Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə  

 

Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Böyük Aleksandr tarixdə ən müəmmalı böyük şəxsiyyətlərdən biridir. O, Homerin daim özü ilə gəzdirdiyi “İliada”sındakı qəhrəman döyüşçü Axillesi təqlid etməyə çalışırdı. Faraon kimi isə, o, Misir ənənələrinə görə yaşayan Allah idi və hətta yunan şəhərlərinə təlimat göndərmişdi ki, “onu Allah kimi tanısınlar”.

Aleksandr ümumi bəşəriyyət idealına inanırdı. Ona görə də 324-cü ildə yerli qadınlarla öz döyüşçülərinin kütləvi qaydada evlənmə şənliyini təşkil etmişdi. Özünü Böyük Çar adlandırır və tələb edirdi ki, təbəələri onun qarşısında perslərə məxsus olan qaydada təzim etsinlər. O, pers paltarı geyinirdi, perslərdən inzibatçılar kimi istifadə edirdi və yerli gəncləri Makedoniya hərbi metodları qaydasında məşq etdirirdi. Aleksandr hiss edirdi ki, makedoniyalıların, yunanların, perslərin idarəedici bir sinifdə əriməsinə ehtiyac vardır və güman edirdi ki, bu, onu belə nəhəng imperiyaya uğurla nəzarət etməyə qadir edəcəkdir. O, özünün böyük dövlətində, nəhəng imperiyasında bütün təbəə xalqları partnyorlar kimi birləşdirmək istəyirdi. Bu isə köhnə düşmənçiliyi unutdurmağa kömək edəcəkdi. Ona görə də, o, narazı Makedoniya veteranlarını vətənə yola salmışdı. Bütün bu yeni, böyük əhəmiyyət daşıyan tədbirləri, əməlləri ilə Böyük Aleksandr özünü sözün həqiqi mənasında yunanların təbirincə “kosmopolit” adlanan ilk dünya vətəndaşı kimi təsdiq etmişdi. Ondan altı əsr sonra Roma imperatoru olan, böyük filosof Mark Avreli də özü barədə bu cəhəti vurğulayaraq demişdi ki, “Bir Antonin kimi mən Roma vətəndaşıyamsa, bir insan kimi dünya vətəndaşıyam”.

Beləliklə, Aleksandr fəthlərindən az əhəmiyyət kəsb etməyən yeni era, Ellinistik era yaratdı. Onun imperiyasının miqyasını ötüb keçənlər oldu, Roma imperiyası Aleksandrın imperiyasından iki dəfə, Çingiz xanın imperiyası isə dörd dəfə böyük idi. Lakin bir çox yeni ideyaları təcəssüm edən Ellinistik eranın banisi kimi dünya tarixində heç kəs onunla müqayisə oluna bilməz. Ellinistik yunan sözü olub “yunanları təqlid etmək” mənasını verirdi. Bu erada yunan dili və ideyaları qədim Yaxın Şərqin qeyri-yunan dünyasına yayıldı. Persiya monarxiyası Aleksandr tərəfindən məhv edildikdən sonra yunan-Makedoniya idarəçiliyi nəhəng əraziyə genişlənmişdi. Bu, yunan mühəndisləri, intellektualları, tacirləri, əsgərləri və inzibatçıları üçün münbit şərait yaratdı və heç də nəticəsiz qalmadı. Onun yeni imperiya görüşləri, heç şübhəsiz, yoxa çıxmadı, sonralar romalıları ilhamlandırdı və onlar əslində Aleksandr irsinin varislərinə çevrildilər.

Aleksandr həm də böyük mədəni irs qoyub getmişdi. Yunan dili, incəsənəti, arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. Ellinistik eranın şəhər mərkəzləri, onlardan çoxunun əsası Aleksandr və onun varisləri tərəfindən qoyulmuşdu, yunan mədəniyyətinin başqa xalqlara nüfuz etməsi üçün tramplin rolunu oynadı. Yaradılan şəhərlərin və hərbi koloniyaların sakinlərinin çoxu yunan muzdlularından ibarət idi.

