Elmə həsr olunmuş ömür
Zemfira
Səfərova...Bu ad Azərbaycan
musiqişünaslığında elmə fədakarcasına
xidmət, insanın bütövlüyü və şəxsiyyətin
dönməzliyi ilə həmahənglik təşkil edən
yüksək peşəkarlığın rəmzinə
çevrilib. Zemfira xanımda Azərbaycan qadınına xas
olan üstün cəhətlər – ailəyə sədaqət,
ağır anlarda kömək əlini uzatmaq
bacarığı və bununla yanaşı Azərbaycan musiqi
tarixinin yeni-yeni səhifələrini açmaq, yaratmaq
eşqi bir-biriylə vəhdətdir. O, bizim elmimizdə mənbəşünaslığın
yeni sərhədlərini ilk açanlardan və bu sahəni
öyrədənlərdəndir. Azərbaycanda ilk dəfə
kökləri orta əsrlərə gedib çıxan ədəbi
irslər – Səfiəddin Ürməvi (XII əsr), Əbdül
Qədir Marağa (XIV-XV əsrlər), Mir Mövsüm Nəvvabın
(XIX əsr) yaradıcılığı öyrənilməyə
başlandı. Gərgin iş sayəsində o, orta əsrlərdən
başlayaraq XX əsrə qədər
musiqi elminin inkişaf xəttinin aylın təzahür etdiyi
“Azərbaycan musiqi elmi (XIII-XX əsrlər)” adlı fundamental
işi ortaya qoya bildi. Müəllif Üzeyir Hacıbəylinin
çox dəyərli “Azərbaycan xalq musiqisinin əsasları”
əsərini də bu kitaba daxil edib. Ümumiyyətlə,
Zemfira Səfərova elmi fəaliyyətə Üzeyir
Hacıbəyli irsinin araşdırılmasıyla
başlayıb. Hələ 1973-cü ildə Moskvada onun
“Üzeyir Hacıbəyovun musiqili-estetik baxışları”
kitabı işıq üzü görüb. Z.Səfərova
hardasa böyük bəstəkarın öz xalqının qədim
musiqi mədəniyyətinə olan bu münasibətini, bu
ciddi marağı davam etdirərək dərinləşdirib.
Musiqimizin dahi sənətkarı və patriarxı olan
Üzeyir Hacıbəyli irsinə və
yaradıcılığına maraq Z.Səfərovanın
bundan sonrakı yaradıcı fəaliyyətində də
davam edib. Üzeyir Hacıbəyli haqqında yeddi dildə nəşr
olunmuş xeyli sayda məqalə və broşurlardan əlavə
bəstəkarın 125 illiyi münasibəti ilə
işıq üzü görmüş
“Ölümsüzlük” toplusu da ictimaiyyətin diqqətini
özünə cəlb etdi. Topluda müəllifin bir neçə
onilliklər boyu böyük bəstəkar haqqında
yazdığı məqalələr yer alıb. Bütün
məqalələrdən boy verən əsas ideya odur ki,
Üzeyir Hacıbəyli fenomeninə yalnız türk
dünyası deyil, bütün dünya musiqisi mədəniyyəti
masştabında baxılmalıdır.
Həmçinin Q,Qarayev, F.Əmirov, S.Ələsgərov, V.Adıgözəlovun yaradıcılığı da Z.Səfərovanın elmi maraqları çərçivəsinə daxildir. Onun bəstəkar yaradıcılığının təbliği və öyrənilməsi ilə bağlı əsas işlərindən biri də “Qara Qarayevin elmi-publisistik irsi” kitabıdır. Burada bəstəkarın həyatının müxtəlif illərinə aid olan məruzələri, məqalələri toplanaraq sistemləşdirilib. Z.Səfərova həmçinin “Qara Qarayevin xatirələri” kitabının təşəbbüskarı olub. Qarabağın faciəvi taleyi ilə bağlı yaşantılarını özündə ehtiva edən məqalələrini və burada onun öz vətəninin patriotu kimi çıxış etməsini xüsusi qeyd etmək istərdim. Azərbaycan və Moskva jurnallarında bu mövzuda dərc olunmuş məqalələr özündə belə bir əlahiddə düşüncəni əks etdirir: “Qarabağ, Şuşa artıq neçə illərdir ki, erməni işğalçıları tapdağı altındadır. Bəs onda nə səbəbə bu torpaqda böyük erməni bəstəkarları və ifaçıları yetişmir? Bəli, məsələ məhz əsrlər boyu bu torpaqlarda yaşamış və bəşəriyyətə böyük musiqiçilər bəxş etmiş Azərbaycan xalqının irsi şifrəsindədir”. Z.Səfərovanın bu yaxınlarda nəşr olunan böyük xanəndə Cabbar Qaryağdıoğlunun həyat və fəaliyyətinə həsr etdiyi “Şərq musiqisinin peyğəmbəri” kitabı da onun bu vətəndaş-vətənpərvər mövqeyinin təzahürüdür. Bu unikal xanəndə, şair və kompozisiyalar müəllifi muğam musiqisinin oxu tərzinin inkişafında böyük rol oynayıb. Cabbar Qaryağdıoğlu ilk xanəndədir ki, muğam mətnlərini, qəzəlləri qəbul olunmuş fars dilində deyil, Azərbaycan dilində ifa edib. Kitabda ilk dəfə Z.Səfərovanın dəqiq və sərrast şərhlərinin müşayiəti ilə xanəndənin xatirələri yer alıb. Sonda Cabbar Qaryağdıoğlunun Səid Rüstəmovun yazısında olan əlli mahnısının notları təqdim olunub.
