Məhəmməd Əmin Rəsulzadə   

 

Əsərləri

 

Üçüncü cild

 

(1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

III

 

İkinci məqaləmizdə məktəblərdən gözlənilən məqsəddə də müsəlman əfkari-amməsi ilə Rudolfun duyğuları arasında nə qədər təfavüt olduğunu söylədik.

Məlumdur ki, Rudolfun türk-tatar qovmlərinin təarif və ittihadına müsəlman məzhəblərinin arasındakı lüzumsuz təəssüb və ədavətin qalqmasına xoş bir nəzərlə baxmıyor. Onun müsəlmanlar arasında məarif nəşr etməkdəki məqsədi məruzəsinin bir çox yerində kəndiləri ilə həməfkarlıq iddiasında bulunduğu müsəlman ağıllı və işıqlı qisminin məqsədi ilə qarşı-qarşıya ziddir. Rudolf cənabları müsəlman və türk ürəfasının məzhəblər arasındakı təəssüb və əddvəti baltalamaq və türk-tatar qovmləri arasında danışmaq, bilişmək və birləşmək meyllərinə əsasən zidd olduğu üçün milli həyatımızın bu cəhətini tədqiq edərkən bittəbii bir müdir  səmimi bir alim, həqiqətpərvər bir məmur sifətini saxlaya  bilmiyor, vaqeələrlə əhvalı gözdən keçirərkən onları taqdığı məxsusi gözlük sayəsində əslindən başqa bir rəng də görüyor və o rəngləri bir az daha kəsiflə etdirərək öz nöqteyi-nəzərindən müsbət (polocitelğnıy), fəqət bizim nöqteyi-nəzərcə mənfi (otriüatelğnıy) bir lövhə tərsim ediyor.

Bu lövhədən görünüyor ki, məscid yanındakı məktəb və mədrəsələrdə müəyyən bir məqsədlə rusca oxudulmuyor. Buradakı tərbiyə və tədrislər ancaq müsəlmanlığa, müsəlmanlığın dövri-ibtidasına, “xəliflər zəmanına” münhəsir olub qalıyor.

Sonra bunlar arasında az-çox yeni üsula və zamanəyə müvafiq olanların da Rusiya səltənəti nöqteyi-nəzərindən təhəmmül olunmaz kitablar oxutduruluyor ki, şiələr arasında iranlılıq, sünnilər arasında da osmanlılıq fikirləri tərvic ediyorlarmış. Məsələn, bu Təbrizdə və Türkiyədə çap olunan kitablarda coğrafiya və tarix fəsilləri varmış ki, haman İran coğrafiyasından, Türkiyə toprağından aləmi-islamdan, məqami-xilafətin əhəmiyyətindən, Türkiyə Sultanının bütün müsəlmanlara xəlifə olmasından bəhs edib duruyorlarmış. Bu kitablarda bittəb Rusiya coğrafiyasından, Rusiya tarixindən bir kəlmə də olsa, bəhs olunmuyormuş. Olunsa da, ancaq islam tarixi, islam coğrafiyasına nisbəti miqdarında oluyormuş. (Bundan sonra 9 xətlik bir abzas senzor tərəfindən çıxarılmış, yeri ağdır – Ş.H.)

Fəqət aləmşümül müharibə, bu müharibədə verilən imtahanlar, edilən təcrübələr “böyük iftira”nın nə qədər “kiçik” bir şey olduğunu meydana qoydu. Az-çox bitərəfanə bir təhqiq dəxi Rudolfun Təbriz və İstanbul basması dərs kitabları həqqindəki “tədqiqatının” dəxi nə biçimdə bir “həqiqət” olduğunu kəşf edə bilər.

Əvət, biz biliyoruz ki, məktəb və mədrəsələrdə oxudulan Təbriz və Türkiyə basması kitablar nədir? Bu Təbriz basması kitabları biz özümüz də oxumamış degiliz. Gülüstan, Əbuəbəlcinan, Sərfimir, Tənbiyəül qafilin, Şəriə-şərh-əl-ləməə və bu kibi sırf ədəbi və dini kitablar da bilmiyoruz ki, hanki “İranizm”dən, yaxud Mirzəqulu aləm hal, “Daş köprü”, Təcvid Qaraqaş Bənna kibi osmanlı basmalarında nə kibi bir xilafət və yaxud “panislamizm”dən bəhs oluna bilər?...