Yunanlar öz mədəniyyətini Şərqə yayanda, onlar həm də Şərqin təsirinə məruz qalırdılar. Beləliklə, Aleksandrın irsi Ellinistik dünyanın möhürlərindən birinə çevrildi. Bu isə fərqli mədəniyyətlərin görüşməsi və bir-birinə nüfuz etməsi idi.

Aleksandr tarixdə ilk və bəlkə də son dəfə olaraq öz dövrünün daha sivilizasiyalanmış Avropasını (Yunanıstanı) və Asiyanın böyük bir hissəsini – həm iqtisadi, həm də mədəni cəhətdən birləşdirməyə səy göstərmişdi. Onun vaxtsız olümü bu möhtəşəm layihənin həyata keçməsinə ciddi maneəçilik törətdi. Onun imperiyası bir neçə dövlətə parçalandı. İmperiyadan əsər-əlamət qalmadı, onun yerində Makedoniya, Selevkid dövləti, Perqamın Attalid çarlığı və Ptolomeylərin hökmranlığı altında Misir monarxiyası meydana gəldi. Onun varisləri olan diadoxlar təkcə öz sələflərini deyil, imperiyanı da qəbirə gömdülər. Blez Paskalın Kleopatra barədə dediyi sözlərdən istifadə edərək qeyd etmək olar ki, Aleksandrın varislərinin burnu bir qədər gödək olsaydı, yəqin ki, ən azı birləşdirdiyi ərazilərdə Avropanın və Asiyanın sifəti tamam başqa cür olardı. Qərbin və Şərqin münaqişələrlə naxışlanmış münasibətinə son qoyular və onlar birgə yaşanılan həyatın üstünlüklərini və mədəni ziyafətinin zənginliyini daha uzun müddət və böyük həzzlə dadmış olardılar. Lakin bədbəxtlikdən Makedoniya ordusunun hərbi liderlərini heç də Qərblə Şərqin bir-birinə nüfuz etməklə inkişaf etmiş yeni sintezini qoruyub saxlamaq deyil, hakimiyyət uğrunda mübarizə daha çox cəlb edirdi.

Bu parçalanmaya, bölünməyə baxmayaraq ellinistik şəhərlər qeyri-yunan dənizində yunan mədəniyyəti adaları olaraq qaldılar. Bu vahədən ətrafa gur energetika şüaları yayılırdı. Eranın yunan şəhərləri ellinistik mədəniyyətin Yaxın Şərqdə, həmçinin müasir Əfqanıstan və Hindistan kimi uzaq ərazilərdə baş hərəkətverici qüvvə rolunu oynadı. Bizim eranın IX-XII əsrlərində də çoxtərəfli İslam və ya əl-Əndəlus mədəniyyəti İspaniyada da məhz bundan geri qalmayan və əyani nümunələri ilə Avropanı sivilizasiyalanmağa çağıran bir rol oynadı.

Bu proses həmçinin şəhərlərin çiçəklənməsində mühüm rol oynayırdı. İki baş ticarət yolu Aralıq dənizi ilə Şərqi birləşdirirdi. Mərkəzi marşrut başlıca rol oynamaqla, dəniz vasitəsi ilə Hindistanı İran körfəzi ilə, Dəclə çayı vasitəsi ilə isə Babil şəhərini əvəz edən Selevkiyanı birləşdirirdi. Çox müxtəlif adda əmtəələrlə ticarət aparılırdı. İspaniyadan qızıl və gümüş, Kiçik Asiyadan duz, Makedoniyadan meşə materialı, Tirdən al qırmızı boya, Hindistandan ebonit, qiymətli daşlar, fil sümüyü və ədviyyat, Ərəbistandan ətirli maddələr, Trakiyadan, Suriyadan və Kiçik Asiyadan qullar, Suriyadan və Kiçik Asiyanın qərbindən yaxşı şərablar, Afinadan zeytun yağı, həmçinin başqa ölkələrdən bir sıra ekzotik mallar gətirilirdi. Ən başlıca ticarət isə həyat üçün təməl əhəmiyyət daşıyan ərzaqla – taxılla aparılırdı. Onun əsas ixrac zonaları Misir, Suriya, Siciliya və Qara dəniz regionu idi. Ticarət tarixdə şəhərlərin yaranmasında mühüm rol oynadığı kimi, xalqlar arasında iqtisadi və bunun nəticəsi kimi mədəni əlaqələrin inkişafına əvəzsiz kömək göstərirdi. Xüsusən sülh dövründə ticarət gur inkişaf edirdi, lakin müharibələr də onun aparılmasını bütünlüklə dayandıra bilmirdi. Ellinistik dünyadakı ticarət müasir qloballaşmanın ilkin işartıları rolunu oynayırdı, onun ölkələri və xalqları bir-birinə yaxınlaşdırması ilə müqayisədə ikinci bir uğurlu vasitənin mövcud olduğunu söyləmək çətin məsələdir.

