Naxçıvan:
ilkin şəhər mədəniyyətinin
Bəşəriyyətin
ən qədim insan məskənlərindən biri olan,
planetimizdə ilkin şəhər mədəniyyətinə
sahib olmaqla bərabər, onu dünya sivilizasiyasına bəxş
edən, Nuh peyğəmbəri məzarının yerləşdiyi
ərazi, “Ümumdünya tufanı” ilə əlaqədar əfsanəvi
gəmini xatırladan “Gəmiqaya” abidəsinin olduğu yer,
müqəddəs “Qurani-Kərimin” 18-ci ayəsində
göstərilən “ Əshabi-Kəf” ziyarətgahının
yerləşdiyi ərazi, 5000 ildən artıq yaşı olan
Naxçıvan şəhəri əlverişli coğrafi
iqlim şəraitinə, strateji əhəmiyyətinə
görə və Avropa ilə Şərqi birləşdirən
ticarət yolları üzərində yerləşdiyindən
tarixin müxtəlif mərhələlərində iqtisadi və
mədəni cəhətcə çox zaman yüksəlmiş,
gah da enməli olmuş və nəhayət yenidən
canlanıb bu günkü intibah dövrünə qədəm
qoymuşdur.
Naxçıvan ta qədimdən əlverişli iqlim
şəraiti, yeraltı və yerüstü təbii xammal mənbələri
ilə zəngin olan bir bölgə hesab edilir. Məhz buna görə də
bu qədim diyar ilkin insan məskənlərinin izləri,
onların məşğuliyyəti, işlətdikləri əmək
alətləri, yaşayış tərzi,müxtəlif
tayfalar, ilkin şəhər mədəniyyətini şərtləndirən
amillər, ən qədim dövlətlərin yaşayıb
inkişaf etmələrini sübuta yetirən maddi-mədəniyyət
abidələri ilə tanınan və nəhayət bəşəriyyətin
yarandığı vaxtdan bu günə qədər
dünyanın ən güclü dövlətlərinin, sərkərdə
və hökmdarların, elm adamlarının nəzər diqqətində
olmuşdur.
Naxçıvan bölgəsində ilkin şəhər
mədəniyyətinin meydana çıxıb inkişaf etməsində
şübhəsiz ki, eramızdan əvvəl burada
yaşayıb maddi nemətlər uğrunda mübarizə
aparan insanların təssərrüfatın müxtəlif sahələrindəki
fəaliyyətlərinin tədqiqi və öyrənilməsi
həmişə öz elmi aktuallığı ilə
tanındığı üçün
tarixşünaslığın qarşısında duran əsas
vəzifələrdən biri olmuşdur.
Naxçıvan bölgəsi təssərrüfatının,
eləcə də bu ərazidə arxeoloji tədqiqatların
aparılması isə tarixşünaslığımızda
ilk dəfə bu yerlərin 1826-1828 ci illər Rusiya-İran
müharibələri nəticəsində Naxçıvan
xanlığının rus qoşunları tərəfindən
işğalından sonra başlanmışdır. Daha
doğrusu, hələ 1827-ci ildə çar höküməti
ilə keçirdiyi ərazilərin təbii xammal mənbələrini
öyrənib bu yerləri özünün daxili bazarına
çevirmək üçün başda qraf Konqirinin olmaqla
müxtəlif ixtisaslara sahib olan mütəxxəssislərdən
ibarət yaratdıqları komissiyanı yerlərə, o
cümlədən də Naxçıvan bölgəsinə
göndərmişdir.
Hökumətin
yaratdığı komissiyanın qarşısına
qoyduğu əsas vəzifəyə dair
hazırladığı dörd cilddən ibarət rəsmi
dövlət sənədində deyir “ Zaqafqaziya
xalqlarına nə universitetlər, nə də instutlar
lazım deyil. Komisiyanın əsas vəzifəsi bu yerlərin
təbii xammal mənbələrini, ticarət əkinçiliyi
üçün yararlı olan məhsuldar sahələri
öyrənib, az kapital və daha çox
gəlir verə biləcək sahələri öyrənib,
hökumət qarşısında həmin sahələrin
inkişafı məsələlərini qaldırmaqır.
Bununla da biz ucqarların ticarət əkinçiliyini
inkişaf etdirib bu sahə məhsullarını Mərkəzi
Rusiya sənaye müəssisələrinə
daşımağa buna nail ola bilərik. “Çünki bu yerlər bizim kaloniyamızdır”.