Ərbabinə məlumdur ki, bu kitablar sırf dini mövzulara aid olub, müəyyən bir məzhəbin elmi və fəlsəfi əsaslarını tərvic etməkdən başqa siyasi və ictimai heç bir məqsəd güdməz (Burada yenə 7 xətlik bir abzas senzur tərəfindən çıxarılıb, yeri ağdır – Ş.H.).

Məscid məktəb və mədrəsələrində, Rudolfa görə, tədrisat Dağıstanda sırf ərəbcə,  Zaqafqasiyada isə türkcə oluyormuş. Həm də diqqət ediniz – bu türkcə tədrislərin kitabları da şiələr üçün Təbrizdə çap olunub gəliyormuş.

Fəqət bizim məscid məktəblərini tanıyanlar bilərlər ki, oradaki tədrisat nə haldadır. Məəttəəssüf Zaqafqaziyadaki məscid məktəb və mədrəsələrində əski üsul ilə dəvam edən dərslər türkcə degildir. Burada uşaqlar əvvəlcə qiraəti ögrəniyorlar, sonra da farsca “Gülüstan” və yaxud Əbuəbəlcinan oxuyurlar, axırda isə türkcəyə keçiyorlar. Türkcədən oxuduqları da son zamanlara qədər Aşiq Qərib və Koroğlu hekayəsinə münhəsir olub qalıyordu. Yazı isə mütləqa farsi idi. İmdi də əski üsul məktəblər öylədir. Bənim bildigim məscid məktəbi budur. Özüm də bu məktəbdə bir neçə il vəqt keçirmişəmdir. Mədrəsələrə gəlincə, burada tədrisat qismən farsi, qismən də ərəbidir.

Tədrisatın milliləşməsi üçün türk ürəfasi ruhanilərlə azmı mübarizə etmişdir!

Fəqət Rudolfun iddiası başqadır, yalnız Zaqafqasiyadaki məktəb və mədrəsələr degil, Dağıstanın da bir qismində türkcə tədris edildigini zikr ediyor və diyor ki, bu dil Zaqafqasiya türkləri tərəfindən dağıstanlılara bağlanıyor və onları türkləşdirmək istiyorlar. Halbuki Rudolfun iddiasınca bu dağıstanılar qətiyyən türkcəyə aşina degildirlər.

Əcəba burası böyləmidir? Həqiqətən də Dağıstan Zaqafqasiya türkləri tərəfindən “cəbrən” türkləşdirilirmi? Həqiqətən də oradaki məktəb məscidlərindəki tədrisat türkcəmidir? Ehtimal ki, nov üsul bir neçə məktəbdə türkcə tədrisi tətbiq olunmuşdur. Fəqət, bu tətbiq cəbri və qeyri-təbii bir yolda degil, əsil təbii bir surətdə olmuşdur. Müdir cənabları iddia etdigi kibi dağıstanlılar tamamilə türkcəyə qeyri-aşina adamlar degildirlər. Hər kəs bilir ki, Dağıstan bir çox xırda qovmlərdən, xırda şiyvələrdən təşəkkül etmiş bir dil kəşkülüdür. Burada bir kənd o biri kəndin dilini anlamaz. İştə bu ümumi anlaşılmazlıqlar arasında türkcənin hər kəs üçün “beynəlmiləl” bir dil olduğunu da bilməyən ərbabi-tədqiq yoxdur, zənn edəriz. Kəndistanın ədəbiyyati, tarixi, yazısı olmayan və bunların hüsuli üçün xırdalıqdan naşi istiqbala ümid dəxi bəsləyə bilməyən dağıstanlı müsəlman üçün ədəbi bir dilə malik olub da bilnisbə mədəni olan türk qomşusu və din qardaşının danışıq üçün istifadə elədigi dilindən oxu, yazı üçün neçün istifadə etməsin? Bunda qeyri-təbiilik nədir? Türkcənin Dağıstan qovmləri arasında “beynəlmiləl” bir dil olmasından başqa Dağıstan qovmləri arasından kumıklılar kibi sırf türk olan qüvvətli taifələr də yox degildir. Hüseyn əfəndi Əlqədari kibi məşhur Dağıstan üləması türkcə əsərlərilə məşhurdurlar.

