Qüdrət Həsənquliyev: “Dostları Ermənistan tərəfinin itkilər verməsindən xeyli narahatdırlar”   

 

 Müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir.

– Qüdrət bəy, ötən həftə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsinin Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən dinləmələrdə iştirak etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərində səfərdə olmusunuz. Bu baxımdan, səfərlə bağlı nə deyərdiniz?

– Qeyd edim ki, Azərbaycandan gedən nümayəndə heyətinin dinləmələrdə iştirakı və keçirdiyi görüşlər kifayət qədər faydalı olub. Doğrudur, öncədən deyilmişdi ki, biz ancaq dinləmələri müşahidə edə bilərik. Çıxış etmək hüququmuz isə yox idi. Belə bir hüquq nə bizə, nə də Ermənistana tanınmışdı. Onu da deyim ki,  tədbirdə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 məruzə dinlənildi. Dinləmələrdə müstəqil ekspertlər və Avropa Parlamentinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi ekspert kimi çıxış etdilər. Hesab etmirəm ki, bu çıxışlarda məqsəd Dağlıq Qarabağ probeminin həllinə nail olmaqdan ibarət idi. Yaxud, Avropa Birliyi, Avropa Parlamenti Ermənistana hansısa sanksiyalar tətbiq etmək barədə düşünür.  Baxmayaraq ki, dinləmələrin gedişində bu tipli çağırışlar da oldu... Bu dinləmələrdən çıxardığım nəticələr ondan ibarətdir ki, Ermənistanın dostları son vaxtlar Azərbaycanın hərbi büdcəsinin artmasından, ölkəmizin İsraildən böyük məbləğdə silah-sursat almasından, atəşkəsin tez-tez pozulmasından və bunun nəticəsində də Ermənistan tərəfinin itkilər verməsindən xeyli narahatdırlar. Ekspertlərin məruzələrində göstərilirdi ki, Azərbaycan ordusu say etibarilə Ermənistan ordusundan üstün olmasına baxmayaraq, zəifdi. Amma Azərbaycanın öz hərbi xərclərini artırması və İsraillə hərbi əməkdaşlığı 3-4 ildən sonra Azərbaycan ordusunu Ermənistan ordusundan üstün mövqeyə gətirib çıxara bilər.

Eyni zamanda bildirim ki, Ermənistanın təəssübünü çəkən qüvvələrin başqa bir narahatlığı atəşkəsin pozulması nəticəsində erməni əsgərlərinin döyüş bölgəsində ölməsi ilə bağlıdır. Bu məsələ və Azərbaycanın öz snayperlərini təmas xəttindəki mövqelərindən geri çəkməkdən imtina etməsi nəticəsində Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən getməsi də onları narahat edir. Ermənistanın dostlarını narahat edən başqa bir məsələ isə ondan ibarətdir ki, illər keçməsinə baxmayaraq, Azərbaycan Ermənistandan və Dağlıq Qarabağdan qovulmuş əhalinin cəmiyyətə tam inteqrasiya olunmasına yol verməyib. Yəni, onu nəzərdə tuturlar ki, işğal altında olan Azərbaycan ərazilərindəki rayonların müvafiq dövlət strukturları olduğu kimi saxlanılıb. Onların qənaətinə görə, Azərbaycan cəmiyyəti qaçqın və köçkünləri öz içində əritməliymiş. Bu da onu göstərir ki, məqsəd başqa olub. Onlar Azərbaycan hökumətini işğal olunmuş rayonların əhalisini ölkənin ayrı-ayrı bölgələrində cəmiyyətə inteqrasiya olunmasına, yəni əridilməsinə imkan vermədiyi üçün tənqid edirlər. Onların qənaətinə görə, işğal altında olan rayonların müvafiq icra strukturlarının və digər təsisatlarının olduğu kimi saxlanılmasına ehtiyac yox imiş. Yəni məcburi köçkünlər yerləşdikləri ərazilərin sakinlərinə çevrilməliymişlər...

–Dinləmələr zamanı Azərbaycanın mövqelərini müdafiə edən parlamentarilər də oldumu?

–Bəli, bu parlamentarilər isə bildirdilər ki, Azərbaycanın büdcəsini Ermənistanla yox, Rusiya ilə müqayisə etmək lazımdır. Çünki Rusiya bu münaqişədə Ermənistanı müdafiə və himayə edir. Eyni zamanda qeyd etdilər ki, Azərbaycan torpaqları işğal altındadır və Dağlıq Qarabağ probleminin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunmalıdır. İnsanlar Dağlıq Qarabağa qayıtmalıdırlar ki, onlar bölgənin statusu ilə bağlı müzakirələrdə iştirak edə bilsinlər. Yəni, demək istəyirdilər ki, Dağlıq Qarabağın 1/3-nü təşkil edən azərbaycanlıların öz evlərinə qayıtmalarını təmin etmədən Dağlıq Qarabağın statusunu müzakirə etmək mümkün deyil... Yeri gəlmişkən, bu səfər Azərbaycanın “Avronest”-dəki nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov tərəfindən təşkil olunmuşduonu da qeyd edim ki, Dağlıq Qarabağ probleminin Avropa parlamentarilərinin diqqətinə çatdırılması və onların bu məsələnin həllinə dəstək vermələri üçün Elxan Süleymanov sözün əsl mənasında fədakarlıq göstərir. Elxan Süleymanov bizim 40-dək parlamentarilə görüşlərimizi təşkil etdi. Həmin görüşlərdə Qənirə Paşayeva, Azay Quliyev, Fazil Mustafa, Fuad Muradov və mən iştirak edirdim. Bu görüşlərdə də bizim əsas diqqətə çatdırdığımız məsələ Dağlıq Qarabağla bağlı idi. Bununla yanaşı, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qərar, insan hüquqlarının vəziyyəti, Avropa Birliyi və Azərbaycan münasibətləri də əsas müzakirə mövzuları idi...

