İntellekt və şəxsiyyət  

 

 Nizaməddin Şəmsizadə çağdaş tənqid və ədəbiyyatşünaslıqda öz izi, orijinal dəst-xətti olan bir şəxsiyyətdir. Nəzəri təfəkkürü, ədəbi faktları ədəbiyyat tarixi predmetinə çevirmək məharəti, analitik təhlilləri və yanaşmaları ilə o, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən ədəbi fikrimizə yeni nəfəs gətirib. Ondakı özünəinam hissi özünütəsdiq mahiyyətində uğur qazanıb. 1978-ci ilin sonlarında (“Azərbaycan”. ¹12) çap olunmuş ilk məqaləsi ilə o, hazırlıqlı bir tənqidçi kimi inamla ədəbi prosesə daxil oldu və təsvir tənqidindən təhlil tənqidinə keçidin baniləri sırasına qoşuldu.  Çiynini humanitar elmi təfəkkürün ağır gələn tərəfinə söykəyən bu istedadlı qələm sahibinə qibtə etməmək mümkün deyil. Çox gənc yaşlarından elmlər doktoru, professor kimi şərəfli elmi dərəcə və vəzifəyə sahib olması, Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri vəzifələrində işləməsi, müxtəlif qəzet və jurnalların redaksiya heyətinin üzvü olması onun ədəbi və ictimai nüfuzunu daha da artırmış, fəal vətəndaşlıq və ictimai mövqeyini formalaşdırmışdır.

Nizaməddin Şəmsizadənin 30 ildən də çox davam edən zəngin elmi yaradıcılığının arxasında həmişə sabit qalan, monolit özüllü şəxsiyyəti dayanır. Bu amil onun təkcə gündəlik həyatında özünü göstərməklə məhdudlaşmır. Çoxcəhətli və çoxtərəfli ictimai və elmi fəaliyyətinin də mayasına hopub və ədəbi fikrimizdəki müstəsna mövqeyini təmin edib. Əxlaqlı qələm sahibi olmasını təmin edib, ədəbi dəyərlərə, ədəbi şəxsiyyətlərə münasibətdə obyektiv – tarixi mövqedə dayanmasına şərait yaradıb.

Klassik ədəbi irsdən, müasir ədəbi prosesdən, tənqid və ədəbiyyatşünaslıq tarixindən yazanda da o həmişə təmkinli, obyektiv, orijinal ədəbi mövqe sahibidir.

Müxtəlif illərdə nəşr olunan “Ədəbi mübahisələr” (1986), “Azərbaycan ideologiyası” (1996), “Azərbaycan ədəbiyyatşünaslığı” (1997), “Türk təfəkkürü məcrasında” (1998), “Hıçqıran gülüşlər” (2002), “Əli Nazim” (2003), “Tənqidin ədəbi prosesdə rolu ” (2004), “Rejissor taleyi” (2004), “Böyük nəslin davamçısı” (2005), “Azərbaycançılıq” (2006), “Ədəbi proses və ədəbi nəsil” (2008, həmmüəlliflə) monoqrafiyaları, 200-dən çox məqalələri ilə artıq o görkəmli tənqidçi və ədəbiyyatşünas obrazını formalaşdırıb, təkcə ədəbi fikrə deyil, həm də ictimai fikrə təsir göstərən ideoloq səviyyəsinə yüksəlib.

Nizaməddin Şəmsizadə ədəbi tənqid və ədəbiyyatşünaslığa professional elmi vərdişləri olan filoloq mütəxəssis, ustad kimi gəlib. Alimin ilk və son məqalələrini, monoqrafiyalarını nəzərdən keçirsək, bunu bir daha yəqin edə bilərik. Professional tənqidçi, filoloq – filosof, milli ideoloq – budur professor Nizaməddin Şəmsizadənin ədəbi portretini tamamlayan üçbucaq. Bu sahələrin hər birində o öz ustadlıq statusunu qoruyub saxlayır, elmi təfəkkür sahibi olduğunu təsdiqləyir.