Dağıstanlılar mədəniyyətə qədəm qoymaq, yazmaq, oxumaq, ədəbiyyata malik olmaq istələrsə, türkcəyi qəbuldan başqa təbii bir çarələri yoxdur. Bunu dağıstanlılar çox əla biliyorlar. Ona görə də aralarındaki əqil və idrak sahibi olanlar türkcəyə bağlanıyorlar. Yoxsa türkcə onlara bağlanmıyor. Çünki dağıstanlılar pək əla biliyorlar ki, türkcəyi degilsə, ruscayi qəbul etməlidirlər. Halbuki türklər müsəlman olduqlarından türkcəyi qəbul etmək onlarca daha təbii görülüyor. Bilxassə ki, bu dil aralarında “beynəlmiləl” bu dildir də. Naqis də olsa, bu dili hər kəs biliyor və iki qomşu kənd ancaq bu dilin vasitəsilə yekdigərinə mətləb anlatıyor.

Dağıstanlıların dağlılıq halından çıxıb da mədəniləşməsi və bir an əvvəl mədəni həyatə girməsinin hökumətcə bir qiyməti varsa, Dağıstanda görülən bu hal qeyri-təbii görülməməlidir.

Dağıstan taifələrinin kəndilərinə məxsus, müstəqil bir yazı və ədəbiyyat sahibi olmalarına əsas olsa idi, biz əlbəttə, bəzi xəyalçı Dağıstan “millətçilər”inin “dağıstanlılaşmaq” nəzərini və Dağıstan dilincə (?) məktəb açmaq fikirlərinə müariz olmazdıq. Fəqət, nə çarə ki, Seyid Həbiyevlərin, Hacı Təlaşilərin tərvic elədigi bu politika nəticə etibarı ilə ruslaşmaqdan başqa bir “faidə” ilə tamam olamaz. Ehtimal ki, Dağıstan ruslaşarsa, daha ziyadə faidə görmüş olar, etiqadında olanlar vardır. Fəqət, bu “faidə” ruslaşıncaya qədər Dağıstanın düçar olacağı ruhi-əzab və üqabinə dəgər qiymətli bir şeyi ola biləcəkmi? Orası məsələ...

Əcəba, bu müxtəlif türk-tatar şiyvələri ilə hətta bütün Dağıstan qovmlərini türkləşdirən politikaçıların yatağı haradadır – Bakıda.

Bu politikaçılar bir takım məarif cəmiyətlərindən ibarətdir ki, “Bakıda yataq salmışlardır”. Bunlar darülmüəlliminlər və sair məktəbi-aliyyə “xülya”sındadırlar və bütün bunları da şübhəsiz ki, “Osmanlı türkcəsi” ilə istiyorlar.

Məarif cəmiyyətləri bir az elm alıyor degilmidir?... Fəqət müdir cənabları kəşfiyyatında daha da iləriliyor, məqsədi “Bakıdakı ruhani Səadət cəmiyyətidir”.

Burada müdir bu vaxta qədər söylədiklərinə rəğmən bir az dəlil və sübutla söz söyləmək ehtiyacını hiss etmək olmalıdır ki, Səadət cəmiyyətinin nizamnaməsindən ilk maddəsinə də işarə ediyor.

Bunu ayrıca təhlil edəlim.

 

IV

 

Rudolf cənabları “Bakıda yataq salan” müsəlman məarif cəmiyyətlərinin darülmüəllimin və sair məktəbi-aliyə “xülya”lərilə ömür keçirdiklərini məxsus bir surətdə qeyd ediyor. Və haman əlavə ediyor ki, bütün bunları da osmanlı türkcəsi ilə istiyorlar.

Layihənin burasında işlənilən kinayə ilə “Bakıda yataq salanlar”ın türkcəyə “aşina olmayan” dağıstanlıları da “türkləşdirmək” qeyrətində olduqlarının “ərz edilmiş” olduğunu nəzərə alsaq, o zaman “Səadət” cəmiyyəti-ruhaniyyəsinə şəhadət barmağı uzadılmaqla nə kibi təhlükəli bir “yuva” açılmaq istənildigini özlügündən anlaşılmış olur.