Yeri gəlmişkən, bir əsas məsələni də
oxucularımızın diqqətinə çatdırmaq istəyirik
ki,tarixdə ikinci dəfə müstəqilliyimizi bərpa edənə
qədər çox təəssüf ki istər dövlət
və hökumət sənədlərində, istər XIX və
XX əsrlərə dair tədqiqat əsərlərinin” əksəriyyətində,
istərsədə orta məktəbin tarix dərsliklərində,Azərbaycan
torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi
məsələsini tarixi gerçəkliklə deyil, əksinə
ona bəzək-düzək vuraraq ölkənin
işğalını Azərbaycanın “könüllü surətdə
Rusiyanın tərkibinə keçirdiyini”,bu ərazilərin
zorla Rusiyaya birləşdirilməsi kimi yox “birləşmə”
kimi təqdim etməklə bu məsələdə
xalqımıza uzun müddət obyektiv bilik verməməklə
yanaşı işğal məsələsinin guya azərbaycanlılara
iqtisadi və mədəni rifah gətirdiyini qeyd edirlər. Rus mütəxəssislərinin daş duz mədəni
sahəsindəki tədqiqatlarının nəticələrinə
nəzər yetirdikdə isə bunu biz Daş-duz mədənləri
eləcədə, Qızıl-Vəng kimi ərazilərdəki
tapıntılardan daha aydın görürük.
Naxçıvan şəhərinin adı ilk dəfə
olaraq eramızdan əvvəl 65-8-ci illərdə
yaşamış Roma yazıçısı Kvunt Horotsi Flakk
və eradan əvvəl birinci əsrdə yaşamış yəhudi
tarixçisi Flafi Yosifin əsərlərində çəkilir. Bunlardan əlavə,
Naxçıvan şəhərinin ilk dəfə adı
çəkilən əsərlərdən biri də yunan
coğrafşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsəri
hesab olunur. Müəllif bu əsərində
şəhərin adını çəkməklə
yanaşı onun ərazisi barədə də məlumat verir.
Orta əsr tarixçisi Mousey Xorenli isə
Naxçıvan şəhərinin eramızdan əvvəl VI
əsrdə mövcud olduğunu deyir.
Görkəmli
türk səyyahı Övliya Çələbi (XVII əsr)
“ Səyahətnamə” adlı əsərinin
ikinci cildində (İstanbul, 1314-cü il) Naxçıvan
şəhərinin formalaşmasını məşhur əfsanəvi
hökmdar Əfrasiyabın adı ilə, çar məmuru
B.Qriqoryev isə onun mənşəcə türk olan
hökmdar Cibuni tərəfindən inşa edildiyini söyləyirlər.
Naxçıvan
şəhərinin yaranması tarixinə dair bir sıra (erməni
Çamçiyan və rus, daha doğrusu mənşəcə
fransız İ.Şopen) məxəzlərdə də
məlumat verilir ki, şəhərin meydana
çıxması tarixi “Ümumdünya tufanı” ilə əlaqədardır.
Beləliklə,
adları yuxarıda göstərilən mənbə və məxərlərə
əsaslanaraq deməliyik ki, Naxçıvan şəhəri
hələ eramızdan əvvəl mövcud olmuşdur.
Lakin bununla kifayətlənmək olmaz. Çünki həmin əsərlərin müəllifləri
Naxçıvan şəhəri barədə öz
yaşadıqları dövrə və ya onlardan xeyli əvvəl
yaşamış müəlliflərin məlumatlarından bəlli
olan yazılara dair məlumat verirlər. Daha doğrusu, o
müəlliflərin heç biri şəhərin
yaranmasının canlı şahidi olmamış və ola da bilməzdilər. Deməli,
məntiqi olaraq belə bir fikir irəli sürmək
mümkündür ki, Naxçıvan şəhəri həmin
müəlliflərin yaşadıqları dövrdən də
xeyli əvvəl mövcud olmuşdur. Lakin
bununla belə ədalət naminə etiraf etmək
lazımdır ki, bu cür tarixi ədəbiyyatların birtərəfli
mövqe tutmasına baxmayaraq, həmin mənbələrdə
Naxçıvan şəhərinin qədim və orta əsrlər
tarixinə dair bu gün də öz elmi əhəmiyyətini
itirməyən fikirlər çoxdur. Məhz
elə buna görədir ki, şəhərin tarixi ilə məşğul
olan tədqiqatçılarımız keçmiş irsə
tənqidi münasibət bəsləməklə bərabər,
həmin əsərlərin müsbət cəhətlərindən
də faydalanmalıdırlar.
Beləliklə
şəhərin yaranma tarixinin əsas elmi səbəbini
öyrənmək istədiyimiz təqdirdə bu səbəbləri
rəvayət və əfsanələrlə, ayrı-ayrı
sərkərdə və hökmdarların fəaliyyətləri
ilə, müxtəlif antik və orta əsr müəlliflərinin
salnamə və məxəzləri ilə deyil, məhz ilkin
insan məskənlərindəki məhsuldar qüvvələrin
inkişafı, sənətkarlıq və ticarətin yüksəlişi
və cəmiyyət daxilində baş verən təbəqələşmə
kimi bir sıra əlamətlərin mövcudluğu ilə
izah olunmalıdır.