Z.Səfərova tarixi gedişatı səlis qurmaq, müraciət etdiyi mövzunun əsas ideyasını qabartmaq, araşdırdığı məsələnin inkişafı prosesində onun əhəmiyyətini müəyyənləşdirmək bacarığına malik mütəxəssisdir. Yazdığı kitabların adları da həmişə oxucunu cəlb edir: “Ədəbi yaşayan ənənələr”, “Müdriklik, xeyirxahlıq, əbədilik toxumu səpin”, “Əsrlərə verilən illər”... Onun çox isti və səmimi kitab-etirafını, “Davamı olacaq...”ı xüsusi qeyd etmək istəyirəm. Burada Zemfira Səfərovanın ədəbi istedadı da üzə çıxır. Bizim bu məqalənin qəhrəman xanımı özü də Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı, gözəl natiqdir. O, dəfələrlə Parisdə, Tehranda, İstanbuldakı çıxışlarında dünya ictimaiyyətinin diqqətini Azərbaycan musiqisinin müxtəlif tərəflərinə yönəldib. O, neçə-neçə gənc musiqişünasın elmi rəhbəridir, bir neçə nəsil mütəxəssis yetişdirmiş pedaqoqdur. Z.Səfərovanın son kitabı “Dedim, dedilər...” adlanır. Ad hardasa aşıq ifaçılığına xas deyişmədən götürülüb. Kitabda müəllifin son beş ildə dərc etdirdiyi materiallar toplanıb. Kitabın kompozisiyası iki hissəyə bölünüb. Birincidə müəllifin Ü.Hacıbəyli, Q.Qarayev, R.Rza, T.Quliyev, S.Ələsgərov, E.Sabitoğlu, N.Əliverdibəyov, E.Səfərova, R.Əfəndiyev, E.Babayev haqqında yazdığı məqalələr toplanıb. F.Əlizadə, S.İbrahimova, Anar haqqında yazılmış məqalələr də bura əlavə olunub. Aydın, oxunaqlı dildə yazılmış bu məqalələr öz cəlbedici xüsusiyyətlərinə görə seçilir. İkinci hissədə isə Z.Səfərovaya həsr olunmuş məqalələr yer alıb. Həmin yazıların müəllifləri sırasında akademiklər, R.Əfəndiyev, Bəkir Nəbiyev, həmçinin tanınmış musiqişünaslar Z.Dadaşzadə, U.Talıbzadə, K.Dadaşzadə, L.Məmmədova, R.Abbasova var.
Müəllifin son dövrlər gərgin əmək sərf etdiyi və hal-hazırda nəşr prosesində olan “Azərbaycan musiqisinin tarixi” kitabı musiqi elmi üçün vaxtında yazılmış və çox vacib bir iş kimi qəbul olunur.
Alimin gününün, gücünün nə qədər hissəsinin məqalələrinə (onların sayı iki yüzdən artıqdır), kitablarına (sayı otuzdan artıqdır), saysız-hesabsız çıxışlarına (respublikada və xaricdə), akademik şöbədəki işinə hər gün yollanmaya həsr etdiyini deməyə ehtiyac yoxdur. Elə təkcə sahib olduğu adlar Z.Səfərovanın yorulmaz əməyinin əyani təsdiqidir: sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü.
Hətta bu yubiley günlərində də Z.Səfərovanı bu gərgin işlərdən kənar təsəvvür etmək çətindir. Bəlkə elə onun bu zahiri və yaradıcı gəncliyinin, cazibəsinin sirri də bundadır. İstənilən halda Zemfira Səfərova artıq çoxdandır ki, Azərbaycan musiqi mədəniyyəti və elminin tarixində öz yerini tutub, tutur və bundan sonra da tutacaq.
Aida Tağızadə
Professor, əməkdar
incəsənət xadimi
525-ci qəzet.- 2012.- 29 iyun.- S.7.