Keçdiyi həyat yoluna bir daha boylanmaq, yazdıqlarını və yazmadıqlarını götür-qoy etmək, tənqid və ədəbiyyatşünaslıq arsenalında səliqə-səhman yaratmaq ehtiyacını hiss edən Nizaməddin Şəmsizadə elmi irsinin əsas qismini əhatə edən “Seçilmiş əsərləri”nin üç cildini oxucuların, ictimaiyyətin istifadəsinə verib. N.Şəmsizadə akademik Məmməd Arifdən sonra “Seçilmiş əsərləri” üç cilddə çap olunmuş ilk tənqidçi və ədəbiyyatşünasımızdır.

Üçcildliyin birinci cildində müəllifin “Azərbaycançılıq” və “Azərbaycan ədəbiyyatşünaslığının mərhələləri” yer alıb. Hər iki əsər tənqid və ədəbiyyatşünaslığımızın, ictimai-fəlsəfi fikrimizin təməl prinsipləri ilə bağlıdır. Əgər “Azərbaycan ədəbiyyatşünaslığının mərhələləri” əsərində milli ədəbiyyatşünaslığın inkişaf mərhələləri, metodoloji konsepsiyası tədqiqat predmeti kimi götürülürsə, “Azərbaycançılıq” əsərində azərbaycançılığın mənşəyi və təşəkkülü, təməl prinsipləri, dövlətçiliyə tətbiqi – bir sözlə milli ideologiyanın, humanitar düşüncənin istiqamətləri müəyyənləşdirilir. Bu mənada birinci cild həm də o biri cildlər üçün açar rolunu oynayır.

Kitabda azərbaycançılığın mənşəyi və təşəkkülü ilə bağlı konseptual müddəalar və tezislər maraqlıdır. Azərbaycançılığın ən qədim qaynaqlarının izinə düşən müəllif əski inanclara, mifik təfəkkürcə müraciət edir. Sinifli mərhələyə qədərki cəmiyyətin ideologiyası olan miflərdə xalqımızın təşəkkülündə mühüm rol oynayan tayfaların dünyagörüşünün, əxlaq tərzinin, ətraf aləmə münasibətin izlərini axtarır, belə qənaətə gəlir ki, hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir.

Nizaməddin Şəmsizadə azərbaycanşünaslığın mahiyyətinə aydınlıq gətirmək üçün ədəbi-tarixi qaynaqlara müraciət edir. Onu təkcə son iki əsrin ictimai-siyasi və tarixi nailiyyəti kimi götürmür, daha dərinə gedir. Xalqımızın tarixi-fəlsəfi fikrinin təşəkkülündə əhəmiyyətli rol oynayan təriqətlərə üz tutur, sufizmin, hürufiliyin, ürfan poeziyasının alt qatlarına nüfuz edir, əxiliyin, məzdəkizmin ideoloji konsepsiyalarını ortaya qoyur, Şərq – islam aləminin, türk dünyasının inkişafında islamı dəyərlərin xidmətlərinə diqqət yetirir.

Nizaməddin Şəmsizadə azərbaycançılığı gələcəyi yaradan nəzəriyyə kimi qəbul edir, onun üç təməl prinsipi – türkçülük, islamçılıq və vətənçilik ətrafında ciddi elmi diskussiyalar aparır. Bütün bu tarixi gerçəkliyi, ictimai-ədəbi ənənələri milli ideoloji konsepsiya səviyyəsində izah edən alim, nəhayət ki, çağdaş günümüzə, milli müstəqillik dövrünə keçid edir və belə qənaətə gəlir ki, azərbaycançılıq suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil hüquqi dövlət və demokratik cəmiyyət uğrunda mübarizəni starteji məqsəd seçən türkəsilli Azərbaycan xalqının ideologiyasıdır.

Üçcildliyin I cildi “Azərbaycan ədəbiyyatşünaslığı” monoqrafiyası ilə tamamlanır. Bu fundamental tədqiqat işi Nizaməddin Şəmsizadənin doktorluq dissertasiyası ilə bağlıdır. Həmin monoqrafiya da birdən-birə meydana gəlməmiş, uzun illik elmi axtarışların məhsuludur.