Əlbəttə danmayacağız ki, xüsusi darülmüəlliminlərə milli olmaq üzrə rüşdi və ali məktəblərə malik olmaq, milli məktəblər açmaq səadətinə yetişmək bizim arzumuz, amalımızdır. Bu arzu heç bir zaman “xülya”da degildir. Çünki, müdir cənablarının ruhani “Səadət” cəmiyyətinin birinci maddəsində göstərdikləri maddədə yazılan tələb o qədər böyük və həddən xaric bir şey degildir ki, hüsuləyə sığmasın, buna görə də “xəyal” və yaxud “xülya” olsun.

Görəlim “Səadət” cəmiyyətinin bu “qorxunc” nizamnaməsindəki birinci maddə nədir? Müdir cənabları bu maddəyi məruzələrinə nəql etməmişlərdir. Onun məruzəsində boş buraxdığı yeri biz dolduralım. İştə,  “Səadət” cəmiyyətinin bu qorxulu maddəsi:

1) – cəmiyyətin ümdə qəsdi Bakı şəhərində vaqe olan mədrəsələri üsuli-c?did üzrə nizama salmaqdır.

2) – Müqtəzai-zəmanə görə tazə mədarisi-ruhaniyyə, darülmüəllimin və sair məktəbi-aliyə təsis və ümarət etməkdir.

Burada “xülya” olacaq nə iş varmış? “Bakı şəhərində vaqe olan məktəb və mədaric üsuli-cədid ilə islah” böyük bir xülyamıdır?

Bunu Rudolf cənabları kəndiləri dəxi islah etmək istəmiyorlarmı? Məktəblərlə mədrəsələrin “xilafa dövrünə” məxsus “sxolastik” üsulundan çıxıb da üsuli-cədidə ilə yoluna qonulmasını müdir cənabları özləri arzu etmiyorlarmı?

Bəlkə bunun “xülya” olan cəhəti odur ki, müsəlmanlar bunu özləri öz ixtiyarları ilə, öz zövq və səliqələri ilə görmək istiyorlar. Əsrlərdən bəri dara olduqları həqlərindən imdi də olsa, istifadə fikrinə düşmüşlərdir. Bəlkə burası “xülya”dır ki, məscid məktəb və mədrəsələrini məarif nəzarətinə tabe etmədən islah etmək istiyorlar. Əlbəttə, müsəlmanlar kəndi həqlərində Rudolf cənablarının məruzəsində göstərilən bir siyasət tətbiq olunduğunu bilseydilər, bəlkə də bu təbii olan məqsədlərinin “xülya” olub qalacağını fikir edərdilər.

Fəqət Rudolf cənabları məruzəsinin vücudu ilə belə müsəlmanlar “Səadət” cəmiyyətinin nizamnaməsində yazılan bu milli arzularının birər “xülya” degil, tez-gec vücudə gələcək bir həqiqət olacağına qanedirlər.

Bəlkə “xülya”dan bəhs edərkən popeçitel cənabları səadətin mədrəseyi-ruhaniyyə ilə sair məktəbi-aliyə həqqindəki məqsədlərini qəsd etmişdir. Fəqət müsəlmanlar, ruhani mədrəsələrə, akademilərə və sair milli məktəblərə bir xəyal kibi baxamaz. Çünki həqiqət onların gözləri qabağında canlı misallar göstərməkdədir.

Onlar qonşuları ermənilərdə görüyorlar ki, bunların hamısı vardır, həm də çoxdan varlar. Müsəlmanlar görüyorlar ki, qapıbir qonşularının təqribən bir əsr bundan əvvəl mövcud olan kəlisa məktəblərində şəriət ermənicə, rusca, ümumi tarix, ziraət, tarixi-təbii, erməni tarixi oxunuyor. Bu dərslərdən yalnız Rusiya tarixi ilə coğrafiyası rus dilində təlim ediliyor, qalan dərslərin hamısı, hətta ümumi tarix də haman erməni dili ilə oxutuluyor!

Bu məktəblərin hər dürlü idarələri, müəllimləri də öz ixtiyarlarında, kəlisa məhləsinin ixtiyarındadır.

