Kulturologiya obyektivliyi sevən
elmdir
525-ci
qəzetin 31 may 2012-ci il tarixli sayında tarix elmləri doktoru,
professor Fuad Məmmədovla “Bölgələrdə kulturoloji
mərkəzlər açılmalıdır” və “Azərbaycanda
“Kulturologiya İnstitutu”, “Kulturologiya Akademiyası”
yaradılmalıdır” başlıqları altında
müsahibə dərc edilib. Bu başlıqlar ilk andan məndə maraq və təəccüb
doğurdu. Çünki müsahibə daha çox absurd
mülahizələrdən ibarət olduğu
üçün onu qəbul etmək çətindir. Həmin
ziddiyyətli mülahizələri nəzərə alaraq, mən
də bu məsələ ilə bağlı öz fikirlərimi
bildirirəm.
Əvvəla məqalənin ilk sətirlərindən “ hazırda aparıcı elmlərdən biri məhz kulturologiyadır” və yaxud “əslində kulturologiya insanın həyat fəaliyyəti haqqında elmdir” fikri alimlər tərəfindən istər beynəlxalq aləmdə, istərsə də respublikamızda dəfələrlə səslənmişdir. Fuad müəllimin bu elmə və bu sahəyə olan həvəsi bəzən onu obyektivlikdən uzaqlaşdırır, hissə qapılaraq mübahisəyə səbəb olan mülahizələr söyləməyə gətirib çıxarır. O yazır ki, “bu elmdə dağıdıcı yox, bütün pozitiv yaradıcı sahələr öz əksni tapır”, yaxud “yenilikləri bilməyənlər kulturologiyanın nə olduğunu bilmir, bunun incəsənət haqqında elm olduğunu düşünürlər. Kulturologiya mədəniyyət haqqında elm deməkdir”. Fuad müəllim, məgər dağıdıcı elm də var? İncəsənət mədəniyyətin böyük bir tərkib hissəsi deyilmi? Məqalədə “Eurovision özü sırf kulturoloji hadisədir”fikrinizlə elə bu məqalədə kulturologiyanın incəsənət haqqında elm olmaması fikriniz bir-birinə zidd deyilmi? Əslində bu misalla siz öz-özünüzə qarşı çıxır və öz- özünüzü inkar edirsiniz.
Kulturologiya elminə olan birtərəfli münasibət Fuad müəllimi konkretlikdən
uzaqlaşdırır. Məqaləni oxuduqca
Fuad müəllimdə ifrat
dərəcədə liderçilik həvəsinin
olduğunu duyuruq və
jurnalistin “Fuad müəllim, Azərbaycanda kulturologiya elminin əsasını
siz qoymusunuz” fikri isə onun təşəxxüsünü
bir az da
artırır. Bundan sonra
o, qeyri təvazökar
mövqe tutaraq “Bu elmin əsasını mənim
rəhbəri olduğum “Simurq
Azərbaycan Mədəniyyət Assosiasiyası” qoyub” deyərək obyektivlikdən tam uzaq olan,
istehza doğuran fikir söyləyir. Halbuki Azərbaycanda
kulturologiya elminin əsasını qoyanlardan
ilki, professor Solmina Dadaşova olmuşdur. O, kulturoloq ixtisası üzrə
Sankt- Peterburq Dövlət
Kulturologiya institutunda təhsil almış, namizədlik dissertasiyası
müdafiə edərək
kulturoloq-müəllim kimi
keçmiş incəsənət
institutunda (hazırki
ADMİU-da) pedoqoji fəaliyyətlə məşğul
olmuşdur. Professor səviyyəsinə yüksələrək
ömrünün sonuna
qədər elm və
yaradıcılıq işlər
üzrə prorektor vəzifəsində çalışmışdır.
