Mətbuat tariximizdə “Molla Nəsrəddin” jurnalı: milli mədəni nailiyyət kimi           

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan qüdrətli söz ustası, yazıçı-dramaturq C.Məmmədquluzadənin ədəbi-publisist fəaliyyətində “Molla Nəsrəddin” satirik məcmuəsi xüsusi bir səhifə təşkil edir. Ən başlıcası, ona görə ki, bu məcmuə milli mətbuatımızın özünəqədərki və özündən sonrakı qəzet və jurnallardan fərqli olaraq yeni bir ictimai mühitin, ədəbi dövrün təməlini qoyub. Eləcə də satirik jurnalistikanın yaranması və inkişafı prosesinə təkan verib. Görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Ə.Mirəhmədov “Azərbaycan Molla Nəsrəddini” əsərində yazırdı: “Heç şübhəsiz, Azərbaycan satirik jurnalistikasının təşəkkül tapması üçün “Molla Nəsrəddin” güclü amillərdən biri, hər cəhətdən gözəl nümunə, “rəhnüma” (Məmmədquluzadə) idi. Məmmədquluzadə, Sabir, Haqverdiyev, Nəzmi, Faiq, Ordubadi, Qəmküsar və başqa mollanəsrəddinçilər satira yoluna düşənlərə yalnız ideya təsiri göstərməklə qalmayıb, nədən və necə yazmağı da öyrətməyə çalışır, başqa sözlə, satiranın inkişafı naminə ifşa hədəfi, predmeti, gülüş üsulları və vasitələri haqqında ədəbi-estetik prinsipləri də bədii yaradıcılıq praktikasında və məqalələrində işləyib hazırlayırdılar”. O, həm də “Molla Nəsrəddin”i xalqın mənəvi-ruhi aləmində böyük yeniliklər əmələ gəlməsinə təkan vermiş bir başlıca qüvvə hesab edirdi.

C.Məmmədquluzadənin ədəbi və publisistik fəaliyyətinə dair çoxlu sayda məqalələr, xatirələrlə yenidən tanışlığımız, eləcə də yaradıcı ömrünün qızıl dövrü hesab etdiyimizMolla Nəsrəddin” satirik məcmuəsinin bütövlükdə saylarını nəzərdən keçirdikcə qarşımızda Azərbaycanın tarixi-etnoqrafiq, ictimai-bədii mənzərəsi canlanır. Bu mənzərə həmin mühitdə hökm sürən milli bəlaların qlobal şəkildə ortaya qoyulması, onların aradan qaldırılması, vəziyyətdən çıxış yollarını göstərməsi ilə səciyyəvi xarakter daşıyır.

Qeyd etməliyik ki, jurnalın öz dövründəki populyarlığı, günümüzəcən fəth etdiyi zirvədən nur saçması bir çox ciddiaktual səslənən cəhətlərlə bağlıdır. Həmin xüsusiyyətlərin diqqət çəkməsi, eyni zamandaMolla Nəsrəddin”in Azərbaycan mətbuatında və mədəniyyətində yeri və təsiri, özünəxas keyfiyyətləri həmişə olduğu kimi bu günböyük maraq gücünə malikdir. İctimai dərdlərimizi yeni üslubda, təzə nəfəslə çözüb-araşdıran, cəhaləti, fanatizmi, mövhumatı cəsarətlə, həm də böyük ustalıqla tənqid və ifşa edən “Molla Nəsrəddin” ilkin fəaliyyəti dövründən Zaqafqaziyada özünün ədəbi məktəbini yaratdı. Bu məktəbin yetirmələri başqa mətbuat orqanlarından fərqli olaraqMolla Nəsrəddin”in təbinə uyğun, məcazına yaxın bir üslubda yazmağı öyrəndilər. Bununla, “Molla Nəsrəddin” dövrünün yeni bir ədəbi mühiti yaranmış oldu.