Müsəlmanlar bir “xəyal” degil, bir həqiqət olaraq görüyorlar ki, qonşularının ibtidai kəlisa məktəblərindən savayi 6 yerdə ruhani darülmüəlliminləri var:

 

1.  İrəvanda 175 il əvvəl açılmış

2.  Şuşada 55 il əvvəl açılmış

3.  Tiflisdə 95 il əvvəl açılmış

4.  Naxçıvan Donda 35 il əvvəl açılmış

5.  Şamaxıda keçən il açılmış

6.  Astarxanda dəxi vardır.

Bunların fövqündə Eçmiyadzindəki ruhani “Akademiya”nın dəxi “xülya” olmadığını müsəlmanlar görüyorlar.

Əcəba, qapıbir qonşularımızın yarım əsrdən ziyadə nail olduqları bir şey bizim üçün bu gün nədən bir xəyal, nədən bir xülya olsun?

Rusiyanın həyati-siyasiyyəsi təbii bir cığıra düşər, hər millətin öz kötügü üzərində gögərib də doğma mədəniyyətlə nəşvü-nüma etməsinə imkan verilərsə, şübhəsiz ki, “Səadət” cəmiyyəti nizamnaməsinin birinci maddəsində istənilən şeylər degil, ondan daha geniş milli tələblər dəxi bir “xülya” kibi nəzərə gəlməz.

Yox, əgər istədigimiz mədrəseyi-ruhaniyə əvəzində bizə təsəvvür olunan “Əli” və “Ömər” məktəbləri təqdim olunub, ona qane olmamız “əmr” edilirsə, o vəqt, əlbəttə, “mədrəseyi-ruhaniyə” tələbi bir “xülya” olur. Əgər ümumi nizam ilə mövcud olan ali ibtidai məktəblərdən qurtaran şagirdlərə üç ildə 50 saət türkcə, 50 saət ərəbcə tədris əlavə etməklə dini və milli ehtiyaclarımızı yoluna verəcək “əllamə”lər çıxarılmaq istəniləcəksə, o zaman əlbəttə, zəmanənin əqzasına aşina işıqlı mollalar dedikdə burnumuzun ucu göyniyəcək və bəlkə bu kibi əllamələri ancaq yuxumuzda görəcəgiz.

Böyük Qafqasiya əyalətinin böyük idarəsi məarif müdirinin böyük müdiri Rudolf cənablarının dediginə görə “Bakıda yatan” müsəlman məarif cəmiyyətləri bir “xülya” olaraq arzu elədikləri bütün ruhani və milli məktəblərindəki tədrisatı da osmanlı türkcəsi ilə istiyorlarmış. Çünki bu dil “ümum-müsəlman” dili imiş. Məktəbi-aliyə həqqindəki “xülya”mızı isbat üçün müdir cənabları heç olmasa “Səadət” cəmiyyətinin nizamnaməsinə tənəzzül buyurmuşlardır.

Bu ikinci “xülya”mızın isbat üçün sərih bir dəlil bəyan buyurmamışlarsa da, burasını söz arasında izah etmişlərdir. Guya bu günki gündə Qafqasiyaya yayılmaqda olan türkcə, osmanlı türkcəsi imiş və bütün məktəblərdə bu ümumi türkcə ilə təsis olunmaq istənildigindən məktəblər osmanlıca olacaqmış.

İmdiki halda nəşr olunan qəzetələrimizin, kitablarımızın, xülasə yazı və mətbuat dilimizin türkcənin ən ədəbi olan İstanbul şivəsinə bir az bənzədigini, əlbəttə, inkar etmiyəcəgiz. Fəqət bunun qəsdən iltizam olunan osmanlı türkcəsi olduğunu şübhəsiz ki, inkar edəcəgiz. Bir İstanbullu bizim qəzetələri oxursa, ona əcəmicədir – deyər: bu osmanlıca degil, bu bizim ədəbi türkcəmiz, öz dilimizdir.

Əlbəttə ki, bu günkü şivəmizlə Mirzə Fətəli şivəsi və Zakir, Vaqif şivələri arasında fərq vardır. Fəqət bu fərq tərəqqi edən hər bir ədəbiyyatın müxtəlif dövrləri arasındakı fərqdən başqa bir şey degildir.

Osmanlı şivəsi ilə bizim şivə arasındaki qərabəti görüb də qorxanlar mütləq bu iki şivənin əsasən bir dilin biri-birinə yaxın şöbələri olduğunu bilməyənlərdir.

