Yoxluğunun xiffətini çəkdiyim
sənətkar
Elə sənətkarlar var ki,
ölümü ilə təkcə el-obanın deyil,
bütün xalqın qəlbini sızıldadır. Ümumxalq
məhəbbəti qazanan, yoxluğu ilə ürəklərə
od salan Aşıq Şakir belə sənətkarlardan idi...
Keçən əsrin 50-ci illərinin
ortaları idi. Yaxşı yadımdadır, hər gün
radionun günorta konsertində kənd zəhmətkeşlərinin
xahişi ilə Aşıq Şakir heç olmazsa bir-iki
mahnı oxuyardı. Onu da deyim ki, XX əsrin 50-70-ci illərində
Azərbaycanda bir çox görkəmli aşıqlar
yetişmişdi. Şirvanda Şakirlə bərabər Pənah,
Aşıq Əhməd, Aşıq Məmmədağa,
Borçalı mahalında Hüseyn Saraçlı,
Aşıq Əmrah, Aşıq Kamandar, Kəlbəcərdə
Aşıq Şəmşir, Gədəbəydə
Aşıq İsfəndiyar, Tovuzda Mikayıl Azaflı,
Aşıq Əkbər, Aşıq İmran, Goranboyda
Aşıq Hüseyn Cavan və başqaları. Ulu
ozan-aşıq sənətimizə gələn sənətkarların
sayı o qədər artmışdı ki, onları birləşdirən
bir quruma ehtiyac duyulurdu və 1982-ci ildə Xalq şairi
Hüseyn Arif və yazıçı, folklorşünas alim,
prof. Əzizə Cəfərzadənin səyi nəticəsində
Aşıqlar Birliyi yarandı. Təəssüf ki,
Aşıq Şakirə bu əlamətdar hadisəni görmək
qismət olmadı. Təkrarsız sənətkar Aşıq
Şakir yaşasaydı, bu il 90 yaşı tamam olacaqdı. Nə
etmək olar, həyat belədir: “Bir də görürsən
ki, açılan solur”. Lakin xalq məhəbbəti belə sənətkarları
yaşadır. Aşığın anadan olmasının 90
illiyinin Ağsuda təntənəli şəkildə
keçirilməsi, Kürdəmirdə bugünlərdə
keçiriləcəyi aşığa el məhəbbətindən
xəbər verir. Mən hələ Aşıq Şakirə
həsr olunmuş kitab və “Məlhəm” Humanist Qadınlar
Birliyinin “Aşıq Şakir – 90” adlı xüsusi buraxılışını
demirəm. Orada bir çox görkəmli ziyalıların,
alimlərin, saz-söz sənətinin bilicilərinin
aşığa həsr olunmuş məqalələri və
müxtəlif bölgələrdən olan şairlərin
şeirləri yer alır. Mən Aşıq Şakirə
sonsuz məhəbbətin bugünlərdə Şamaxıda
professor Seyfəddin Qəniyevin 60 illik təntənəli
yubiley mərasimində bir daha şahidi oldum. Hamı ondan
danışırdı. Bu, səbəbsiz deyildi. Professor S.Qəniyev
öz yubileyinə Aşıq Şakirə həsr olunmuş
“Şirvanlı Aşıq Şakir” (Bakı, “Elm və Təhsil”,
2012) kitabı ilə gəlmişdi. Rayon Mədəniyyət
sarayının böyük zalında nəinki bir boş yerin
olmadığını, hətta çoxlarının ayaq
üstə durduğunu görəndə gözlərim
önünə Şirvanın ölməz şairləri
Xaqani, Nəsimi, S.Ə.Şirvani, Sabir, Abbas Səhət, Hadi
gəldi. Yaddaşımda burada yetişən görkəmli
alimlər və sənətkarları aradım. Burada sənətə,
sənətkara, ədəbiyyata, elmə, alimə
böyük qiymət verildiyini düşündüm və
bir daha özüm üçün kəşf etdim ki, burada
davamlı ənənələri olan mühit vardır.
