İstedadlı jurnalist, nəcib insan 

 

Ölkəmizdə, onun ayrı-ayrı regionlarında, o cümlədən Ağsuda, Ağsu rayonunun səfalı Pirhəsənli kəndində cəmiyyətimizə, elmimizə, mətbuatımıza böyük fayda vermiş dəyərli ziyalılar, istedadlı qələm sahibləri az yetişməmişdi. Onlardan biri də mənalı ömrünü mətbuatımıza həsr etmiş yazıçı-jurnalist Canalı Mirzəliyevdir.

Canalı Mirzəliyev orta məktəbi başa vurduqdan sonra Şamaxı Pedaqoji Texnikumuna daxil olur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra jurnalist olmaq arzusu ilə ADU-ya (BDU) qəbul olunur. Lakin Kostroma vilayətində hərbi xidmətdə olması ilə əlaqədar olaraq ali təhsilini qiyabi yolla davam etdirir. Moskva hərbi dairəsində hərbi xidmətdə olarkən “Krasnıy Voin” və “Krasnaya zvyozda” qəzetləri ilə əməkdaşlıq etmiş, bir sıra xarici ölkə mətbuatında maraqlı yazıları dərc edilmişdir. “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdi.

O, ali məktəbi bitirdikdən sonra Ağsuda çıxan “Birlik” qəzetində şöbə müdiri vəzifəsinə təyin edilib. Tezliklə onun mübariz janrda yazıları əks-səda doğurur. “Bakinski raboçi”, “Sovet kındi” qəzetlərində, “Kirpi” jurnalında və Moskva qəzetlərində gərc olunan sanballı yazıları ona şöhrət gətirir. Gənc jurnalistin bilik, bacarıq və istedadı nəzərə alınaraq partiya işinə irəli çəkilir. O, bir müddət rayon partiya komitəsində təlimatçı vəzifəsində işlədikdən sonraBirlik” qəzetinə redaktor təyin edilir. Bununla onun qarşısında geniş yaradıcılıq üfüqləri açılır. Canəli müəllim beş il Azər.TAC-ın “Şirvanİnformasiya Mərkəzinin direktoru işləmişdir. Həmin müddətdə də İnformasiya Mərkəzinin “Şirvanın səsi” adlı qəzetin baş redaktoru olmuşdur.

 Bakı Ali Partiya Məktəbini rus dilində fərqlənmə diplomu ilə bitirən Canəli Mirzəliyev bir sıra dəyərli, oxucular tərəfindən sevilən sanballı kitablar (bunların sayı 36-dan çoxdur) ərsəyə gətirməklə də yaxşı tanınmış, hörmət və nüfuz qazanmışdı. O, “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” və “Humay” mükafatları laureatı, Azərbaycan Respublikası Dövlət Proqram Katiblıyınin, Birləşmiş Millətlər Təşkilatı Nümayəndəliyinin OXFAM Humanitar Təşkilatının, Beynəlxalq Mətbuat Mərkəzinin müsabiqə qalibidiplomçusu idi. Canəli Mirzəliyev və onun vaxtilə rəhbərlik etdiyiBirlik” qəzeti SSRİ Jurnalistlər İttifaqının M. Ulyanova adına Ümumittifaq mükafatına, özü Azərbaycan Jurnalitlər Birliyininİlin Publisisti” adına layiq görülmüşdü. O, həm də Rusiya Federasiyası Tümen Vilayətin Medion şəhərindəki “Azərbaycan” Cəmiyyətinin Respublika üzərə baş əlaqələndirici kimi də səmərəli aparırdı.

Canəli Mirzəliyevlə tanışlığımın, dostluğumun 30 ildən çox bir tarixi var. Biz ilk dəfə 1980-ci ilin əvvələrində Azərbaycan Jurnalistlər İttifaqında (AJB) görüşmüşük. O vaxtlar mən Ağdamda çıxan “Lenin yolu” qəzetinin, o isə Ağsuda çıxan “Birlik” qəzetinin redaktoru idik. Sonralar bizim ünsiyyətimiz dostluğa çevrilmişdi. O, çox səmimi, mehriban, gülərüz, yumoru sevən, dostluğa sədaqətli bir şəxsiyyət idi.

