Oralarda kimlər var: Oqtay Rza
Yazar: ŞAİR OQTAY RZA ÜÇÜN TƏBRİK
(bəhanəsiylə bir az da
özümdən)
Mayın
19-da böyük şairimiz
RƏSUL RZANIN doğum günü
Fəxri Xiyabanda anılarkən ən
etibarlı yaradıcı kimi şair Oqtay Rza çox sağlam olmasa da yenə də ordaydı. Təbii ki, çıxış da
elədi.Bu anma mərasiminin ən
maraqlı anı Anar müəllimin
hövsələsinin daralma anı oldu.İki-üç nəfər çıxış
eləyəndən sonra anım gününü aparan şair Fikrət Qoca növbəti çıxış
üçün söz
vermək istəyəndə Anar müəllim dedi: Rəsul
Rzanın bir şeiri var: İNSAF DA YAXŞI ŞEYDİ.Anar Anardı də, buna söz ola
bilməz.Anar müəllim bunu ona görə dedi ki, günəş
şığıyırdı və kölgəlik də çox az idi
və bir də bir gün öncə Yazarlar
Birliyində Rəsul Rza adına mükafatlar təqdim olunmuşdu.Burada
olan insanların çoxu
da orada iştirak etmişdi və məzar başındakı
insanları incitməmək üçün
Anar müəllim çıxış yolunu söylədiyi espridə tapdı.Həmin
günün ən maraqlı anlarından biri də şair Oqtay Rzanın bu istidə kostyum geyməsi
və sinəsindəki iki nişanın parlaq bir surətdə
gözə dəyməsi idi.Bunlardan
biri QIZIL QƏLƏM mükafatı
nişanı idi ki, şair xüsusi olaraq vurğuladı : mən
bunu Sovet
dövründə almışam.1971-ci ildə. Arifə bir söz də kifayətdi.İkinci
nişan daha hörmətli
bir dünyanın nişanı idi ki, Oqtay
müəllimə uzun illərdən sonra nəhayət layiq olduğu adı da
vermişdilər: ƏMƏKDAR MÜƏLLİM
adını.Telefon açıb təbrik etmişdim.Bir
daha təbrik etdim və
dedim ki,icazə ver, bir vaxtlar sənin
haqqında yazdığım yazını yenidən çap etdirim.Qısaca olaraq
dedi: Qonaqlığı indi
verim, yoxsa çap olunandan sonra.Demək
unutmamış o yazını və
üstəlik də yazıdan bir məqamı
xüsusi olaraq qeyd etdi. Bir
də bir vaxtlar mən
şair Oqtay Rzaya demişdim: nə olar, Salyana gedəndə məni
də özünlə apar. Elə belə keyf üçün deyil, bir ƏDƏBİYYAT,bir
SƏNƏT tədbiri olanda məni də
özünlə götür.İstəyirəm məni də
ORALARDA tanısınlar ...Oqtay Rza bəlkə də çox haqlı olaraq dedi (nə deyib,
yazının içində ...)
Hələ
Kommunist Partiyasının büro-büro
vaxtlarında (1972-ci il) mən “ATAMA MƏKTUBLAR” adlı bir poema yazmışdım və orada
aşağıdakı sətirlər vardı, dostum və gözəl jurnalist
Şakir Yaqubov hər
zaman bu poemanı
xatırlar və oradakı bir çox beytləri əzbər söylər və ən çox
xoşuna gələn
aşağıdakı sətirləri zaman-zaman
təriflərdi:
Şəhərdə
çətindir sığınmaq yada
Adama gəl deyib ittək
qovurlar
Şəhər
belədir ki,ağlın olsa da
Adamı dəlitək
lağa qoyurlar.
Şəhərdə
kimsəsiz batıb ölürsən
Bilmirsən heç səndən nə istəyirlər
Burda ağıllını dəli
görürsən
Burda ağılsızlar yol göstərirlər.
Burda tanışlıq da
tərəf-tərəfdir
Eşidib başını itirir
adam
BURDA ADAMLARIN
ÖZÜ ZƏİFDİR
BURDA FAMİLYALAR İŞ GÖRÜR, ATAM...
Və bu sətirlər təbii ki,tam
poeziya imkanını ifadə etməsə də, amma o zaman bu
cür publisistik şeirlər hələ az-az
yazılırdı ki, indi biz bunun adını neoepik şeirlər
qoymuşuq və bu neoepik şeirin Türkiyədə bir
çox gənc yaradıcısı var ki, mən onlarla
oralarda olduğum günlərdə tanış olmuşdum və
öncə şeirlərini oxumadığım
üçün bunun nə olduğunu doğrusu kəsdirə
bilməmişdim.Və sonra məlum oldu ki,bəs neoepik şeir bir tür elə bizim o
zamanlar yazdığımız və bir çoxlarının
adını hələ də qoya bilmədikləri bir şeir türüymüş.
