Mirzə Fətəli Axundovun elmi-nəzəri görüşləri

 

Mirzə Fətəli Axundovun ədəbiyyatımızda yeni bir eranın başlanğıcını qoyan görkəmli bir dramaturq, nasir, tənqidçi və filosof olması qətiyyən şübhə doğurmayan danılmaz həqiqətdir. İndinin özündə də Axundovun zəngin, rəngarəng ədəbi irsindən faydalanmaq, öyrənmək çox vacibdir.  Ədəbiyyatşünaslıq  elminin, nəzəri-estetik fikrin, ədəbi tənqidin  təşəkkülündə və formalaşmasında çox böyük xidmətləri olan bu dahi mütəfəkkirin əsərləri, nəzəri-estetik fikirləri yeni tarixi şəraitdə belə öz əhəmiyyətini itirməmiş, əksinə, xüsusi bir əhəmiyyət kəsb etməyə başlamışdır.

Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında sözsüz ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olmuşdur. Homer, Firdovsi, Nizami, Sədi, Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynamışdır. M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun “Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab”(1859), “Nəzm və nəsr haqqında”(1859), “Tənqid risaləsi”(1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika”(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır. Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan Axundov həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti,  xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır.  Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı.

“Kəmalüddövlə məktubları” fəlsəfi traktatında Axundov  Kəmalüddövlənin məktublarından bir vasitə kimi istifadə edərək xalqın maariflənməsi, dünya mədəniyyətindən xəbərdar olması, onun öz azadlığı uğrunda mübarizə aparması, zəlilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, iküzlülüyə qarşı çıxması üçün yeni tipli ədəbiyyata böyük ehtiyac olduğunu söyləyirdi. Müasirlərinin əsl poeziyanın mahiyyətini anlaya bilməmələri onu narahat eləyir və dahi mütəfəkkir poeziya necə olmalıdır sualına cavab axtarırdı. O, “müəyyən vəzn ilə bir-birinin yanına düzülən, sonları qafiyələndirilən, məşuqələri əsli olmayan sifətlərlə vəsf edən, bahar, payız fəsilləri qeyri təbii təşbehlərlə təsvir olunan” şeirləri çox əhəmiyyətsiz və zərərli hesab edirdi. Mirzə Fətəli  “poeziyanın məzmunu nəsr əsərlərinin məzmunundan qat-qat təsirli olmalıdır” qənətində idi. Mirzə Fətəli ibarəbazlığı, yersiz şişirtmələri, real həyatdan qaynaqlanmayan bənzətmələri qətiyyən bəyənmir və belə hesab edirdi ki, “Poeziya həqiqətə uyğun, mövcud vəziyyətlə əlaqədar olan yüksək keyfiyyətli, şənləndirici və ya kədərləndirici hekayə və şikayətdən ibarət olmalıdır ki, hər kəsin könlünə yatsın və ona təsir bağışlasın”.

M.F. Axundovun ədəbi janrlar haqqında mülahizələri də çox maraqlıdır. Qəzəlin, qəsidənin bir ədəbi janr kimi könəldiyini iddia edən Axundov lirik əsərlərdən çox xalq həyatını realist lövhələrlə əks etdirməyə qadir epik, dramatik əsərlərə, tənqidi məqalələrə  üstünlük verirdi. Bütün bunlar isə onun sənətdə realizm prinsiplərinə üstünlük verməsindən, bədii əsərin idraki və tərbiyəvi gücünə inamından irəli gəlirdi. Axundov tarixi hadisələri əks etdirməyə imkan verən məsnəvilərə,  hekayə və romanlara çox üstünlük verirdi. Xalqın tərəqqisində dram əsərlərinin, teatr tamaşalarının roluna böyük inam bəsləyən ədib dramı “nəqli-behcət” (komediya) və “nəqli-müsibət” (tragediya) deyə  iki yerə bölür, “ciddi dram”, “əxlaq dramı” terminlərini də işlədirdi. O elə hesab edirdi ki, mövzuya uyğun janr seçilməli, gülməli, komik hadisələr komediyada, faciəli səhnələr isə tragediyada öz bədii əksini tapmalıdır.

Axundov bədii əsərlərin dilinin ibarələrdən təmizlənib canlı danışıq üslubunda olmasını ona görə arzulayırdı ki, bu əsərləri oxuyan və dinləyənlər  müəllifin əsas məramını anlaya, oradakı fikir və mülahizələrdən bəhrələnə, hadisələrdən ibrət götürə  bilsinlər.

