Vahid Əzizin poeziya dünyasına bir baxış    

 

Mənim onunla nə az, nə çox – otuz illik bir zaman kəsiyini əhatə edən isti münasibətim var. Onu hər zaman bütöv şəxsiyyət, yaxşı insan, səmimi dost kimi qəbul etmiş, poetik istedadına da böyük hörmət bəsləmişəm. Lakin bu yaxınlarda onun gənclərlə, daha düzü Sosial Münasibətlər Universitetinin bir neçə yüz tələbəsi ilə keçirilən görüşündə qarşımda yeni bir Vahid Əzizin çox parlaq obrazını görüb sevindim, kövrək duyğular yaşadım.

Əvvəlcə bunu deyim ki, müasir gəncliyimiz, onun aşıb-daşan simfoniyası məni ağuşuna aldı və ona olan ümidlərimin zirvəsində dayandım. Uzun illər geniş kütlələrlə ən yaxın təmasda olub qurub-yaratmaq eşqilə yaşayan bir adam kimi deyə bilərəm ki, bu gənclərlə, necə deyərlər, dağı dağ üstünə qoymaq olar. Elə bilirəm ki, gəncliyin poeziyaya olan sevgisi onu tanımaq üçün bəlkə də ən dəyərli meyardır. Bu görüşdə gəncliyin poeziyaya, həm də insanları düşündürən, onların varlığına hakim kəsilən poeziyaya ürəkdən bağlı olduğunu görüb də sevinməmək mümkün deyildi. Mən şahid oldum ki, bu gənclər Vahid Əzizin poeziyasından saatlarla şeir dedi, onu ardı-arası kəsilməyən suallarla düşüncələrinə qərq etdilər. Bu sorğu-suallar prosesi Vahid Əzizin hər bir şeirini yaşayıb-yaratdığının parlaq nümunələrini aşkara çıxardı.

Mən şahid oldum ki, Vahid Əzizin poetik dünyasının baş qəhrəmanı ulu Yaradanın sirli-sehirli möcüzəsi olan insandır, insan faktorudur. Görüşdən sonra Vahid Əzizin bir neçə ay əvvəl böyük məhəbbətlə mənə ərməğan etdiyi son divanı, 530-dan artıq şeiri toplanmış “Alça çiçəyinə bənzəyən ömür” kitabı yenidən yuxusuz gecələrimin həmdəmi oldu. (Bu da mənə məlum oldu ki, bir ildə o, min şeir yazmışdır (2007-2008-ci illər).

Bu, onun necə zəhmətkeş şair olduğunun çox parlaq nümunəsidir. Mən həm də bir ədəbiyyatçı alim kimi bunu da saf-çürük etdim ki, onun bir dənə də olsun bizi düşündürməyən, duyğularımızı oyatmayan, poetik səviyyəsilə zövqümüzü oxşamayan şeirinə təsadüf etmədim. Bəzən çox istedad sahibi olan şairlərimiz özünə tələbkarlığı lazımınca gözləmədikləri üzündən yaradıcılıqlarına ləkə salan şeir nümunələrilə onu sevən oxucularını pərişan edirlər. Mən çox axtardım, Vahid Əzizdə bundan əsər-əlamət görə bilmədim. Bunun bir səbəbini də onda gördüm ki, Vahid Əziz həm də çox görkəmli ictimai xadim olub. Uzun illər partiya və dövlət orqanlarında məsul vəzifələrdə çalışıb kütlələrlə yaxın təmasda olduğundan, adi fəhlədən, kəndlidən başlayıb ən böyük məmurlara, dövlət xadimlərinə qədər hamını işdə, cəmiyyətdə tanıyıb və onları insan kimi, şəxsiyyət kimi saf-çürük edib.

Bütün şeirlərinin baş qəhrəmanı olan insan üçün vacib olan keyfiyyətlərin heç biri onun nəzərindən qaçmayıb. Bu baxımdan beş bəndlik “Mən səni bəxtəvər etmək istədim” şeiri üzərində köklənib ondakı insani dəyərlərə diqqəti cəlb etmək qərarına gəldim. Həmin şeiri bütünlüklə oxuculara təqdim edirəm:

 

Ümid məhv oldusa, ölməyə nə var?

Daha ağlamaq yox, bu son gilədi!

Mən özü-özünü qurudan çinar,

Eşq məni qurd kimi içimdən yedi.

 

Dözdüm, “Qürur” adlı sözü unudub,

Hayıf, inanmadım, haqlıymış bürcün,

Bəzən ləyaqətin daşını atıb,

Dözdüm səni yaxşı tanımaq üçün.

 

Daha ürəyimə düşməz açarın,

Gözlərim xaraba pəncərəsidir,

Kirpikdə inləyən yaş damcıları

İlahi bir eşqin “Qu nəğməsidir”.

