Türklərin
pravətənləri haqqında, yaxud akademik Mirfatıx Zəkiyevə
açıq məktub
Hörmətli akademik Mirfatıx Zəkiyev!
Sizin “Türk xalqlarının dərin etnik kökləri” (Astana, 2011) kitabınızı böyük maraqla oxudum. Qazaxıstanda dövlət başçısı, Türk Dünyasının liderlərindən biri Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış Türk Akademiyasının ilk (və ən dəyərli!) nəşrlərindən olan bu kitab ənənəvi türkologiyanın bir sıra doktrinalarına qarşı çıxmaqla, geniş polemika imkanları açmaqla, doğrudan da, türklər haqqındakı elmin inkişafına, təsəvvürlərin dəqiqləşməsinə geniş meydan verir.
Mən hələ Sovet dövründən, tələbəlik illərindən Sizin araşdırmalarınızı izləmiş, məzmunlu (və cəsarətli!) fikirlərinizi öyrənməyə çalışmışam. Əsərlərinizdəki polemik ruh isə məni daha çox çəkib.
“Türk xalqlarının dərin etnik kökləri”ndə, əlbəttə, heç bir mübahisəsiz, yaxud müəyyən qeyd-şərtlərlə qəbul ediləcək mülahizələr kifayət qədərdir və Sizin “linqvoarxeologiya” metodunuz, prinsip etibarilə, böyük maraq doğurur. Türkləri qədim dövrdən sıxışdırıb çıxarmağa çalışan ənənəvi türkologiyaya qarşı faktlarla, sübutlarla çıxış etməyiniz, yeni türkologiya yaratmaq cəhdləriniz tamamilə təqdirə layiqdir.
Hörmətli Mirfatıx müəllim!
Bununla belə Sizin elə mülahizələriniz vardır ki, qəbul etmək çətindir... Və əsərlərinizin polemik ruhunu nəzərə alaraq, mən də özümdə cəsarət tapdım ki, Sizə mühüm bir məsələ ilə bağlı öz fikirlərimi (necə deyərlər, etirazımı!) bildirəm.
Hər bir etnos kimi türk etnosunun da, nə qədər məhdud və ya geniş coğrafiyanı əhatə edərsə-etsin, ən qədim yurdu, yaxud pravətəni olmuşdur. Həm elmi-akademik, həm də populyar türkoloji ədəbiyyatda türklərin pravətəni olaraq daha çox Altay dağlarının ətəkləri xatırlanır. Və qeyd etmək lazımdır ki, bu fikir artıq özünün mifləşmiş xarakteri ilə toxunulmazlıq statusuna yaxın bir status almışdır.
“Türk xalqlarının dərin etnik kökləri” kitabı həmin “mifik status”a növbəti (bununla belə kifayət qədər daha güclü!) bir “zərbə vurdu”.
Siz məşhur türk alimi Əhməd Bican Ərcilasuna istinadən bugünə qədər türkoloqlar tərəfindən türklərin pravətəni sayılan regionların siyahısını təqdim edirsiniz:
2)
Şimali və Şimal-Qərbi Çin,
3)
Tyan-Şan dağları regionu,
4) Ön
Asiya,
5) Qərbi
Asiya,
6) Mərkəzi
Asiya,
7)
Şimal-Qərbi Sibir,
8) Baykalətrafı,
9)
İrtış və Ural çaylarının arası,
10)
Ural-Volqaboyu,
11) Şərqi
Avropa.
Və əlavə edirsiniz ki, “ən yeni türkoloji
araşdırmalarda türklərin pravətənlərinin
Altay olması ən uğursuz və səhv mülahizə
sayılır”.
Ə.B.Ərcilasuna
istinadən verdiyiniz siyahı nə qədər əsaslıdırsa,
“ən yeni türkoloji araşdırmalar”a
istinadən verdiyiniz qərar, fikrimcə, o qədər əsassız
sayıla bilər.
