İstefada olan generalla söhbətdən doğan
yazı
YAXUD
AZƏRBAYCAN POLİSİNİN AD GÜNÜNƏ “YANLIŞ
NAXIŞ”
AZƏRBAYCAN
POLİSİ – 94
Bir
hadisə heç vaxt yadımdan çıxmır. 1995-ci ilin
mayında Bolqarıstana rəsmi səfər edən Azərbaycan
prezidenti Heydər Əliyevi müşayiət edən mətbuat
işçiləri ilə söhbət edən bolqar mütəxəssis
bizi əməlli-başlı çaşqın vəziyyətə salmışdı. O, Azərbaycan,
onun tarixi, coğrafiyası, mədəniyyəti, təbii sərvətləri
haqqında bizə bəzi suallar verib cavablar aldıqdan sonra zəndlə
üzümüzə baxıb sanki demək istəyirdi:
tarixinizi yaxşı-yaxşı öyrənin. Rus dilində
sərbəst danışan həmin bolqar Cənubi Qafqaz
üzrə mütəxəssis idi və etiraf edim ki, onunu
ölkəmiz haqqında biliyinə heyran qalmamaq mümkün
deyildi. İçi mən
qarışıq bəzilərimiz ona həsəd apara bilərdi.
Oxşar
vəziyyətlə mən bir də 15-20 gün əvvəl
Yessentuki şəhərində rastlaşdım. Sanatoriyada
tanış olduğum, ünsiyyət qurduğum İvan
Sergeyeviçin yaşı 75-i keçsə də, sağlam bədəni, MDB məkanında
baş verən hadisələrə özəl münasibəti
və dəmir məntiqi ilə məni hər dəfə, az qala, küncə
qısnayırdı. O, keçmiş SSRİ Daxili İşlər
Nazirliyində kifayət qədər sanballı vəzifə
tutmuş istefada olan general-mayor idi. Artıq
üçüncü axşam idi ki, biz gəzinti zamanı
Rusiyanın NTV kanalı ilə hər gün saat 19: 30-da yayımlanan
“Şef” kinoserialını müzakirə edirdik. Bu film
Moskvadan Sankt-Peterburqa ezam olunan polis polkovniki Rostarquyevin və
onun komandasının fəaliyyətinə həsr olunub.
Filmin yaradıcı heyəti
Piterin şöbə rəislərindən biri olan
polkovnik Rostarquyevin timsalında
Rusiya polisinin qəhrəman obrazını çox
mükəmməl yaradıb. Polkovnikin mübarizə
apardığı obyektlər mənşəyinə,
formasına, fəaliyyətinə görə çox müxtəlifdir.
Narkobaronlar, qanunsuz fəaliyyət göstərən kazinolar, əhalini
və dövləti çapıb-talayan ofşor banklar,
böyük bizneslə məşğul olan
fırıldaqçı firma və evtikmə şirkətləri,
kütləvi iğtişaş törədənlər və
onların təşkilatçıları, müxtəlif
vasitələrlə məhkumluqdan vaxtından tez
azadlığa çıxan “yeraltı dünya”nın məşhur
isimləri və sair. Söhbət əsnasında mən
istefada olan general-mayorun diqqətinə çatdırdım
ki, polkovnik Rostarquyev filmin müəlliflərinin xəyallarında
yaratdıqları obrazdır və reallıqdan
çox-çox uzaqdır. İvan Sergeyeviç məni zəndlə
süzüb dedi:
–
Rostarquyev kimiləri Rusiyada yüzlərlədir. Əfsus ki,
biz onları vaxtında tanıyıb qiymətləndirə
bilmirik. Bir də ki, jurnalist, ümumiyyətlə sən
polisin fəaliyyəti ilə bağlı məlumatlısan?
–
Müəyyən qədər.
– Elə
isə keçmiş SSRİ-nin daxili işlər nazirlərindən
kimi və necə tanıyırsan?
