Dahilər
(Novella)
O günü qatara qalxdım. “O günü” deyəndə
ki, ötüb keçən hər gün “o gün”dür. Nə isə.... Hə, qatara qalxdım, qalxan kimi də gözüm
köhnə tanışlardan
birini tutdu. Onun gözü məni, mənim gözüm onu tutmamışdan qabaq tutmuşdu. Belə olmasaydı, gözümü
yayındırardım. Niyə?
Niyəsini izah etməyə nə ehtiyac?! Siz də
bəzi tanışları
görəndə (çatdırsanız)
gözünüzü yayındırırsınız.
Səbəb aydındır.
Mən onu
görəndə o artıq
mənə tərəf
gəlirdi. Vaqon da, bilirsiniz, uzun darısqal yerdi. Gözlənilmədən
yaranan zəruri məqamlarda qaçıb
gizlənmək mümkün
deyil.
Fikir vermisinizsə,
kəsgin süjetli filmlərdə cinayətkarları
əsasən qatarda vaqondan - vaqona qaçarkən uzağı
axırıncı vaqonun
tamborunda (qatardan atılıb canını
qurtarmasa) tuturlar.
Tanışım bir göz qırpımında
mənə yaxınlaşdı,
təzəcə oturduğum
yerdə yanımda əyləşdi.
Salam verdi. Salamını aldım.
- Necəsən? – soruşdu.
- Yaxşıyam! – dedim.
- Sən necəsən? – soruşdum.
- Mən də yaxşıyam, - dedi.
- Yenə ordamı işləyirsən?,
soruşdu.
- Bəli, - dedim.
- Sən nə işlə məşğulsan? – soruşdum.
- Qəzet buraxıram, - dedi.
- O nə qəzetdir elə? – soruşdum.
- “Dahilər” – dedi.
- Heç rast gəlməmişəm,
- dedim.
- Nə danışırsan – dedi
– adı dillərdə
gəzir!
- Satışda var? – soruşdum.
- Yox, - dedi.
- Bəs necə satırsan? – soruşdum.
Bax bu
yerdə həmsöhbətim
millətin ünvanına
təşəkkürlər
deyib başladı
nə başladı. Onun dedikləri yaddaqalan olduğu üçün sözbəsöz
verirəm:
- Allah xalqımızı
var eləsin! Səxavətli xalqdır.
Kimə üz tuturam, qapıları üzümə taybatay açır. Hamı öz təsəvvüründə
dahidir. Di gəl, indiyə qədər kəşf olunmayan, qədri bilinməyən dahi!
Elə ki
deyirəm “Dahi” qəzetinin baş redaktoruyam. Bu
sayımızı siz dahiyə həsr etmək qərarına gəlmişik,
həmin dəqiqə
qəzetin bütün
xərclərini öz
öhdələrinə götürürlər.
Hələ bu harasıdır. Ön səhifəsində həmin
dahinin böyüdülmüş
şəkli olan qəzet çıxanda, dahi qəhrəmanımız
vara - yoxa baxmır, arvad - uşağın boğazından
kəsib qəzetin bütün tirajını
alır.
- Alıb neynəyir? – Hövsələsizliklə
soruşdum.
- Alıb qohum - əqrəbəyə,
tanış - bilişə,
bir sözlə, əli çatınca ətrafına paylayır,
dahi olduğunu hamıya bəyan edir, danılmaz əşyeyi - dəlil kimi qəzetimiz vasitəsi ilə car çəkir.
- Çoxdandı bu işlə məşğulsan? – soruşdum.
- Bu il beş
illik yubileyimizi qeyd etdik, - dedi,
- Bütün
əlihədiyyəli dahilər təntənəli
tədbirə toplaşmışdılar.
Maraqlı orasıdır
ki, bu dahi
o dahini bəyənmir,
tanımaq istəmir, yuxarıdan baxır, buna görə də dahilər tədbirinə dəvət
alan hər bir dahi ayrı
– ayrılıqda dəridən
–qabıqdan çıxıb
çalışmışdı ki, bunun hədiyyəsi
onun hədiyyəsindən
daha dəyərli, daha baha olsun.
Beləliklə də,
özünün o biri
dahilərdən daha da dahi olduğunu
sübuta yetirsin. Bu da son nəticədə redaksiyamızın xeyrinədir.
- Dahilər belə çoxdur ki? – heyrətlə soruşdum.
- Dedim axı,
öz aləmində hamı dahidir. Odur ki, onun
dahiliyini görüb qiymətləndirənin yolunu
gözləyir, belə
bir qədirbilənin intizarındadır. Eh! – həmsöhbətim
ani sükutdan sonra köks ötürdü, - belələri
nə qədər çox olsa da, hər şey
kimi, geci – tezi onlar da
tükənir.
