“Molla Nəsrəddin” jurnalı və
dövri mətbuata münasibət məsələsi
VI YAZI
Dövri mətbuat
“Azərbaycan mətbuatının
şah əsəri” haqqında
“Molla Nəsrəddin” jurnalının
birinci sayı 6 aprel 1906-cı il tarixdə Tiflis şəhərində
çap olunsa da, dövri mətbuat hələ jurnalın nəşrindən
əvvəl Azərbaycanın və Yaxın Şərqin ilk
satira dərgisi haqqında məlumatlar yayıb. Bu baxımdan
müəyyən mənada demək mümkündür ki,
mollanəsrəddinşünaslığın əsası hətta
məcmuənin nəşrindən öncə mətbuat tərəfindən
qoyulub. Şübhəsiz, bu işdə də “Molla Nəsrəddin”in
müdiri və baş redaktoru Cəlil Məmmədquluzadənin
səylərini məxsusi dəyərləndirmək
lazımdır. Qulam Məmmədlinin “Molla Nəsrəddin”
salnaməsindən aydın olur ki, məcmuə haqqında ilk
məlumatı 19 fevral 1906-cı il tarixdə rusdilli mətbuat,
daha doğrusu “Vozrojdeniye” və “Novoye obozreniye” qəzetləri
verib: “Vozrojdeniye”, ą1. “Müsəlman ziyalılarından ibarət
bir dəstə qərara gəliblər ki, Tiflisdə “Molla Nəsrəddin”
adında həftəlik satirik-yumorist jurnal
çıxarsınlar.
Biz çalışacağıq ki, bu
jurnalda öz oxucularımızı müsəlmanların həyatı
ilə tanış edək”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Maraqlıdır ki, jurnal haqqında
dövri mətbuatdakı bu ilk yazılar elmi fikrin diqqətini
cəlb edib, hətta “Biz çalışacağıq ki, bu
jurnalda öz oxucularımızı müsəlmanların həyatı
ilə tanış edək” cümləsinə istinadən Q.Məmmədli həmin xəbərin elə Mirzə
Cəlilin özü tərəfindən yazılması
fikrini irəli sürmüb. Əlbəttə, Cəlil Məmmədquluzadənin
digər mətbu orqanlarda jurnal çıxarmasına dair
bildirişlər çap etdirməsi təsadüfi sayılmamalıdır.
Böyük sənətin prinsiplərini dəyərləndirən
Mirzə Cəlil daimi nəşri məsələsinə
xüsusi önəm verib, bu səbəbdən
açacağı qəzet və ya jurnalın hansısa
sahibkarın iradəsindən asılı olmasını istəməyib,
mətbu orqanın obyektivliyi, qərəzsizliyi
üçün müstəqil fəaliyyət göstərməsini,
özü-özünü yaşatmasını mühüm
şərt sayıb, odur ki, hələ “Molla Nəsrəddn”in
nəşrindən əvvəl abunəçi məsələsini
həll etmək üçün mətbuata aid bildirişləri
zəruri sayıb.
“Molla Nəsrəddin”in nəşri ilə
əlaqədar “Novoye obozreniye”nin məlumatı “Baku” qəzetinin
1906-cı ilə aid 39-cu sayında da yer alıb, həm də “Baku” mənbə olaraq “Novoye
obozreniye”ni göstərib. Həmin il “Həyat” qəzetinin
42-ci, “Kavkazskoye utro”nun 1-ci, “Tərcüman”ın 19-cu,
“İrşad”ın 56-cı, “Kaspi”nin 47-ci, “Na povorote”nin 1-ci
saylarında “Molla Nəsrəddin” adlı bir dərginin nəşr
ediləcəyi oxucuların diqqətinə
çatdırılıb. Əlbəttə, bütün
bunlar Mirzə Cəlilin planları üzrə həyata
keçirilib. Aydın olur ki, Cəlil Məmmədquluzadə
yalnız mətbu orqanlarda jurnalın nəşri ilə əlaqədar
xəbər verməyib, eyni zamanda şəxsi dostluq və
tanışlıq münasibətləri vasitəsilə
“Molla Nəsrəddin”in nəşri haqqında məlumatlar
yayıb. Əslində bu yolla gələcək baş redaktor
məcmuənin yaşaması üçün real zəmin
hazırlayıbdır. Budur, Rzaqulu Nəcəfovun xatirələrində
həmin proses aşağıdakı formada
açıqlanır: “...Hələ məcmuə
çıxmamışdan bir neçə ay qabaq ətraf
şəhərlərlə – Naxçıvan, İrəvan, Gəncə,
Şəki, Şirvan və Bakı ilə rabitə
bağlayır. Biz o vaxt Naxçıvandaydıq. Mirzə
öz oğulluğu Heydər ağa Şahtaxtinskini Naxçıvana
göndərmişdi, oradakı dostlarına məcmuənin
çıxacağını xəbər verib material istəmişdi”.
