Məmməd
İsmayılın yaradıcılığı xarici mətbuat səhifələrində
Şair
Məmməd İsmayıl ömrünün son on altı
ilini Türkiyədə yaşamasına baxmayaraq,
dünyanın fərqli diyarlarında keçirilən
şeir festivallarında, yayınlanan jurnal və qəzetlərdə
ölkəmizi ləyaqətlə təmsil edir. Şairin
kitabları yayınlanır və önəmli sənət
adamları onun haqqında adına, istedadına yaraşan
fikirlər deyirlər. Bunlar barədə qəzetimizdə dəfələrlə
yazılar gedib. Moskvada çap olunan ünlü “Drujba narodov”
jurnalı sonuncu – iyun nömrəsində şairimizin
“Danışan çinarlar” lirik poemasını oxucularına
təqdim edir. Əsəri rus şeirinin öndə gələn
imzalarından biri, M.İsmayılın qələm dostu
Gennadi Kalaşnikov tərcümə edib. Kalaşnikov təqdimat
məqaləsində belə yazır: “Bir zamanlar Azərbaycan
şairi Məmməd İsmayılın şeirləri ilə
oxucularımız yaxşı tanış idilər. Əsərləri
sıx-sıx tərcümə və çap edilirdi. Ümid
edirəm ki, insanların taleyini ağrılı
düşüncələrlə dilə gətirən, həqiqi
ehtirasla nəfəs alan əsərlər yaradan bu
böyük və seçgin şairin adı unudulmayıb,
unudulmaz da! Həqiqi şeir, gec ya tez, mütləq öz
oxucusunu tapır. Şair Türkiyədə
yaşayıb-işləsə də, şeirləri
qaranquş kimi vətəninə doğru uçar. Bir dəfə
Məmməd İsmayıl “ayrılıq dərsi” ifadəsini işlətmişdi. Bütün
“ayrılıq dərsləri”, çətinliklər və
onların ağrıları onu böyük Azərbaycan və
böyük rus şeirindən ayrı sala bilməz...”
Məmməd
İsmayılı redaksiya heyətinə üzv
seçmiş, Moskvada yayınlanan başqa bir rus jurnalı
“Literaturnaya znakomstvo” bu ayda çıxan nörməsindən
başlayaraq, hər sayında “Şərqdən baxış”
rubrikasında şairimizin köşə yazılarını
çap etməyi planlaşdırıb. Həmyerlimizin ilk
yazısı dostu – böyük rus şairi Yuri Kuznetsovun Azərbaycana
və Şərqə olan sevgisinə həsr edilib. Bundan
başqa, jurnalın bu nömrəsində dərginin baş
redaktorunun M.İsmayılla müsahibəsinə də yer
verilib.
Avrasiya
Yazarlar Birliyinin orqanı “Qardaş qələmlər” dərgisi
də son nömrəsində şairimizin “Dua”,”Allah unutmur”,
“Ey göyərçin, nə gəzirsən pəncərəmin
önündə” və “Hələ bir kimsənin yoxdu xəbəri”
şeirlərinə yer ayırıb.
Günel
525-ci qəzet.- 2012.- 28 iyun.- S.6.