Axundov sənətdə təqlidçiliyin, məddahlığın qəddar düşməni idi. O, öyüd-nəsihət zamanının keçdiyini dərk edir, tənqidin həyatda və ədəbiyyatda səfərbəredici təsir gücünə çox inanır və bu qənətə gəlirdi: “Pis və çirkin əməlləri insanın təbiətindən kritika, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz”...

Axundov “İranın yüksək millət qəzetəsi haqqında kritika”məqaləsində yazırdı: “İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyinə malik olub ifadə gözəlliyinə malik olmayan bir nəzm (Mollayi Ruminin məsnəvisi kimi) məqbul nəzmdir, amma şeiriyyətində nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, tehranlı Qaaninin şeirləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündədir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan (Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi) nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir”.

Axundovun məzmun və formanın mahiyyəti, bu iki fəlsəfi kateqoriyanın dialektik vəhdətinin vacibliyi ilə əlaqədar söylədiyi bu fikirlər dünya nəzəri-estetik prinsipləri ilə səsləşir və indi də öz əhəmiyyətini itirməmişdir.

Böyük mütəfəkkirin əsas iki tənqid hədəfi var idi. O,cəmiyyəti inkişaf etdirmək üçün dini, ədəbiyyatı inkişaf etdirmək üçün isə Füzulini tənqid atəşinə tuturdu. Ancaq əslində bu adi yox, cəmiyyəti, ədəbiyyatı inkişafa təhrik edən dialektik inkar idi. Elə bil ki, Mirzə Fətəli Axundov xalqı tərəqqi etməyə qoymayan cahil din xadimlərinin acığını İslam dinindən, təqlidçilikdən uzaq gedə bilməyən, həyatın ritmini duya bilməyən, ədəbiyyatın idraki və tərbiyəvi əhəmiyyətini dərk etməyən epiqonçu şairlərin acığını isə Məhəmməd Füzulidən çıxmağa çalışırdı. Ancaq bu heço demək deyildi ki, Axundov dünya dinləri içində son dərəcə mütərəqqi, insanları düzlüyə, saflığa, haqqa, ədalətə səsləyən İslamı, “ədəbiyyatımızı xarxaşakdan təmizləyib, onu gözəl bir çəmənzara döndərən, bununla da biz türklərin boynuna böyük minnət qoyan  Füzulini (F.Köçərli)  lazımi səviyyədə dəyərləndirə bilmirdi. Din xadimlərini “cəhənnəm hədəsi ilə qorxudub xalqımızı başqa millətlərlə qaynayıb-qovuşmağa, elm və sənət öyrənməyə qoymamaqda” təqsirləndirən Axundovun heç ola bilməz ki, Məhəmməd Peyğəmbərin bu hədislərindən xəbəri olmamış olsun: “Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”; “Elmi beşikdən qəbrədək öyrənin”; “Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir”; “Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin  mürəkkəbi şəhidlərin qanından ağır gələr”; “İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola”;Alim öldü, aləm öldü”; “Bir saat elm öyrənmək altmış illik ibadətdən xeyirlidir”... Məhəmməd Füzulini şair yox, “nazimül-ustad” (nəzmin ustası) adlandıran Mirzə Fətəli Axundovun Füzulinin “Şikayətnamə”sindən, “Padişaşi-mülk” qitəsindən xəbəri yox idimi? Axı Məhəmməd Füzulinin dörd əsr əvvəl söylədiyi “Salam verdim, rüşvət deyildi deyə almadılar” qənaətinin Axundovun buya digər şəkildə söylədiyi tənqidi mülahizələrindən nəyi əskikdir? Axundov qorxa-qorxa, səciyyəvi bədii detal, sətiraltı məna ilə çar məmurlarının (çarın özünün yox ha, çar məmurlarının) rüşvətxorluğuna işarə vururdusa, Məhəmməd Füzuli çəkinmədən, açıq-açığına yazırdı:

 

Padişahii-mülk dinarü-dirhəm rüşvət verib,

Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri...

...Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri...