Professor Fuad Məmmədov
bu faktı qeyd etmirsə, özünü bu
elmin banisi sayırsa, bu çox böyük təəssüf doğurur
və ən azı Solmina xanımın ruhuna hörmətsizlik deməkdir.Görəsən
Fuad müəllimdə
bu faktlara biganəlik və unutqanlığın səbəbi
nədir?
Mən hələ
1997-ci ildə professorlar
Əlikram Tağıyev
və Qoşqar Əliyevin “Kulturologiya” dərs vəsaitini, 1998-ci
ildə isə
professor Ağayar Şükürovun
“Kulturologiya” dərsliyini
çap etdirməklə
onların bu sahədəki fəaliyyətlərini
demirəm.
Hörmətli Fuad müəllim! Sizin bir fikrinizə də aydınlıq gətirmək istərdim. Siz məqalədə qeyd edirsiniz ki, “Hazırda Mədəniyyət və İncəsənət Universitetində kulturologiya üzrə elmi dərəcə almaq üçün fəaliyyət göstərən dissertasiya şurası məhz bizim təşəbbüsümüzlə yaradılıb” fikri kökündən səhvdir. Axı siz kimsiniz və hansı hüquqa maliksiniz ki, sizin təşəbbüsünüzlə Müdafiə Şurası yaradılsın? Nəzərinizə çatdırıram ki, Ali məktəblərdə Müdafiə Şurası Ali məktəbin öz təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə yaradılır. Fuad Məmmədovun bu şuranın Elmlər Akademiyasına və yaxud Dövlət İdarəçilik Akademiyasına verilməsi təklifi hansı məntiqə əsaslanır? Yəqin ki, bunu özündən başqa bilən yoxdur.
Kulturologiyanın inkişafı ilə bağlı təkliflər haqqında Fuad müəllimin cavabları mənə azərbaycanlı alimi yox, Azərbaycanda yaşayıb, Azərbaycanda kulturoloji təhsili bilməyən və yaxud da bu sahədə nailiyyətləri qəsdən inkar edən “kulturoloqu” xatırlatdı. Çünki onun təklifləri içərisində “Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin”, “Kulturologiya İnstitutunun”, “Kulturologiya Akademiyasının” yaradılması təşəbbüsləri, yaxud “Ali məktəbdə kulturologiya, orta məktəblərdə kulturologiya kabinetlərinin, mədəniyyətşünaslıq fənninin təşkili məsələləri” təklifləri var. Bu təklifləri verməmişdən qabaq professor Fuad Məmmədova xatırlatmaq istərdim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kulturologiya elmi üzrə elmlər doktorları, bu elm üzrə fəlsəfə doktorları və görkəmli alimlər yetişmişdir. Bu ənənə bu gün də davam etməkdədir. Universitetdə vaxtilə onun çalışdığı 1995-ci ildən bu günə qədər respublikada kulturoloq kadrların hazırlanmasında kulturoloji mərkəz kimi fəaliyyət göstərən “kulturologiya” fakültəsi, “tətbiqi kulturologiya”, “mədəniyyətşünaslıq” kafedraları vardır və burada onlarla elmlər doktorları və elmlər namizədləri çalışırlar. Fakültədə “Kulturologiya”, “Tətbiqi kulturologiya”, “Azərbaycan milli adət və ənənələrinin bədii estetik mahiyyəti”, “Bədii xalq yaradıcılığı”, “Milli mədəniyyətdə tarixilik”, “Estetik mədəniyyətdə tarixlilik”, “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Azərbaycan kulturologiyasında gender problemi”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili”, “Qədim dünya mədəniyyəti”, “Mədəniyyət siyasəti və mədəni dəyərlər”, “Mədəniyyət siyasəti və mədəni irs” və onlarca tədqiqat əsərləri və monoqrafiyalar hazırlanmışdır. Bu fakültənin professor-müəllim heyəti respublika və beynəlxalq səviyyəli