–Sizcə, Avropa Birliyi Azərbaycanın Avrratlantik məkana inteqrasiyasında maraqlıdırmı?

Onlar bu məsələdə maraqlıdırlar və istəyirlər ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş imzalasın. Amma onların diqqətinə çatdırıldı ki, həmin sazişdə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı müddəanın yer alması əsas şərtdir. Bildirdik ki, Avropaya yaxınlaşdığımıza görə Rusiyaİran tərəfindən böyük təhdidlərlə üz-üzə qalırıq, amma bunun qarşılığında Avropadan lazımi dəstəyi görmürük. Bu da Azərbaycan ictimaiyyətini çox ciddi şəkildə narahat edir və Avropanın beynəlxalq hüququn və ədalətin yanında olduğu barədə formalaşmış təəssüratları ciddi şəkildə şübhə altına alır. Odur ki, assosiativ sazişdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şəkildə öz əksini tapmalıdır.

Bir məqamı da xüsusi olaraq qeyd etməliyəm: Avropa parlamentarilərilə söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, onlar əslində Azərbaycan torpaqlarının işğal altında olduğunu bilirlər. Sadəcə olaraq, bizimlə söhbətlərində qeyd edirdilər ki, erməni lobbisi ABŞ-daAvropada çox güclüdürbuna görə də bir çox hallarda xarici ölkə diplomatları və bu məsələyə diqqət yetirməli olan siyasətçilər öz şəxsi korporativ maraqlarından çıxış edir, Azərbaycana görə erməni lobbisi ilə üz-üzə dayanmaq istəmirlər. Onlar Ermənistanın Rusiyanın forpostu olduğunu, bu ölkənin iqtisadiyyatının bütün strateji sahələrinin tamamilə Rusiya tərəfindən alındığını yaxşı bilirlər. Ermənistanda Rusiyanın hərbi bazasının olduğunubu ölkənin sərhədlərinin də Rusiya hərbçiləri tərəfindən qorunduğunu da həmçinin...

Bizöz çıxışlarımızda söyləyirdik ki, Ermənistan siyasi elitasının Rusiyadan, Kremldən olan qorxusu bir heyvani, instiktiv qorxudur. 1999-cu ildə Dəmirçiyan və Vazgen Sarkisyan məhz Azərbaycanla bu problemi həll etmək niyyətlərinə görə Ermənistan parlamentində vəhşicəsinə qətlə yetirildilər. Ünsiyyətdə olduğumuz parlamentarilərin əhəmiyyətli hissəsi həmin şəxslərin məhz bu səbəbdən qətlə yetirildiklərini bilmədiklərini və bu faktın onlar üçün son dərəcə əhəmiyyətli olduğunu söylədilər. Ermənistan parlamentində baş vermiş qətliamı nümunə gətirməklə Avropa parlamentarilərinə xatırlatdıq ki, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar hər zaman bizə ermənilərlə dil tapmağı tövsiyyə edirlər.

Belə bir şəraitdə isə ortalığa əsaslı bir sual çıxır: Müstəqil qərar qəbul etmək iqtidarında olmayan siyasətçilərlə necə dil tapmaq olar? Bu baxımdan, Avropa Birliyi bu istiqamətdə Rusiya ilə ciddi müzakirələr aparmalı və Rusiyaya təzyiq göstərməlidir. Çox təəssüf ki, biz bu istiqamətdə hər hansı bir addımın atıldığının şahidi olmamışıq. Avropa Birliyi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi tanıyır, halbuki Rusiya bu məsələdə Ermənistanla birlikdə tərəfdir...

Ümumilikdə götürdükdə bu səfər Azərbaycanın maraqları baxımından son dərəcə önəmli idi. Düşünürəm ki, bu qəbildən olan görüşlərin sayını xeyli dərəcədə artırmaq lazımdır. Bu qənaətimin isə şübhəsiz ki, səbəbi var. Bizim görüşdüyümüz parlamentarilərin bir hissəsi tamamilə ermənipərəst mövqedən çıxış edən insanlar idi. Amma onlara problemlə bağlı konkret faktlar gətirdikdən sonra ən azı bizimlə görüşə başladıqları zaman danışdıqları tonda danışmırdılar və müəyyən məsələləri etiraf etmək məcburiyyətində qalırdılar. Bu baxımdan , təkcə Azərbaycanın dostları və Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan insanlarla deyil, Ermənistana dəstək verən və Azərbaycanın əleyhinə olan insanlarla da görüşüb real faktları onların diqqətinə çatdırmaq lazımdır.

Məsələn, görüşdüyümüz parlamentarilərdən biri bildirirdi ki, Dağlıq Qarabağa səfərindən sonra onun adı “qara siyahı”ya salınıb. Amma o deyirdi ki, bu məsələ ilə bağlı onunla görüşmək, müzakirələr aparmaq olardı. Şübhəsiz, elə insanlar vardır ki, onların mövqelərində dəyişiklik etmək mümkün deyil, amma bəzən yanlış təbliğat nəticəsində səhv mövqe sərgiləyən insanlara həqiqətləri çatdırmaqla onları haqqı müdafiə edən insanlar sırasına gətirmək mümkün olmasa da, ən azından bu adamları neytrallaşdırmaq, nahaq bir işin yanında olmalarının qarşısını almaq olar.

 

 

KAMİL

 

525-ci qəzet.- 2012.- 28 iyun.- S.5.