Doğrudur, “Molla Nəsrəddin”ə qədər C.Məmmədquluzadə “Çay dəstgahı”, “Eşşəyin itməkliyi”, “Kişmiş oyunu”, “Poçt qutusu“ və bir sıra başqa əsərlərini yazmışdı. Açıq fikirli bir ziyalı olan Məhəmmədağa Şahtaxtlının “Şərqi-rus” qəzetində bədii yazılarla, publisistik məqalələrlə çıxış edirdi. Lakin mövhumatın, cəhalətin tüğyan etdiyi bir mühitdə yaşayan müəllif maarifpərvər bir ziyalı kimi yetişdikcə xalqın avam, hüquqsuz və savadsız vəziyyətini daha təsirli və canlı bir formada təsvir etməyi düşünürdü. Sonralar bu istəyini yada salaraq yazmışdı:Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub, intişar edə biləm”.

C.Məmmədquluzadə hələ jurnalın nəşrinə hazırlıq dövründən işinin ana xəttini müəyyənləşdirmişdi: jurnal bütün fəaliyyəti boyu Azərbaycan mühitinin real mənzərəsini natural bir təsvirdə, həyatı gördüyü kimi canlandırmalıdır. Eyni zamanda “mən axundlar üçün, dərin savadlılar üçün yazmıram, ona görə də gərək mənim dilim sadə və anlaşıqlı olsun”,- deyən M.Cəlil dilin sadəliyini, təmizliyini nəşrin ilk sayından sonunacan qoruyub saxlamışdır.

Əlbəttə, hələ M.Cəlilin bir çox əsərləri, o cümlədən “Molla Nəsrəddin” satirik məcmuəsi haqqında dövri mətbuatda F.Köçərli, ötən əsrin ikinci yarısından başlamış, Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəlal, F.Hüseynov, Q.Məmmədli, İ.Həbibbəyli jurnalın nəşri, yaranma tarixi, Azərbaycan mətbuatındakı yeri, mövqeyi ilə bağlı maraqlı tədqiqatlar aparıblar. “Molla Nəsrəddin”in nəşrindən bir əsrdən çox vaxt ötsə də jurnal bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq bir çox gizli mətləblərə aydınlıq gətirir. Bu gün  Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri, bu ədəbi məcmuənin mövzuları ətrafında yeni əsərlər yazılır. Deməli, Azərbaycan mətbuatında, ictimai fikir tariximizdə milli oyanışın parlaq bir səhifəsini yaradan bu jurnalı müxtəlif aspektdən tədqiq etmək, ədəbiyyatşünaslıq elminin aparıcı qolunu təşkil edir. Bu da təbiidir. ÇünkiMolla “Nəsrəddin” Azərbaycan xalqının həyatının, onun ictimai-siyasi mənzərəsinin real, təbii təsvirini vermiş, tipik xüsusiyyətlərini yaratmışdır.

M.Cəlililin yaradıcılığından bəhs edən müasirləri onu oxuculara çox zaman  Molla Nəsrəddin kimi təqdim ediblər. Hansı əsərindən bəhs ediblərsə, onunMolla Nəsrəddin” məcmuəsinin redaktoru olduğunu xüsusi vurğulayıblar. Bununla, öz zamanında böyük şöhrət tapmış belə bir jurnalın da həmin müəllifin qələminə məxsusluğunu, sənətkarın ədəbi-mənəvi gücünü böyük məhəbbətlə ifadə ediblər. Bu, öz dövründə jurnalın xalqın qəlbinə yol tapmasına, ictimai şüurün oyanmasına, milli dirçəlişin, mənəvi-əxlaqi düşüncənin formalaşmasına necə böyük təsir göstərməsinin aşkar meyarı idi. Bu günMolla Nəsrəddin”in transliterasiya ilə çapının cildləri qarşımdadı.  Bu kitabları vərəqlədikcə XX əsrin əvvəllərində Azərbaycan həyatı, onun ictimai-siyasi, ədəbi mühiti gözlərimin qarşısında canlanır. Böyük yazılardan tutmuş, elanların, bir cümləlik xəbərlərin, Poçt qutusundakı məktubların məzmununa, qayəsinəcən xalqın ictimai dərdlərini, ağrılarını cəsarətlə, həm sənətkarlıqla qələmə alan gizli imza müəlliflərinin, mollanəsrəddinçilərin gördüyü işlərə bir daha heyran qalıram.        Düşünürəm, nə yaxşı ki, “Molla Nəsrəddin”in kamil bir mətbuat orqanı kimi Azərbaycan ədəbiyyatı və mətbuatına bəxş etdiyi orijinal, təkrarolunmaz dəst-xətti, zamanında mənəvi-əxlaqi mühitin ağrılarına birbaşa müdaxilə etməsi, xalqın həyatında əhəmiyyətli işlər görməsi, ictimai-ədəbi mühiti formalaşdırmasından zaman-zaman bəhs olunubbundan  sonra da bəhs olunacaqdır. Tədqiqatçılar, cəlilşünaslar öz növbəsində C.Məmmədquluzadənin həyat və yaradıcılığının, ədəbi-publisistik fəaliyyətinin, məhsuldar, yaradıcı zəhmətinin bəhrəsi olanMolla Nəsrəddin”lə bağlı ortaya cox dəyərli tədqiqat əsərləri, monoqrafiyalar qoyublar. Ədəbi-ictimai mühit bu əsərlərin içindən qırmızı xətlə keçən “Azərbaycan mənəvi mədəniyyətinin böyük abidəsi,” “Mətbuatımızın şah əsəri,” “Azərbaycançılıq ideyası,” “Azərbaycannamə” kimi fikirlərlə tanışdır.

