Əclaflığın
anatomiyası
Pul alıb adam öldürürlər. Pul alıb adam satırlar. Pul alıb iş düzəldirlər. Pul alıb oğrunu doğru, doğrunu oğru eləyirlər. Pul alıb haqqı tapdalayırlar. Pul alıb dostdan, əqidədən imtina edirlər. Pul alıb vicdansız olurlar.
İnsan vicdansız olanda hər əmələ qatlaşır, hər sənədə imza atır. Bəlkə insanı bu tövr davranmağa vadar edən kasıblıqdır?
Burqomistr kasıb deyil. Heç şəhər
meri də kasıb olar?
Alfred
İll də kasıb deyi: vaxtilə öz sevgisindən
süd dükanı naminə imtina edib.
Kasıb deyil müəllim də, keşiş də,
polis də.
Amma
onlar... nimdaş adamlardır... hər cür... alver eləməyə
hazır adamlardır: təki pul qazansınlar.
Gücünü pulda tapan insan pulsuz qalanda ipli kukla kimi
iradəsi əlindən gedir, yaltaq və qorxaq olur.
Klara Veşer də bunu bilir: ona
görə də qatarı Hüllen
vağzalında saxlatdırıb Alfred İldən
intiqamını almağa qayıdır; qayıdır sol
ayağı və sağ əli protez olan yaşlı
qadın kimi, qoca müqəvva kimi, protez xanım kimi. Klaranın gəlişinin əsl məqsədindən
xəbərsiz Alfred İll hətta keçmiş sevgilisi
multimilyoner Veşerdən yararlanmağı da
planlaşdırır. Və təkcə o yox...
Bütün şəhər dilənçidir: hamı
vağzala yığışıb ki, qatardan elə indilərdə
enmiş yaşlı xanımdan nəsə qopara bilsin.
Axı həyat pulsuz yaşanmır, atam-atam.
Pul oldumu, həməncə istəklər sıraya
düzülər. İstəklər sıraya düzüləndə
ehtiyac artar və göz hər gördüyünün
arxasınca baxa-baxa qalar.
Göz doymayanda əclaflıq sürətlə
çoxalar. Əclaflıq çoxalanda isə mənəvi-əxlaqi
yasaqlar aradan götürülər və insan ovu icazəli
olar.
Bax, elə bundan danışır isveçrə
yazarı Fridrix Dürrenmatın “Qoca xanımın gəlişi”
pyesi. Bu əsərin dünya mədəniyyəti şəbəkəsində
təcəssüm variantları müxtəlif,
çeşid-çeşid. Sonuncu dəfə
“Qoca xanımın gəlişi” ekranlaşdırılıb
2008-ci ildə və bu ekranlaşdırma artıq neçəncisidir.
Hələ mən teatrları demirəm. 1956-cı ildən üzü bəri teatr
rejissorları bu pyesə permanent elçi düşüblər.
Yəni tutuşdurmaq, müqayisələr
aparmaq caizdir. Ancaq mən bütün
müqayisələri qoyuram bir kənara.
Ondan
ötrü kim, növbə yetişib bizim
Milli Teatra. Türklər demişkən, “pək
əla”. Amma bunun faydası nədir ki,
Milli Teatrda Fridrix Dürrenmatt bizə sarı, yəni
dövrümüzə sarı gəlməyib, əksinə,
biz durub getmişik keçən əsrin 50-ci illərinə.
Öz quruluş mədəniyyətinə
görə bu tamaşa XX yüzilin ikinci yarısı
üçün xarakterik teatr estetikasını sərgiləyir.
Hərçənd quruluşçu rejissor Rövşən
Almuradlı tamaşanın dəqiq fikir partiturasını
qurub: göydən səpələnən pulların
qarşısında heç kim tablamır; hamı “əyilib”
pulları götürür ki “düzəlsin” və bu
“hamı” düzəlmək naminə hər şeyi qurban verə
bilər, hər şeyin üstündən keçə bilər,
hər işi görə bilər. Onları
cinayət də heç qorxutmur. Bu, su kimi
aydın.
O da
aydın ki, tamaşanın adının, janrının müəyyənləşməsilə
bağlı bir sıra xətalar var: biri yazır “Qoca
xanımın gəlişi”, digəri – “Yaşlı
xanımın gəlişi”. Şəxsən mənim
üçün fərq eləməz. Lakin
düşünürəm ki, azərbaycanca bu adların
heç biri almanca və rusca səsləndiyi kimi səslənmir,
tamaşa adı kimi yayqındır və seyrçi
marağını birbaşa hədəfləmir. Dürrenmatda pyesin janrı tragikomediyadır, proqramda
– qrotesk-faciə. Mənə dedilər ki,
təzə proqramda tamaşanın janrını “pritça”
kimi yazacaqlar. Olurmu heç? Nəsə...
Düzü, mən tamaşada qrotesk görmədim.