–
Puqo yaddaşımda qalıb. O özünü kabinetində
güllələdi. Brejnevin daxili işlər nazirinin
müavini olan kürəkəni haqqında da o vaxtlar yaxşı söz-söhbət
gəzmirdi – deyib fikrimi tamamladım.
İvan
Sergeyeviç qəfil söhbətin mövzusunu dəyişib
soruşdu:
–
Sizlər Heydər Əliyevin avtobioqrafiyasını və fəaliyyətini
yaxşı öyrənmisiniz?
– Əlbəttə,
o, Azərbaycan xalqının ümummilli lideri və ölkəmizin
real müstəqilliyinin təminatçısıdır. Bu
gün Azərbaycan
Respublikasının əldə etdiyi bütün uğurlar
onun strategiyasının təntənəsidir.
Fikrimi davam
etdirmək istəyirdim ki, general sözümü kəsdi:
– Əzizim,
mənə elə gəlir ki, bu gün Rusiyada yaşayan
yaşlı nəsil və sovetlər dönəmində rəhbər
vəzifələrdə çalışanlar Heydər Əliyevi daha
yaxşı tanıyırlar. O, seçilən sovet rəhbərlərindən
biri kimi yaddaşlara hopub və Rusiya üçün heç
də az iş görməyib. Heydər Əliyev xüsusi istedad sahibi, böyük
rəhbər idi. Bizlər- keçmiş Sovet İttifaqının
hüquq-mühafizə orqanlarının rəhbərləri
həmişə ondan öyrənməyə
çalışır və açığını deyim
ki, əməlli-başlı çəkinirdik. Azərbaycanda
hələ sovetlər dönəmində, sonra da müstəqilliyiniz
bərpa olunandan sonra qayda-qanunu yaradan o oldu. Başda Daxili İşlər Nazirliyi olmaqla, digər
hüquq-mühafizə orqanlarının gücü ilə
Moskva, mərkəzi hakimiyyət Heydər Əliyevin
hüquq-mühafizə orqanları rəhbərlərinin
seçimində zərgər dəqiqliyinə həmişə
həsəd aparırdı.
Söhbətin
bu yerində general mənə daha bir sual ünvanladı:
– Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki uzun
zamanda neçə daxili işlər naziri ilə işləyib?
Ani fikirləşib suala cavab vermək istəyirdim ki,
general məndən aralandı. “Sabah görüşərik”-
deyə Kurort Parkının sol səmtində yerləşən
imperator II Nikolayın vanna qəbul etdiyi binaya bir daha tamaşa
etməyə yollandı. Mənsə
otağa dönüb yaddaşımı təzələməyə
başladım. Azərbaycan polisinin tarixi,
onun fəaliyyəti haqqında çoxsaylı
yazılarımı xəyalımda canlandırmağa
çalışdım. Böyük öndərin
söylədiyi bu fikirləri xatırladım: “1969-cu ilin
iyulunda Azərbaycana rəhbər seçiləndən sonra həmin
ilin sonunda mənim ilk addımlarımdan biri DİN-də
yaranmış ağır vəziyyəti aradan götürmək
oldu. DİN rəhbərliyində dözülməz
bir vəziyyət yaranmışdı. Onlar
əhali arasında hörmətlərini itirmişdilər.
Alınan şikayətlər həddindən
artıq çox idi və mən DİN rəhbərliyində
ciddi dəyişikliklər etmək zəruriyyətində idim.
Mən bu addımı atarkən şübhəsiz
ki, həmin vəzifəni, o sahəni- dövlət
üçün mühüm olan sahəni etibarlı, bu
işi apara biləcək, sədaqətli bir adama
tapşırmalı idim. Mən Arif Heydərova
çox inanırdım, etibar edirdim. Ona
görə də mən onu daxili işlər naziri təyin
etdim. Mən o vaxt Azərbaycanda rəhbər
olarkən o, əsas dayaqlarımdan biri olub”.
Daha sonra mən ümummilli liderin xalqın tələbi
ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra
DİN-in rəhbər işçilərinin iştirakı ilə
Prezident Aparatında keçirdiyi müşavirə zamanı
söylədiyi fikirləri yadıma saldım.