Hər
şeydən əvvəl ona görə ki, türklərin
dünyaya məhz Altaylardan (və təbii ki, Altay
dağlarından deyil, Altay dağlarının ətəklərindən!)
yayılması yalnız Q. Klaprot, V.Tomaşek, V.Şott,
M.Kastren, G.Vamberi, N.Aristov kimi hind-Avropa mənşəli
türkoloqlar tərəfindən yox, eyni zamanda türk
xalqlarının çox-çox qədimlərdən
yaratdığı miflər, əfsanələr tərəfindən
də təsdiq olunur. Və odur ki, burada və
ya bu məsələdə qeyri-türk türkoloqları və
ya onların metodologiyasını qınamaq özünü
doğrultmur.
S.Q.Klyaştornının
guya türklərin I minilliyin ortalarına doğru Altaylarda
yerləşməsi, bir neçə əsr sonra isə
Avropaya yayılması, yəni türklərin pravətənlərinin
tarixinin qədim dövrün sonu orta əsrlərin əvvəllərinə
qədər cavanlaşdırılması fikrinə gəldikdə
isə, zənnimcə, bu, pravətənlər içərisində
Altay ehtimalını ikinci və ya üçüncü plana
keçirmir. Çünki türklər
“türk” adını qəbul edənə qədər
müstəqil etnos kimi kifayət qədər zəngin tarix
yaşamışdılar. Və ilk
Türk xaqanlığı türklərin pravətənlərini
yaratmamışdı, ancaq çox güman ki, pravətənin
tarixi ərazisində, yaxud həmhüdud (yaxın) regionda
qurulmuşdu.
S.Q.Klyaştornı əgər, doğrudan da, Siz deyən
fikirdədirsə, deməli, məsələni məsələyə
qarışdırır. Çünki türklərin pravətənini
ilk orta əsrlərdə axtarsaq eramızın ilk əsrlərində
Şimaldan Qafqaz dağlarını keçib Ön Asiyaya
yayılan hunları gərək türk hesab etməyək ki,
dünyada bundan da əsassız mövqe olmazdı.
S.Q.Klyaştornının
(və onun kimi düşünən tarixçilərin)
“mülahizələr”inə görə Altayları türklərin
pravətənləri “siyahı”sından çıxarmaq nə
dərəcədə düzgündür?..
Hörmətli
Mirfatıx müəllim, Siz məhz həmin
qeyri-düzgün “mülahizələr” əsasında Altay
variantından imtina edəndən sonra yazırsınız:
“Türklərin Orta Asiya və Ural-Volqaboyu pravətənlərinin
tərəfdarları isə o fikirdədirlər ki, türklər
digər regionlara köçməyə e.ə. IV-III minilliklərdə
başlamışlar. Ancaq nəzərə alsaq ki,
formalaşmış türk dilinin izləri Amerika
hindularının Asiya əcdadlarının bəzi dillərində
– 30-20 min il bundan əvvəl müşahidə edilir, onda
türklərin ilkin pravətəninin yeri və zamanı
haqqındakı bütün mövcud nəzəriyyələrin
əsassızlığını etiraf etmək lazım gəlir”.
Bu sətirləri
oxuyanda mənə elə gəldi ki, Siz ənənəvi
türkologiyadan, onun səhvlərindən (yəni layiq
olduğundan!) daha böyük intiqam almağa
çalışırsınız... Və məsələni
ümumbəşəri səviyyəyə qaldıraraq belə
bir ümumiləşdirmə aparırsınız ki, “müxtəlif
xalqların alimləri pravətəni müəyyənləşdirməyə
nə qədər çalışsalar da, bu, hələ
heç bir alimə müyəssər olmamışdır.
Göründüyü kimi, türklərin (eləcə
də digər xalqların) pravətəni ümumiyyətlə
heç olmamışdır”.
Nəinki
qədim dünyanın, müqayisə olunmaz dərəcədə
inkişaf etmiş müasir dünyanın belə hər yeri
bütün xalqlara mənsub ola bilməz.