Üçcildliyin II cildi ədəbi tənqid və ədəbiyyatşünaslığımızın görkəmli simalarının ictimai-ədəbi fəaliyyətini əhatə edir. Uzun müddət tənqid və ədəbiyyatşünaslığımızda Ə.Nazim, H.Zeynallı, Ə.Abid və başqaları markisist tənqidçilər kimi xarakterizə olunub. Məlum ədəbi mövqe 20-30-cu illər estetik fikirimizi həqiqətdə olduğu kimi qavramağa imkan vermir. N.Şəmsizadə daha dərin qatlara enir, Ə.Nazim, H.Zeynallı, Ə.Abid kimi tənqidçilərin markisist etika ilə F.Köprülüzdə ədəbi məktəbini birləşdirmək ideyalarını geniş təhlil edir, bu cəhdin uğursuzluqla nəticələnməsinin obyektiv və subyektiv səbəblərini bir-bir açıb göstərir. Azərbaycan ədəbiyyatının tarixi mənşəyinin müəyyənləşdirilməsində Ə.Nazimin, M.F.Köprülüzadə ilə çox vaxt eyni mövqedə dayanması faktının izahına da ilk dəfə N.Şəmsizadənin kitabında  rast gəlirik.

II cildin “İtmiş nəsillərin ardınca” bölümündə Bəkir Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, İsmayıl Hikmətin ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərindən bəhs edilir. Müəllif burada ancaq adları qəsdən unutdurulanların acı taleyini tədqiqata gətirməklə kifayətlənmir, eyni zamanda qırılan, unutdurulan ədəbi ənənələrə yeni münasibət bildirir. Tarixin qara ləkələrinə, vərəqlərinə işıq salır.

Nizaməddin Şəmsizadə XX əsrin 20-30-cu illər tənqid və ədəbiyyatşünaslığının, marksist estetikanın ən yaxşı bilicilərindəndir. Həmin dövrün estetik konsepsiyasını mükəmməl bilməsinin nəticəsidir ki, ayrı-ayrı tənqidçi və ədəbiyyatşünasların yaradıcılığını təhlil edəndə də dövrün geniş ictimai-ədəbi panoramını verir, 20-30-cu illəri meydana çıxaran tarixi həqiqətə əsaslanır, “sinfi düşmən” axtarışının mahiyyətinə nüfuz edir. Bu zaman tədqiqatçı daha uğurlu bir yol seçir, kimin günahkar, kimin haqlı olması kimi ənənəvi mübahisələrə qoşulmur, baş verən qırğınlara, repressiyalara görə tarixi, zamanı qınaq obyektinə çevirmir. Şərin, pisliyin, günahların mərkəzindəki amili dəqiq müəyyənləşdirir: Əslində tarix üzərində bütün məsuliyyət insanların üzərinə düşür: “Tarix nəsillərin taleyində yaşayır, onların əməlləri ilə hərəkətə gəlir. İş burasındadır ki, 30-cu illərdə satanlar da, satılanlar da, ittiham olunanlar da, ittihamçılar da eyni bir nəsil idi”. Beləliklə, itmiş nəslin izi ilə gedən tədqiqatçı bütün bu qırğınların səbəbini ancaq hansısa bir dövlət rəhbərində və yaxud sənətkar yoldaşından, dostundan yuxarılara danos yazanlarda axtarmır, insanları, daha çox ziyalıları kütləvi qırğınlara məruz qoyan diktatura rejiminin siyasi prinsiplərini tənqid edir.