Bunlardan
başqa, ilkin insan yaşayış yerinin planlı tikilməsi,
onun möhkəm müdafiə olunması üçün
möhtəşəm divar və bürclərlə əhatə
olinması, qala daxilində müxtəlif istehsalat
emalatxanalarının mövcudluğu, şəhər mədəniyyəti
üçün səciyyəvi hal hesab olunan boyalı
qabların hazırlanması, sənətkarlıq məhsullarının
ailə təsərrüfatı daxilindən
çıxıb mübadiləyə qoşulması kimi bir
sıra əlamətlər də şəhər həyatının
formalaşmasını sübuta yetirən amillər hesab
olunur.
Beləliklə, şəhərin yaranması və
şəhər tipli mədəniyyətin formalaşması
üçün yuxarıda adları çəkilən
xarakterik xüsusiyyətlərin Naxçıvandakı ilk
insan yaşayış məskənlərinə aid edilməsini
sübuta yetirməklə şəhərin meydana
çıxması tarixini dəqiq müəyyənləşdirmək
mümkündür. Lakin onu da qeyd edək ki, bu iş həddən artıq
zehni və fiziki əmək tələb edən vəzifənin
yerinə yetirilməsi isə yüksək ixtisaslı
tarixçilər və bu elmə köməkçi fənlər
olan arxeolaqlar, etnoqraflar və numizmatiklərin üzərinə
düşür.
Bu mənada tarixi sənədlərə nəzər
yetirdikdə məlum olur ki, Naxçıvanın qədim
tarixinə dair ilk arxeoloji tədqiqatlara Şimali Azərbaycan
torpaqlarının Rusiyaya birləşdirilməsindən sonra
çar hökumətinin iqtisadi tələbatı ilə əlaqədar
bu yerlərin təbii xammal mənbələrinin mənimsənilməsinə
dair həyata keçirilən axtarış və
tapıntılarla başlanmışdır. S. Zelinskinin və
K.A.Nikitinin məqalələrində qeyd edilir ki, XIX əsrin
70-ci illərində Bayer tərəfindən
Naxçıvanın daş-duz mədənindən qədim
daş dövrünə aid ibtidai insanların
hazırladıqları daş baltalar
tapılmışdır. AMEA müxbir üzvü, arxeoloq Vəli
Baxşəliyevin yazısında da göstərilir ki,2006-2011
ci illərdə Duzdağda beynəlxalq Azərbaycan-Fransa
arxeoloji ekspedisiyasının aparıldığı
araşdırmalar zamanı hələ e.ə.V-III minilliklərdə
bu daş baltalardan duz çıxarmada istifadə
olunmuşdur.
Naxçıvanda ilk insan məskəninin
mövcudluğu və eləcə də şəhər mədəniyyətinin
formalaşması üçün əsas şərtlərdən
biri hesab olunan boyalı qablar mədəniyyətinin öyrənilməsi
məsələsinə XX əsrin əvvəllərindəki
əsərlərdə də toxunulur. Bu mənada A.S.Spisinin 1909-cu ildə
Sankt-Peterburqda nəşr etdirdiyi “Nekotorıe Zakavkazskie
moqilniki” adlı elmi məqaləsində Qızılvəng
(Naxçıvan şəhərindən 18 km aralı) daş
qutu qəbrlərdən tapılmış boyalı qablar mədəniyyəti
haqqındakı elmi məlumatlar daha çox nəzər diqqəti
cəlb edir. Yeri gəlmişkən, onu da qeyd edək
ki, bu cür boyalı qablar nəinki Azərbaycanda, habelə
bütün Zaqafqaziyada ilk dəfə olaraq Naxçıvanda
aşkar edilmişdir. Şəhər mədəniyyətinin
öyrənilməsində böyük elmi əhəmiyyət
kəsb rdən Qızılvəng tapıntıları ilə
əlaqədar məşhur ingilis alimi K.Şefferin 1948-ci ildə
Londonda nəşr etdirdiyi əsərində həmin maddi-mədəniyyət
əşyalarının əhəmiyyəti xüsusi qeyd
olunmuşdur.