elmi-nəzəri konfranslarda müntəzəm iştirak edir, (bəlkə də Fuad Məmmədovdan daha çox) beynəlxalq elmi məcmuələrdə yazıları çap olunur. Kulturoloq tələbələrimiz isə beynəlxalq simpoziumların, elmi-nəzəri konfransların iştirakçısı olaraq müsabiqələrdə diplom və fəxri fərmanlarla təltif olunublar. Bu fakültənin məzunları dövlət qurumlarında, o cümlədən Xarici İşlər Nazirliyində, Milli Məclisdə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Komitədə işə dəvət almışlar. Həmçinin bölgələrdə kulturoloji mərkəzlərdə, yəni, muzeylərdə, kitabxanalarda, parklarda,bölgə telekanallarında çalışan mütəxəssislər bizim ali məktəbin məzunlarıdır. Bu qədər nailiyyəti olan ali məktəbdən əlavə Fuad Məmmədovun təklif etdiyi “Kulturologiya İnstitutu”, “Kulturologiya Akademiyası” yaradılmasına nə ehtiyac var? Bütün bunlar Fuad müəllimin suallarına cavab deyilmi? Fuad müəllim yeni institut yaratmaq təklifi ilə rektor olmaq istəyirsə bu, başqa məsələ. Kulturologiya elminin “lideri” olmaq arzusunda olan professor üçün bunları bilməmək ,yaxud qəsdən danmaq çox böyük təəssüf doğurur.
Fuad müəllimin məqaləsində mücərrədlik o dərəcəyə çatıb ki, “bölgələrdə kulturoloji mərkəzlər açılmalıdır” deyərkən mən inana bilmirəm ki,o, son dövrdə möhtərəm Prezidentimizin respublikamıza və xalqımıza olan böyük qayğısının nümunələri olan müasir avadanlıqlarla təmin olunmuş, bədii-estetik zövqlə və memarlığın son nailiyyətləri ilə inşa edilmiş mədəniyyət mərkəzlərini, muzeyləri, tarixi-mədəni abidələri görməsin. Əgər Fuad müəllim bu bölgələrdə olmayıbsa heç olmazsa televizora baxsın, xalqın sevincini duysun, respublikamızın bölgələrində keçirilən mədəni tədbirləri, bölgə telekanallarını izləsin, xüsusilə Qəbələ şəhərində keçirilən, dünyanı heyrətə gətirən beynəlxalq musiqi festivallarına, sərgilərə, teatr və kino festivallarına diqqət yetirsin. Bunlar xalqımızın mənəvi və mədəni inkişafının ən gözəl timsalıdır.
Əgər Fuad müəllim bunları bir alim gözüylə, həqiqi vətəndaşlıq hissi ilə duya bilsəydi onda deməzdi ki, “bələdiyyə nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin, yaradıcı ittifaqların rəhbərləri və üzvlərinin əksəriyyəti kulturoloji biliklərdən məhrumdur” yaxud təhqiramiz şəkildə deyilən “kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli olan təbəqələrində məlumatsızlıq, biliksizlik, elmsizlik hökm sürür.” Müsahibənin sonunda professor Fuad Məmmədov “Azərbaycanda elmin inkişafı” və “Azərbaycan mədəniyyət tarixi” kitabları üzərində işləməsi haqqında məlumat verir. Verdiyi müsahibədən göründüyü kimi o, kulturologiya elminin dəryasına baş vurub, çırpınaraq sahilə çıxa bilmədiyi üçün heç olmazsa gələcək tədqiqatlarında bu elm dəryasının ancaq sahillərində üzməyi öyrənsin. Bu dəryaya tökülən elmi çeşmələrin mənbələrini tapa bilsin. Bunun üçün kulturoloji elmin alimi təkəbbürlü yox, bu elmin səmimi təəssübkeşi olmalıdır. Bunu mən dostum Fuad müəllimə bir daha xatırlatmaq istərdim.
Rafiq Sadıqov,
professor
525-ci qəzet.- 2012.- 7 iyun.- S.4.