Bizə məlum olan tarixdən bəri bütün
xalqların dünyada az və ya çox dərəcədə
stabil bir məskunlaşma coğrafiyası vardır... Bu isə tamamilə ayrı bir məsələdir
ki, müasir dünyanın güclü etnosları tarixin
böyük mədəniyyətlərinin yarandığı
coğrafiyalara da yiyələnmək istəyirlər. Yəni
müasir dünyanın yox, keçmişin də
bölüşdürülməsi prosesi həmişə
getmişdir...
Ancaq nə qədər təxmini də olsa hər bir
etnosun formalaşdığı bir tarixi coğrafiya vardır
ki, bunu qəbul etmədən etnos anlayışını qəbul
etmək ümumiyyətlə mümkün deyil. Və Sizin
aşağıdakı fikriniz də, fikrimcə, doğru
sayıla bilməz: “Əgər pravətən olsaydı, orada
başqa tayfalara qarışmayan yalnız bir tayfanın
nümayəndələri yaşayardılar ki, bu da nəticə
etibarilə onun bioloji ölümünə gətirib çıxarırdı”.
Nəinki “tarixəqədərki” dövrlərdə, hətta
bizə məlum olan dövrlərdə də müxtəlif
tayfalar, xalqlar az-çox fərqli regionlarda
yaşamışlar, ancaq heç biri nə bioloji, nə də
digər ölümlərlə üzləşməmişdir. Çünki dünyada
iqtisadi, ictimai-siyasi və mədəni əlaqələr deyilən
çoxşaxəli (və çoxmiqyaslı!) bir proses
vardır ki, hər cür ölümün
qarşısını alır.
Və
yazırsınız: “Daha doğru olar təsəvvür edək
ki, müxtəlif türk tayfaları məhsuldar əməyin
təzahürünə qədər, dövlətlərin və
onların sərhədlərinin olmadığı dövrdə
qida axtarışları üçün bütün Avroasiya
boyu yayılmış və başqa tayfalarla yanaşı
yaşamışlar”.
Halbuki bunu təsəvvür etmək nəinki çətindir,
heç mümkün deyil. Eramızdan əvvəlki minilliklərdə
neçə milyon türk (və ya hər hansı başqa
bir xalq) vardı ki, bütün Avroasiya boyu
yayılmışdılar?..
Sizin aşağıdakı mülahizəniz isə nə
qədər doğru olsa da, pravətən məsələsi
ilə birbaşa bağlı deyil, hətta demək olar ki,
tamamilə ayrı məsələdir: “Qarışma prosesi
onların bioloji yaşamına da səbəb olmuşdur. Haradasa türkləri
başqa tayfalara assimilyasiya olunmuşlar və orada
qeyri-türkdilli regionlar yaranmışdır; harada isə
türklər başqalarını assimilyasiya etmişlər,
nəticədə orada türk regionları qərarlaşmışdır
ki, həmin yerlərdə yüzillər boyu türk
tayfalarının tərkibi dəyişməmiş, yalnız
bir tayfanın başqa tayfa üzərindəki
üstünlüyü ilə əlaqədar ümumi
adlandırma dəyişmişdir; məsələn, skiflər,
sarmatlar, alanlar, hunlar, xəzərlər, kumanlar, bolqarlar,
tatarlar – biri digərini izləyən ümumi məzmunlu
adlardır”.
Avropasentrist türkologiyanın “türklərin etnogenezinə
öz məqsədindən irəli gələn üzdəngedən
baxışları” məlumdur. Və Siz kitabınız boyu həmin
“baxışlar”ı, haqlı olaraq tənqid edirsiniz... Ancaq “Türklərin pravətəni harada və nə
zaman olmuşdur? Olmuşdurmu?” sualına kəskin olaraq mənfi
cavab verməyiniz avropasentrist türkologiyanın “saray”ından
bir kərpic belə qoparmır... Əgər əsaslandırmağa
çalışsaydınız ki, türklərin pravətənləri,
məsələn, Mərkəzi, yaxud heç olmasa Şərqi
Avropadır, onda, əlbəttə, maraqlı olardı.