(Q.Məmmədli “Molla Nəsrəddin”)
Qəhrəmanı Molla Nəsrəddin
olan “Xa! Xa! Xa!” satirik jurnalı
Təhlillər nəticəsində
aydın olur ki, digər mətbu orqanlar “Molla Nəsrəddin”in
çap olunması haqqında məlumatları yayınlamaqla
yanaşı, buna alternativ addımlar atmaq qərarına da gəliblər.
Lakin nəticə o qədər də uğurlu
alınmayıb. Bu cəhətdən Q.Məmmədlinin şərhləri
olduqca qiymətlidir: “Tərcüman” qəzetinin redaktoru və
naşiri İsmayılbəy Qaspıralı C.Məmmədquluzadənin
“Molla Nəsrəddin” adlı satirik jurnal
çıxaracağı xəbərini eşidincə onu
qabaqlamaq qəsdilə qəhrəmanı Molla Nəsrəddin
olan “Xa! Xa! Xa!” adlı həftəlik satirik jurnal nəşr
etməyə başlayıb və 1906-cı il aprelin birindən
mayın beşinədək 5 nömrə çıxarıb.
Lakin müvəffəqiyyət qazanmadığından onu
bağlamağa məcbur olub”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Daha maraqlısı budur ki, yuxarıda
adıçəkilən mətbu orqanlar eyni məzmunlu məlumatları
“Molla Nəsrəddin”in nəşrindən sonra da
yayınlayıb, beləliklə, öz-özlüyündə
yeni nəşr olunan satirik və şəkilli məcmuənin
daha geniş ərazidə yayılması istiqmətində
iş aparıblar. Bəli,
“Kavkazski listok”, “İrşad”, “Kaspi”, “Na povorote” öz səhifələrində
“Molla Nəsrəddin”in nəşrinə dair xəbərlərə
yer ayırmaqla geniş oxucu kütləsinin diqqətini yeni
jurnala yönəldiblər. Digər tərəfdən, “Kaspi”
xəbər verib ki, “Molla Nəsrəddin”in redaktoru Cəlil Məmmədquluzadə
“Na povorote” qəzeti vasitəsilə redaksiyaya təbrik məktubu
göndərənlərə minnətdarlığını
bildirib.
Qeyd edək ki, “Molla Nəsrəddin”in nəşrə
başlaması hansı ədəbi cəbhədə
dayanmasından asılı olmayaraq qələm sahibləri tərəfindən
yüksək dəyərləndirilib. Ümumiyyətlə,
digər mətbu orqanların öz səhifələrində
“Molla Nəsrəddin” mövzusuna yer ayırmalarını bir
neçə cəhətdən qiymətləndirmək
lazımdır. Əslində “Molla Nəsrəddin”
mövzusuna müraciət edən digər qəzet və
jurnallar müəyyən mənada dərginin təbliği ilə
məşğul olublar. Məsələn, “Ülfət” qəzeti
20 aprel 1906-cı il tarixli sayında jurnalın nəşrini
alqışlamaqla bərabər, dərginin ilk nömrəsindəki
teleqraf xəbərlərindən birini də oxuculara təqdim
edib. Digər tərəfdən jurnalın hər dəfə
hökumət tərəfindən təqibi özgə mətbu
orqanlar tərəfindən yayınlanaraq dərginin haqq
işi müdafiə edilib. Başqa sözlə, prinsipcə
“Molla Nəsrəddin” ədəbi cəbhəsinin mütəşəkkilliyində,
jurnal haqqında müsbət ictimai rəyin
formalaşmasında digər mətbu orqanların dərgi ilə
bağlı məlumatlarını məxsusi dəyərləndirmək
lazımdır. Qətiyyətlə demək olar ki, cəmiyyətdaxili
eybəcərliklərə qarşı mübarizədə
“Molla Nəsrəddin”in obyektivliyi və qərəzsizliyi digər
mətbu orqanları da eyni bir mövqedə birləşdirib.
