Sevilməyə məhkum şair

 

Azərbaycan poeziyasında özünəməxsus yer tutan, yaratdığı önəmli əsərlərlə hələ sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd İsmayılın yaradıcılığına oxucular hər zaman xüsusi maraq və məhəbbət göstəriblər. Bu maraq son illərdə daha da güclənib və get-gedə də artmaqdadır.

Bu ilin fevral ayında “İsloq” nəşriyyatında çap olunan“Vmesto pisma” kitabının təqdimatı ilə əlaqədar Türkiyənin Çanaqqala şəhərindən Moskvaya dəvət olunan sevimli şairimiz, bu gəlişilə qürbətdə yaşayan həmvətənlərini sözün həqiqi mənasında heyrətə saldı. Bu görüşlərin canlı şahidi kimi deyə bilərəm ki, böyük rus şairi Yuri Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda, Marina Svetayevanın ev muzeyindəki görüşündə və Millətlər evində təşkil olunmuş yuxarıda adını çəkdiyim kitabının təqdimatında sənət sevərlər arasında Məmməd İsmayıl fenomeni böyük dalğa yaratdı. Onu da deyim ki, bu görüşlərə sadəcə Moskvadan deyil, Rusyanın müxtəlif bölgələrindən gələn şeirsevərlər də qatılırdı. Təntənəli gəlişilə həmvətənlərinə bir parça ümid, istilik və hərarət gətirən, rus və Azərbaycan dillərində etdiyi çıxışları, oxuduğu bir-birindən gözəl və mənalı şeirləri ilə qəlbləri təlatümə salan şair, öz gedişilə də pozulması zaman aparan həsrət acılı bir sükuta səbəb oldu. Onun gedişilə onsuz da qarlı-boranlı qış günlərini yaşayan Moskva, M.İsmayıl yaradıcılığını sevənlər üçün Günəşini itirmiş asiman kimi bomboş göründü. Və bu ayrılıqdan sonra da, uzun müddət, Məmməd İsmayıl adı onu sevənlərin dillərindən düşmədi.

Anadan poeziya səmasına parlaq bir ulduz kimi doğulan ustad şairimiz, Moskva görüşlərindən az sonra, bir-birinin ardınca müxtəlif respublikaların, şəhərlərin ədəbiyyat dərnəkləri, dərgiləri və təşkilatları tərəfindən, öz gəlişilə onları şərəfləndirmək təkliflər almağa başladı. Bunların sırasında ən çox yadda qalanları bu ilin sentyabr ayında Ukraynanın Kırım vilayətinin Koktebel şəhərində keçiriləcək 10-cu Beynəlxalq Poeziya festivalını və oktyabr ayında Rusiyanın Saratov şəhərində oxucuları ilə keçiriləcək görüşləri xatırlamaq gərəkməkdədir... Bu görüşlərə indidən böyük hazırlıq görülməyə başlanmışdır. Şairin Sartovda sözlərinə yazılmış mahnılardan ibarət albomu və yeni şeirlərindən ibarət kitabı nəşrə hazırlanır. Rusyanın önəmli ədəbi dərgilərindən olan“Literaturnıy Saratov”un son may ayı nömrəsini demək olar ki, Məmməd İsmayılın yaradıcılığına həsr etmişdir. Jurnalın baş redaktoru Məmməd İsmayıl yaradıcılığının böyük pərəstişkarlarından biri olan Vladimir Quryanov, jurnalın açılış-“Məmməd İsmayıl –Azərbaycan poeziyasının parlaq ulduzu” məqaləsində belə yazır: “Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyi – Rusiyanın, MDB ölkələrinin və bir sıra digər dövlətlərin yazıçılar birliklərini özündə birləşdirən yaradıcı təşkilatdır. Onun əsas vəzifəsi – bu dövlətlərdə vahid mədəni mühitin qorunub saxlanması və mənəvi əlaqələrin möhkəmlənməsidir. Milli mədəniyyətin möhkəmlənməsi kimi möhtərəm məqsəd daşıyan “Literaturnıy Saratov”un redaksiyası jurnalın bu nömrəsində istedadlı Azərbaycan şairi Məmməd İsmayılın şeirlərini və onun haqqında rus şairi mərhum Yuri Kuznetsovun, Məmməd İsmayıl qələminin vurğunu texniki elmlər namizədi, professor, Rusiya Təbii elmlər akademiyasının müxbir üzvü, “21-ci əsr Elm” jurnalının məsul redaktoru Rəfail Qəribovun yazdıqları məqalələri və şairin bir doyumluq şeirlərini dərc edir. Əziz oxucular, tanış olun! Azərbaycan poeziyasının parlaq simalarından biri, qeyri-adi poetik istedada, fəlsəfi ağıla malik, həyata saf və titrək münasibətlə yanaşan bir insan sizinlədir!”

