“Bir zənglə
bir ömrü uzatmaq olar”...
DƏYƏRLİ
ŞAİRİMİZ ÇİNGİZ ƏLİOĞLUNUN
DOĞUM GÜNÜNƏ
...Anlayıb, hiss edib, duyaraq
yaşamağın çox əzabları
var. Odur ki, təkcə yaşadığı məkanın
yox, həm də dünyanın dərdi
ilə yaşayan şairin
qafasında həmişə bir qəzavü-qədər
sevdası dolanar.
“Şair
ürəyindən keçir Yer oxu” söyləyən şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun
ayın 29- da doğum
günüdür. Onu
tanıyandan bu günədək nədənsə
doğum gününü
heç vaxt təbrik
etməmişəm. Nəhayət bu gün
çoxlarının sadəcə bir
şair kimi
tanıyıb sevdiyi mənim üçün isə həm də olduqca xeyirxah, çətin
anlarımda diqqət və qayğısını hiss etdiyim Çingiz
müəllimi ürəyimdən gələn bir
yazı ilə təbrik etməyi düşündüm. Odur ki, məndən xeyli uzaqda olan,
tanımadığım, o əvvəlki,
gənclik illərindən başlayaraq şairin kitablarını vərəqləməyə
başladım. Üz tutduğum
yaxınlıqdakı kitabxanada sənətkarın
beş kitabı var idi və onların hamısını evə götürdüm. Tanışlığa
1978-ci ildə “Gənclik” nəşriyyatında çap edilmiş
“Soraqladı sevgi məni” adlı kitabdan başladım. Məlum oldu
ki, bu, şairin
“Nikbinlik”, “Vağzallar,
yollar” adlı kitablarından sonra işıq üzü
görən üçüncü
kitabıdır. Kitabda hamıya deməyə
sözü olan şairin şeirlərindən
elimizin-obamızın havası doldu
könlümə, ümumiyyətlə bu
işıqlı duyğular,
yaşantılar mənə çox doğma gəldi. Bu saf könüldən gələn boyasız, tər-təmiz
düşüncələrə, xoş arzulara və ən əsası sevgiyə bükülmüş şeirlər oxucunu özünə elə çəkir ki, az qala
birnəfəsə hamısını oxumaq
istəyirsən. Ondan ki:
Gəzib dolaşdığım bu
şehli yaylaq
Sevgi sərgisidi, məhəbbət
köşkü.
...Bir yanar tonqaldı –tufana
düşüb
Közərir köz kimi xalı bu
sazın.
Hər teli
bir qulac işıqdır, oddur
Tutuşub alova
qolu bu sazın.
Bütün varlığıyla
torpağa, milli yaddaşa və xalqın mənəvi sərvətlərinə bağlı
olan şairin şeirlərində nələr
yoxdur. Saz, kaman, qaval, tütək
vəs. qədim musiqi alətləri, el nəğmələri, layla,
bayatı nəfəsi
şeirlərin canına
hopub sanki oxucunu onun kimliyi
ilə tanış edir. Düşünürəm
ki, bir əcnəbi
vətəndaş bu şeirləri oxusa mənəvi sərvətlərimizlə
əməlli-başlı tanış
ola bilər.
“Ağaclar torpağın qanadlarıdır”
söyləyən şair
həm də bir təbiət aşiqidir. Meşə, çəmən, dəniz,
yağış, külək,
ulduz və s. bu şeirlərin dilində ayrı bir gözəllik tapır.
Bu meşənin yaddaşında qala biləydim
Və ya
Yorulsam bir
axşam,
tükənsə sözüm, səsim
Dönüb bir
şam ağacına
Bu yerlərə qayıdacağam.
...və bu cür istiqanlı
şairi kim və kimlər incidib görəsən?
...Mənim gözlərimə siz açıq baxın
Sözün qiyməti
yox sözlər nə gərək
Məni az
incidin yandırıb-yaxın
Doğmalıq istəyir bu kövrək ürək.