 

Daha nə adın var, nə məhəbbətin –

İçimdə bir kövrək vicdan qovrulur,

Ürək anlamadın, qədir bilmədin –

Nankorun sonluğu fəlakət olar!

 

Puç oldu o qədər öyüdüm, cəhdim,

Tutmur əməllərin sərt gileyinlə!

Mən səni bəxtəvər etmək istədim,

Sən özün oynadın öz taleyinlə...

 

İndi isə onun birinci misrasına diqqət çəkək:

“Ümid məhv oldusa, ölməyə nə var?”

Gəlin bu misranın fəlsəfi anlayışına nəzər salaq. “Ümid” adlanan bu anlayış insanı yaşadan, ona qol-qanad verən, onun şəxsiyyətini formalaşdıran, həyatda, cəmiyyətdə mövqe qazanmasına dəstək olan, onu çalışdıran, çətinlikləri aradan qaldırmağa sövq edən, bir sözlə, insanı yaşadan bir qüdrət mənbəyidir. Şair heç şübhəsiz, bütün bunları götür-qoy edib bu qərara gəlmiş ki, əgər ümidlərin ölübsə, sən də ölü kimi bir şeysən.

Heç şübhəsiz, “qürur” insan şəxsiyyətini ucaldan çox dəyərli keyfiyyətlərdən biridir. Qüruru olmayan adamlar özünü alçaldır, özü öz şəxsiyyətini ayaqlar altına salıb tapdalayır. Əslində bunlar əzəldən heç bir şəxsiyyəti olmayan adamlardır. Elələri də var ki, onları şəxsiyyət hesab etməmək olmaz, lakin onlar bütöv şəxsiyyət deyillər. Bəs bunlar kimlərdir? Məsələn, biz neçə-neçə yüksək istedad sahibi olan adamlar tanıyırıq, hansı səbəbdənsə yaradıcılığında məddahlığa, yaltaqlığa yuvarlanıb bizi acı təəssüflərə düçar edir. Bunun daha dərin fəlsəfi köklərinə gedib çıxanda cəmiyyətdəki qüsurları görürük. Bu qüsur isə əsasən ondan ibarətdir ki, ulu Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s.) bir hədisinə əməl etmirik: “ Məddahların üzünə torpaq çırpın”.

Yaltaqlıq da məddahlığın bir növ anlayışıdır və insan ləyaqətini alçaldan ən iyrənc bir keyfiyyətdir.

Vahid Əziz! Əziz dost! Çox şükür ki, yaradıcılığınızda bunların əsər-əlaməti yoxdur.

İndi şairin həmin misralarındakı “dözüm” anlayışına fikir verək. İnsan həyatında elə anlar da qaçılmaz olur ki, qürurunu sındırmaq bahasına olsa da, ona dözüm gətirməli olursan. Bunun da yenə saysız-hesabsız misallarla şərhini vermək olar. Şairin timsalında “məhəbbət” adlanan bir ilahi anlayış müqabilində dözüm gətirib qürurunu sındıra bilərsən. Məhəbbət isə elə bir anlayışdır ki, bundan məhrum olan adamlar bir çox böyük müdriklərin təbirincə desək, quru ağaca bənzəyirlər. Bu yerdə böyük Nizaminin bir beyti yada düşür:

 

“Gözəllik də bu dünyadan əzəldir,

Gözəldən hər nə görsən, gözəldir”.

 

Burada qoşa anlayış meydana çıxır – “gözəllik” və “məhəbbət”. Bəs Nizaminin “gözəlliyin bu dünyadan əzəldir” deməsini necə başa düşək? Yəni insan üçün bütün gözəlliklərin real mənbəyi olan dünya olmayıbsa, “gözəllik” necə ola bilərdi?

Böyük türk övliyası İbrahim Haqqının çox əzəmətli əsəri olan “Mərifətnamə”də bunun belə şərhinə təsadüf edirik: Kainat yaranmaqdan əvvəl Allah bir cövhər yaradır. Bu cövhər o qədər gözəl olur ki, Allahın özü də ona böyük məhəbbətlə tamaşa edir. Cövhər utandığından köpüklənib yayılır və bundan kainat əmələ gəlir.

Bunlar ilahiyyatçı filosofun təxəyyülünün məhsulu olsa da, gözəlliyə və məhəbbətə baxışın necə ilahi bir anlayış olduğuna dair çox ibrətamiz təsəvvürüdür.

Şairin “dözümü” çox vacib olan digər bir insani keyfiyyətlə qarşılaşdırılır. Bu “ləyaqətdir”. O, yazır:

 

“Bəzən ləyaqətin daşını atıb

Dözdüm, səni yaxşı tanımaq üçün”.