Anadolu türkcəsi ilə Azərbaycan və Qafqasiya türkcəsi şivəcə bir az fərq ediyorsalar da, əsas etibarı ilə türkcənin böyük budağının şaxələridir. İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq hec yoxdur. Fəqət Anadolu ilə bu iki şivə arasındaki fərq dəxi onları müstəqil bir dil və şivə halına qoyacaq dərəcədə degildir.

Ədəbi şivələrin bu surətlə yek-digərinə bənzəməməsi əsil işdən müxbir olmayan münəqqidləri qorxuduyor. Yoxsa məsələ bitərəf və kəskin nəzərli müstəşriqə həvalə olunursa, bunda qeyri-təbii bir şey görməz.

İştə, “Səadət” nizamnaməsinin təhlilindən gördük ki, “Bakıda yatan” cəmiyyətlərin həqqində iddia olunan “xülya” heç də xülya degildir. Və bu “xülya” qonşularımızın bir əsrə yaxın zamandan bəri istifadə elədikləri bir həqdir, öylə bir həqq ki, şübhəsiz, Qafqasiya müsəlmanları. Qafqasiya türkləri də ona layiqdirlər.

 

V

 

Bundan əvvəlki məqalələrimizdə Rudolf cənablarının məscid, məktəb və mədrəsələrimizdəki təhsil həqqində bəslədigi nəzəriyyəsini bildigimiz üçün təhsil və tənqid etdik. Popiçitelin bu məktəblər həqqində iki nəzəri vardır. Biri bu ki bu məktəblər təlim və tərbiyə nöqteyi-nəzərindən fəna halındadırlar. Birisi də bu ki, bunları “ittihadi-islam” iftiraqı və “hökumətə zidd məsləklər”in ocağıdır. Bu ikinci fəqərədə yalnız mollaların idarəsində olan məscid, məktəb və mədrəsələri degil, müsəlmanlar arasındakı məarif cəmiyyətləri ilə mətbuat dəxi sui-zənn alətinə alınmışdır. Müdir cənablarının mülahizələrindən birisinə iştirak, fəqət ikincisinə bütün mövcudiyyətimizlə etiraz edəriz. Kəndi nəzərincə mövcud olan bu iki dərdin islahı üçün Rudolf tərəfindən məscid, məktəb, mədrəsələrinin məarif nəzarətinə tabe tutulması xüsusunda izhar olunan rəyini isə əsrlərdən bəri tanınmış olan həqqimizə bir təcavüz sanarız.

Fəqət bu məsələdə yalnız Rudolfun degil, kəndimizin də xətamız vardır. Biz kəndimiz dəxi bu günə qədər məscid, məktəb və mədrəsələrinə lazım olduğu əhəmiyyəti verməmişiz və Rudolfun dedigi kibi “əlimizdəki həqqdən” istifadə etmək fikrində olmamışıq. Bizim zəmanə ehtiyacını anlamağa başlayan intelligentlərimiz bu məsələdə ibtidadan bəri böyük bir xəta işləyərək gəlmişdir. Biz mollaların idarəsində olan məscid, məktəb və mədrəsələrinin sədrə şəfa verəcək halda olmadıqlarını görüncə haman oralardan üz çevirdik. Xəlqi zəmanə elmlərinin təhsili üçün şkolaya çağırdıq. Bittəb xəlq ruhuna, əxlaqına, ürf və adətinə müğayir olan ruslaşmaq şkolasına gedəcək degildi. İnad etdi, getmədi. Haman məktəb və mədrəsəsində qaldı. İləri gələn siniflərdən bəzi bəgzadələr və sair mümtaz olan şəxslər şkolaya getdilər, fəqət oradaki tərbiyə üzündən məəttəəssüb əksər ovqatda xəlqlərindən uzaqlaşdılar, bunların qabağa düşmələri, əlbəttə, ümumcəmaətin oxumağı demək degildir. Bir çox zamanlardan sonra russki-tatarski tipində məktəblər açılmağa başladı. Fəqət onlar da uzun bir müddət istənilən nəticəyi verə bilmədilər.