Amma “Arxamca
daş atan olsa da nə
qəm” deyib keçərək, cavan şair sözlə elə lövhələr yaradır ki:
Bir ovuc
Vətən torpağı,
Bir duyum
muğamat
Bir udum
dağ havası,
Bir əlçim
bulud
Bir yağım
yaz yağışı
Bir əsim
“xəzri”
Qədim xalçaların
sirli naxışı
Abşeron göylərinin
Rəng qarışığı-
Səni mənə
bağışlayıb....
Yazıb da
haradasa, kimdənsə
sınan qəlbinə
məlhəm edir elə bil...
İkinci kitabı
götürürəm. “Ömür
ağacı”, 1980-ci ildə
“Yazıçı” nəşriyyatında
çap edilib. Sevgi şeirləri ilə doludur. Və o qədər təbii, səmimi qələmə alınıb
ki, oxuduqca yeni bir məna,
bir gözəllik tapırsan.
Bu şeirlər “Əzizim, biz necə oxşarıq indi”, “Sonuncu nəfəsim sənin adındı”, “Nəfəs almaq kimi bir şeydir
məhəbbət”, “Bu ayrılıq
bir dənizmiş hara üzüm?”, “Könlümün sorağı,
gözümün şəhdi!”
və başqa bu kimi ürəkdən
gələn zərif,
incə misralarla doludur.
Haçandır mən sənə şeir yazmıram.
Yox, səni
bir an da unutmamışam!
Unutmaq olarmı
ürək sevəni?
Unutmaq olarmı
hər saat, hər an
Səni düşünəni,
yol gözləyəni!
Yox, səni
bir an da unutmamışam!
Yaxud da
Bu boyda səadət,
bu boyda sevinc,
Bu kövrək qəlbimə sığışa
bilmir.
Gözlərim öyrəşib, nə edim gözəl,
Gözlərim gözündən yığışa
bilmir.
Və bir
də şairin
Vaxt tapa
bilmirik dosta zəng edək,-
Bir zənglə
bir ömrü uzatmaq olar...
– bəndi çox xoşuma gəldi.
Bu da 1983-cü ildə “Yazıçı” nəşriyyatında
çap olunmuş “Alnından ay doğan adam” kitabı. Digər kitablarından fərqli burada ön söz də verilib. “İstedad+zəhmət+dözüm” adlı ön sözün müəllifi
unudulmaz Rəsul Rza yazır ki, şair bir
xarakter şeirindən
də də tanına bilər. “Çingizin misralarında
bu sadəliyi ilə mürəkkəb və dərin, geniş və düşünümlü olan
sətirlərin orijinal
ifadəsi, dadı, duzu ilə bərabər
işığı başqa
yöndən salınmış
fəlsəfi tutumlu, lirik, düşündürücü
rəngləri də vardır”...
Deyirlər, şair
odur ki, oxucu onun yazdıqlarında
özünü tapır.
Bu baxımdan Ç.Əlioğlunun
şeirlərində o qədər
özünü tapmalı
anlar, mənalar var ki...
Özümü itirən anlarım olur.
Naqafil bir
sözdən, nadan bir sözdən.
Bir axmaq
baxışdan, şit
bir gülüşdən
Özümü itirən anlarım olur
Danışa bilmirəm
nitqim tutulur...
Doğrudan da,
mən heç vaxt həmin o naqafil anlarda adamın cavabını verə bilmirəm. Tutulub qalıram və heç vaxt bunun sirrini
tapa bilməmişəm.
Yükləyin bu yazı trolleybusa,
Metro qatarıyla daşıyın barı.
Alça çiçəyilə
çiçəkləsin qoy
Şəhərin toz basmış tramvayları.
Bu da, dünyanı
bir yaz kimi
görmək istəyi,
üzlərdə-gözlərdə bir çiçək təbəssümü...