O vaxt prezident belə deyib: “Respublikanını bu
ağır vəziyyətində qarşımızda duran vəzifələrin
yerinə yetirilməsi, DİN-in, onun orqanlarının fəaliyyətindən
çox asılıdır. Məni şəxsən
bir prezident kimi narahat edən odur ki, DİN böyük
qüvvəyə malik olsa da, qarşısında qoyulan vəzifələri
yerinə yetirə bilmir. Cinayətkarlıq
həddən çox artıb. İnsanların
hüquqları tapdanır. DİN-in, onun
orqanlarının ətrafında qeyri-sağlam mühit var. Bu
orqanın bəzi idarələri nazirliyin rəhbərliyi tərəfindən
nə üçün idarə oluna bilmir?”
Dövlət
başçısı bəzi mülahizələri və
çıxışları dinləyir, öz qərarını
belə açıqlayır: “Daxili işlər naziri vəzifəsinə
Ramil Usubovu təyin edirəm. Ramil Usubova tam
inanıram, prezident kimi ona etimad göstərirəm”.
Reallıq odur ki, ümummilli lider Azərbaycana rəhbərlik
etdiyi hər iki dönəmdə daxili işlər naziri vəzifəsinə
təyin etdiyi şəxsləri əvəzləməyib. Cəfər Vəliyevin
daxili işlər naziri vəzifəsinə təyin edilməsi
isə Arif Heydərovun qətlə yetirilməsindən sonra baş
verib.
Mən
generala verəcəyim cavabda ümummilli liderin daxili işlər
naziri vəzifəsinə təyinatda əsas
götürdüyü prinsipi də müəyyənləşdirdim:
etibar, sədaqət, peşəkarlıq.
İvan Sergeyeviçlə növbəti
görüşümüz zamanı onun daha hansı istiqamətdən
“atəş açacağını” bilmədiyimdən Azərbaycan
polisinin tarixi fəaliyyəti ilə bağlı bəzi məqamları
da özüm üçün bir daha yəqinləşdirdim. Yəqinləşdirdim ki:
– Azərbaycanda
ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə
qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə,
Şamaxı, Naxçıvan, Quba, Şuşa
və digər bölgələrlə fəaliyyət göstərməklə
tədricən ölkə ərazisini bütövlükdə
əhatə edib. Belə vəziyyət 1918-ci
ilin aprelinədək davam edib. Daşnak
Şaumyanın rəhbərliyi ilə Bakı Xalq
Komissarları Soveti yarananda o, özünün Daxili
İşlər Komissarlığını da təsis edib.
Bolşevik Alyoşa Caparidze onun ilk rəisi olub.
– Azərbaycan
Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə
müstəqil polis qurumları yaradılıb. Cümhuriyyətin
ilk baş naziri və daxili işlər naziri vəzifəsini
Fətəli xan Xoyski tutub. Xoyskidən sonra daha beş nəfər-
Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy
Usubbəyov, Məmmədhəsən Hacınski, Mustafa bəy
Vəkilov daxili işlər naziri vəzifələrində
çalışıblar.
– 1920-ci
ilin aprelində bolşevik Rusiyası Azərbaycanı
işğal edəndən sonra ilk daxili işlər naziri vəzifəsinə
Həmid Sultanov təyin edilib. Sovet Azərbaycanı
dövründə 14 nəfər bu vəzifəni tutub.
Onlardan üçü milliyətcə rus olub- Stepan
Fyodoroviç Yemelyanov (08. 1929- 02.1941),Qusanov
Anatoliy Mixayloviç ( 08.1953- 25. 03. 1954), Bulıqa İvan
Yevistofiyeviç ( 30.04.1954- 10.07. 1956)
–Torpaqlarımızın
azadlığı və suverenliyi uğrunda gedən
döyüşlər zamanı 931 nəfər polis əməkdaşı
şəhid, təxminən bir o qədər də əlili
olub. 65 nəfər polis əməkdaşı Azərbaycanın
Milli Qəhrəmanı adına layiq
görülüb.