 

Deməli, məsələnin mahiyyəti, Axundovun məramı tamamilə başqa idi. Böyük mütəfəkkir qəlbinin dərinliyində Allaha da inanırdı, Füzulinin dahi şair olmağına da. O üzünü din xadimlərinə tutub Kəmalüddövlənin dili ilə deyirdi: “Axı dünya gör-götür dünyasıdır. Nə üçün siz bir yığın cəfəngiyyat vasitəsi ilə zavallı xalqı Allahın nemətlərindən (kursiv mənimdir – R.Y.) istifadə etmək imkanından məhrum edirsiniz? Nəğmə oxuma, haramdır, nəğməyə qulaq asma, haramdır; rəqs etmə, məkruhdur, rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır, saza qulaq asma, haramdır; şahmat oynama, haramdır, nərd oynama, haramdır; şəkil çəkmə, haramdır; mənzilində heykəl saxlama, haramdır... bir halda ki, bunların hamısı zahirən cüzi işlər kimi görünsə də, sizin xəbəriniz yoxdur ki, bunların hər birisi müəyyən ölçüdə olarsa, insanın düşüncəsinə cila verir, əqli saflaşdırır və artırır. Çünki insan təbiəti şadlıq və kədər üçün çox həssasdır. Hər bir hissin özünəməxsus qüvvələri vardır ki, bunlar bikar qaldıqda kütləşib fəaliyyətdən düşürlər. Necə ki, əli və ayağı bircə il hərəkətsiz saxlasan, quruyub şikəst olar, eləcə də sevinc və şadlıq bəxş edən vasitələrdən uzaqlaşmaq hisslərin süstləşməsinə və ağılın kütləşməsinə səbəb olar” (“Kəmalüddövlə məktubları”).

Əslində “insanın təbiətinə elm cövhəri ilə nə qədər artıq cila verilərsə, insan həm elmin qüvvəsi, həm də təbiətin köməyi ilə pis əməllərdən bir o qədər çəkinər” qənaətinə gələn Axundov bu mülahizələri ilə ədəbiyyatın, incəsənətin, musiqinin, rəssamlığın, heykəltaraşlığın, arxitekturanın inkişaf yollarının üstündə dayanan əngəlləri məhv etməyə təşəbbüs göstərirdi. Onun işi, mübarizəsi Allahla yox, hər cür inkişafa mane olan, insanları gözləmə mövqeyinə, əzab-əziyyətlə, nadanlığa, müflis həyatı ilə barışmağa, cəhalətə, ətalətə səsləyən, öz mənafeylərini güdən din xadimləri ilə, fanatizmlə idi.

Sənətdə məzmun və forma vəhdətinin vacibliyini xüsusi vurğulayan Axundov “Tənqid risaləsi”ndə yazırdı: “Gözəl məzmun Allah vergisi  (kursiv mənimdir R.Y) olan təbii xüsusiyyətlərdəndir, amma qafiyə düzəltmək başqa sənətlərdə olduğu kimi süni bir işdir”.

Sual olunur, dünya nemətlərinin Allaha məxsus olduğunu, eləcə də sənətdə “Allah vergisini qəbul edən bir adam necə ateist ola bilərdi? Deməli, Axundovun “inkar”ı məqsədlidir; böyük mütəfəkkirin öz nəzəri-estetik fikirlərini əsaslandırmaq, həyatda və sənətdə tərəqqiyə mane olan hər şeyi vurub uçurmaq, köhnə meyarlardan, steoretiplərdən uzaqlaşmaq, cəmiyyəti, ədəbiyyatı, incəsənəti, musiqini yeni istiqamətdə inkişaf etdirmək arzuları ilə birbaşa bağlıdır.

Mirzə Fətəlinin ədəbi-nəzəri irsini tədqiq edənlər ona çox böyk qiymət vermişlər. Tədqiqatçıların hamısı böyük mütəfəkkirin cəmi-cümlətanı bircə məsələdə – Məhəmməd  Füzuliyə verdiyi qiymətdə səhv elədiyini söyləmişlər. Ancaq bircə nəfərin də Axundovun ən böyük səhvini – ateist mövqeyini tənqid etməyə cəsarəti çatmamışdır. Doğrudanmı Axundov Allaha, onun böyüklüyünə və qadirliyinə, Füzulinin dahiliyinə inanmamışdır? Bax müasir Axundovşünaslığın başlıca məqsədi bu suallara marksist-leninçi estetikanın yox, yeni milli metodologiyanın, ümumdünya nəzəri-estetik  fikrinin  tələbləri baxımından cavab axtarmağa çalışmasındadır.

Axundov fanatizmin düşməni olmuşdur, Allahın yox. Axundov təqlidin düşməni olmuşdur,  Füzulinin yox.

 

 

 Rafiq Yusifoğlu,       

 filologiya elmləri doktoru,

 professor

 

525-ci qəzet.- 2012.- 5 iyun.- S.6.