Canəli müəllim həmişə özü ilə bir diplomat gəzdirirdi. Bu diplomatın içərisində onun ərsəyə gətirdiyi əsərlərindən nümunələr olardı. Onun maraqlı həkayələrini bizdə başçılıq etdiyimiz qəzetlərdə çap etdirərdik.

Canəli müəllimin yaxşı qələmi, səlist nitqi vardı. Onun rayon və şəhər qəzetləri redaktorlarının SSRİ-nin yaranmasının 60 illiyi münasibətilə may 1982-ci ildə Moskvada keçirilən yaradıcılıq seminarında, Azərbaycan KP MK-nın 29 noyabr-2 dekabr 1984-cü ildə Cəllilabadda təşkil etdiyi kənd rayonları ideoloji işçilərinin seminar müşavirəsində dərin məzmunlu çıxışı bugün də yaddaşımızdan silinməmişdi. İyul 1986-cı ildə mətbuat işçilərinin Ağsuda keçirilən rayonlararası müşavirədə də Canəli müəllimin böyük hörmət və nüfuz sahibi olduğunun şahidi olmuşuq.

Canəli müəllimin şəxsiyyəti, bir jurnalist kimi əməli fəaliyyəti, əxlaqi keyfiyyətləri, diqqət və qayğıkeşliyi, dostluqda sədaqəti barədə çox danışmaq olar. O, əsl insan idi. Belə yerdə, V.O. Belinskinin sözləri yada düşür: “Alim, şair, döyüşçü qanunverici ... və s. olmaq yaxşıdır, lakin bunlarla yanaşı insan olmaq da lazımdır”. İstedadla əsl insanlığın vəhdəti onu tanıyanların sevimlisinə çevirmişdi. Bir sözlə, həyatda səmimi, qəlbi pak, təmiz insan idi Canəli müəllim.

Məni ona bağlayan onun ziyalılığı, sözü bütövlüyü, fədarkarlığı, vətənpərvərliyi, diqqət və qayğıkeşliyi, insanaxas digər keyfiyyətləri idi. Onunla həmsöhbət olmaq fərəh hissi oyadırdı. Onun dostluğa sədaqəti barədə bir misal çəksəm, məncə, yerinə düşər.

Mən 1998-ci ilin axırlarında ərizəmlə işdən azad olunub Bakıya məcburi köçkün kimi gələndən sonra məni ilk dəfə işə dəvət edən də Canəli müəllim olmuşdur. Mən onun təsisçi və baş redaktoru olduğu “Azərtayms” qəzetində baş redaktorun birinci müavini kimi jurnalistlik fəaliyyətimi davam etdirməli oldum. Sonra onunla baş redaktoru olduğuYaddaş” dövlət  qəzetində də əməkdaşlıq etmişəm.  Mən də bu etimadı doğrultmaq üçün var qüvvə ilə işlədim. O, mənim fəaliyyətimi qiymətləndirərək yazırdı: “Azərbaycanın Əməkdar jurnalisti, həmişə qəlbimizdə yeri olan əziz dostumuz Bəbir Qüdrət oğlu Hüseynov.

Hörmətli Bəbir müəllim! Sizim işgüzarlığınıza, çevik hərəkətlərinizə baxanda ürəkdən gələn səmimi söhbətlərinizə, şən zarafatlarınıza qulaq asanda istər-istəməz ürəyimizdə xoş duyğular cərəyan edir, sizə məhəbbətimiz daha da artır.

Mənalı ömrünüzün yüksək insani keyfiyyətlərlə zəngin olan səhifələrini vərəqlədikcə, düşünürsən – bax, əsl nümunəvi həyat yolu belə olar!