Bu, bir. İkincisi də bu ki, Fridrixin
personajları, adətən, faciə qəhrəmanlarına
heç oxşamırlar: dramaturqun üslubu üçün
bu, ümumiyyətlə, yad bir tendensiyadır. Əslində,
Dürrenmatt bu əsərində qroteskə daha
yaxındır: protez qadın Klara Veşer və onun kukla ərləri,
kukla xidmətçiləri, kukla bəbiri əcayibdilər,
başdan-ayağa parodiyadırlar. Və qəribəsi
budur ki, tamaşada ən çox məhz bu xətt
“axsayır”.
Niyəsini
deyim Sizə: çünki tamaşa ləngdir,
ağırdır, elə bil ki ritmsizdir və xüsusilə də,
birinci hissə. Bu da ondan irəli gəlir ki, səhnədə
bir basırıq, bir mizan qarışıqlığı var.
Pyes çoxsakinlidir (32 nəfər iştirakçı): hətta
ixtisarla belə onları səhnədə paylaşdırmaq,
həmin şəxsləri ifa edən aktyorların canlı
davranışını təmin etmək çətindir.
Bu pyesdə gözəgörünməyən 33-cü
iştirakçı şəhərdir. Tamaşada
şəhəri kütlə oynamalıydı. Təəssüf
ki, Hüllen sakinləri R.Almuradlının rejissurasında
şəhərə “çevrilə” bilmədilər, şəhər-personaj
ola bilmədilər. R.Almuradlı işini
bir az da onunla qəlizləşdirib ki,
vağzalı səhnənin tən ortasında qurmaq fikrində
quruluşçu rəssam Zöhrab Bəykişiyevlə
razılaşıb. Odur ki, aktyorları və rejissoru arxa
planda işləməkdən məhrum edən iri vağzal
maketi personajları böyürlərə tərəf “itələyib”
və “sıxıb”, oyun məkanını daraldıb. Səhnə bu tamaşada sanki ölüdür və
nəfəs almır.
Amma mən bu məqaləni tamaşanı tənqid eləmək
üçün yox, məxsusi iki aktyordan ötrü
yazıram.
Ona görə ki, xeyli vaxt olar, mən Milli Teatrın səhnəsində
bu sayaq mükəmməl, ağıllı, dəqiq aktyor
oyunu görməmişəm, səhnədə aktyorun bu
cür düz və peşəkarcasına işlədiyini
görməmişəm... Söhbət, əlbəttə
ki, xalq artistləri Nurəddin Mehdixanlı və Ramiz Novruzdan
gedir. N.Mehdixanlı Burqomistrin alnına bütün
dünya əclaflıqlarını möhürləyib
oynayırdı, onu yaxşı bir adam
kimi, savadlı, kübar, demokrat birisi kimi oynayırdı, sanki
öz əclaflığından utana-utana oynayırdı,
plastikasını idealcasına yumşaldıb
oynayırdı, danışığını nəğmə
kimi axıcı eləyib oynayırdı, əclaflığını
məsumiyyətin, səmimiyyətin içində
ört-basdır eləyə-eləyə oynayırdı. Bu
görkəm, söz və əməl təzadında
Burqomistrin əclaflığı elə tez, elə asan faş
olurdu ki camaata... Alfredə qaç deyirdi, Hüllen sakinlərinə
tut... eynən dünya siyasətçiləri kimi... və
dostu Alfredi Klara Veşerin qəfəsdən
qaçmış “qara bəbiri” kimi qovub ölümə
yaxınlaşdırırdı...
“Qara bəbir” həm vəhşi
pişikdir, həm də Klaranın gənclik illərində
öz sevgilisi Alfredə verdiyi ayama. Beləliklə,
bütün Hüllen silahlanırdı: hətta Burqomistr
tüfənglə çıxırdı Alfredin
qarşısına və aşkar olurdu ki, artıq hamı
satılıb və bəbir bəhanədir; Hüllen
camaatı insanı da bəbir bilib ovlamaqda qərarlıdır.
Fridrix
Dürrenmatt simvolizmin pafosunu həmişə acı kinayə
ilə öldürür...
Məhz bu epizodlarda quruluşçu rejissor R.Almuradlı
münasibətlərin ziddiyyətini, ünsiyyətin
intriqasını tamaşanın mizan rəsmində gerçəkçi
bir tərzdə konkretləşdirə bilmişdi.
Elə ki səhnə Nurəddinlə Ramizə
qalırdı, tamaşa baxılırdı, əlüstü
maraqlı olurdu. Ona görə ki, bu iki aktyor bir-birində güzgülənib,
bir-birini görüb və dəyərləndirib
oynayırdı öz rolunu: və əksərən teksti yox,
tərəfmüqabilinin reaksiyasını oynamağa
çalışırdı. Təsadüfi deyil ki,
tamaşanın baxımlı və təsirli səhnələri
Burqomistrlə Alfredin ikilikdə
qarşılaşdığı səhnələr idi: ol məqamda
ki digər personajlar da onlara qatılırdı, səhnədə
həməncə qələbəlik əmələ gəlirdi,
aləm dəyirdi bir-birinə.
