Azərbaycan mətbuatının
84 illik “Vışka” səhifəsi
Hər qəzeti
mətbuat tarixi kitabımızın bir cildi hesab etsək, o
zaman onun ən qalın cildlərindən birinin adı da
“Vışka” ictimai-siyasi qəzeti olar. Fəaliyyət
göstərdiyi 84 il ərzində qəzetin səhifələrində
Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini,
xüsusi ilə neft tarixini əks etdirən maraqlı
yazılar dərc edilib.
Bir mətbuat orqanı üçün
84 il az müddət deyil. Həm də nəzərə alsaq
ki, bu illər ərzində Azərbaycanda siyasi, ictimai,
iqtisadi, sosial vəziyyət həmişə eyni olmayıb.
Ancaq heç nəyə baxmayaraq, “Vışka” fəaliyyətini
davam etdirib. “Vışka”çılar onu yarıyolda
buraxmayıb, bu qəzetin yaşaması üçün əllərindən
gələni əsirgəməyiblər. “Vışka”nın
baş redaktoru Mədinə Həsənova da bu qəzetin
uzunömürlülüyünün səbəbini belə
izah edir: “Deyə bilərəm ki, bizim qəzetimiz xoşbəxt
ulduz altında dünyaya gəlib. Onun bəxti gətirib ki,
qurucuları, rəhbərlərı, işçiləri, hətta
oxucuları belə “Vışka”nın 84 il yaşamasına
kömək ediblər”.
Azərbaycanın
xoş günlərində də, çətin
dönəmlərində də “Vışka”
oxucularının yanında olub. Müxtəlif
illərdə bu qəzetin səhifərində
dərc olunmuş bir çox oçerklər, reportajlar,
məqalələr və şeirlər öz
aktuallığını bu gün də itirməyib. Mədinə
Həsənova buna əmindir ki, zaman-zaman
“Vışka”nın səhifələrində yer
verilən müxtəlif məzmunlu – təhsilə, mədəniyyətə,
incəsənətə, siyasətə, ən çox
da neft tarixinə dair yazılar Azərbaycanın son 84 illik tarixi
barədə oxucularda dolğun
təsəvvür yarada bilir.
MƏTBUATIMIZDA
YENİ AD – “VIŞKA”
...Hər şey 1927-ci ilin mayında başladı. “Bakinskiy raboçiy” qəzetində
verilmiş məqalədə
sübut edilirdi ki, yeni çap
orqanının yaradılmasına ehtiyac var.
Tezliklə bu istiqamətdə işlər
görüldü, yeni
qəzetin nəşrinə
hazırlıqlara başlanıldı.
1928-ci ilin 4 yanvarından
8 fevralınadək bir
sıra vacib məsələlər barədə
müzakirələr, məsləhətləşmələr
aparıldı. Gələcək nəşrin istiqaməti,
məqsədi, tirajı,
formatı, dövrülüyü
müəyyən edildi.
Bu məsələlər Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.
Yeni qəzeti necə
adlandırmaq barədə
çox düşündülər. Mətbuat orqanı oxucularına
ilk sözü öz adı ilə deməlidir. Adı onun qayəsini,
istiqamətini, məqsədini
əks etdirməlidir.
Oxuculara təqdim olunacaq qəzet ilk növbədə neft-qaz sənayesini, bu sahədə çalışan
insanların həyatını,
arzularını, problemlərini işıqlandırmalı
idi. Ona veriləcək ad da bunlara uyğun
olmalı idi. Müxtəlif təkliflər
söylənildi: “Jelonka”,
“Qazmaçı”, “Neft
üçün”, “Vışka”...
Bunların hər biri məqsədə müvafiq,
Azərbaycanın zəngin
təbii yeraltı sərvətləri, “qara qızıl”ı ilə bağlı idi. Müzakirələr, məsləhətməşələr
aparıldı. Sonunda “Vışka”
adının üzərində
dayandılar.
Redaksiya heyəti 10 nəfərdən
ibarət idi. Qəzetin iki redaktoru: Mixail Lifşits və Baris Barxaşov, Bakı Sovetindən Frenkin, Kooperasiyadan Piterski, Həmkarlar İttifaqından Qutin... Redaksiya heyətinin çox hissəsi isə fəhlə-müxbirlərdən ibarət idi. İlk sayında qəzetin redaksiyasının
yerləşdiyi ünvan
belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
1928-ci ilin 1 mart səhəri “Vışka”
adlı qəzet köşklərdə göründü. 15 min tirajla işıq
üzü görən
yeni qəzetin ilk sayı mətbəə rəngi qurumamış əllərdə gəzdi.