Bu möhtəşəm işlərlə yanaşı hələ də “Molla Nəsrəddin”in səhifələrində onlarla gizli imza sahiblərinin adları öyrənilməmiş qalıb. Ən yaxşı haldaMolla Nəsrəddin”ə, C.Məmmədquluzadəyə daha yaxın olan, məhşur mollanəsrəddinçilər ətrafında geniş tədqiqatlar aparılıb. Təəssüf ki, C. Məmmədquluzadənin, “Molla Nəsrəddin”in həyatındakı bu tarixi səhifə indiyəcən dərindən öyrənilməmiş, tədqiq olunmamışdır. Ən yaxşı halda bu insanların “Molla Nəsrəddin”lə əlaqəsinə çox xəsisliklə yanaşılıb, ötəri bir baxışla münasibət bildirilib. Kim bilir, bəlkə onların da taleyinə işıq salınsa, aşkarlanacaq gizli imza müəlliflərinin həmin məcmuə ilə sıx əlaqələrinə aydınlıq gətirmək mümkün olar. Düşünürük ki, “Molla Nəsrəddin”in yaşam tarixində azacıq xidməti olan bir fərd də bu gün tədqiqatdan kənarda qalmamalıdır. Zənnimizcə, “Molla Nəsrəddin”in tədqiq olunmamış digər nümayəndələrinin, şəxsiyyətləri araşdırılmamış bir çox gizli imza müəlliflərinin həmin jurnalla yaradıcı əlaqələrinə yeni münasibətlə yanaşılması,  yəni bu səhifənin araşdırılması, milli mətbuatımızın inkişafının, tarixi yollarının bir daha müxtəlif aspektlərdən tədqiq olunması, öyrənilməsi dünənkindən daha vacıbdir. Başqa sözlə, “Molla Nəsrəddin”in tədqiq olunmamış digər nümayəndələrinin, şəxsiyyətlərinin, bir çox gizli imza müəlliflərinin həmin jurnalla yaradıcı əlaqələrinə yeni münasibətlə yanaşılması bundan sonrakı tədqiqatlar sırasında olmalıdır.

Molla Nəsrəddin”ə ən böyük qiyməti zaman verib. Onun təkrarsız, bənzərsiz, tutiyə bir ədəbi nümunə olduğunu bizə anladıb və xalqımızın mili-mənəvi sərvətinə çevirib. Hər dəfə jurnalda Azərbaycanın ictimai-siyasi, mənəvi-əxlaqi mənzərəsini özündə əks etdirən demokratik ruhlu yazıları, təbii, canlı lövhələri nəzərdən keçirdikcə sanki zamanın naqisliyinə, mühitin eybəcərliyinə dözməyib haray çəkən “mollanəsrəddinçilər”in haqq səsini eşidirik.