Şakir belə bir mühitdə
yetişmiş, Şirvan aşıq mühitinə töhfələr
vermiş, məktəb yaratmışdır. Şakirlə
şəxsən tanışlığım, daha doğrusu məclisində
ilk dəfə iştirak etməyim 1957-ci ilin iyul ayına təsadüf
edir. Orta məktəbi bitirib ali məktəbə daxil olmaq
üçün Bakıya gəlmişdim. O vaxtlar axşamlar
parklarda və hətta kinoteatrlarda filmlərin nümayişindən
əvvəl pulsuz konsert verirdilər. Bəxtə bax ki, radioda
mahnılarını məhəbbətlə dinlədiyim, o
vaxta qədər üzünü görmədiyim Aşıq
Şakir Dağüstü parkda konsert verirdi. Sanki dinləyiciləri
ovsunlamışdı. Aşıq arada məzəli söhbətlər
edirdi. Müxtəlif dillərdə – rus, qazax, ləzgi,
gürcü və s. oxuduğu mahnılar dinləyicilərə
əvəzsiz ovqat bəxş edirdi. Aşığın səhnə
gərdisi indi də gözlərimin önündədir. Onun səsi
bu gün də mənim üçün sirri-xuda olaraq
qalır. Mənim Aşıq Şakir
yaradıcılığına əbədi məhəbbətim
həmin axşamdan başladı. Sonralar onun rəhbərliyi
ilə Şirvan aşıqlarının filarmoniyada
keçirilən, toy-bayrama çevrilən konsertlərində
iştirak etmək mənə dəfələrlə qismət
olub. Hər dəfə Şakir oxuyanda 1957-ci ildəki hissləri
yaşayırdım. Səmimiyyətlə deyirəm, onun
yoxluğunun xiffətini bu gün də çəkirəm.
Aşıq Şakirin şah əsəri
“Şirvan şikəstəsi” idi. Əslində onun
bütün mahnıları sənət nümunəsi idi. Hətta
indi bəzilərinin ironiya ilə yada saldığı
“Kolxozun” adlı mahnı da “İşıqlıdı
lampaları kolxozun” sətirləri adamı heyran edirdi.
Xüsusi vurğulamaq istəyirəm ki, Şakirin
yazdığı və məharətlə oxuduğu “Kolxozun”
şeirinin mənasını o dövrdə kənddə
yaşamış adamlar bilərlər. Gecələr kəndlər,
əgər belə demək mümkünsə, qaranlıq
dünyaya dönürdü. 1955-ci ildə Tovuz rayonunun
Düzqırıxlı kəndinə elektrik
işığı çəkiləndən, kənddə
telefon qovşağı, radio qovşağı yaradılandan,
kənd klubunda filmlər göstərilməyə, konsertlər
verilməyə, teatr tamaşaları göstərilməyə
başlayandan sonra həyat dəyişdi. Aşıq Şakir
gördüyünü qələmə aldı və o vaxt
üçün reallıq olan hadisələri məlahətli
səslə aləmə car çəkdi:
Başdan-başa şəhər olub elləri,
Gözəl keçir növbaharı
kolxozun.
– dedi və sözləri hədəfə
düz dəydi, ürəkləri fəth etdi. Aşıq
Şakirin səsi o qədər məlahətli, o qədər
şirin idi ki, həta bəzən poetik mətnləri zəif
olan mahnıları oxuyanda belə dinləyici onun səsinin
sehrindən çıxa bilmir, valeh olur, poetik mətnin dəyərinə
məhəl qoymurdu. Şakir ecazkar səsli aşıq olsa da,
Güney və Quzey Azərbaycanda, Borçalı və
Göyçə mahallarında çox sevilsə də,
bilirdi ki, onu əbədi yaşadan bədii
yaradıcılığı olacaq. Bunu açıqca etiraf
edir və yazırdı:
Adım Aşıq Şakir, mahalım
Şirvan,
Yazıb-yaratmışam çox
şeir-dastan.
Sözlərim ellərə qalsın ərmağan,
Ölmərəm, inanın min il
yaşaram.