II cild akademik Kamal Talıbzadənin elmi-ədəbi fəaliyyətini əhatə edən “Türk təfəkkürü məcrasında” monoqrafiyası ilə tamamlanır. Monoqrafiyada Kamal Talıbzadə bir neçə tədqiqatçı nəslinin müəllimi, müasir tipli professional tənqidçi kimi təqdim olunur. K.Talıbzadənin yetişdiyi ictimai-siyasi və ədəbi mühitə geniş nəzər yetirilir, akademikin nəsil şagərəsi haqqında ətraflı məlumat verilir, zəngin arxiv materiallarına istinadən həmin nəslin islam-türk dünyasındakı xidmətləri üzə çıxarılır. “Türk təfəkkürü məcrasında” monoqrafiyasında K.Talıbzadənin “Abbas Səhət”, “Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan ədəbi tənqidinin tarixi” əsərləri haqqında bitkin fikir formalaşdırılır.

N.Şəmsizadənin üçcildliyinin sonuncu – üçüncü cildində “Tənqidin ədəbi prosesdəki rolu” monoqrafiyası yer alıb. Monoqrafiyanın əlyazmasına verdiyi rəydə görkəmli tənqidçi və publisist Aydın Məmmədov yazır: “Bu kitab jurnalist və publisist əsəri deyil, nəzəri tədqiqatlar, sosioloji müşahidələr əsasında ədəbiyyatı duyan, tənqid təcrübəsi, sənət duyumu olan bir qələm sahibi, ədəbiyyatı ürəkdən sevən onun sabahı üçün narahatçılıq keçirən bir vətəndaş tərəfindən yazılmış zəngin və maraqlı tədqiqat əsəridir”. Otuz yaşlı alimin bu kitabı 1985-ci ildə yox, iyirmi il sonra çap olundu.

Qəhrəman problemi və onun konsepsiyası, bədii metod, cərəyan, təmayül və məktəblərin yaranması, bədii obraz anlayışı, materialist tənqidin tarixi səciyyəsi, ədəbi tənqidin meyar problemi və s. məsələlərin geniş aspektdə təhlilini verən tənqidçi ədəbi prosesin ictimai funksiyasını aşkara çıxarır. Tənqidçi-oxucu münasibətini daim diqqət mərkəzində saxlayır. Hiss olunur ki, tədqiqatçı tənqidin ədəbi prosesdəki rolu probleminin səmərəli elmi-nəzəri həllini axtarır, ədəbi prosesin tənqiddə əksinin prinsiplərini müəyyənləşdirməyə çalışır.

İttifaq miqyasında ədəbi tənqidin ümumi vəziyyətinə münasibət bildirildikdən sonra Nizaməddin Şəmsizadə milli ədəbi tənqidin bu sahədəki nailiyyətlərini saf-çürük edir, belə qənaətə gəlir ki, tənqid ədəbi prosesə xaricdən, yad bir amil kimi tətbiq olunmamalı, ədəbi prosesin öz daxilindən, öz inkişaf dialektikasından doğmalıdır. Hər bir epoxanın ədəbi prosesi öz tənqidini yaradır. Eyni zamanda müəyyən epoxanın ədəbi prosesi özündən əvvəlki dövrün qanuni varisi olduğu kimi, tənqid də belə ənənə və varislik əlaqəsini qoruyub saxlayır, dövrün tələbinə uyğun şəkildə inkişaf etdirir. Bu monoqrafiyada “ədəbi proses” anlayışının nəzəri-tarixi izahı verilir, onun strukturu təhlil olunur.

Sonuncu cildin nəzəri məqalələr bölümündə diqqət ədəbiyyatşünaslığımızın nəzəri kateqoriyalarına yönəldilir. Sovet dövrü ədəbiyyatının xüsusiyyətləri, yazılı Azərbaycan ədəbiyyatının mənşəyi, türk təfəkkürünün qaynaqları, ədəbiyyat nəzəriyyəsi elminin problemləri haqqında Nizaməddin Şəmsizadənin məqalələri yüksək nəzəri təfəkkürün məhsuludur.