Naxçıvanın
qədim tarixinin öyrənilməsinə dair işğalaqədərki
ədəbiyyatlar birtərəfli və ya
yarımçıq xarakter daşıdığından burada
istər ilk insan məskənlərinin yaranması və istərsə
də şəhər tipli mədəniyyətin meydana
çıxması problemini qəti həll etmək
mümkün deyil. Bu sahədə nisbətən
geniş və hərtərəfli elmi tədqiqatlar yalnız
XX əsrin 50-ci illərindən sonrakı dövrlərdə
aparılmışdırsada bu tədqiqatlar da sosialist
ideologiyasına əsaslandığından yenə də
onların əksəriyyəti əsl tarixi gercəkliyi əks
etdirmir. Bununla belə, etiraf etmək lazımdır ki,
1958-ci ildə görkəmli arxeoloq, mərhum O.H.Həbibullayevin
rəhbərliyi ilə Naxçıvan şəhərindən
bir qədər şimalda yerləşən Kültəpə
adlanan yerdə aparılan arxeoloji qazıntılar nəticəsində
əldə olunmuş maddi-mədəniyyət əşyalarının
böyük elmi əhəmiyyəti vardır. O.Həbibullayev
həmin tapıntılarla Neolit dövrünün əvvəllərindən
başlayaraq Enolit, Tunc və Dəmir dövürlərinin
bütün mədəni təbəqələrini
ardıcıl tədqiq edərək azərbaycan
xalqının qədim tarixini, onun mənşəyini, adət-ənənəsini,
həyat tərzini müəyyən etməklə, burada ilk
insan məskənlərinin 3500 il bundan əvvəlk
mövcudluğunu sübuta yetirmişdir. Müəllifin
rəhbərliyi altında aparılan bu cür arexeoloji
qazıntılar Azərbaycan arxeoloqlarının gələcək
tədqiqi işlərinin genişləndirilməsində və
Azərbaycan xalqının qədim tarixinin elmi cəhətdən
daha irəli aparıb onun zənginləşdirilməsində
böyük əhəmiyyəti olmuşdur. Bu sahədə
qazanılmış elmi naliyyətlərin və arxeoloji
qazıntılar nəticəsində toplanmış zəngin
təcrübənin nəticəsi idi ki, XX əsrin 70-ci illərində
Naxçıvanın qədim və orta əsirlər şəhər
mədəniyyəti tarixinə dair bir sıra qiymətli
kitablar, o cümlədən, V.Əliyevin, R.Məmmədovun,
O.Həbibullayevin əsərləri nəşr olunaraq bu
dövrə qədər Azərbaycanın qədim tarixi
dövründə olan boşluğu qismən
tamamlamışdır. 1968-1972 ci illərdə
qədim Naxçıvan ərazisində İkinci Kültəpə
adı ilə tanınan yerdə aparılan arxeoloji tədqiqatlar
elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Burada 1500 m2 sahədə aparılan arxeloji qazıntılar nəticəsində
arxeoloq V.Əliyev belə rəyə gəlir ki, “Kür-Araz mədəniyyətinə
/ e.ə.III minillikdə/. Orta tunc dövrünə,
eləcə də e.ə.II minilliyin birinci yarısına və
I minilliyin əvvəllərinə aid təbəqələr
qazılaraq zəngin maddi-mədəniyyət qalıqları
aşkara çıxarılmışdır”.
Görkəmli
sovet arxeloqu O.M.Çaparidze qədim Naxçıvan mədəniyyətindən
bəhs edərək yazır ki, “Qafqaz xalqlarının həyat
tərzində 5000 il bundan əvvəl / e.ə.III
minillik/-baş vermiş iqtisadi, ictimai və siyasi dəyişiklikləri,
onların mədəni inkişafı, Yaxın Şərq
ölkələri və Şərqi Avropa tayfaları ilə
iqtisadi mədəni əlaqələrini öyrənmək
baxımından Kür-Araz mədəniyyəti abidələri
mühüm elmi əhəmiyyət kəsb edir”.
Beləliklə,
arxeoloqlarımızın yuxarıda göstərdiyimiz əldə
olunan maddi-mədəniyyət abidələri belə bir
düzgün elmi nəticəyə gəlməyə imkan
verir ki, hələ eramızdan çox-çox əvvəl qədim
Naxçıvanda əhalinin sayı artmış,
yaşayış sahəsi genişlənmiş, iqtisadiyyat və
mədəniyyətn inkişafı sahəsində bu proses
sonralar daha da gücləndiyindən ilkin şəhər mədəniyyəti
meydana çıxmışdır.
Naxçıvan şəhərinin belə bir qədim
tarixə malik olması onun təbii olaraq toponimiyasının
müəyyənləşdirilməsi məsələsini
xeyli çətinləşdirir. Məhz elə buna
görə də toponomika məsələləri müxtəlif
dövürlərdə yaranmiş ayrı-ayrı müəlliflərin
əsərlərində səslənmişdir. Məsələn,
Klavdi Ptolomeyin (eramızın II əsri) “Coğrafiya” əsərində
Naxçıvan “Nakcuana”,Sasani hökümdarlarına görə
isə “ Naxq” (ehtimal olunur ki, Sasani hökümdarları
Naxçıvanı zəbt etdikdən sonra şəhərdə
öz adlarına kəsdikləri sikkələr üzərində
Naxçıvan sözünü qısaca olaraq “Naxq” kimi
yazmışlar) kimi qeyd olunurdu. P.Məmmədov “
Naxçıvan şəhərinin tarixi oçerki”( Bakı
1977) adlı əsərində “ Meycəm əl-buldan”,
“Münəccim Başi”, kimi orta əsr ərəb məxəzlərinə
istinad edib göstərir ki, həmin əsərlərin müəllifləri
Naxçıvan şəhərin “ Nəxcuan”, “Nəşavə”,yaxud
“Nəşəvi” , IX-XI əsr ərəb
coğrafşunaslarının əsərlərində “ Nəşəva”
,yəni böyüyən, inkişaf edən,XI-XVII əsrlərə
aid Şərq məxəzlərində isə “ Naxçəvan”
və “ Nəxcəvan” şəklində işlədildiyini
söyləyir. Hətta orta əsr müəllifi
Yaqut Həməvinin əsərində Naxçıvan şəhəri
həm “Nəşəva”, həm də “Naxçıvən”
kimi qeyd olunmuşdur. Müəllif bu münasibətlə
yazır: “ Nəşəva Azərbaycanda
şəhərdir... O, xalq arasında Nəxcuan adı ilə
də məşhurdur. Yeri gəlmişkən
qeyd edək ki, Naxçıvan ərazisində hal-hazırda
qalmaqda olan abidələr üzərində şəhərin
adı “Nəxcuvan” formasında yazılmışdır.