Bu tamaşada Ramiz Novruz Alfred İll rolunda mənə əfsanəyə
dönmüş rus aktyoru Mixail Ulyanovu xatırlatdı öz
yerişi, görkəmi, davranışı, ədaları ilə. Əksərən
haylı-küylü oyun manerasına üstünlük verən
aktyor bu dəfə sakit-sakit, minorda, enerjisini cilovlaya-cilovlaya
ifa edirdi öz personajını; güclü olub
gücsüzlüyü oynayırdı, yarımtonlarda
oynayırdı. Ramiz Alfredi daxili və zahiri nimdaşlıq
içində görükdürürdü: vəziyyət
onun qəhrəmanını məğmun, əlacsız,
zavallı eləmişdi. Aktyor səhnə planşeti üzərində
ustufca, qorxa-qorxa, inamsızcasına addımlayırdı:
sanki gözləyirdi ki, bu saat kimsə onu arxadan itələyib
aşıra bilər. Ramizin yerişilə səhnədə tənhalıq
və ümidsizlik yeriyirdi. Çünki ov
başlanmışdı və bütün Hüllen şəhəri
Alfredin üstünə gedirdi: Alfredin üstünə gedirdi
ki, onun ölüsünü Klara Veşerə təhvil versin,
daha doğrusu, Klara Veşerə satsın və bu əxlaqsız
qadının intiqam hissini söndürsün.
Bir əclaflıq
o biri əclaflığı törədir.
Klara Veşeri Hüllen sakinlərinin özləri yaradıblar, özləri əclaf eləyiblər. Bu əclaflığa imza atan birinci adam isə elə Alfredin özü olub; gedib yalançı şahidlər tutub, məhkəməyə fırıldaq gəlib ki, bəs sevdiciyi Klara yüngül əxlaqlı gəzəyən qadındır və onun uşağı kimdən desən ola bilər.
Onda “həkim, salam-əleyküm”: yəni elədiyin əclaflıq bir gün mütləq sənin özünə qayıdacaq, üzünə çırpılacaq. Necə ki İll öz əclaflığının qurbanı oldu, eləcə də şəhər sakinləri... bir gün öz əclaflıqları ilə hökmən qarşılaşacaqlar. Çünki başqasının ölümü üzərində səadət qurulmur.
Klara Veşeri ifa etmək üçün, mənim fikrimcə, əməkdar artist Sənubər İskəndərova çox xoşbəxt bir qadındır, pozitiv duyğulara köklənmiş bir qadındır.
Klara isə xoşbəxt deyil. Xoşbəxt adam intiqam ala bilmir və həmişə bağışlamağa meyilli olur. Qisas özünü bədbəxt sayanların silahıdır. Bədbəxt adamlar sanırlar ki, onların xoşbəxtliyini oğurlayıblar və əvəz çıxmaq ehtirası ilə yanıb tökülürlər. Daha onlar ağıllarına belə gətirmirlər ki, başqasını bədbəxt eləmək itirilmiş xoşbəxtliyi geri qaytarmır.
Bu mənada elə ilk baxışdan aydınlaşır ki, rol da, Klara üçün müəllif tərəfindən düşünülmüş qroteskvarilik də aktrisaya yaddır. Ona görə mənə elə göründü ki, xanım Veşer xanım İskəndərovadan ötrü darıxdırıcıdır və aktrisa qara paltarın içində özünü heç də rahat və inamlı hiss etmir. Təbii ki, bu, mənim təəssüratımdır və kimsə mənimlə razılaşmaya bilir.
Tamaşanın musiqisi də (bəstəkar S.Fərəcov) “lal” musiqidir: seyrçiyə hadisələr dışında əlavə heç nə deyə bilmir, pyesin motivləri, ünsiyyət polifoniyası, personajların və situasiyaların xarakterilə orqanik şəkildə əlaqələnmir.
Hətta bütün bunlarla birlikdə... mən tamaşanı Milli Teatrın lokal uğuru kimi dəyərləndirməyə hazıram, əlbəttə ki, Nurəddin Mehdixanlının və Ramiz Novruzun ifasına görə. Çünki səhnə güzgüsündə onlar bir şəhərdə yaşanan əclaflığın anatomiyasını görükdürməyi bacarmışdılar. Bacarmışdılar desinlər ki, əclaflığın mayası, canı, qanı puldur!!! Onu cəmiyyətdə çoxaldan, tirajlayan amil puldur!!! Bəlkə mən yanılıram... pulsuzluqdur bu amil?!!
Əgər bir tamaşa səni heç olmasa bir az düşündürürsə
Aydın TALIBZADƏ,
teatrşünas
525-ci qəzet.-
2012.- 6 iyun.- S.7.