Yunan polisləri (şəhər-dövlətləri) çoxdan öz gücünü itirmişdi, lakin yunan mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinistik dövlətlərində yayılmaqda davam edirdi. Yunan dili hər yerdə savadlı adamların dili hesab olunurdu, yunan elmi isə (matematika, astronomiya, tibb və fəlsəfə) mühüm nəticələrə malik oldu.

Aleksandrın planı irqləri bir-birində əritmək idi, lakin bu plan uğursuzluğa düçar olurdu. İran satrapları (əyalət valiləri) güman ki, səmərəli deyildi, ona görə də onların yarısından çoxu edam edilmişdi. İmperiyanı əmələ gətirmək üçün çoxlu inzibati vahidlər arasındakı yeganə əlaqə məhz məşhur sərkərdənin özü idi və təəssüf ki, problemi həll etməmişdən əvvəl o, həyatdan getdi.

Aleksandrın qısa müddətli hökmranlığı Avropa və Asiyanın tarixində həlledici bir dövr xarakteri daşıyır. Onun fəaliyyəti sivilizasiyanın böyük mərkəzlərinin Şərqə tərəf köçməsinə aparıb çıxardı və bu, geniş məskunlaşma dalğasında ellinizmi bütün Yaxın Şərqə yaydı və siyasi cəhətdən olmasa da, ən azı iqtisadi və mədəni cəhətdən bu ərazidə ellinizmi meydana gətirdi. Ayrıca dünya Gibraltardan Pəncaba qədər uzandı, bu dünya ölkələr arasında ticarət və sosial əlaqələr üçün açıldı. Axı bu dünya ümumi sivilizasiyaya əsaslanırdı. İmperiya o qədər geniş idi ki, onun ölçülərini təsəvvür etmək də çətin idi. Gibraltar boğazından İnd çayına, Almaniya meşələrindən və Rusiya düzənliklərindən Saxara səhrasına və Hind okeanına qədər uzanırdı.

Ellinistik era bizim eradan əvvəlki 300-cü illərdən başlayaraq sonrakı altı əsr ərzində davam etdi. Bu era başlanğıcını Böyük Aleksandrın işğallarından götürməklə Romanın ilk xristian imperatoru Konstantinə qədər olan bir dövrü əhatə edir. Aleksandrın imperiyası və onun varisləri böyük dünya birliyi yaratdı, bu mədəni birlik min il sonra müsəlman imperiyasının meydana çıxması ilə öz sonluğuna çatdı.

Ellinistik çarlıqlarda şəhərlərin mühüm rol oynaması ilə yanaşı müstəqil şəhərlər də var idi ki, onlar əhalilərinin sıxlığı ilə fərqlənirdilər. Bəzi çarlar köhnə şəhərləri dağıdıb, yenilərini yaratmağa girişirdilər. Bu şəhərlər Makedoniyadakı şəhərlərin və çar ailəsi üzvlərinin adlarını daşıyırdılar. Belə şəhərləri Finikiyada, daha çox isə Suriyada görmək olardı.

Persiya imperiyası da əsasən xalqların birliyinə əsaslanırdı, yarandığı vaxtdan Çar Böyük I Dara da imperiyada öz sələfi Böyük Kirin dözümlülük siyasətini davam etdirirdi. Bir sıra xalqlara öz ənənələrini, dilini və dinini saxlamağa icazə vermişdi. Lakin sonralar imperiya tənəzzülə uğradı və Böyük Aleksandrın işğalı onun mövcudluğuna son qoydu.