Bu qeydlərdən də aydın görünür ki, Məmməd İsmayılın şeirləri, poemaları nəinki Azərbaycan və Türkiyədə tanınır, sevilir, eləcə də Rusiyada, Fransada, Macarıstanda və s... başqa ölkələrdə də diqqətlə izlənilir. Çünki Allahın verdiyi fitri istedad elə bir möcüzədir ki, onu nə gizləmək, nə də söndürmək olar. Belə bir insan harada yaşayır yaşasın, öz işığına yüzlərlə, minlərlə oxucunu cəlb edəcəkdir.

Bu arada, Məmməd müəllimin çox sevdiyi müdrik Konfusidən bir misal gətirmək yerinə düşərdi. Konfusi deyir kim ki, könlünün səsini dinləyib vicdanla davranar, o Şimal ulduzu kimi hər zaman öz yerində olur və digər ulduzlar hörmətlə onun dövrəsinə fırlanırlar.

Bu kəlamı eyni ilə Məmməd İsmayılın şəxsiyyətinə də şamil etmək olar. O da Türkiyənin Çanaqqala şəhərindən, möhtəşəm bir Şimal ulduzu timsalı, ətrafına və minlərlə km. uzaqlara işıq saçaraq, hər kəsi – ədəbiyyata və şeiriyyətə ürəkdən bağlı olanları, sadə və səmimi insanları, dünyanı beş günlük gəlir məmbəyi deyil, əbədi vicdan məhkəməsi bilənləri – özünə cəlb edir.

“Literaturnıy Saratov” jurnalı, görkəmli Rus şairi, Məmməd İsmayılın yaxın dostlarından və onun şeirlərinin rus dilinə tərcüməçilərindən biri olan Yuriy Kuznetsovun, şairin 1989-cu ildə Moskvada Bədii Ədəbiyyat nəşriyyatında çap olunan seçilmiş əsərlərinin bir cildliyinə yazdığı geniş həcmli“Layiqli adam” haqqinda söz “ məqaləsini də bu nömrəsində öz oxucularının müzakirəsinə verir.Bu məqalədən bəzi məqamları da “525-ci qəzet”in sevimli oxucularının diqqətinə çatdırmaq istəyirəm:

“Zamanınız olarsa, Azərbaycanın xəritəsini götürün, Tovuz rayonunu tapın. Kifayət qədər böyük olan bu rayonda Əsrik adlı kiçicik bir kəndi axtarın. 1939-cu ilin payızında, məhz bu kənddə, kəndli ailəsində valideynlərinin ilk və son oğlu – Məmməd İsmayıl dünyaya gəlmişdir.. Yəqin ki, yeni doğulmuş körpənin səsi sazın sədaları ilə müşayət olunmuşdur. Çünki Tovuz – qədim aşıq diyarıdır, Əsrikdə isə, demək olar ki, hər kəs sazda çalmağı bacarır. O tərəflərdə belə bir məsəl də var, deyirlər, hər kənddən bir layiqli adam, Əsrikdən ilk qarşınıza ilk çıxanı seçin. Çünki bu kənddə hər kəs layiqlidir. Və talenin seçiminə Məmməd İsmayıl düşdü”. Y.Kuznetsov dostu haqqında fikirlərini belə davam etdirir:

“...Adından tutmuş taleyinəcən şair ömründə heç nə təsadüfü sayıla bilməz. Bu mənada Məmməd  İsmayıl peyğəmbər Məhəmməd və sərkərdə Şah İsmayıl Xətai ilə adaş olmasında bir qanunauyğunluq var. Heç şübhəsiz ki, şeirlərindən birində etiraf etdiyi kimi şair öz adıyla fəxr edir... Məmməd İsmayıl nə peyğəmbər, nə də sərkərdə oldu. Taleyin hökmü ilə o başqa yol seçdi, şair oldu, həm də sevilənindən!