20 ilə yaxın “Ağdam” qəzetində redaktor olduğunuz illərdə – elə ki, Qarabağdan söz düşürdü, bir dost kimi siz yadımıza düşürdünüz. Həmişə qonaqlı-qaralı idiniz. Ona görə ki, dostlarınız çoxdur. Elə indiaz deyil.

İndidoğma jurnalistik peşəsində fəaliyyətinizi uğurla davam etdirirsiniz. “Azərtayms” qəzetində baş redaktorun birinci müavinisiniz. Qəzetə təzə nəfəs, təzə ruh bəxş edirsiniz, qələminizə söz ola bilməz.

Biz sizi təkcə Azərbaycanın Əməkdar jurnalisti deyil, həm də əməkdar dost, istedadlı qələm sahibi kimi tanıyırıq”.

Baxın, bu sözləri əsl dost, qızıl söz-dərin hikmət sahibi söyləyə bilər. Canəli müəllim həqiqətən böyük ürək sahibi idi. K.Paustovski demişdi: “Dünyada yeganə, bircə həqiqi xəzinə varsa, o da ürəkdi”.

Canəli müəllimin kitabları da oxucuların könül həmdəmidir. Onun ilk kitabı “Dadlı əzab” adlanır. Sonralar “Əmi evində”, “Gül bir az”, “İtirilmiş cənnət haqqında əfsanə”, “Çalış öz xalqının işinə yara”, “Mirislam ağa”, “Rasim Balayev”, “Üçüncü gözün sirri”, “Ağsu”, “Pirhəsənli kəndi: ailələr və talelər”, “Qızıl söz-dərin hikmət”, “İçərişəhər”, Məmməd Mirzəyevlə yazdığı “Qara qızıl” səadət rəngində” silsilə kitablar, “Neft haqqında nə bilirsiniz”, rəyçilərindən biri olduğum, “Mən jurnalistəm”, “Jurnalistikaya giriş”, redaktoru olduğum, “Jurnalist bunları bilməlidir...”, “ Müqəddəs hissin təzahürü” (sənədli hekayə) və başqa dəyərli kitabları oxucuların dərin marağına səbəb olmuş, onların stolüstü kitablarına çevrilmişdi. “Jurnalist taleyi” romanı müəllifin öz həyat və yaradıcılığına həsr olunmuşdu. Bütün bunlar bir daha göstərir ki, Canəli müəllim yazıb-yaratmış, daim yaradıcılıq axtarışında olmuş, mətbuatımıza, ədəbiyyatımıza səmərəli xidmət göstərmişdi. Onun ərsəyə gətirdiyi kitablar oxucuların əxlaq tərbiyəsində, fəal həyat mövqelərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Təffəkürcə inkişaf etmiş müasir oxuculara bu kitablar havasu kimi gərəklidir. Canəli müəllim bu dəyərli kitabları və publisist yazıları ilə uzun illər yadda qalacaqdır.

İndi Canəli müəllim bu dünyada yoxdur. Amansız ölüm onu aramızdan vaxtsız apardı. Müdrik insan, işıqlı ziyalı, böyük qələm sahibi, novator yazıçı-jurnalist, nəcib, xeyirxah, vətən üçün, dövlətçiliyimiz üçün, torpaqlarımızın müstəqilliyi üçün çırpınan pak ürək birdən susdu. Amma o, yaxşı ad qoyub getdi. M. F. Axundov yazırdı: “Dünyada insan üçün ən böyük bəzzək yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar”.

Onun ürəyi də, vicdanı da təmiz idi. Adı kimi, əməlləri də qəlbimizdə həmişə yaşayacaq.

Allah ona rəhmət eləsin!

 

 

Hüseynov Bəbir,

Respublikanın əməkdar

jurnalisti,

 

525-ci qəzet.- 2012.- 5 iyun.- S.8.