Biz məscid məktəb və mədrəsələrinə xor baxdıq. Onları zəlalət və ətalət yuvası sandıq. Burada millət çürüdülür dedik, buralarına təəssüb ocağıdır – ünvanını takdıq. Həm həqiqətən də, öylə idi. İmdi də çox islah olunmamışlardır. Fəqət biz bir şeyi unutduq. Ən böyük səhvimiz də buradadır. İntelligentiyamızın, zəmanə dərdini anlıyanlarımızın ən ağır xatası da budur. Biz unutduq ki, bu müəssisələr hər nə halda olsalar da, bizimdir. Biz onların qaranlıq və rütubi otaqlarını, o otaqlar qədər qaranlıq və darcıq düşüncəli müəllimlərini oradaki əsr və zəmani çoxdan keçmiş olan çürük üsuli-ətiq gördükdə buralardan nifrətləndik. Onların islahından qəti-ümid elədik. Adətən buralarını baykot elədik. Əgər bir Rudolf kibi bundan 15 il əvvəl çıxsa, bütün məktəb və mədrəsələri qapatsa idi, öyləsini millətimizin böyük bir xadimi bilənlər dəxi çox tapılar idi.

Fəqət bu xətalı düşüncə yalnız keçmişə aidmi?

İmdi belə aramızda bir çoxları var ki, bu məktəbləri “əgri ağac” kibi təsəvvür ediyor və onun heç bir surətlə düzəlməsinə qane ola bilmiyorlar.

İmdi dəxi öylə düşünənlərimiz var ki, bu məktəblərin qapanmasını bir neməti – üzma kibi görüyorlar.

Əlbəttə, məzkur məktəblər məlum halları ilə qalacaq olurlarsa, bu kibi düşünənləri də qınamaq olmaz. Onları yalnız bir şeydə qınamaq olar ki, azarı sağaltmaq əvəzinə azarlını öldürmək istəyirlər. Onları bir şeydə qınamaq lazım gəliyor ki, əlimizdəki hüququn əsil qiymətini və onun gələcəgini dərk edəmiyorlar.

Məscid məktəb və mədrəsələrinə şimallı qardaşlarımız (tatarlar) bizdən daha ciddi bir nəzərlə baxdılar. Onlar bu müəssisələrə qarşı xor baxmadılar. Biləks bu məktəblərə sarıldılar, uzun bir zaman oldu ki, tatarlar, hətta, rus şkolasını belə baykot etdilər. Haman məktəb və mədrəsələrə qane oldular. Nəhayət, tamam olmasa da, bu məktəblərə üsuli-cədid daxil oldu. Ana dilinin və sair ibtidai elmlərin təhsili bir çox məktəblərə girdirildi. Tatarstanda bir kənd bulunmaz ki, orada məktəb olmasın. Sonra onlar mədrəsələrini də islah etdilər. Mədrəsəyi-aliyə, hüseyniyə kibi ciddi müəssəsələr meydanə gəldi ki, bu gun tatarlığın münəvvər mollaları, əksər yazıçıları, müəllimləri həp bu məktəblərdən yetişiyorlar.

Məscid məktəblərinin hər kəndə, qəsəbəyə yayılması ucundan tatar qardaşlarımızda oxuyub-yazmaq bizdən çox irəlidədir.

Bizim qəzetələr ancaq şəhərlərimizdə oxunuyor. Kənd qəzetənin üzünü çox az, hətta demək olar ki, heç görmüyor. Halbuki, Volqa Boyunda çıxan türkcələrin əksər oxucuları kəntistandadır. Tatar mətbuatının iləriləməsinə ən böyük səbəb iştə ordakilərin ana dilincə bizdən daha savadlı olmalarıdır. Bizdə orta rus təhsili görmüşlər, ali məktəb bitirmişlər çoxdur. Fəqət, onlarda xəlq oxuyur, yazıyor, ana dilində oxuyub-yazıyor.

Əlbəttə, Daxili Rusiyada mövcud olan zemstvo idarələri ilə yolların Qafqaziyaya nisbət daha müntəzəm və daha çox olması, kəndlərdə postanın bizimkindən daha intizamlı olmasının da təsiri yox degildir. Fəqət əsil mətləb kəndlərdəki məktəb və şəhərlərdəki mədrəsələrdədir.