 

Gəlin indi buradakı fəlsəfi təfəkkürə şərh verək. Ləyaqətin necə bir yüksək insani dəyər olduğu barədə izahat verməyə yəqin ki, ehtiyac yoxdur. Təkcə bunu demək istərdim ki, cəmiyyətdə ləyaqət sahibi olmaq həm şərəfli, həm də çox çətin insani borcdur. Vətənə ləyaqətli övladlar yetişdirmək dövlətin də, onun siyasi və ictimai qurumlarının da, valideynlərin də müqəddəs vəzifəsidir. Bunu bacara bilməyən dövlət də, belə övldlarından məhrum olan valideynlər də bədbəxtdir.

Belə isə indi şairin məhəbbətinin əzəmətini göz önümüzə gətirək. O, bu məhəbbətin yolunda “ləyaqət” kimi misilsiz olan insani dəyərlərdən də keçib dözüm gətirməyə hazırdır.

Daha sonra şairin fəlsəfi düşüncələrinə nəzər yetirməli oluruq. Məhəbbəti yolunda bütün varlığından keçməyə hazır olan şair onun uğursuzluğuna düçar olub yuvarlanarkən

 

“Daha nə adın var, nə məhəbbətin,

İçimdə bir kövrək vicdan qovrulur”

 

Deyərək nalə çəkir.

Vicdanı insan faktoru baxımından əvəzsiz bir keyfiyyət olduğunu nəzərə alsaq, düşünməli oluruq ki, şairin bu nakam məhəbbətinə qürurunu, ləyaqətini qurban verəndən sonra çəkdiyi əzab ancaq onun vicdanını yandırıb yaxa bilər. Və şair qəlbinə üz tutmalı olur:“Ürək, anlamadın, qədir bilmədin,

Nankorun sonluğu fəlakət olur”

Şairin qürurundan, ləyaqətindən keçib hər şeyə dözməsinə “nankorluq” damğası vurmaqdan başqa çarəsi qalmır.Şeirdəki bir obraz bir oxucu kimi məni məftun etmişdir:

 

“Kiprikdə inləyən yaş damcıları,

İlahi bir eşqin Qu nəğməsidir”.

 

Bu obrazı xəyalımdan keçirib düşündüm ki, “ilahi, belə bir obrazın tapıntısı üçün gərək böyük Füzulinin eşq dünyasına baş vurasan. Məsələn, onun “sor” rədifli məşhur

 

– Şəfai-vəsl qədrin hicr ilə bimar olandan sor,

Zülali zövqi-şövqün təşneyi didar

olandan sor

 

– beyti ilə başlayan qəzəlini yada salaq.

Şairin digər obrazları da biri-birindən gözəldir, orijinaldır, ibrətamizdir: “Özü-özünü qurudan çinar”, “eşq məni qurd kimi içimdən yedi”, “Daha ürəyimə düşməz açarın”, “Gözlərim xaraba pəncərəsidir” kimi obrazlar şairin misilsiz tapıntılarıdır.

Əziz oxucu! Mənim şairin təkcə bir şeirindən aldığım təəssüratım o qədər zəngin idi ki, buradakı fəlsəfi məqamları bir kitab, bir elmi dissertasiya səviyyəsində artırmaq, genişləndirmək olardı. Odur ki, bunu onun başqa şeirlərilə bölüşmək istəmədim. Bir də düşünəsiz ki, onun son dərəcə zəngin poetik dünyasına baş vurduqda necə bir dünya yaşamış olarsınız.

Digər bir unudulmaz təəssüratım isə Sosial Münasibətlər Universitetinin gənclərindən, onların dünyabaxışlarından, poeziyaya vurğunluğundan aldığım böyük zövq idi. Onlara baxıb ömrün 85 illik zirvəsindən öz gəncliyimə boylandım. Düşünüb də “Böyük Vətən Müharibəsi” adlanan bir fəlakətin yaratdığı aclığın, səfalətin, yaşamaq uğrunda mübarizənin amansız girdabında çabalayan gəncliyimi yaşadım.

Buna şübhə etmədim ki, sizi çox xoşbəxt bir gələcək gözləyir. O şərtlə ki, bu gəncliyin qədrini uça tutasınız, şairin qurban verdiyi “qüruru”, “ləyaqəti” siz heç nəyə qurban verməyəsiniz. O da sizinlə görüşə gəlmişdi ki, bunları desin və elə dedi ki, yəqin bu görüşü də heç vaxt unutmayacaqsınız.

Sizə də, Azərbaycanımızın gözəl şairi Vahid Əzizə də eşq olsun!

 

 

 

Sadiq Murtuzayev,       

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 7 iyun.- S.6.