Molla Nəsrəddin”in tarixi-ədəbi varlığında mənəvi gəzişmələr etdikcə bu gün Azərbaycan mətbuatının ictimai-əxlaqi mənzərəsini göz önündən keçirirəm. Və istər-istəməz onu haqqında söz açdığımız ədəbi-satirik məcmuənin fəaliyyəti ilə müqayisə edirəm. Düşünürəm, görəsən biz bu gün mətbuatda, jurnalistika yaradıcılığımızda ”Molla Nəsrəddin”in ideya və ənənələrindən dəyərincə bəhrələnirikmi?  Haqqında bəhs etdiyimiz hadisəyə, şəxsiyyətə münasibətimizi həmişə tam tərəfsiz və qərəzsiz bir mövqedən işıqlandırmağa nail oluruqmu? İctimai həyatımızda rastlaşdığımız nöqsanların çözümünü ədalətli şəkildə apara  bilirikmi? Bu gün biz sözümüzü yazı mədəniyyətimizi, düşüncə tərzimizi əxlaq çərçivəsində nizamlaya bilirikmi? Təəssüf ki, bəzən mətbuatda qərəzli çıxışlarımızla özümüzü gözdən salırıq. Bu səbəbdən də çox zaman ictimai mühitin qınağına hədəf oluruq.

Müxtəlif vaxtlardaMolla Nəsrəddin”in saylarını vərəqləyərkən qeyd etdiyim cəhətlərə diqqət yetirmişəm. Orda təhqirdən, yalandan, böhtandan bir nişanə də görməmişəm. Heç tədqiqatçıların da araşdırmalarında “təhqir edib” ifadəsinə rast gəlməmişəm. ÇünkiMolla Nəsrəddin” bütün fəaliyyəti boyu Azərbaycan mühitinin dərdlərindən danışıb. Onun eyiblərinə gülüb. Qadınları savadsız və hüquqsuz qoyan     mühitlə cəngə girib, cəhalətə, mövhumata, xalqı talayan məmurlara qarşı mübarizə aparıb. Onları xəncərdən kəsərli sözün qüdrətılə ifşa edib. Həyatı və hadisələri olduğu kimi təsvir edib. Cənab məmurların, şeyxülislamların, axundların, mollanümaların, nadanların naqisliyini gözlərinin içinə deyib. Düzünü deyib, amma təhqir etməyib. Hətta onun hədəfinə tuş gələn bir neçə şəxs Molla Nəsrəddinin  “üzünə tüpürməkdən ötrüredaksiyaya gəlib, Mirzə Cəlillə söhbətdən sonra özləri də etiraf ediblər ki, “kişi hər nə deyir, düz deyir, fəqət hər düz olanı jurnala yazmazlar,” deyərək, suları süzülə-süzülə gediblər.

Zənnimizcə, bu gün yaradıcı mühitə daxil olan gənc qələm sahibinin H.Zərdabini, N.Vəzirovu, M.Cəlili, M.Ə.Sabiri, Ə.Haqverdiyevi, Ü.Hacıbəyovu, M.S.Ordubadini, Ə.Nəzmini oxumadan, öyrənmədən yazmağı bəlkə də yolverilməzdir. Çünki, yaradıcılıqlarından xəbərləri olmayan yuxarıda adlarını çəkdiyimiz insanlar bütün yaradıcılıqları boyu sözdən xalqın ağrı-acılarını, vətənin mənafeyini, milli və bəşəri ideyaları ifadə etmək üçün istıfadə ediblər. Bu gün biz milli mətbuatımızın məramnaməsini ifadə edən “Molla Nəsrəddin” kimi ictimai-ədəbi salnamədən daha çox bəhrələnməliyik. Onun bütün zamanlar üçün aktual olan mövzu, ideya və ənənələrindən  həmişə faydalanmalıyıq. ÇünkiMolla Nəsrəddin” ədəbi abidəmiz, milli-mənəvi sərvətidir. Eləcə də Azərbaycan mətbuatı tarixinin mübariz, şərəfli bir səhifəsidir.

 

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2012.- 5 iyun.- S.6.