Qəzetin ikinci sayı
20 min, üçüncü sayı isə 25 min tirajla oxuculara təqdim olundu. 1929-cu ildə artıq
“Vışka” 45 min tirajla
çıxarılırdı.
QƏZET NƏDƏN
YAZIRDI...
İlk saylarından qəzetin
mövzu dairəsi geniş idi. “Vışka” öz
oxucularına istər
ölkə daxilində,
istərsə də xaricdə baş verən ən yeni, mühüm xəbərləri çatdırırdı.
Onun səhifələrində məhkəmə
xronikası da verilir, sosial həyatdakı çatışmazlıqlar
da qeyd olunur,
problemlər tənqid,
müsbət cəhətlər
nümunə kimi göstərilərək təbliğ
edilirdi. Amma əlbəttə
ki, “Vışka” bir mətbuat orqanı kimi üzərinə götürdüyü
vəzifəyə uyğun
olaraq ilk növbədə
neft-qaz sənayesinin keçmişini, o illərini
və gələcəyini
əks etdirən yazılara üstünlük
verirdi. Fəaliyyətinin başlanğıcından qəzet çalışırdı
ki, Baki fəhlələrinə, xüsusilə
neftçilərə “Qara
qızıl” adlanan sərvətin dəyərini,
Vətənin xilası
üçün onun nə qədər əhəmiyyətli olduğunu
izah etsin.
“Vışka” yalnız gündəlik həmsöhbət, xəbərlər
verən qəzet deyil, həm də öz oxucularına köməkçi
olmaq istəyirdi və demək olar ki, buna
nail ola bilirdi.
Bütün bunlar “Vışka”çıların
daim yenilik axtarışları, yorulmaz
əməyi, səyi nəticəsində reallaşırdı.
Qəzetin əməkdaşları neft-qaz sənayesi müəssisələrindən hazırladıqları materialları
dərc etdirməklə
işlərini bitmiş
hesab etmirdilər.
Bu fəhlə qəzetinin fəaliyyətinə
neftçilər arasında
müəyyən təbliğat,
maarifləndirmə aparmaq
da daxil idi. Neft müəssisələrində
çalışan fəhlələrin
fəallığını artırmaq üçün
“Vışka”nın yaradıcı heyəti toplantılar keçirir, qəzetin oxucularının
bütün suallarına
cavab verən məlumat bürosu yaradırdılar.
Jurnalist peşəkarlığı
ilə hazırlanan materiallar “Vışka”nın səhifələrində
qəzetçilik məharəti
ilə yerləşdirilirdi.
Qəzetin rəhbərləri və əməkdaşları
öz oxucularını
yormamaq, usandırmamaq
üçün daim yeni ideyalar, rubrikalar düşünürdülər.
“Vışka”nın iki səhifəsi hekayələr, elmi-texniki
yeniliklər, müxtəlif
xəbərlər, müsabiqələrin
keçirilməsinə ayrılırdı.
“VIŞKA” ƏMƏK
CƏBHƏSİNDƏ...
Sovet hakimiyyəti illərində Azərbaycan
neft-qaz sənayesi ilə, bu sahədə
çalışan insanlarla
bir addımlayırdı
“Vışka” qəzeti.
1930-cu ilin əvvəllərində
Bakı fəhlələri
beşillik planı yerinə yetirmək uğrunda yarışırdılar.
Beş illik planın qısa müddətdə
yerinə yetirilməsi
üçün neftçilər
üzərlərinə düşəndən
qat-qat artıq işlər görürdülər.
“Vışka”çılar isə, demək olar ki, daim
onların yanlarında
idilər. “Vışka”nın müxbirləri
tez-tez zavodlarda olurdular. Redaksiya səfərlər təşkil edir, reydlər keçirirdi.
1931-ci ilin 1 aprelində neftçilər
beş illik
planı iki il yarıma yerinə yetirdikləri barədə raport verdilər. “Vışka”
bu xəbəri böyük ruh yüksəkliyi ilə oxuculara çatdırdı.
O illərdə təkcə
Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında
da fəhlə qəzetləri buraxılırdı.
