ordunun təməli qoyuldu. Bu tarix Azərbaycan Silahlı
Qüvvələrinin yaranmasının başlanğıc
tarixidir.
Müasir
Azərbaycan Ordusuna gəldikdə isə 1991-ci il oktyabrın
9-da ordunun yaranması haqqında Azərbaycan
Respublikasının Ali Soveti qanun qəbul etdi. Nəticədə,
müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
yaradılmasının əsası qoyuldu. Ümummilli lider
Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən
isə 26 iyun – Silahlı Qüvvələr Günü elan
edildi və hər il Azərbaycan xalqı bu günü bayram
edir.
Təcrübədən
və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və
ərazi bütövlüyünü təmin etmək
üçün əsas qüvvə olaraq dövlət
quruculuğunun tərkib hissələrindən biridir.
Müasir Azərbaycan dövlət müstəqilliyinə
1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan
nizami və mütəşəkkil, ən əsası
müstəqilliyimizə və dövlətçiliyimizə
qarşı yarana biləcək hər hansı təhdidin
qarşısını almağa qadir ordunun yaradılması
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra mümkün oldu.
Lakin
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən
sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı
islahatlara start verildi. Tezliklə hərbi hissələrin,
ayrı-ayrı qoşun növlərinin
formalaşdırılması tam başa
çatdırıldı. Orduya çağırış, fərarilik
halları ilə bağlı bütün problemlər həll
edildi. Dövlətçiliyi və hərbi andı hər
şeydən uca tutan, hərbçi olmağı şərəf
bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi
hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi
heyətin mənəvi-psixoloji hazırlığına,
döyüş ruhunun yüksəldilməsinə diqqət
artırıldı, hərbi vətənpərvərlik
işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş
maddi-texniki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı, maliyyə-təsərrüfat
fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən
müxtəlif sahələri ilə bağlı zəruri olan
qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl
qanunvericilik bazası yaradıldı..
Bu gün
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
ordu quruculuğu, eləcə də milli təhlükəsizlik
siyasəti ilə bağlı başladığı işlər
onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hələ 2003-cü ildə
andiçmə mərasimindəki nitqi zamanı Prezident
İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu
sahəsində də böyük işlər
görülmüşdür. Ölkəmizdə güclü
ordu yaradılmışdır və bu proses davam edəcəkdir.
Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu
olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır. Əminəm ki,
Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək
standartlara cavab verməsinə və qarşıda duran
bütün vəzifələri yerinə yetirməsinə
imkan verəcəkdir”. Ölkəmizin son illərdə dinamik
inkişafı silahlı qüvvələrin büdcəsinin
artması və nəticə etibarilə ordumuzun güclənməsi
ilə müşayiət olunması cənab Prezidentin öz vədinə
sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş
Komandan İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində son illərdə ordunun
döyüş qabiliyyəti daha da yüksəlmiş,
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Onun bariz nəticəsidir
ki, Azərbaycan Ordusu sürətlə güclənir, yeni
texnikalar, təyyarələr alınır, ən müasir
silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə
komplektləşdirilmiş silah-sursat və texnika daha
müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin
artımı həm də hərbi qulluqçuların sosial təminatının
gücləndirilməsi, maaşlarının
artırılması, mənzil şəraitlərinin daha da
yaxşılaşdırılması deməkdir.
Bu gün
Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı
qürurla deyə bilər ki, müstəqil Azərbaycan
Respublikasının Nizami Ordusu, Hərbi Dəniz Donanması,
Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə
Qoşunları, Sərhəd Qoşunları, Daxili
Qoşunları, Milli Qvardiyası, Fövqəladə Hallar
Nazirliyinin hərbi birləşmələri və digər
silahlı birləşmələri var. Eyni zamanda sevindirici
haldır ki, son dövlər yaradılmış Müdafiə
Sənayesi Nazirliyi bu birləşmələri təmin edə
biləcək səviyyədə silah və texnika istehsal edir.