“Sovet ədəbiyyatı, yoxsa sovet dövrü ədəbiyyatı” məqaləsində ancaq sovet dövrü Azərbaycan ədəbiyyatı tədqiqat mərkəzinə çəkilmir. Tədqiqatçı sovet ədəbiyyatı məsələsinə bir qədər geniş aspektdə yanaşır. XIX əsrin əvvəllərindəki çar istilası dövrünə qayıdır. Problemin həm tarixi, həm də ədəbi aspektlərinə diqqət çəkir. Azərbaycan xalqının və ədəbiyyatının tragik taleyinin izinə düşən tədqiqatçı bu fiziki və mənəvi əsarətin ədəbi repressiyasının və işğal faktorunun XIX əsrin ilk onilliklərinə “Türkmənçay” işğal altına gedib çıxdığını bildirir. Bu mənada bu cür tragik taleyin beşiyi başında M.F.Axundzadənin dayandığını xüsusi vurğulayır.

Tənqid və ədəbiyyatşünaslığın mövcud problemləri və əsas qayğıları Nizaməddin Şəmsizadənin daim diqqət mərkəzindədir. Milli ədəbiyyatın tarixi konsepsiyasının hazırlanması, 30-cu illərdə təşəkkül tapan marksist ədəbiyyatşünaslıq və onun klassik və müasir ədəbi irs konsepsiyası, şəxsiyyət və yaradıcılığın vəhdəti, sözün sehri, sənətin estetik mahiyyəti tənqidçinin ümumi yaradıcılıq axarında mühüm yer tutduğu kimi, üç cildliyin sonuncu cildində də  aparıcı mövqeyini təsdiq edir. “Sözün sehri həqiqətdir” məqaləsi söylədiklərimizi bir daha təsdiq edir. Məqalə yazıçı Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarının təhlili ilə bağlı olsa da, bir sənətkar kimi onun ədəbi şəxsiyyəti haqqında da bitkin fikir formalaşdırır, eyni zamanda müasir romanın humanist konsepsiyasını üzə çıxarır. Mahmud və Məryəmin məhəbbəti məqalədə təkcə iki şəxsin, iki sevgilinin adi məhəbbət macərası kimi qiymətləndirilmir, həm də bəşəri ülviliyin rəmzi kimi mənalandırılır.

Nizaməddin Şəmsizadə sözə dəyər verən filosof tənqidçidir. Bunu bir sıra tanınmış tənqidçi və ədəbiyyatşünaslar da etiraf edir. Onun tənqidçi üslubunda bu özünü aydın şəkildə göstərir. Xüsusən son illərdəki yaradıcılığında, ədəbi təhlillərində sözdən zərgər dəqiqliyi ilə istifadə etməsinin şahidi oluruq. “Azərbaycançılıq  əsərində xüsusi bir üslub kimi formalaşan bu cəhət Nizaməddin Şəmsizadənin elmi üslubunun mayasına hopur. Qısa, lakin fəlsəfi məzmun daşıyan, oxucunu düşünməyə, nəticə çıxarmağa vadar edən fikirləri ilə o, elmi ictimaiyyətin diqqətini daha çox çəkir.

Professor  Nizaməddin Şəmsizadə bu gün də gənclik şövqü, həvəsi ilə elmi yaradıcılığını davam etdirir. Təkcə bədii irsimizin elmi tarixini yaratmaqla fəaliyyətini məhdudlaşdırmır, ədəbi tənqid və ədəbiyyatşünaslığımızın tarixi və nəzəriyyəsi, ədəbiyyat nəzəriyyəsinin kateqoriyaları və tarixi poetikası ilə ardıcıl məşğul olur, dövlətimizin humanitar siyasətinin formalaşmasında, ictimai teorizmin, azərbaycançılıq məfkurəsinin inkişafında, təməl prinsiplərinin müəyyənləşməsində müstəsna xidmətlər göstərir. Bu mənada, “Seçilmiş əsərləri” Nizaməddin Şəmsizadənin elmi yaradıcılığının müəyyən bir mərhələsinin yekunu, yeni keyfiyyət mərhələsinin başlanğıcıdır.

 

 

Məhəmmədəli MUSTAFAYEV,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 29 iyun.- S.6.