Bəzi
orta əsr Azərbaycan, türk və iran
müəlliflərinin (Məhəmməd İbn Hinduşah
Naxçıvani, (XIV əsr), Həmdullah Qəzvini,
Övliyya Çələbinin XVII əsr) əsərlərində
və.b.) əsərlərində isə
Naxçıvan “Nəqşi-cahan” ( yəni dünyanın bəzəyi)
formasında işlənilir. Həmdullah Qəzvini bu
münasibətlə yazır ki, “ Şəhər
gözəldir və ona nəqşi-cahan deyirlər”. Azərbaycan
dilçilərindən A.Axundov “Torpağın köksündə
tarixin izləri” (Bakı 1983) adlı kitabında
Naxçıvan sözünün etinologiyasına dair
yuxarıda göstərilənlərdən əlavə elam dilindəki Nahhunte (elamlılarda allah
adıdır) sözündən əmələ gəlməsini
söyləyir. Məşhur elamşünas alim Yusif Yusifov isə
Naxçıvan sözünü Naksu-ana Naxçu-an
formasında göstərərək toponimun tərkibindəki
ana//an hissəsini məkan,yer anlamında,
adın kökünü isə iki hissədən Nak//Nax və
Şu//Çu hissələrindən ibarət hesab edərək
Nak//Nax sözünün qədim türk sözü kimi “
yaxşı, xoş” , çu//şu hissəsini isə “ su”
sözü ilə bağlayıb adın mənasını
“dadlı su yeri” “xoş” dadlı “su” kimi izah edir.
Naxçıvan adının mənası və mənşəyi
haqqında isə bir-birinə zidd olan bir neçə elmi və
dini fərziyyələr və xalq etimologiyaları
mövcuddur. Lakin hələlik təklif olunan mənaların
heç biri inandırıcı deyildir.
Tədqiqatçıların
bir qrupu məşhur “Ümumdünya daşqını”na əsaslanaraq
Naxçıvanı Nax (ilk, birinci) və içevan
(düşərgə) sözlərindən yaranmış
hesab edərək “ilk düşərgə” kimi mənalandırmış,
bəziləri isə adın tərkibindəki
“çıvan” hissəsini “ cavan” sözü ilə
bağlayaraq toponimdə “ ilk cavanlıq yeri” mənasını
görmüşlər. Bəllidir ki, “Ümumdünya
daşqını” və “xilaskar gəmi” anlayışı
ilk dəfə “Bilqamıs” adlı şumer
dastanında əks olunmuşdur. Sonradan bu əfsanə
“Tövrat”a oradan isə “Qurana”
keçmişdir. Şumer dastanı
“Bilqamıs”da gəmi qayırıb insanları xilas edən
Untapiştininr adı müvafiq surətdə “Tövrat”da Noy,
“Quran”da isə Nuh kimi verilmişdir. Bəzi
tədqiqatçıların Naxçıvan toponiminin
“Naxç” tayfasının adı ilə əlaqələndirilməsi
də bizə görə düzgün deyildir. Çünki Naxçıvan adı “Naxç”
etnonimindən daha qədimdir.
XXI əsrin
birinci on illiyində Naxçıvan bölgəsinin, xüsusən
Naxçıvan şəhər tarixinin daha dərindən tədqiq
edilməsi sahəsində Naxçıvan MR rəhbərliyinin
qəbul etdiyi qərarlar və bunların icrası
üçün yaradılmış yüksək dövlət
qayğısı öz müsibət nəticələrini
vermişdir. AMEA Naxçıvan bölməsinin
Tarix və Arxeologiya İnstitunun arxeoloq və etnoqrafları Gəmiqayada
apardiqları elmi tədqiqatlara əsaslanaraq belə bir nəticəyə
gəlmişdilər ki, Nuh əfsanəsinin istər coğrafi,
istər toponomik, istərsədə etnoqrafik baxımından
Naxçıvanla bağlılığı danılmaz həqiqətdir.