Türklərin
pravətəni Altaylar deyil! Konkret olaraq heç yer deyil!.. Ümumiyyətlə bütün
Avroasiyadır!..
Sizə elə gəlmirmi ki, Siz də bəzi Avropa
türkoloqları kimi Dünyanın harasında sivilizasiya
varsa oranı “zəbt etmək” istəyirsiniz? Məsələn, “Pont dənizi
(Qara dəniz)” sahillərini, Apennin yarımadasını və
s.
Şərqi
Avropanın İran, Ural-Volqaboyunun uqro-fin xalqlarının pravətəni
olması barədəki təsəvvürlərə
qarşı çıxmağınız, burada türklərin
daha qədimlərdən məskunlaşdıqlarını
söyləməyiniz məntiqlidir... Ancaq haradasa qərar
tutmaq lazımdır ya yox?..
Hətta monogenizmin – bütün bəşəriyyətin
eyni mənşəli olmasının, eyni pravətəndən
yayılmasının qızğın tərəfdarı
olsaq belə hər bir xalqlar qrupu, eləcə də hər
bir xalq üçün pravətən axtarışı davam
edəcəkdir. Çünki bunlar tamamilə
başqa-başqa şeylərdir.
Və olduqca məntiqlidir ki, bəşəriyyət
dünyanın hər yerində deyil, bunun üçün
münbit şərait olan bir neçə mərkəzdə
yaranmış, yenə də yaşayış
üçün əlverişlilik prinsipi əsasında
dünyaya yayılmışdır. Yəni bəşəriyyətin cəmisi
bir neçə pravətəni olmuşdur... Və
həmin bəşəriyyəti müxtəlif mərhələlərdə
müxtəlif etnoslara bölən də, birinci növbədə,
regionallaşma, təbii-coğrafi ayrılma, bu və ya digər
dərəcədə təcridolunma olmuşdur. Yəni ən
azından bir neçə yüz il davam edən
bir pravətən olmasa, heç bir tayfa (yaxud dialekt), xalq
(yaxud dil) formalaşa bilməz.
Mən
türklərin pravətənlərinin məhz Altaylar
olduğunda israr etmirəm... Ola bilsin ki, həmin pravətəni
Şərqi Avropada, yaxud Ural-Volqaboyunda, yaxud da Ön Asiyada
axtarmaq daha uğurlu tapıntılarla nəticələnəcəkdir...
Məsələn, Siz qeyd edirsiniz ki, son illər türklərin
pravətəninin Ural-Volqaboyu olduğunu sübut edən ciddi
araşdırmalar meydana çıxmışdır. E.ə. IV
minillikdən başlayan (və türklərə aid olduğu
şübhə doğurmayan!) kurqan mədəniyyətinin izlərinə
nəinki həmin dövrdə, heç ondan xeyli sonralar da
türklərin “populyar pravətəni”ndə – Altaylarda rast gəlinmir.
Halbuki Altaylarda hələ Sovet dövründə aparılan arxeoloji qazıntılarda da məhz həmin dövrə aid kurqanlar aşkar etmişdi. Ancaq K.T.Laypanovla İ.M.Miziyevin “Türk xalqlarının mənşəyi haqqında” (Çerkessk, 1993) kitabından verilmiş etnokulturoloji xüsusiyyətlərə gəldikdə isə, onların çoxu türk xalqlarının məskunlaşdıqları geniş coğrafiyada son orta əsrlərə qədər mövcud idi.
Sizin kimi qüdrətli bir elm adamının, böyük türkoloqun türklərin pravətənlərinin heç zaman olmaması qənaətinə gəlməsi, fikrimcə, “səhv” hesab etdiyiniz Altay pravətəni barədəki təsəvvürdən ( inamdan!) çox-çox şübhəli, qəbuledilməzdir.
Sizə dərin ehtiramla:
Nizami CƏFƏROV,
filologiya elmləri doktoru,
professor,
Azərbaycan MEA-nın
müxbir üzvü,
əməkdar elm xadimi
525-ci qəzet.- 2012.-
2 iyun.- S.15.