1995-ci
ilin fevralından Azərbaycan Respublikasının Müdafiə
naziri olan general-polkovnik Səfər Əbiyevin Azərbaycan
Silahlı Qüvvələri və Azərbaycan dövləti
qarşısında xidmətləri böyükdür. Bunun nəticəsidir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Səfər Əbiyevi Silahlı Qüvvələrdəki
fəaliyyətini, ordu quruculuğu sahəsindəki xidmətlərini
həmişə nəzərə alıb və onu yüksək
orden və medallarla təltif edib. Səfər Əbiyevi
yaxından tanıyan bir şəxs kimi deyə bilərəm
ki, o, bu orden və medallara layiq bir şəxsiyyətdir. Onun
sayəsində Müdafiə Nazirliyində güclü
islahatlar aparılıb. Bununla yanaşı, Cənubi Qafqazda ən
güclü ordu məhz Azərbaycan ordusudur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və
müdafiə naziri cənab Səfər Əbiyev ordunun daha da
inkişaf etməsi üçün bir çox təqdirəlayiq
islahatlara imza atmış, ordumuz ən müasir silahlarla təchiz
edilmişdir.
Bu gün
Azərbaycan Silahlı Qüvvələrinin üç
qoşun növü var: Quru Qoşunları, Hərbi Hava
Qüvvələri və Hava Hücumundan Müdafiə
Qoşunları və Hərbi Dəniz Qüvvələri.
Quru
Qoçunları Azərbaycan Silahlı Qüvvələrinin
birinci qoşun növüdür.
Bu gün
Azərbaycan Quru Qoşunları Azərbaycanın ərazi
bütövlüyünü və bütövlükdə
müstəqilliyini qorumağa qadirdir. Quru qoşunları tam
formalaşdırılıb və ştat üzrə komplektləşdirilib.
Belə ki, indi Quru Qoşunlarımız hər bir müasir
texnika ilə, silah-sursatla tam təmin edilmişdir. Bu
texnikanı müasir tələblərə uyğun istifadə
etmək imkanlarına malik olan kifayət qədər
kadrlarımız var.
Heydər
Əliyevin təşəbbüsü və Türkiyə ilə
imzalanmış protokola əsasən 1997-ci ildən Ulu Öndərin
adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi
yaradıldı və burada hərb elminin dünyanın ən
qabaqcıl standartları tətbiq edilməklə tədris
olunmasına başlanıldı. Silahlı Qüvvələrimizin
strukturuna daxil olan Quru Qoşunlarını peşəkar hərbi
kadrlarla təmin etmək üçün Hərbi Akademiya,
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi,
Gizirlər Məktəbi, Çavuşlar Məktəbi, Hərbi
Tibb fakültəsi də yaradıldı. Ancaq hərbi təhsildən
danışanda yada düşən məktəblərdən
biri əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1971-ci ildə qoyulmuş Cəmşid
Naxçıvanski adına hərbi liseydir. Heydər Əliyevin
səyi nəticəsində bu məktəbin
yaradılması Azərbaycanın hərbi təhsil tarixində
yeni bir səhifə açdı. Uli Öndər Heydər Əliyevin
sərəncamı ilə 1998-ci ilin martında bu liseyin
Naxçıvanda filialı açıldı. Bu gün məktəb
daha yüksək tələblərə cavab verir.