AMEA müxbir V.Əliyev isə öz tədqiqatlarında qeyd
edir ki, araşdırmalar sübut edir ki, 4000-5000 il bundan əvvəllər
Azərbaycanın ən qədim mədəniyyət
ocaqlarından biri olan Nazçıvan bəşəriyyətin
ilkin sivilizasiyasının mərkəzi olan Şumer dövlətləri
ilə sıx iqtisadi-mədəni əlaqələr
saxlamışdır. (Vəli Əliyev. Naxçıvan Azərbaycanın tarixi
diyarıdır. Bakı, XXI UNE, 2002-ci il, səh,19). Odur ki, ümumşərq
dünyası üçün səciyyəvi olan bir çox
qədim miflər Naxçıvanda yaşayanların da
yaddaşında qalmış və bu günümüzə gəlib
çatmışdır. Şummer abidələrində
olan təsvirlər özünü Gəmiqaya təsvirlərində
də əks etdirir. Qədim
Naxçıvan şəhəri əlverişli iqtisadi və
hərbi strateji ərazidə yerləşdiyindən qədim
və orta əsrlərdə bu və ya digər dövlətlər,
xüsusən, Roma imperiyası və sasanilərin (III-VI əsrlərdə)
hərbi əməliyatt meydana çevrilmişdir. Roma dövləti bu əraziyə yiyələnərək
atəşpərəstlik məbədlərini
dağıdaraq əvəzində xiristian abidələri
ucaltmış, ölkənin iqtisadiyyatını xeyli zəiflətmişdir.
Lakin müharibələrin müvəqqəti
dayandırılması ilə əlaqədar olaraq şəhərin
təsərrüfat həyatı yenidən canlanıb
yükslmişdir. A.K.Nikitin o dövr
Naxçıvan şəhər həyatından bəhs edərkən
yazır ki, bu dövrdə şəhər həddən
arıq varlı həyat keçirdiyindən burada ticarət əlaqələri
də xeyli güclənmişdir. Müəllifə
görə, hələ IV əsrdə şəhərdə
150000 əhalini əhatə edən 30000 ev
mövcud idi.
VII əsrdə Azərbaycanın başqa şəhərləri
kimi, Naxçıvan şəhəri də Ərəb istilasına
məruz qalmışdır. Şəhər əhalisinin kəskin
müqavimət göstərməsinə baxmayaraq 644-cü ildə
Naxçıvan xilafət qoşunları tərəfindən
zəbt olunub islam dinini qəbul etməli
olmuşdular. Ərəb zülmünə
qarşı mübarizə Azərbaycan və Ermənistanın
bir çox şəhər və kəndlərində daha
ciddi xarakter almışdı. Xilafətə
qarşı çevrilmiş bu hərəkatda istismar olunan
xalq kütlələri ilə bərabər, ərəb
canişinləri tərəfindən iqtisadi və siyasi
hüquqlardan məhrum edilən yerli feodallar da iştirak
edirdilər. Belə bir vəziyyətdən
qorxuya düşən müxtəlif ərəb əmirlərinin
cəza dəstələri xalq hərakatını
amansızcasına yatırmışdılarsa da hələlik
bəzi yerlərdə tam sakitlik yarada bilməmişdilər.
Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi
tarixçilər er.əvvəlki qədim Naxçıvan
şəhəri barəsində bir sıra yalnış fikirlər
irəli sürərək xilafət dövründə erməni
knyazlarının Naxçıvan kilsəsində
yandırılması tarixi hadisəsini də əllərində
şüar edərək hazırkı Naxçıvanı Azərbaycan
şəhərləri sırasına daxil etmək istəmirlər. Bu qurup
tarixçilər əgər əsl tarixi həqiqəti
öyrənmək istəyirlərsə, onda VII əsrin
axırı və VIII əsrin əvvəllərindəki
tarixi abidələri düzgün təhlil etməyə qadir
olan mötəbər mənbələrə müraciət
edib öyrənsinlər ki, söhbət hansı
Naxçıvandan gedir?
Qədim
və orta əsrlər tarixinin tədqiqi üzrə nəinki
keçmiş SSRİ-də ,hətta xaricdə də
tanınmış görkəmli alim, akademik mərhum
Z.M.Bünyadov bu məsələ ilə əlaqədar
özünün “Azərbaycan Atabəyləri dövləti”
(Bakı 1984) adlı monoqrafiyasında Türkiyə ərazisindəki
epiqrafik abidələrin tədqiqində məşhur mütəxəssis
kimi tanınmış akademik İ.A.Orbelininin əsərlərinə istinad edib
göstərir ki, İ.A.Orbeli Türkiyənin Kars vilayətindəki
yaşayış məntəqələri arasında
Naxçıvan yaşayış məntəqəsinin və
həmin yaşayış yerində VII əsrin sonlarına
aid bir kilsənin də adını çəkir. Müəllifin
Türkiyə, Naxçıvanı və oradakı kilsə
haqqındakı İ.A.Orbelinin həmin məqaləsində
göstərdiyi sitat belədir: “Naxçıvan məbədi
xarabalıqlar içərisində qalmışdı, lakin
sonradan camaat özlərinin dini ehtiyaclarını ödəmək
üçün kilsəni tikmək qərarına gəldi. Bu məqsədlə əhali uçulmuş
divarların ...yenidən özülə tikdilər. Bu
işlərə rəhbərlik rdən bənna mənə xəbər
verdi ki, məbədin daşlarında
yanığın izləri var, onların üzü
tökülmüşdür, buna görə də
bütün daşları yenidən yonmaq lazım gəldi.”