Tatarlarda mətbuat ilə xəlq arasında yaxın bir əlaqə və münasibət vardır. Bu münasibətdə məscid məktəb və mədrəsələrinin təsirini görməmək mümkün degildir. Keçəndə idarəmizə iki tatar soldat gəldi. Tatarca qəzetə istədilər. Onlara verdigimiz “Vəqt”, “Turmuş” və “Söz” nömrələrinin içində axırıncısı birisinin nəzər-diqqətini cəlb etdi. Bunu Ayaz Əfəndi İshakov çıxarıyor – dedik. Onu tanıyormusan – deyə maraq etdik. – Necə tanımam! – deyə soldat incidi İsakovu da tanımamaq olurmu?

Bəlkə də bizə deyərlər ki, bu təsadüfi və müstəsna bir vəqəədir. Bu kibi düşünənləri də rəqəmlərlə sakit etmək istəriz. Bakıda olan tatarların, əlbəttə, arabaçı, əmələ və faytonçu növündən olduqlarını biliyorsunuz. Demək ki, bunlar yerlərində məaşları təng keçib də bir parça çörək üçün qürbətə çıxmışlardır. Buna görə də tatarlığın hər halda daha əvam təbəqəsinə mənsub olmaları iqtiza edər. Məəmafihə Bakı bələdiyyəsinin statistikası göstəriyor ki, yerli müsəlmanlarda oxumaq yüzdə 25 ikən, tatar kaloniyasında yüzdə 40-dır.

Bu faheş fərqin hikmətini bən iştə tatarların məscid məktəblərinə verdikləri əhəmiyyətdə görüyoram.

Əlbəttə, onlarda da Krımda və bizdə olduğu kibi bu məktəb və mədrəsə məsələsi daha tamamilə həll olunub yoluna qoyulmuş degildir. Onlar da bu məktəblər həqqində proqram yazmaq, onları daha həyati bir şəklə qoymaq xüsusi hala həll olunmamış bir məsələ halındadır. Fəqət bir fərqlə ki, onların ürəfası ibtidadan bunlara xor baxmadığı kibi, imdi onları əhəmiyyətsiz görməyir, hər vasitə ilə onların islahına çalışıyorlar. Bizim vəqflər dövlət xəzinəsində yatıyor olub qaldığı bir zamanda, onların movqufatı mədrəsə və məktəblərə sərf olunuyor. Movqufat yetişmədigi təqdirdə xüsusi cəmiyyətlər və ianələrlə olsa da, bu məktəblər ehmal olunmayır. İmdi ən ciddi və mühüm bir məsələ var isə, o da bu məktəblərin hüquq və səlahiyyətini əsaslı bir surətdə genişlətmək və onları daha əsaslı bünövrələr üzərinə qura bilməkdən ibarətdir.

Məscid məktəb və mədrəsələri xarabdır, fəna haldadır – deyə atılmamalı, bəlkə onun islahına çalışmalıdır.

Bizim xarab və islaha möhtac çox şeylərimiz vardır. Əgər hər islahı müşkül görülən xüsusiyyətlərimizdən əl çəksək, bu məntiqlə irəliləsək, çox fəna nəticələr əldə etmiş oluruz.

Özümüzü “ziyalı” mərtəbəsində qoyub da hər şeyə yuxarıdan aşağı quş baxışı ilə baxarsaq, o zaman mollalarımızı keşişlərə, məscidlərimizin kəlisalara, tükəzbanlarımızı da lizalara əvəz etməliyiz. Çünki məscid məktəb və mədrəsələrinin islahı həqqindəki bədbinlik ruh və məntiqi ilə biz mollalarımızın da, məscidlərimizin də, qadınlarımmızın da islahından naümid olmalıyız.

Fəqət bunun üçün nə bir səbəb vardır, nə də bir məhəl!...

Məscid məktəb və mədrəsələrinin əhvalı ilə milli həyatımızdaki əhəmiyyətini və məsələnin burasına aid Rudolf cənabları ilə aramızdaki ixtilaf nəzəri təyin etdikdən sonra sıra islahat məsələsinə gəliyor.

 

Bu xüsusda sonra.

 

(Ardı var)

 

 

Şirməmməd Hüseynov  

 

525-ci qəzet.- 2012.- 9 iyun.- S.26-27.