Əlbəttə ki, “Molla Nəsrəddin”in
nasir və şairləri cəmiyyətin tərəqqisini
elmdə, maarifdə, yeni nəsillərin dünyəvi elmlərə
yiyələnməsində görürdülər. Bu səbəbdən
jurnalın səhifələrində geniş yer tutan
mövzulardan biri də məktəblərin vəziyyəti,
müəllimlərin təhsil sahəsində fəaliyyətləri idi. Jurnalın ilk ilinin 5-ci
sayında dərc olunan yazılardan biri də məhz bu
mövzudadır. Həmin yazıda Bakı rus-müsəlman məktəbinin
şagirdləri müəllimlərindən
narazılıqlarını bildirir, gecələr yuxusuz qalan
müəllimlərin məktəbi gec açmalarını tənqid
edirlər. Jurnalın redaktoru məktəb şagirdlərinin
bu narazılıqlarını oxuculara çatdırsa da, guya
şagirdlərə inanmır. Məsələ ondadır ki,
mövzu bununla qapanmır. Adıçəkilən məktəbin
müəllimləri “Həyat”a etiraz məktubu göndərir
və “Həyat” həmin etiraz məktubunu çap etsə də
“Molla Nəsrəddin”ə haqq qazandırır. Qeyd edilən
yazı ilə əlaqədar “Həyat”ın
açıqlaması əslində “Molla Nəsrəddin”ə
rəğbətin ifadəsi olmaq baxımından da dəyərlidir:
“Molla Nəsrəddin” mədhiyyə, mədhü səna
yazmaq üçün çıxmır. Bu vəzifəni
İran şairlərinə tərk edir. O, ancaq həcv ilə,
istehza ilə, xəndə ilə qüsurlarımızı tənqid
və islah yolunu tutmuşdur!.. Bundan kimsənin dilgir olmağa
haqqı yoxdur. Sabah əgər məni də həcv etsə,
təşəkkürdən başqa əlimdən bir şey
gəlməyəcəkdir”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Müşahidələr göstərir ki,
digər mətbu orqan nümayəndələri “Molla Nəsrəddin”lə
bağlı hər bir məsələ ilə maraqlanıblar.
O cümlədən jurnalın hökumət orqanları tərəfindən
təqibi, abunəçilərin məcmuə ilə əlaqələri,
hətta mollanəsrəddinçilərin ailə üzvlərinin
həyatı diqqət mərkəzində olub, eyni məsələlər
dönə-dönə mətbuat səhifələrinə
çıxarılıb. Əslində elə bu yolla da
bütün cəmiyyətin diqqəti Cəlil Məmmədquluzadəyə
məxsus dərgiyə yönəldilib. Qeyd edək ki, “Molla Nəsrəddin”lə
bağlı dövri mətbuatdakı belə yazılar
jurnalın qüdrətini, əzəmətini ifadə etmək
baxımından olduqca əhəmiyyətlidir. Budur, “Baku” qəzeti
1906-cı il tarixli 101-ci sayında yenə də “Molla Nəsrəddin”dən
söz açır. Eləcə də məlum olur ki, “Baku” həmin
məlumatları “Alik” qəzetindən alıb. Sonuncunu
maraqlandıran isə məcmuə
ilə mübarizədə Bakı polis idarəsi ilə
İran konsulluğunun birgə fəaliyyətidir: “Yerli
İran konsulu polis idarəsi ilə birlikdə var qüvvəsi
ilə çalışır ki, satirik-yumorist “Molla Nəsrəddin”
jurnalının müsəlmanlar arasında yayılmasına
mane olsun. Bu jurnalı oxuyanların hamısı “bədəfkarlar”
siyahısına daxil edilirlər” (Q.Məmmədli “Molla Nəsrəddin”)
Maraqlıdır ki, digər mətbu
orqanlar “Molla Nəsrəddin”in hökumət və qaragüruh
tərəfindən təqibi məsələsinə dönə-dönə
qayıdıblar. Məsələn, 1906-cı il
“İrşad”ın 126-cı sayında, “Dəvət-Qoç”un
4-cü sayında “Molla Nəsrəddin” müəlliflərindən
Ömər Faiq Nemanzadənin evinin hökumət tərəfindən
axtarılmasına dair xəbər yayınlanıb. Bəlkə
də, fərqinə varmadan özgə qəzet və jurnallar
“Molla Nəsrəddin”in müdafiə işində
oxucuları, tərəqqipərvər qüvvələri səfərbər
edibdir. Bu məqamda daha bir cəhəti də qeyd etmək lazımdır.
Daha doğrusu, dərginin elə ilk saylarından Azərbaycanda
və qonşu ölkələrdə geniş şöhrət
tapması artıq elmi ədəbiyyatların təsdiqlədiyi
faktdır. Akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” əsərində yazır:
“Vaxtilə jurnalda əməkdaşlıq etmiş, onun abunə
və yayılma işlərinə köməklik göstərmiş
şəxslərin məlumatlarına əsasən “Molla Nəsrəddin”
“Nyu-yorkda, Hindistanda, Kəlküttədə və London,
Berlin, Paris, Roma, İstambul, Misir, İranın bir çox
şəhərlərində və Rusiyanın hər tərəfində”,
“Moskva, Ufa, Kazan, Həştərxan şəhərləri ilə
yanaşı, Təbriz, Tehran, Xoy, İstambul, Trabzon, Ərzurum,
Bombey, İsgəndəriyyə, Qahirə şəhərlərində”,
“Qərbi Çində, Türküstanda, Volqa
qıraqlarında, Finlandiyada, Lehistanda, Osmanlıda, İranda,
Qafqazda və sair müsəlman şəhərlərində
alınıb oxunmuşdur”.
Rufik İSMAYILOV,
Bakı Dövlət
Universitetinin doktorantı
525-ci qəzet.- 2012.- 8 iyun.- S.6.