Beləliklə,
İ.A.Orbelinin yazısından göründüyü kimi VII əsrin
sonlarında ərəb sərkərdəsi Məhəmməd
ibn Mərvan tərəfindən müəyyən təqibə
məruz qalan erməni knyazları Azərbaycanın ən qədim
və doğma şəhəri hesab olunan Naxçıvanda
deyil, Türkiyənin Qars vilayətindəki Naxçıvan
yaşayış məntəqəsində olan kilsədə
müəyyən maniyelərlə üzləşmişlər.
Məhz buna görə də müasir bir qrup
orta əsr tarixçilərinin indiki Naxçıvanı Azərbaycan
şəhərləri sırasından çıxarmaq cəhdləri
əbəsdir. Digər tərəfdən,
yuxarıda göstərildiyi kimi arxeoloqların eramızdan əvvəl
mövcud olmuş qədim Naxçıvan şəhəri ərazisində
apardıqları arxeoloji qazıntılar nəticəsində
əldə etdikləri maddi-mədəniyyət nümunələri
sırasında heç bir kilsə və heç bir xristian
abidələrinin izinin belə olmaması da
Naxçıvanın Azərbaycanın doğma şəhərlərindən
biri hesab olunmasını bir daha sübuta yetirir.
VII-IX əsrlərdə ərəb canişinlərinin
özbaşınalığına baxmayaraq Naxçıvan
şəhəri xilafətin əsas hərbi dayaq məntəqələrindən
biri olduğuna görə X-XI əsərlərlə şəhər
həyat tərzi yenidən dirçəlmişdir. Bu dirçəliş
XII əsrdə daha da yüksələrək
Naxçıvanı bütün Şərq aləmində ən
inkişaf etmiş şəhərlər sırasına
çıxararaq bəşəriyyətə görkəmli
şəxslər bəxş etmişdir.
Naxçıvanda
doğulmuş, orada yaşamış və yaratmış Əcəmi
Əbubəkir oğlu Naxçıvanı özünün əvəzedilməz
böyük memarlıq sənətkarlığı ilə məhz
bu dövrdən bütün dünyada
tanınmışdır. Qərbdə
memarlıq əsərlərinin hələ anonim şəklində
yarandığı bir vaxtda Əcəmi bizə məlum olan
şah əsərlərinin müəllifi kimi tanınır.
O, həm də Azərbaycanda ilk memarlıq məktəbinin əsasını
məhz Naxçıvan şəhərində qoymuşdur. Zəmanəmizə
qədər mövcud olan memarlıq məktəbinin
yaratdığı abidələr sırasında Yusif
Küseyir oğlu türbəsi (1162), Möminə xatın
türbəsi (1186), Naxçıvan Cümə məscidi
(XI-XII əsr), Gülüstan türbəsi ( XIII əsrin əvvəlləri)
xüsusi yer tutur.
Naxçıvan ərazisinin
bəşəriyyətin ilkin ibtidai insan izlərinin əsas mərkəzlərindən
birinin hesab olunmasına dair obyektiv elmi tədqiqatlar xüsusən
XX əsrin 90-cı illərindən sonra daha doğrusu Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasından sonra
ölkəmizdə yüksək dövlət
qayğısı sayəsində həyata keçirilən
böyük tədbirlər nəticəsində mümkün
olmuşdur.
Bu mənada Naxçıvan MR-ın rəhbərliyinin
xalq təsərrüfatının ayrı-ayrı sahələrinə,
o cümlədən elmi tədqiqatların bəşəri və
milli dəyərlər baxımından yenidən işlənilməsi
məqsədi ilə verilmiş sərəncam, elmi məsləhət
və tövsiyyələr xüsusi əhəmiyyət kəsb
edir.
Məhz
dövlət tərəfindən yaradılmış bu
yüksək qayğıya cavab olaraq tədqiqatçılarımız
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəai
olan Naxçıvan MR-da son illər tariximizin müxtəlif
sahələrinə dair, xüsusən də
Naxçıvanda ilk ibtidai insan məskənlərinin tədqiqatı
sahəsində sanballı elmi nəticələr əldə
etmişlər. Son tədqiqatların elmi cəhətdən
daha tutarlı olmasını və onun dünya alimləri tərəfindən
birmənalı şəkildə müdafiə edilməsinin
bir səbəbi də bu sahə ilə məşğul olan və
dünya elmində tanınan xarici ölkə alimləri ilə
o cümlədən ingilis, amerikan, fransız, türk tədqiqatçıları
ilə yerli tədqiqatçıların birlikdə işləmələri
və onların əldə etdikləri maddi-mədəniyyət
tapıntılarını laboratoriya analizindən keçirib
onlara dair elmi təhlillər aparıb qarşılıqlı
razılaşma əsasında mətbuatda
çıxışlar edib, beynəlxalq elmi konfranslarda Azərbaycan
elmi barədə yüksək fikir yaratmaqla, Naxçıvana əsassız
ərazi iddiasında olan erməni
cığırdaşlarına və onların havadarlarına
verilən layiqli elmi cavabdır.