Bu
üç qoşun növündən ikincisi olan Hərbi Hava
Qüvvələri və Hava Hücumundan Müdafiə
Qoşunları regionun ən güclü təminata və
arsenala malik qurumu hesab edilir. Azərbaycanın Hərbi Hava
Qüvvələri 20-ci əsrin əvvəllərindən
formalaşmağa başlayıb. ADR dövründə HHQ-nin
formalaşdırılmasını o qədər də qənaətbəxş
hesab etmək olmaz. Azərbaycan HHQ-nin formalaşması tarixi
1992-ci il aprel ayının 8-nə təsadüf edir. Belə
ki, həmin gün baş leytenant Vaqif Qurbanovun Sitalçay
aerodromundan keçmiş sovet ordusuna məxsus “Su-25”
döyüş təyyarəsini qaçıraraq Azərbaycan
Ordusuna təhvil verdi. Bundan sonra Azərbaycan HHQ-nin ilk
komandanı, həmin dövrdə Hacı Zeynalabdin
Tağıyev Qəsəbəsində yerləşən hərbi
aviasiya alayının komandiri olmuş Vladimir Kravtsov və
polkovnik-leytenant Aleksandr Pleşin də eyni addımı
atdılar. Onlar da öz növbəsində sovet
aviasiyasına məxsus təyyarələri Azərbaycan
ordusunun tabeçiliyinə verdilər. 1992-ci ildən
başlayaraq Azərbaycanda HHQ ilə bağlı islahatlar
dövrü başladı. Həmin il HHQ Hava Hücumundan
Müdafiə Qoşunları ilə birləşdirildi. İslahatların
nəticəsidir ki, 1997-ci ildə Azərbaycanın Ali Hərbi
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin
buraxılışına başladı.
Azərbaycanda
başlanan hərbi islahatlar prosesi HHQ və HHMQ-yə təsirsiz
ötüşmədi. 20% ərazisi işğal altında
olan Azərbaycan Ordusunu qırıcılarla, hərbi təyyarələrlə
və hava hədəflərini vuracaq texnikalarla təmin etmək
günün vacib tələbi idi. Beləliklə, Azərbaycanda
müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli
hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə
yönəldildi. Bu gün artıq fəxrlə demək olar
ki, HHQ və HHMQ xüsusi dövlət obyektlərinin və
atributlarının mühafizəçisi rolunda
çıxış edir.
Azərbaycan
Hərbi Dəniz Qüvvələri Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin xüsusi
qoşun növlərindən
üçüncüsüdür. Bu gün Azərbaycan HDQ-nin
kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbi həyata keçirir. Avqustun 5-i Xəzər dənizində
Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma
sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
(HDQ) yaranma günüdür. “Qars”, “Ərdahan”
qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri,
“Araz” hidroqrafik gəmisi və “Bayıl” liman
daşıyıcı gəmisindən ibarət Azərbaycanın
hərbi dəniz donanması 1918-ci ildə yaradılıb.
Daha sonra Bakını tərk edən ingilis əsgərləri
özlərinin döyüş gəmilərinin və
yardımçı üzgüçü vasitələrinin
bir hissəsini Azərbaycana verib. Demokratik Cümhuriyyətin
süqutundan sonra donanma Sovet Azərbaycanının
Qırmızı donanması adlandırılıb və
1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin
tərkibinə daxil olub.
Keçmiş
SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər
Donanmasının Bakı və Moskva arasında bölünməsi
1992-ci ildə həyata keçirilib. O vaxt Rusiya müəyyən
bəhanələrlə Bakı bazasında yerləşmiş
müasir gəmiləri açıq dənizə
çıxararaq Mahaçqalaya aparıb və geri
qaytarmayıb. Hazırda Azərbaycanın HDQ-nin şəxsi
heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə
su rayonunun mühafizəsi divizionu, desant gəmiləri
divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri
divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən
suüstü gəmilər briqadasından ibarətdir. Bundan
başqa, yardımçı gəmilər dəstəsi
mövcuddur.
HDQ tərkibinə
həmçinin Bakı ətrafında yerləşən dəniz
piyada taburu və xüsusi təyinatlı diversiya – kəşfiyyat
mərkəzi daxildir.