 Məmməd İsmayılın şeir dünyası, söz kürəsi kimi daim hərəkətdədir.Və bu hərəkətverici qüvvə xaotik deyil, əksinə, mənəvi cazibə qüvvəsinə bağlıdır...”

Doğrudan da tale ona başqa bir ömür hazırlamışdı – mükəmməl şair ömrü! Heç kəsə bənzəməyən misraları və hər kəsdən fərqli dünyagörüşü olan, yenilməz, məğrur bir şair ömrü! Məmməd İsmayıl taleyi – uşaqlığı müharibə qoxulu, gəncliyi ilk məhəbbət acılı! Doğma anası – şairin qibləsidir. Üzünü görmədiyi atası – mərdlik, igidlik və həm də sonsuz həsrət timsalıdır. Səmalar – sehirli bir dünyanın əksi olaraq şeirlərində canlanır. Uşaqlığında saz səsilə mayalanmış xatirələr sonradan Yerin anlaşılmaz sirli səsilə qarışır.

Onun bütün duyğuları bax elə bu xatirələrdən su içmişdir...

Şairin şoxsaylı dostlarından biri, Moskva görüşlərinə Saratovdan qalxıb xüsusi olaraq Moskvaya gəlmiş, “Elm: 21 əsr” jurnalının məsul redaktoru, texnika elmləri doktoru, professor Rəfail Qəribov geniş həcmli məqaləsində belə yazır: Hər hansı sənət sahəsini ya ailəllərimizin istəyi ya da ruhumuzun diqtəsi ilə seçə bilərik. Amma istəyərəkdən şair olmaq məncə mümkün olmayan bir işdir. Çünki şairliyi doğuşdan sonra qazanmaq imkansızdır,yalnız həqiqi, böyük, ilhamlı adamlar anadan şair doğulurlar.Onlar yer üzünə yaratmaq üçün gəlirlər və onları Tanrının mübarək əli yönləndirir.Məmməd İsmayılı məhz belə şair adlandıra bilərik. “Lit.Rossiya” qəzetinə verdiyi müsahibədə bu fikri o özü daha tutarlı deyib:”...Mənə elə gəlir ki, Allah dünyaya gəlməyə hazırlaşan hər bir ruhdan yerüstü həyatında hansı peşəni seçmək istədiyini soruşur.Və...biz gələcək peşəmizi ulu Tanrı dərgahında seçirik. Bəzən ana bətninin doqquz aylıq qaynar qaranlığında Tanrıya verdiyimiz sözü unuduruq.O adamlar ki, Allaha verdikləri sözü unutmurlar onlar heç şübhəsiz istedalı adamlardır. Allahla görüş zamanı yəqinki mən ona şair olmaq istədiyimi söyləmişəm. Və mənə elə gəlir ki, Allah məni qürbətə elə şairlik missiyasını yerinə yetirmək üçün göndərib...”

Geniş həcmli məqaləsində hörmətli Rəfail bəy görüş günlərini xatırlayaraq, həmin görüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt insan hesab edir və xatirələrində belə yazır:

 “Mən artıq özüm üçün belə qənaətə gəlmişəm ki, hər bir azərbaycanlı, ömründə heç olmasa bir dəfə, şairlik etmişdir. Mənim xalqımı və dövlətimi poetik düşüncədən, gözəllikdən, gözəl sözdən və sözün “musiqisindən” ayrı xəyal etmək mümkün deyil. Azərbaycan dünyaya Nizami, Füzuli, Xaqani, Seyid Əzim Şirvani, Sabir, Hüseyn Cavid, S.Vurğun, Rəsul Rza və s... kimi dahi şairlər bəxş etmişdir. Və elə indi də odlar yurdumuz mükəmməl söz ustaları yetirməkdədir. Bəzən hələ çox gənc olan istedadların yazılarını oxuyub, fikirlərin və duyğuların dərinliyinə təəccüb edirsən. Yəqin ki, torpağımız özü övladlarına ətrafındakı gözəllikləri görmək və kainatın dərinliyini duymaq qabiliyyəti verir.