Onlar da “Vışka”nın səsinə səs verir, bütün dünyaya Azərbaycan əməkçilərinin qəhrəmanlıqları
haqqında xəbərlər
yayırdılar. Hətta xarici
ölkələrin qəzetləri
də bu xəbərə biganə
qalmırdılar. Almaniyadan
“Vışka”ya belə
bir teleqram gəlmişdi: “Sizin qələbəniz bizi böyük yüksəlişə
ruhlandırır”.
1931-ci ilin avqustunda Bakı fəhlələrinin yarışına
“Qırmızı Əmək
Bayrağı” ordeni ilə nöqtə qoyuldu. Onların qazandıqları uğurda “Vışka”çıların
da əməyi var idi.
“Vışka” bir sıra təşəbbüslərlə
çıxış edirdi. Qəzetin təşəbbüsü ilə
Bakı fəhlələri
ilə Donbas mədənçiləri
yarışırdılar. 1933-cü
il martın
sonunda fəhlələrdən
ibarət heyətlə
“Vışka” qəzetinin
bir qrup əməkdaşı Donbas şaxtaçılarının
görüşünə getdilər.
Bir müddət sonra “Koçeqarka” qəzetinin rəhbəri Nikolay İzotov
“Vışka” qəzetinin
yubileyində iştirak
etmək üçün
Bakıya gəldi.
Sovet hakimiyyəti dövründə
böyük əhəmiyyət
verilən növbəti
beşilliklərdə də
Azərbaycan neftçiləri
gərgin çalışırdılar. Beşilliklər Sovet Azərbaycanına
mükafatlar, tərifnamələr
gətirirdi. “Vışka” qəzetinin əməkdaşları da
bu yarışmalarda müxtəlif janrlarda qələmə aldıqları
yazıları ilə
iştirak edirdilər.
1937-ci ildən 1938-ci ilədək “Vışka”nın redaktoru təcrübəli “Vışka”
elmi işçi, görkəmli siyasi xadim A.Qindin oldu.
1939-cu ilin martında “Vışka” qəzetini “Bakinskiy raboçiy” qəzeti ilə birləşdirdilər. Bir il sonra – 1940-cı ilin 1 fevralında “Vışka”
qəzeti yenidən müstəqil nəşr
olunmağa başladı
və qəzet 40 min tirajla işıq üzü gördü.
MÜHARİBƏ
İLLƏRİNİN “VIŞKA”SI
1941-ci ilin 22 iyununda Böyük Vətən Müharibəsi
başladı. “Vışka” qəzetinin də çox əməkdaşı öz
geyimlərini hərbi
formaya dəyişdilər.
“Vışka”çılar müharibənin davam etdiyi ağır günlərində nəşr
etdikləri qəzetin
hava kimi, su kimi döyüşçülərə
lazım olduğunu düşünür, daha
böyük əzmkarlıqla
çalışırdılar. Mədinə Həsənova
“Vışka”nın o illərindən danışır:
“1418-ci ildə davam edən müharibə günlərində “Vışka”
qəzeti öz oxucularından ayrılmadı.
Digər
mətbuat orqanlarımız
kimi onun da üzərinə mühün vəzifələr
düşürdü. Böyük qələbəyə ümidlər
yaradılmalı idi.
“Vışka” əməkdaşlarının bir
çoxu hərbi geyimdə idilər. Qəzetin redaksiyasında isə gərgin iş gedir, yeni rubrikalar yaradılır, həmin rubrikalarda dərc olunan yazılarda böyük vətənpərvərlik
hissləri əks olunurdu”.
Əmək cəbhəsində də
“Vışka” qəzeti
bir mətbuat orqanı kimi ön sıralarda idi. O illərin çağırış şüarı
bu idi: “Hər şey cəbhə üçün,
hər şey düşmən üzərində
qələbə üçün!”. “Vışka”
da bu şüarı
öz qayəsinə çevirmişdi. Müharibənin ilk ilinin bir neçə
ayı ərzində qəzetin səhifəsində
20-yə yaxın neft briqadasının necə işlədiyindən bəhs
olunan məqalələr
verildi. O dövrdə
Bakı neftçiləri
əsl qəhrəmanlıqlar
göstərirdilər. İşçi qüvvəsi azalmış,
bir çoxları cəbhəyə yollanmışdı.
Buna baxmayaraq, Azərbaycan neft sənayesində işlər
ləngimirdi. Yeni neft
quyuları qazılır,
buruqlar qurulurdu.
(Ardı
var)
Zöhrə FƏRƏCOVA
525-ci qəzet.- 2012.-
29 iyun.- S.6.