Bu cür
elmi cəhətdən tutarlı və sanballı əsərlər
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutları , xüsusən həmin
akademiyanın Naxçıvan bölməsi və
Naxçıvan Dövlət Universiteti alimlərinin tədqiqatları
sayəsində işıq üzü görmüşdür.
Bu tədqiqatlar
Naxçıvandakı Kilid, Daşqala, Qazma kimi mağaralarda,
Batabatın dağ və yamaclarında, II Kültəpə qədim
yaşayış kimi onlarla yerlərdən daş
dövrünə dair tapılan əşyalar burada ibtidai insan
izlərinin olmasını sübuta yetirir, həmin ərazilərin
dünyanın ən qədim ərazilərindən biri
olduğunu göstərir.
Naxçıvan ərazisindəki ilkin insan məskənlərinin
əsas tədqiqatçılarından biri sayılan
AMEA-nın müxbir üzvü Vəli Əliyev yazır ki,
“Bütün Qafqazda, Cənubi Azərbaycanda (Urmiyada), Ön
Asiyada, (Suriya, Fələstin və.b.) geniş
yayılmış Kür-Araz mədəniyyətinin əsas vətəni
Naxçıvan diyarıdır. Odur ki,
Kür-Araz mədəniyyətinin ən zəngin və
qalın yaşayış yerləri (I Kültəpə, II
Kültəpə, Maxta, Ovçular təpəsi, Daşarx və
b.) Naxçıvan ərazisindədir.
Təbii
ki, əlverişli coğrafi iqlim şəraitinə malik olan
Naxçıvan ərazisi ilk ibtidai insan mərkəzlərindən
biri olduğu kimi, qədim insanların maddi nemətlər
uğrunda mübarizəsi nəticədə əmək alətlərinin
təkmilləşdirilməsinə, ilk əmək
bölgülərinin meydana çıxmasına, müxtəlif
peşə sahibi tayfaların formalaşması sayəsində
və nəhayət burada şəhər mədəniyyətinin
də erkən yaranmasına səbəb olmuşdur. Belə ilkin şəhər tipli mərkəzlərdən
II Kültəpə, Görövqala (Şaxtaxtı),
Qarabağlar, Oğlanqala, Pilovtəpə və
Qazançı kimi qalalarda ilkin şəhər mədəniyyətinə
dair maddi-mədəniyyət nümunələri kifayət qədərdir.
Son tədqiqatlar
Naxçıvan ərazisində ilk ibtidai insan izləri,
icmanın yaranması, onun daxilindəki parçalanmalar,
müxtəlif peşə sahələrinin formalaşması
və nəhayət şəhər mədəniyyətinin
meydana çıxması sahəsində XX əsrin 50-80-ci illərində
Naxçıvan bölgəsi tarixinə dair əldə
olunmuş, elmi nəaliyyətlərə hörmətlə
yanaşıb onların elmi-metodiki məktəblərinə
söykənməklə müstəqilliyimizin bizə bəxş
etdiyi şəraitdən istifadə edib apardıqları
arxeoloji qazıntılardan əldə etdikləri tutarlı
faktlar əsasında dünya miqyasında Naxçıvan
şəhər mədəniyyətinin daha, 5000 il bundan əvvəl
meydana çıxdığını sübut etməyə
yönəlmişdir.
Azərbaycanın
o cümlədən onun ayrılmaz tərkib hissəsi olan
Naxçıvanın ədəbi və mədəni
mühitinin tədqiqində müstəsna xidmətlər
göstərən tanınmış görkəmli ədəbiyyatşünas
alim, akademik İsa Həbibbəyli Naxçıvanda şəhərsalma
mədəniyyəti izlərinin olması barədə
keçmiş SSRİ arxeoloqlarının o cümlədən
Qafqaz və Azərbaycan arxeoloqlarının maddi mədəniyyət
tapıntılarına, qədim, orta əsr, yeni və ən
yeni tarixi qaynaqlara söykənməklə Naxçıvan
şəhərinin yaşı barədə öz elmi
mülahizələrini yekunlaşdıraraq yazır:
“Naxçıvan şəhərinin tarixi insanlığın
yaranmasının başlanğıc dövrləri ilə
bağlıdır. Naxçıvan bəşər
sivilizasiyasının ilk şəhər tipli
yaşayış məskənlərindən biridir... Naxçıvan şəhərinin 5 min illik
yaşını təsdiq edən dəlil sübutlar kifayət
qədərdir”.
Zəhmət ŞAHVERDİYEV,
Naxçıvan Dövlət
Universitetinin
Azərbaycan tarixi kafedrasının
müdiri, tarix elmləri doktoru
525-ci qəzet.-
2012.- 6 iyun.- S.4-6.