Hazırda yaşayan Azərbaycan ədəbiyyatı klassikləri sırasında Məmməd İsmayıl adı parlaq bir ulduz kimi işıq saçır!”...

Jurnalın bu nömrəsində ünlü rus şairləri Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcüməsində Məmməd İsmayılın iyrimi beş şeirinə də yer verilmişdir:”İndiki səfərə çıxırsan”, “İki Nəfər”, ”Qızıl yağır üstümüzə”, “Apar məni”, “Sual”, ”Ah bu saralan zəmilər”, ”Döyüş, qələbə”, ”Qonun əllərimə yorulanda siz”, ”Vatt”, ”Bu çay bizə yol vermədi”, ”Varmı xəbəri”, ”Bir dəfə”, “Dedin ki...”, ”Nəyinə gərək”, ”Güllər və günlər”, ”Məktubların önümdədir”, “Bəlkə”, “Ryazan motifləri”, ”Göylərə bax, göylərə”, ”Bu, mənəm, a kəndim”, ”O hansı nurani qocaydı görən”, ”Qoymayın dünyanı adiləşməyə”, ”Biz qırx nəfər idik”...

 Bir insanı müxtəlif baxış nöqtələrindən müxtəlif cür görmək və ona qarşı müxtəlif hisslərə malik olmaq olar. Əvvəllər öz-özümə düşünürdüm ki, nədən Məmməd müəllimdən bəzən bu qədər çəkinir və hətta qorxuram (axı o buna heç bir zəmin yaratmır və bundan xəbərsizdir), bəzən isə ürəyimin ən ümdə arzularını aça biləcək qədər yaxın oluram! Bəlkə də bu sual, onu tanıyan çoxlarını düşündürüb. Axır ki, müşahidələrim mənə bu qənaətə gəlməyə imkan verdi: öz düçüncələrini, fikir və amalını bölüşərkən o, tamam ayrı bir insan olur – möhtəşəm bir natiq, əlçatmaz və yenilməz zirvələr qədər uzaq bir alim...; qalan vaxtlar, doğmalarının və yoldaşlarının arasında isə – hətta “yumurtalı sucuq” bişirəcək, manqal yapacaq qədr sadədən- sadə, doğmadan-doğma, ata mehrli, dost ətirli yaxın bir insan...Və ikinci şəxs – mehriban dostdursa, birinci şəxs – inkarolunmaz dahidir!

Söhbətlərinin birində Məmməd müəllim:- “Bizim gözlə görə bilmədiyimiz elə bir güc var ki, o güc Mərmərə və Egey kimi iki məğlubolmaz nəhəng dənizi bir boğazda birləşdirir”,-demişdi. Və o gücə üzünü tutub bir şeirində bu fikri belə ifadə etmişdi:

 

Ümidi bozbulanlıq sulara yansıyan nur...

Sən ey bizi var edən,-

Dənizləri boğazdan keçməyə vadar edən

Gözləriyin ucuyla bizə də bax nə olur...

 

“Dənizləri boğazdan keçməyə vadar edən” ona belə görünür ki, heç də gözlərinin ucuyla baxmamışdır. Şairanə müdrikliklə və Məmməd İsmayıl tərzində deyilmiş bu kəlmələr bizə bir şeyi diqtə edir: ilahi bir güc şairlik və insanlıq deyilən iki anlamı bir şəxsin timsalında cəmləşdirmiş və ... onu hər zaman sevilməyə məhkum etmişdir!

 

 

Afaq ŞIXLI

 

525-ci qəzet.- 2012.- 2 iyun.- S.16.