Qədim Romanın ekspansiyası

Sonralar tarix səhnəsinə və beynəlxalq meydana çıxan romalılar ədəbiyyat, arxitektura, fəlsəfə, elm sahələrindəki hər şeyi yunanlardan əxz etmişdilər. Yunan mədəniyyəti Roma imperiyasının Şərqində olduğu kimi Qərbində də kök salmadı. Roma hər tərəfdən düşmənlər tərəfindən hədələndiyindən, bu təhlükələri hərbi ekspansiya xətti ilə qarşılamaqla, bütün italyan yarımadasını işğal etdi. Sonra o Aralıq dənizinin ətrafına genişləndi, ərazisinə yeni işğal olunmuş torpaqları əlavə etdi. Karfageni son dəfə məğlub etdikdən sonra Aralıq dənizini Roma gölünə çevirən romalılar nəzərlərini Aralıq dənizinin şərqindəki ellinistik dövlətlərə tikdilər. Roma Ellinistik dünyanın siyasətinə əvvəlki dövrlərdə yunan dövlətlərinin azadlığının müdafiəçisi kimi cəlb olundu. Makedoniya isə tam başqa səbəbə görə b.e.ə. 148-ci ildə Roma əyalətinə çevrildi. Vaxtilə Makedoniya çarı romalıların Kannda ağır məğlubiyyətindən sonra Hanniballa ittifaq bağlamışdı. Ona görə də Roma Makedoniyanı özünə tabe etdi. Roma imperiyası bu hadisələrdən sonra yaranmışdı və buradan Şərqi Aralıq dənizindəki ellinistik çarlıqların problemlərinə cəlb olunmaqla, onlar üzərindəki ağalığa başlamışdı. Romalılar adətən hərəkət etməkdə tərəddüd etmirdilər, müharibə elan etməyi xoşlayırdılar, müdafiə müharibəsini isə yalnız öz müttəfiqlərini himayə məqsədilə aparırdılar. Roma kübar liderləri  meydana çıxdı ki, onlar ekspansiyanı həm şöhrət naminə, həm də müharibənin gətirdiyi fayda hesabına sevirdilər.

Quldarlıq antik dünya üçün ümumi institut olsa da, romalılar bütün xalqlardan daha çox qullara malik idilər. Ümumiyyətlə Şərqə nisbətən Qərbdə daha çox qul saxlanırdı, axırıncıda bəzi təsərrüfat sahələri, məsələn əkinçilik yalnız qul əməyinə əsaslanırdı. İşğallar Romaya daha çox qul qazandırırdı. Götürülən əsirlər qul kimi özəl mülkiyyətə çevrilirdi. Çox sayda əcnəbi qullar başqa ölkələrdən Romaya gətirilirdi. Əlbəttə, qulların uşaqları da qul olurdu. Yunan mənşəli qullara müəllim, musiqiçi, həkim və rəssam kimi böyük tələbat var idi. İri torpaq malikanəsi olan latifundiyalarda iri qul dəstələri işləyirdi, onlar olduqca ağır, acınacaqlı bir şəraitdə yaşayırdılar. Görkəmli dövlət xadimi Böyük Katon qeyd edirdi ki, qulu ölənədək işlətmək və onları sonra başqası ilə əvəz etmək, onlarla yaxşı davranmaqdan səmərəlidir. Qullar sərt cəzalara, işgəncələrə, iyrənc sui-istifadələrə məruz qalırdılar.

Roma respublikası antik dövrdə ən iri imperiyalardan birini yaratdı. Avropadakı torpaqların çox hissəsini işğal etdi, həmin ərazilərdə Roma mədəniyyəti və siyasi ideyaları tədricən yayıldı. Müasir roman dinləri – fransız, italyan, ispan, portuqal və rumın dilləri, latın dilinin bünövrəsi üzərində yaranmışdır. Qərəzsiz istintaq və jüri məhkəməsi barədəki Qərb praktikası da daha çox Roma hüququna borcludur. Romalılar öz istedadlarının abidələrini bütün Avropada qoyub getmişdilər, bunlara akveduklar və yollar daxildir. Roma inzibatçılığının bəzi cəhətləri əsrlər boyu özünü Qərb dünyasında göstərdi. Romalılar həmçinin yunan-roman antik dünyasının intellektual irsini də qoruyub saxlayırdılar.

 

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2012.- 2 iyun.- S.18.