Aşıq Şakir çoxsaylı gəraylılar,
qoşmalar müəllifidir. Şeirlərində kənd həyatını,
tərəqqimizi, əmək qəhrəmanlarını vəsf
etməkdən doymurdu. Onun el şairləri və
aşıqlarla deyişmələri də dövrün bir
çox məsələlərinə – aşığın
ozan-aşıq sənətinə, bu sənəti
yaradıb-yaşadanlara münasibətinə işıq tutur.
Təəssüf ki, Aşıq Şakirin
yaradıcılığı indiyə kimi hərtərəfli
tədqiq olunmamışdır. Doğrudur, 1977-ci ildə
aşığın sağlığında çıxan
“Şirvan aşıqları” toplusunda aşığın
şeirlərində verilmiş S.Qəniyevin “Şirvan
aşıq mühiti” doktorluq dissertasiyasında Aşıq
Şakirin yaradıcılığının özünəməxsusluğundan
az da olsa danışılmışdır. Lakin sənətkarın
bədii irsinin bütövlükdə toplandığı
“Şirvanlı Aşıq Şakir” ilk əsərdir.
Kitabın redaktoru görkəmli folklorşünas alimimiz prof.
Məhərrəm Qasımlı əsərə “Onun səsi bir gülüstan idi”
adlı maraqlı ön söz yazıb. Professor Seyfəddin Qəniyev
“Aşıq Şakir poeziyasının bəzi poetik məqamları”
adlı qırx səhifəlik tədqiqatını və
aşığın gəraylı, qoşma və deyişmələrini
kitaba daxil edib. Əsərdə Aşıq Şakirlə bağlı
dastana bənzər iki rəvayət də yer alır.
Başdan-başa təsirli poeziya nümunələri ilə
dolu olan rəvayətlər Aşıq Şakirin
enişli-yoxuşlu sənət yolunda çəkdiyi keşməkeşli
əziyyətlərdən, sənət uğurlarından, ilk
məhəbbətindən söz açır:
Uca boylu, sinə meydan, tər sinə,
Bu işimin avandı nə, tərsi nə.
Axtarmasam üzüm dönsün tərsinə,
Od düşübdür şirin cana
ağlaram.
– deyərək uğursuz məhəbbətini
bəyan edir.
Bozalqanlı Hüseyni köməyə
çağırır. Sonralar repertuarının ən
gözəl mahnılarından birinə çevrilən “Gəldi-qayıtdı”
qoşmasını dilə gətirir:
Dedim bu gəlməyin qeyri-qəsdi var,
Bəzəyi zinəti, zövqü, şəsti
var.
Anladım dilbərin yəqin dostu var,
Arif eyhamını bildi qayıtdı.
Yeri gəlmişkən, deyək ki,
Aşıq Şakir bütün Azərbaycan
aşıqlarının sənətkarlığını
yüksək qiymətləndirirdi. Biz bunu Aşıq
Şakirin Sövdalı Həsənlə deyişməsindən
bariz şəkildə görürük:
Sövdalı Həsən:
Qopanda dilindən “Döymə şikəstə”
Qalxır yatağından min ağır xəstə,
Gül yağır üstünə dəstəbədəstə
Gur alqışlar olur xələtin, ey
dost.
Aşıq Şakir:
Mən ki, bir damlayam,
ümmandan danış, –
Bəylərdən, Pənahdan,
Qurbandan danış,
Xaloğludan, Əkbər, İmrandan
danış,
Gör harda qalıbdır Əhmədin,
ey dost.
Burada və el şairəsi mərəzəli
Badam Müslüm qızı ilə deyişməsindən biz
Aşıq Şakirin təvazökarlığını
açıqca görürük.
Badam nənə:
Güvənmə var, xoşavazın, qamətin,
Aşıq, el sınağı olur
çox çətin,
“Bişməmisən”, hələ
“çiydi” sənətin,
Böyük imtahanlar dalda qalıbdır.
Aşıq Şakir:
Naşı quşam,
sığınmışam elinə,
Yeni atılmışam eşqin
gölünə,
Çəkmə məni söz-sənətin
zilinə,
Bişməmişəm, çiyəm, ay
Badam nənə.
