Muncuqlarla gerçəkləşdirilən xəyallar  

 

Ətrafımızda görülən, düşünülən, xəyal edilən faktorların, ağıl süzgəcindən keçirilərək, hər hansı bir zəmin üzərində əks etdirilməsi sənətdir. Belə sənətlərdən biri də fərqli daşları və muncuqları bir araya gətirərək, bəzək əşyası, aksesuarlar meydana gətirməkdir. Xanımlarımızın bəzək əşyaları arasında muncuq dəstlərinin hər zaman özünəməxsus yeri olub. Həqiqət Məmmədova da rəngarəng muncuqlardan hazırladığı boyunbağı, sırğa, üzük və bilərziklərlə sənətsevərlərin, xüsusən xanımların zövqünü oxşamağa çalışır. Onun bu istedadı özünü hələ uşaq yaşlarından bəlli edib. Həqiqət ilk vaxtlar özü də bu sənətə bir hobbi kimi baxdığını bildirir. Ancaq zaman keçdikcə muncuqlara olan vurğunluğu və yaratmaq həvəsi onu bu sənətin ardınca aparıb. Həqiqət təkcə müxtəlif aksesuarlar deyil, həm də ev əşyalarının bəzədilməsində istedada malikdir. Onun əl işləri arasında balıqqulaqlarından hazırlanmış fincanlar, şamdanlar da xüsusi maraq doğurur. Həqiqət bu işin əslində sanıldığı qədər də asan və sadə olmadığını deyir:

“Fikrimdən keçənləri, xəyallarımı hazırladığım işlərdə əks etdirməyə çalışıram. Amma buna hər dəfə istədiyim səviyyədə nail ola bilmirəm. Alınan iş bəzən xəyallarımdakı qədər gözəl olmur”. Bu sahədə bilgi qaynağı, xəyal gücü və yaradıcılıq bacarığının olmasının vacibliyini vurğulayan Həqiqət dayanmadan araşdırmalar apararaq, yerli əcnəbi qaynaqlardan yararlanaraq kolleksiyalar hazırladığını deyir: “Hər gün yeni bir şey öyrənirəm və hər keçən gün əvvəl gördüyüm işləri bəyənmirəm. Ətrafımda olan dostlarım, ailəm, insanların işlərimi bəyənməsini dilə gətirmələri mənim ilham qaynağımdır. Hazırladığım aksessuarları insanların üzərində görmək mənə xüsusi bir zövq verir. Əvvəllər bu işdən pul qazanmağı düşünmürdüm. Ancaq ilk dəfə səkkizinci sinifdə oxuyarkən bu sənət mənə pul qazandırıb. Mənim anam dərzidir. Onun müştərilərindən biri hazırladığım aksesuarlardan birini çox bəyəndi və israr etdi ki, bunu ona satım. Mən hədiyyə etmək istədim, ancaq o razı olmadı və mənim ilk işimi qiymətləndirdi. Ondan sonra sifarişlər gəlməyə başladı. Ancaq çox təəssüf ki, əcnəbilərlə müqayisədə, bizim ölkənin insanları belə işlərə çox az pul verirlər”. Atasını iki il öncə avtomobil qəzasında itirən Həqiqət bu sənətin ona yaşadığı ağır itkinin gətirdiyi depressiyasından çıxmağa da yardım etdiyini deyir.

Hazırda Qafqaz Universitetində təhsil alan Həqiqət gələcəkdə təhsilini dizaynerlik üzrə davam etdirməyi düşünür.

İşlədiyi kolleksiyalar oxuduğu universitetdə də böyük maraqla qarşılanıb və bu günə kimi həmin təhsil ocağında Həqiqətin 3 sərgisi keçirilib. Onun ən böyük arzularından biri isə hazırladığı kolleksiyalardan ibarət geniş sərgisinin keçirilməsidir.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 28 iyun.- S.7.