Əlimdəki dördüncü kitab isə 1993-cü ildə “Şərq-Qərb” nəşriyyatında
çap edilib. “Gün keçdi” adlı bu kitabın
ön sözünün
müəllifi filologiya
üzrə fəlsəfə
doktoru Arif Əmrahoğludur. Arif müəllim “Əzizdir keçdiyim bu əzablı yol mənə” adlı yazısında belə bir qənaəti söyləyir. “Şairi şəxsən və yaxından tanıyanlar poeziyasının heyrətamiz
dərəcədə özünə
bənzədiyini təsdiq
edə bilərlər.Onun
poeziyası da şəxsiyyəti kimi mədəni, abırlı
və səliqəlidir,
uşaqvari təmizliyini
və sadəlövhlüyünü,
qədərini keçməyən
çılğın romantikliyini
qoruyub saxlayır, ən başlıcası isə təmənnasız
və iddiasızdır”.
“Sözündən, gözündən tanınır
şair” deyən 50 yaşlı şair dünyaya “unutma məni” deyir. Çünki özü unuda bilmir. Kitaba
daxil etdiyi şeirlər həm quruluş, həm də məna etibarilə fərqlənir.
Müxtəlif formalarda
qələmə alınan
bu rəngarəng şeirlər bəzən
şirin bir nəğmə kimi səslənir .
Ürəyimdən keçənləri
Gözlərimdən oxuyursan.
..Bir az
çiçək, bir
az yağış,
Bir az
alma qoxuyursan...
Və ya
Necə çıxdım
bilmirəm,
Bu havalı yaza mən...
Sevdalıyıq birimiz
Ya sən,
ya mən, yasəmən!
Gözəldi, deyilmi?
Gül içində
gül var, başa dırmanar,
Mən xoşlayan
– kol dibində itəndir...
Bu, əsl Çingiz müəllimin
özüdü, öz
ruhudu.
“Mən şeir qoşmuram bekarçılıqdan” söyləyən
şair düşünür
ki, hər kəs öz ağacına bənzəyir
və o da:
Qərib qaraağacam
mən də
Onların arasında...
– deyir. Sadə,
adi ancaq möhkəm vücudlu dözümlü bir ağacdı qaraağac, hər əsən küləkdən sınmaz...
Məndə olan
beşinci kitabı isə “Qapp-Poliqraf” nəşriyyatında 2003-cü ildə nəfis şəkildə çapdan
çıxmış “Ruhumun
həndəsəsi”dir. Kitaba
müxtəlif səpkidə,
həmçinin modern üslubda
çox sayda şeir daxil edilib. Kitabın bir özəlliyi də şairin müxtəlif ölkələrdə
konqreslərdə, ədəbi
müşavirələrdə, həmçinin səyahətdə
olduğu zamanlarda bir anın yaddaşına
çevrilən şəkilləri
ilə bir az da oxucuya
yaxın olmasıdır.
Bu gün belə şəkilli kitablar dəbdə olsa da düşünürəm
ki, Ç.Əlioğlunun
bu kitabı onlardan çox fərqlənir. Çünki
şeirlərinin dili ilə desək, azad düşünən,
nəğməylə qol-boyun
gedən bir insandı və kiminsə şəklinin kölgəsinə sığınan,
dediyi kimi, öz qalstukundan asılan adam deyil ki... Bu şəkillərdəki o xoş
anlara baxdıqca düşünürəm ki,
yenə özü dediyi kimi ömründə
nə bir kəsə tələ qurub, nə də tor hörməyən
şairin xoşbəxt
olmağa haqqı var.
Və əgər səni sevirlərsə, düşünürlərsə, həmişə xeyirxah bir insan kimi
xatırlayırlarsa, deməli
xoşbəxtsən.
Mina RƏŞİD
525-ci qəzet.- 2012.- 28 iyun.- S.7.