Gülüşləri
dodağında donan
Qəribə bir təzad, qəribə
bir oxşarlıq. Oxşarlığa bax, ilahi! Müşfiqi
1937-ci il 4 iyun gecəsi həbs ediblər. Səhərisi
gün şairimizin doğum günü idi. Görəsən
həbsxanada nələr çəkib, mərd, cəsur,
uzaqgörən, həssas qəlbli, doğmalarına
bağlı şairim?
XX əsr Azərbaycan
poeziyasını Müşfiqsiz təsəvvür
etmək olmaz. Bu gün də bütün
nəsillərin, xüsusən də bütün
gənclərin sevimlisidir Mikayıl Müşfiq. Bəs görəsən bu sevginin səbəbi nədir?
Bu
sualı cavablandırarkən müasir ədəbiyyatımızın
sevimli şairi Ramiz Rövşənin M.Müşfiq
yaradıcılığı haqqında söylədiklərini
xatırlamaq yerinə düşər: “Çox
az-az şairlər var
ki, nikbinlik, həyatsevərlik
onların yaradıcılığının əsasını
təşkil edir və onlar
məhz bu nikbinliklə sevilirlər.
Şairlərin çoxunu şair
edən kədərdi. Mən özüm
kədərli və hirsli anlarımda
yazıram”.
M.Müşfiq yaradıcılığında həyata
bağlılıq, həyat sevgisi
insanları üzügülər, şən, firavan
görmək arzusu üstünlük
təşkil edir. Həyat sevgisi
şeiri bu qəbildən
yazılan şeirlərdən biridir.
Başqa bir şeirində
“Nə qədər yaraşır insana
gülmək” deyən şair
insanların çöhrəsində gülüş
görmək arzusundadır.
Cahan ki,
solmayan bir bağça-bağdır,
Burda rəvamıdır
gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə gözəl
yaraşır insana gülmək!
Mayası şeirlə
yoğrulan Müşfiqin şeirlərində
çılğın ilham,
çox rəvan, səlis, dadlı-tamlı
şeiriyyət var.
Şairin yaşadığı dövr isə insanlara başqa həyat təlqin edirdi. Bu dövrdə haqq çox vaxt nahaqqı üstələyir, Azərbaycanın
ziyalı oğulları
həbs edilir, sürgünə göndərilirdi....
Rus imperiyasının bir türklərin bir çox adət-ənənələrini
bu xalqa unutdurmaq istəyi çox güclü idi.
İmperiya bu xalqa öz soy-kökünü
unutdurmaq, xalqı dini və məslək
əqidələrindən döndərmək,
hətta musiqisinə də təcavüz etmək istəyində idi.
Tarı “köhnəlik qalığıdır”,
deyərək bu musiqi aləmindən aradan götürülməsini
də hökm edirdilər.
Bununla razılaşan
Süleyman Rüstəm
– “Tar səsə qoyulur”la
tara qarşı
çıxanda –
Kəs səsini,
ötmə dedim, ötmə dedim,
ötmə tar.
İstəməyir proletar, səndə çalınsın “Qatar” – yazanda
Mikayıl Müşfiq
o dəm etiraz səsini ucaldır:
Oxu, tar!
Səni kim unudar?
Ey geniş
kütlənin acısı,
şərbəti –
Alovlu sənəti.
“Həyat sevgisi” şeirində həyat eşqi ilə bərabər
bir nisgilli nida da görünməkdədir.
Dünyanı işıqlı görən
şair “İşıqlı
dünyadan necə əl çəkim” deməklə onu gələcəkdə nələr
gözləyəcəyindən xəbərsiz deyildi.
Bununla belə Müşfiq
sözünü içində
boğmur, bəzən
aşkar, bəzən
də eyhamlarla hissini biruzə verirdi.
“Azadlıq, bu mənim işimdir”
deyən şair bu sətrində nələr gizlədiyini ağıllı oxucu duymalı idi.
M.Müşfiqin qeyri-adiliyi bir də onda idi
ki,
başqalarının görə bilmədiyini görür, başqalarının
hiss etmədiyini hiss edirdi.
“Ağ üzdə
xalı görüb tərənnüm etmək
çətin deyil”, lakin “Gülüm topuğunda xal sənə qurban” misrasında qadın gözəlliyinin sözün
əsl mənasında
“təpədən dırnağadək”
vəsf edilməsi isə ancaq M.Müşfiqə məxsus
bir duyum, həssaslıqdır.
M.Müşfiq istedadı fitri istedad idi, bəzən
o, ilhamını belə
cilovlaya bilmirdi, çox vaxt “şairliyi başına vurur”du:
Mehriban sevgilim
qarşımda durdu,
Yenə şairliyim başıma
vurdu.
“Yenə o bağ olaydı” şeirini oxuduqdan və ya dinlədikdən
sonra insanın qəlbi fərəhlə
dolur, onun qəlbində yaşamaq, özü də gözəl yaşamaq hissi baş qaldırır.
Yenə o bağ olaydı, yenə yığışaraq
siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən
kam alaydıq,
Sizə qonşu
olaydıq,
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim,
Hər gün
bir yeni nəğmə, hər gün bir yeni
ilham...
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
Bu şeirin yazı üslubu, rəvanlığı da adama bir yandan
zövq verir.
Müşfiqin belə şeirləri
çoxdur. “Yağış” adlı şeirini dinləyərkən
musiqilik, ahəngdarlıq
insanı başqa aləmə aparır.
Sanki Müşfiqin bəhs etdiyi yağışın – məhz
o yağışın yağdığını,
damlalarının səsini
eşitdiyindən, o yağışın
altında sanki islanırsan.
Yağış yağır, rəqs eləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki
qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur
yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
“Küləklər”
şeirini oxuyarkən
o küləklər, o sərsəri,
“bəxtiyar” küləklər
tellərini oxşayır.
Bəziniz qorxulu,
bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz
duyğusuz.
Bəziniz uyqulu,
bəziniz uyqusuz,
Küləklər, ey sərin küləklər,
Sizdə var
qoxusu hər yerin, küləklər!
Yəqin ki, şairin bu qəlib, rəvan axarlı ruh oxşayan şeirləri daha çox olub... lakin çox əfsus ki, Müşfiq həbs olunarkən onun bütün əlyazmaları,
bir-çox şeirləri
yandırılmış, yox
edilmişdir.
Şairin ən
böyük arzusu isə...
Hər kəs
bilir həyatın sonu ölümdür,
Ah bu qəmli
dəyişmə yaman
zülümdür.
Şeirim! Bu gülünc oyun bəllidir yarın,
bizi də bəklər,
Sən də
öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
İllər keçəcək, əsrlər
ötəcək, Müşfiq
şeiri isə həmişə təravətli,
həmişə yaşar
qalacaqdır. İnsanlarda qurub-yaşatmaq
hissi, həyat eşqi, sevinc, fərəh bəxş edəcəkdir.
Şeirlərinə dönə-dönə yeni
mahnılar bəstələnərək
və şeirləri musiqimizdə də daim özünəməxsus
yer tutacaq:
Gəlmiş hüzuruna
bir qaradağlı,
Bir qara qulundur, qolları bağlı.
Gəl çəkmə
sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal sənə qurban.
Səadət
ABBASOVA
525-ci qəzet.- 2012.- 8 iyun.- S.7.