Şəhərdə dahiləşdirmədiyim tanış
– biliş qalmadı. Axırda məcbur olub bölgələrə
üz tutdum. Orada da xeyli
adamı dahiləşdirdim.
Onlar da tükəndi.
Aydın məsələdir
ki, dahi həm də imkanlı adam olmalıdır ki, qəzetin mətbəə
xərclərini çəkə
bilsin, külli tirajı alsın və nəhayət bir neçə ay əməkdaşların əmək
haqqını ödəmə
qabiliyyətinə malik
olsun.
Qabiliyyət demişkən,
bu yerdə onu da deyim
ki, xalqın sıralarında elə qabiliyyətsizləri, elə
axmaqları var ki, öz dahiliyinə
özü də inanmır.
Deyirsən, dahisən!
Deyir, məni
dolayırsan?
Deyirsən, dolayıram
nədi?! Bir az xərcimi çək, sənin dahiliyin barədə aləmə car çəkim.
Deyir, get işinlə məşğul
ol!
Deyirsən, işim
elə milləti dahiləşdirməkdi!
Deyir, get dədəni dahiləşdir!
Deyirəm, dədəmin
buna pulu çatmaz!
Deyir, get öz tayını axtar! – qapını üzümə çırpıb
yola salır. Mən də çıxıram başqa
dahi axtarışına,
ancaq çıxarkən
belə
axmaqlara deyirəm,
dahi olmaq istəmirsən, istəmə!
Beləcə adi, sıravi məxluq kimi qal!
Nə yaxşı
ki, dahilikdən yaxa qaçıran belə qabiliyyətsizlərin
sayı azdır, olduqca az.
Az olsalar
da, belələri adamın işinə pəl qatırlar, yolunu tərsləşdirirlər.
Dilə - ağıza düşür
ki, “Dahi”qazeti filankəsin qapısını
döyüb, o da dahi olmaq istəməyib,
qəzeti qapıdan qovub. Beləliklə adamın ağzı bir az yoxuşa
düşür. Amma sənə deyim ki, dahilikdən imtina edənlərdən qisas alaraq onları
məcburən dahiləşdirirəm.
Necə? Qəzetimizin
səhifələrində tənqid
edib it urvatına salıram. Olduğundan da çox kiçildirəm.
Bu cür nankorlar sonradan redaksiyanın qapısını
yağır edib yalvarçı düşürlər
ki, amanı bir gündür, belə yazıları yığışdırın, dahi deyirsən dahi olaq, nə
deyirik ki!.. Ürəyimdə gülüb
deyirəm, əlbəttə
biyabır olmaqdansa dahi olmaq yaxşıdır.
Orasını da deyim ki,
belələrinin əvəzinə
könüllü olaraq
redaksiyanın qapısını
döyüb dahi olduğunu bildirənlər
də olur. Necə deyərlər elələri belələrini
kompensasiya edir.
Xülasə, bölgələrin
də axırına çıxandan sonra öz rayonumuza üz tutdum, rayonda, kənddə adam qalmadı, hamının dahi olduğunu dedim, inandırdım, yazıb
– yaydım. Amma nəticədə qonşu
– qonşuya yağı
kəsildi, bəhsə
girdi, o dahidirsə mən ondan da dahiyəm dedi, küsdü, barışmadı.
Onların bu
haqlı iddiyası məndə yeni ideya yaratdı. Təzə bir qəzet, “Dahilərin dahisi” qəzeti buraxmaq qərarına gəldim. Onsuz da adi dahi
qalmadı, hamısının
haqqında yazdım, hərəsinə qəzetimizin
bir sayını ithaf etdim.
İnşallah “Dahilərin dahisi” qəzetinin ilk nömrəsini
bu yaxınlarda buraxmalıyam. İlk dahilər dahisini axtarıram, istəyirəm
ayağı sayalı,
uğurlu adam olsun.
Bu yerdə həmsöhbətim müəmmalı
şəkildə susdu,
təzəcə tapılmış
sərvətə baxırmış
kimi üzümə diqqət kəsildi:
- Gəlsənə, səndən başlayaq! –
dedi.
Udqundum, heç
nə deyə bilmədim. Sonradan təhqir borusundan keçib icbari dahilər dahisi olmaqdan qorxdum.
Tanışım razılıqla gülümsündü:
- Susmaq razılıq
əlamətidir! – dedi.
Bax beləcə,
qatara adi adam kimi mindim,
dahilər dahisi kimi düşdüm.
İmir Məmmədli
525-ci qəzet.- 2012.- 7 iyun.- S.7.