İndi, həqiqətən yaşın
müəyyən mərhələsinə
gəldikdən sonra və bu şair
Oqtay Rza da iki gündən
bir bu Salyana
gedib gəldiyindən,
oralardan şirin-şirin
danışdığından mənim də oralara getməyim gəlir. Gedişlərim olur.Orada qohum
əqrabam var. Qardaş-bacılarım
var. Maşallah. Gedib
gəlirəm.Amma mən
görürəm ki, bu şair Oqtay
Rzanın gediş gəlişində bir ayrı dad var ki, mən də
nəhayət bu yaşımda bunu dadmamışam və mənim doğulduğum kənd indi Salyana yox,Neftçalaya
aid olduğundan, bir yazımda yazdığım
kimi məni bölüşə
bilmədilər və
ona görə də ALTMIŞ yaşım
heç yada düşmədi. İndiki məqamı da
xatırlatsam HEÇ YETMİŞİMƏ DƏ BƏRƏKALLAH
DEMƏDİLƏR.
Bəli,
mən də bir insan olaraq, bir nə bilim bir ədəbiyyat
adamı olaraq oralara gedib gəlmək istəyirəm, türklər
demiş tıpkı şair
Oqtay Rza kimi və istəyirəm ki,
məni də oralarda tanısınlar ki, bəs bu Tofiq Abdin də
buralıymış, hərçənd ki,
mən hər zaman demişəm: məni Salyandan
başqa hər yerdə tanıyırlar.
Bu bir həqiqət
idi,mən bunu gizlətmirəm.Əvvəllər
yenə bir az
gediş-gəlişim olurdu,sonra yaxın
dostları və oralarda olan
və mən hörmət edən ( onlar da elə qohum-əqraba,
taytuşlar idi)
insanları itirdim : doxtor
Sahib İmanov getdi,ardınca
mən Türkiyədə olanda Dilavər Mehdiyev getdi,ardınca Əkbər
Cavadov adlı bir dostum getdi və sonra kirvəm Allahverdi kişi qocaldı və demək olar ki,mənim Salyana gedişim yaxın məsafədən daha uzaq məsafəyə
keçdi,daha doğrusu
yaxın dalğadan uzun
dalğaya keçdi.Kim
nə deyir desin
və kim nə ad verir versin mən hərdən
bu itkilərin ağrısını elə
çəkirəm ki,necə yaşadığımı belə
düşünə bilmirəm.Amma yaşayıram...
Yaşayıram ki, demək bu yazını da
yazıram.
Təbii,
mənə görə bu haqqı da qazanmaq
lazımdır,amma inanın ki,mən həmişə bu haqqı qazanmağa
çalışmışam.Amma alınmır
ki,alınmır və lap uzaq
zaman deyil ki, rəhmətlik Həsən Məmmədovun
Dram Teatrındakı vəda cənazəsində
Salyandan çox adam gəlmişdi
və oranın Mədəniyyət şöbəsinin müdiri də orada idi və mən ona baxdım, o mənə
baxdı,mən yaşda ondan
böyük olsam da ( o vəzifəcə
məndən böyük idi,
təbii) beləcə
baxışdıq və bir təsadüfdən
yaxınlaşdıq və dedi: bir Salyana gəlsənə...
Çox hörmət elədiyim bu adam elə dedi ki,sanki mən hey Salyana gəlmişəm
və lap gəlmişəmsə də nədən
mən yüngüllük eləyib onu axtarmalıydım ki,zamanın bu çətin vaxtında bir
bəhanə tapsın və mən də incimiş
olum.
Yox, mən Salyana gedib
gəlirəm, amma məni Salyana
dəvət eləyən yoxdu,çünki
mən onlarçın yoxam və hətta
baxın ki, mədəniyyət
şöbəsinin müdiri Həsən
Məmədovun cənazəsi başında Salyandan
bir nəfərə söz
tələb edəndə
və alınmayanda küsmüş kimi olub.Anlamadım: ONLAR BU VAXTA QƏDƏR HƏSƏN MƏMMƏDOV KİMİ
DÜNYAVİ BİR AKTYOR ÜÇÜN NƏLƏR
ETMİŞDİLƏR Kİ,İNDİ DƏ SÖZ HAQQI
İSTƏYİRDİLƏR.
Və baxın bundan sonra nə edəcəklər:
bununla mən mütləq maraqlanacağam...