Aşıq Şakir qədər mahnıları ürəkləri fəth
edən az sənətkar tapmaq olar. Aşığın
“Şirvan şikəstəsi”, “Səhər-səhər”, “Nə
bağ bildi, nə də bağban”, “Gəldi-qayıtdı”,
“Bala Nərgiz”, “Kəndimiz”, “Sən də gül”, “Bir
başına dolandığım”, “Boylana-boylana”, “Süzə-süzə”
kimi mahnıları bu gün də toylar
yaraşığı, aşıqların güvənc və
qürur yeridir.
Aşıq Şakir xalq
yaradıcılığından, xüsusən də
bayatılardan bol-bol bəhrələnmişdir.
Süzüb karvanını getdi
cavanlıq,
Yüz çığırsan,
yönü bəri qayıtmaz.
İllər ötdükcə ömür
gödələr
Ötüb keçən günlər geri
qayıtmaz.
Aşığın “Qayıtmaz”
qoşmasından misal gətirdiyimiz yuxarıdakı bənd,
görün xalq bayatısı ilə necə də səsləşir:
Keçdi ömrüm;
Gör necə keçdi ömrüm.
Harayladım, dönmədi,
Elə bil heçdi ömrüm.
Bu bir həqiqətdir ki, ozan-aşıq sənəti
xalqın öz yaradıcılığı olduğundan bu sənətin
daşıyıcıları hər vaxt xalqın içərisində
olur, onun sevinc və kədərini bölür, xalq isə əsl
sənətkarları əbədi yaşadır. Aşıq
Şakir əbədilik qazanan sənətkarlardan idi. Zamanında
olmazın şan-şöhrət və nüfuz
qazanmışdı. Aşıq sənətinin ilk nümayəndəsi
olaraq onun Azərbaycan Ali Sovetinə deputat seçilməsi
(1955), az sonra “Əməkdar mədəniyyət
işçisi” fəxri ada layiq görülməsi (1961)
çox mətləblərdən xəbər verir. O da əlamətdardır
ki, Ali Sovetin deputatlıq vəsiqəsini və döş
nişanını aşığa xalq
yaradıcılığını, o cümlədən də
aşıq sənətini və poeziyasını dərindən
sevən, təbliğ edən unudulmaz şairimiz Səməd
Vurğun təqdim etmişdir. Xeyli müddət Kürdəmir
rayonunda dil-ədəbiyyat müəllimi işləmiş
qardaşım Ələsgər deyirdi ki, Aşıq Şakir
məclislərdə fəxarətlə bu barədə
danışardı.
Aşıq Şakir sənətinin
çiçəkləndiyi bir dövrdə – 1979-cu ildə
57 yaşında dünyasını dəyişdi. Prof. Məhərrəm
Qasımlının yazdığı kimi, “görünür,
ürəklə yaşayanlar, ürəklə oxuyanlar, sənətini
qəlbən sevənlər çox yaşaya bilmirlər. Həssas
duyğuların fırtınası onları sənət dəryasında
qərq edir”. Lakin nə qəm. Belə xoşbəxt sənətkarlar
heç vaxt unudulmur, xalqın qəlbində əbədi məskən
salırlar.
Böyük mütəfəkkir Cəlaləddin
Ruminin həqiqətdən qaynaqlanan kəlamı vardır:
“Biz öləndə bizim məzarlarımızı torpaqlarda
axtarmayın, bizim məzarlarımız aqil insanların qəlbindədir”.
Düşündürücü kəlamdır.
Odur ki, saz-söz pərəstişkarlarına, şakirsevərlərə
üz tutaraq deyirəm: Şakirin məzarını təkcə
Kürdəmir şəhər qəbristanlığında
axtarmayın. Onu bizlərə miras qoyub getdiyi
mahnılarında, gəraylı və qoşmalarında,
dastan və deyişmələrində, xalqın qəlbində
axtarın və yenidən kəşf edin.
Qəzənfər
PAŞAYEV
525-ci qəzet.-
2012.- 2 iyun.- S.21.