Azərbaycanın
NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan
Ordusunun modernləşməsində mühüm əhəmiyyət
kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığının
əsası 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə ölkəmizin “Sülh
naminə tərəfdaşlıq” proqramına
qoşulması ilə qoyulmuşdur. Son 15 ildə Azərbaycan
hərbçiləri NATO-nun hərbi təlimlərində,
sülhyaratma əməliyyatlarında, seminarlarında fəal
iştirak etmiş, ən müasir hərbi təcrübələri
mənimsəmişlər. 2004-cü ildə isə Azərbaycanın
NATO-nun “Fərdi Tərəfdaşlığın Fəaliyyət
Planı”na qoşulması barədə razılıq əldə
olunmuşdur. Bu sənədin Azərbaycanla NATO arasında
münasibətlərin daha da möhkəmlənməsində
mühüm rol oynaması günümüzün
reallığıdır. 2008-ci ilin sonunda bu əməliyyat
planının ikinci mərhələsi
başlamışdır. Bu plana qoşulmağımız da
Azərbaycan Ordusunun müasir, o cümlədən NATO
standartlarına uyğunlaşdırılmasına
mühüm töhfələr verir. NATO ilə Azərbaycan
arasında olan əməkdaşlığa əsasən bu
gün ölkəmizin Silahlı Qüvvələrinin
müasir standartlara uyğunlaşdırılması istiqamətində
islahatlar uğurla həyata keçirilir. Həmçinin hərbçi
kadrların yetişdirilməsində də artıq neçə
ildir ki, NATO standartları əsas götürülməkdədir.
Ölkəmizdə dəfələrlə səfərdə
olan NATO rəsmiləri Silahlı Qüvvələrdə
aparılan islahatlardan razılıqlarını ifadə
etmişlər. NATO ilə sıx və səmərəli əməkdaşlığın
əsas hədəfi də məhz ordu quruculuğu prosesini
sürətlə təkmilləşdirmək, Silahlı
Qüvvələri modernləşdirmək, müasir
standartlara uyğunlaşdırmaqdır. Müşahidələr
göstərir ki, Azərbaycan özünün potensial hərbi
üstünlüyünü real nəticəyə çevirmək
iqtidarındadır. Bu isə Azərbaycanın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan danışıqlarda mövqeyini daha
da möhkəmləndirir, ölkəmizin müdafiə
potensialını daha da artırır. Bütün bunlar məhz
Azərbaycan Prezidentinin ordu quruculuğuna göstərdiyi
böyük diqqətin, qayğının nəticəsində
baş verib. Ordu və Ali Baş Komandan arasında mövcud
olan bu möhkəm bağlılıq cəmiyyətin orduya
münasibətinin formalaşmasına da öz təsirini
göstərir. Bu gün Azərbaycan hərbçisi
birbaşa ölkə rəhbərliyinin himayəsi və qayğısı
ilə əhatə olunub. Cəmiyyət də Silahlı
Qüvvələri kifayət qədər nüfuzlu və səviyyəli
bir institut kimi qəbul edir və artıq hərbçi
peşəsi sanballı bir peşə hesab olunur. Bu, cəmiyyətin
orduya və dövlətə inamının artmasının,
möhkəmlənməsinin əyani göstəricisidir.
Ordu
quruculuğu prosesində xeyrimizə işləyən həm
maddi, həm də sırf psixoloji məqamlardan biri də Ermənistandan
fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin
maddi təminatını öz potensialı hesabına ödəməsidir.
2004-cü ildə yaradılmış Müdafiə Sənayesi
Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların
istehsalını artırır. Əlamətdardır ki, Azərbaycan
hərbi sursat istehsalını təmin etmək məqsədilə
bu sahədə məşhur dünya şirkətləri ilə
əməkdaşlıq etməklə yanaşı, müəyyən
sursat növlərinin satışı və yeni bazarların
axtarışı ilə də fəal məşğul olur.
Qeyd
olunmalıdır ki, son iki-üç il ərzində
Silahlı Qüvvələrimizi müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə
də xalq təsərrüfatını
maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə
təmin etmək üçün Müdafiə Sənayesi
Nazirliyinin tabeliyində olan müəssisələrdə yeni
istehsal sahələri yaradılıb.
Bütün
bu amillər və faktlar Azərbaycan Silahlı Qüvvələri
ilə fəxr etməyə əsas verir.
Dadaş RZAYEVE,
ehtiyatda olan general-mayor,
Ehtiyatda Olan Zabitlər
Konfederasiyasının sədri
525-ci qəzet.- 2012.- 26 iyun.- S.2.