Generalla növbəti görüşə həm bu, həm
də digər faktlarla özümü hazırlayıb getdim. Prezident İlham Əliyevin
Azərbaycan polisinə göstərdiyi qayğı və diqqəti,
bu orqanda aparılan islahatları əks etdirən bəzi məlumatları
da qeyd etdiyim dəftərçəmi çıxarıb tələbə
müəlliminə imtahan verirmiş kimi onun qarşısında
dayandım. O isə dəftərçəmi nəzakətlə
büküb mənə qaytardı. “Bütün
bunları Bakıya dönəndə yazar və çap etdirərsən.
Deyəsən, sizdə
iyulun 2-si Polis Günüdür. Həm
də təbrik etmiş olarsan. Kim bilir, bəlkə,
yaşlı zabitlərdən və DİN-in keçmiş rəhbər
işçilərindən məni xatırlayan oldu. Mən istefada olan
polis general-mayoru kimi Ali Baş Komandan başda olmaqla Azərbaycan
polisini ad günü münasibətilə təbrik edirəm.
Onlara cinayətkarlığa qarşı mübarizədə,
ölkənin təhlükəsizliyinin təmin olunmasında,
sabitliyin və insan hüquqlarının qorunmasında
yeni-yeni uğurlar arzulayıram”-dedi.
Qarışıq fikirlər içərisində
Bakıya döndüm. Hələ də “Şef” filminin və
istefada olan generalla olan söhbətlərin təsirindən
çıxa bilməmişəm. Düşünürəm,
görəsən, bizdə bənzər filmlər niyə
çəkilmir? Azdımı Azərbaycanın
qəhrəman polis əməkdaşları? Bütün həyatını cinayətkarlığa
qarşı mübarizəyə həsr edən, hər an
ölümlə burun-buruna dayanan, içdiyi anda sədaqətlə
xidmət edərək şəhidlik zirvəsinə ucalan Azərbaycan
polisinin ölməz obrazı niyə ən yüksək səviyyədə
ekranlaşdırılmasın? Hələ
bir düşünün, bircə gün onlar fəaliyyətlərini
dayandırsalar, nələr baş verər? Təsəvvür etmək belə çətindir.
Bu
yazıya nöqtə qoymazdan əvvəl ümummilli liderin Azərbaycan
polisinin yaranmasının 84-cü ildönümünə həsr
olunan təntənəli mərasimdə söylədiyi fikirləri
bir daha oxuyuram: “Daxili işlər orqanları Azərbaycan
dövlətinin əsas sütunlarından, dayaqlarından biridir.
Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə
xidmət edir, Azərbaycanın dövlət müstəqilliyinə
xidmət edir. Ona görə də bu
gün bizim hamımızın bayramıdır”.
İyulun
2-si hamımızın bayramı olduğundan, mən də həmişə
Azərbaycan polisinin tarixi və fəaliyyətindən yazan
bir jurnalist kimi, bütün polis əməkdaşlarını
peşə bayramı münasibətilə ürəkdən
təbrik edir, müstəqil Azərbaycan Respublikasına və
xalqına xidmətdə başucalığı, şəxsi
həyatlarında xoşbəxtlik arzulayıram.
İllərdir ki, iyulun 2-də mətbuatda Polis
Günü münasibətilə analitik təhlilə söykənən,
əhatəli yazılarla çıxış etmişəm. Bu dəfə
isə tamam başqa forma və tamam başqa səpkidə bir
yazı alındı. Mənim
yazılarımı izləyənlər yanaşma tərzini və
formanı yanlış da hesab edə bilərlər. Belə olarsa, heç də incimərəm. “Yanlış da bir naxışdır” – deyib atalar.
“Yanlış naxışlı”
yazının müəllifi: Səyyad AĞBABALI
525-ci qəzet.-
2012.- 29 iyun.- S.4.