Və hətta həmin
Mədəniyyət şöbəsinin müdiri
olan demək olar ki, kəndçim və dostum
bir zamanlar Musiqi məktəbinin yubileyinə Nemət Veysəllini
( təbii ki haqqı
ola–ola,gözəl jurnalistdi və “Mədəniyyət”
qəzetinin baş redaktoru
idi) dəvət elədikləri halda “Qobustan” toplusu kimi bir
topludan heç kəsi
dəvət etməyəndə
bunun harası ağlamalı deyil?! Və yüz qram vurandan sonra
mənim orda xatırlanmağım
ağlamalıdırmı, ağlamalı deyil?
Fərq
etməz,çətin günlər yaşayırıq, bunu başa
düşürəm və mən də bu
yazını vallah bir
GİLEY OLSUN deyə yazmıram.Yekəxana çıxsın
deyə yazmıram.Şair Oqtay Rzanı təbrik
edəcəydim... bax haralara
gedib çıxdım...
Bunu bir o qədər də dərd eləmək lazım deyil,belə
şeyləri dərd eləsəydim,
maşallah belə gümrah
qalmazdım. Amma
baxıram ki,məsələn bizim Yazarlar Birliyində yaradıcı bir qarabağlının yaradıcılıq
gecəsi keçiriləndə,baxmayaraq ki,Qarabağın
yarısı yoxdur,amma inanın o qədər
qarabağlı olur ki...Hətta Partiya
başçıları belə gəlir, bəhsə düşmüş kimi və
baxıram ki, bu Qərbi
Azərbaycandan bir şeir
yazanın kitabının təqdimatına torpaqları olmasa da özləri elə
səliqə ilə və gümrahcasına gəlirlər ki, Yazarlar Birliyinə,
adamın “paxıllığı” tutur. Və sən də
düşünürsən:bax, sabah belə
bir iş mənim başımda
olsa, vallah bir salyanlı durub yüz on kilometr
yolu bura gəlməz
və mənə əziyyəti verməmək üçün məni də ora
çağırmazlar.
Necə ki, yetmişi başa vurduq hələ də bilmirlər mən Salyanda doğulmuşam,yoxsa
Neftçalada, amma nə
fərq edər qardaşım...
Hələ mən
varam və hələ mən
yaşayıram və düşünürəm ki, mən XX əsrin
SON SALYANLISI olaraq XX əsrin Son SALYANLISI Əlibəy
Hüseynzadənin qızlarıyla İstanbulda
onların evində görüşən son
SALYANLIYAM. Və mən son Salyanlıyam ki, Əlibəy Hüseynzadənin Fransada vəfat
edən və İstanbulda Qaracaəhməd
məzarlığında torpağa
tapşırılan oğlu SƏLİM TURANIN cənazəsində
iştirak edən üç
AZƏRBAYCANLIDAN biriyəm.
Və məni
görmürlərsə...Yaxşı ki,
görmürlər.
Ağırdır işləri:sel bir yandan...
İşsizlik bir yandan...
Partiyalar bir
yandan...
Dolanışıq bir yandan...
Neyləsinlər, belə bir vurhavurda
bir ədəbiyyat adamının ( özü də heç bir vəzifəsi olmayan bir ədəbiyyat adamının) yetişməmiş
YETMİŞİ kimə lazımdır?
Özündən başqa.
Amma bu
qarışıq zamana
baxmayaraq şair, sevimli Oqtay Rza
Salyanda əsl xalq şairi kimi sevilir və
hətta qısqandıracaq
dərəcədə sevilir
və mən də ona görə
ona deyirəm ki, məni də apar özünlə.Deyən kimi
də haqlı olaraq deyir: qardaş
bir dəfə getdin.İcra başçısı
orda ola-ola dedin ki, mənim bu icrayla-micrayla işim yoxdur.Mən buralara az gəlirəm
və gələndə
də ƏMƏKLİ qardaşımın
evində qonaq oluram.
Amma qardaş
düz deyirəm də, ola
bilər bir az sərt olub.
Mən ora şəxsən VAXTSIZ
İTİRDİYİMİZ GÖZƏL ZİYALI doxtor Sahib İmanovun qardaşı Ənvər
müəllimin dəvətiylə
getmişdim. Doxtor İmanov
haqqında kitabın təqdimatında iştirak
eləmək üçün.
Olan bu, əzizim,ŞAİR OQTAY RZA!!!!!
Amma nə
olar, məni də özünlə apar oralara.Dünya vəfasız dünyadır.Qoy
bilsinlər ki, mən də Salyanda doğulmuşam.Və
mən onları çox sevirəm, hərçənd ki, onlar məni sevməsələr də...
Tofiq ABDİN
525-ci qəzet.-
2012.- 2 iyun.- S.23.