Oralarda kimlər var:

 

Ömər Ərdəm   

 

Kimsə məndən şeir gözləmir ki...

 

Şair Ömər Ərdəm yeni şeir kitabı “Kor”da həyatda qarşılaşdığımız yanlışlıqlara, səhvlərə, bəzən də mücərrədçiliyə uğrayır şeirləriylə. Bu şeirlərin misralarında məna gizlənməklə bərabər,sətiraltı çarpışmalar da diqqəti çəkir.Artıq şeirlərində püxtələşən bir şairin səsini eşitdiyimiz üçün yeni kitabı, şeirlərindəki  şairlik, cəsarət  və başqa ədəbi məsələlər barədə danışmağı vacib bildik.

–İki il öncə çıxan “ƏHƏNG” şeirlər kitabından sonra “KOR” kitabı işıq üzü gördü.Necə gəldi bu şeirlər, o kitabdan sonra az müddət deyilmi bu kitabın doğuluşu?

–Təbi ki, bir şeyin yaranışını bilməmək yazı prosesində  ən həyəcanlı zaman müddətidir.Bir çox şeyləri təkrarən eşidərsiniz, eşitməyə davam edərsiniz, dönə-dönə yaşayarsınız. Lakin bilə bilməzsiniz nə alınacaq. O içinizdəki maya qabarıb tam arzuladığınız, tam söyləmək istədiyiniz musiqiyə çevriləcəkmi? Kim bilər, kim bilə bilər. Bir müddət bilmədim. Bunu deməklə hər şeyin iradə xaricində inkişaf etdiyini söyləmək istəmirəm. Daima içimdə yaşanan və bu yaşantının ardınca düşən bir ab-havanı ifadə edirəm.Yazdıqca, yaşadıqca, öz boyunuzu aynalarda gördükcə, öz səsinizin əks-sədasını başqa ağızlarda eşitdikcə, özünüzə doğru daha bir yol alırsınız. Sanırım ki,əvvəldən bu yana özümlə maraqlanmağı bir az da olsa bacardım. Sonra da özümə yol aldım, izimin məni çəkib çevirdiyi istiqamətə həsr etdim həyatımı.Yaşadım. Şeirə inanıram. Zehnimi, hisslərimi, həyatımı həmişə ona nizamlayıram. Sonra birdən baxıram ki,budaqlardan tökülən qar tozları günəşə necə məğlub olursa, ona təslim oluram. “Kor” kitabındakı şeirlər də eləcə gəldi.Yaza-yaza, yaşaya-yaşaya. Yaşada- yaşada.

–İlk şeiriniz “Çevrələ”də həyatı, insanları, itib gedən ruhları, duyğuları, həyəcanları ağı kimi yaşamağı görürük. “Kor” bir az da bu mənada korluğamı toxunur?

–Yazdığım şeirin tam olaraq nəyə dəydiyinə vəya nəyə toxunduğuna bağlı danışmağı oxucunun azadlığına buraxıram, bunu izah etməyi də, əlbəttə şeirin sonsuz çağırımlarına zidd hesab eləyirəm. Hər şey şeirin və dilin çox laylı dünyasında olub bitir. Və hər şey  nə gördüyümüzdən, nə də söylədiyimizdən ibarətdir. Şeirlə əsl cadu etmə və ovsunlanma qabiliyyətimizi geri qazanırıq. Bəlkə gerçək şeir bunu ayaqlarımızı həyatdan qoparmadan edir. Həyata sıxışan və həyat haqqı tələb edən hər şeyə, şeir estetik və  yüksək musiqisiylə toxunmağa çalışır. Bəstə tamamlandığında dinləyənin ruhuna günün səslərinə uyğun olaraq təsir  etdiyini danmaq olmaz. Hər hansı bir şeiri oxuma və yozma sonsuzdur. Hər oxunuş yenidən bir təsir yaradır.

–”Kor” kitabınızdakı şeirlər  “ah” və “vah” şeirləri kimi gəldi mənə.

–“Ah” və “vah” bütün insani dərinlikdən qoparılmış, bir növ psixoloji sızlanma olaraq içimizin qaranlığına sıxışdırılmışdır.Ömründə bir dəfə olsun bir ağacın ahını, oğlu öldürülmüş bir qadının vahını daha da, əhəmiyyətlisi həyata dağılmış şiddəti ruhən eşitməyənlər “ah- vah” romantizmini duymaq funksiyasından məhkumdurlar. Kimin ah-vahı bunlar. Kimin ahı kimi tutur, vahlayan harada? İntellektual tənbəlliyimiz, vicdansız  və əxlaqi laqeydliyimiz daha doğrusu, ikiüzlülüyümüz şeirin bu iti və kəsici yanını aydınlatmağa çalışır.

–”Kor” kitabında metafora aparıcı bir xəttdir. Əslində kitaba tam halında baxdığımızda həyatın içində olmaqla birlikdə, bir çox mücərrəd durum və  mücərrəd fikirlərlə rastlaşırıq. Şairin işi həyatı mücərrədləşdirməkdirmi?

–Şeir ilkin və xüsusilə yüksək mücərrədləmə sənətidir. Bir tərəfdə anlayışlarla şeir yazan şairlər var, bir tərəfdən də həyatdan bəslənənlər. Bir saçın bükülüşü nə qədər mücərrədsə, qanlı bir göz yaşı da o qədər mücərrəd olmalıdır şeirdə. Mücərrəd dil sayəsində biz dilin laylarına, çağırışım dərinliyinə və daşıma gücünə güvənərik. Zamana doğru danışar şeir. Zamanı çevirər. Dəqiqəni saniyələrin əlindən alar. Bir növ an sənətidir bu baxımdan. Mücərrədlə konkret arasındakı həyat tarazlığını qura bildiyimiz zaman şeirdə yol ala bilərik.

–Adəmin “Üzr diləməsi” şeirində şeirsiz şairdən üzr istəyir Adəm. Həm Adəmin, həm də günümüz içindən baxdığımızda necədir,şeirsiz şair nə deməkdir ?

–Şeirsiz şair iki cəbhəlidir.Çünki şeirlə şair arasında da bir boşluq, yaratmaq boşluğu gizlidir. Hər şey bu anlaşılmaz boşluqda olub bitər. Sonra da Adəm, yəni İnsan, sonra da mücərrəd dillə yeni şeir iç-içə keçər, bir-birinə sarmaşar. Başqa tərəfdən şeirsiz şair, öz iç əxlaqını, estetik tutum və əsər dəyərini öz şəxsiyyət tərəzisində darta bilməyən şair ola bilmədiyi halda, şairlik pozasına girən, hər şeyi əvəzsiz əldə etməyə çalışan, hər dövrdə bənzərləri çox olan tipik bir varlıqdır. O kimə bənzəyirsə və kimə yaxınsa odur deməli.

–Peyğəmbər adlarının keçdiyi şeirlərdə bir çox anlayışı da rahatca düşünə bilirik.Məsələn, Adəm dediyimizdə həm ilk insan, ilk ata, ilk acılar gəlir ağla, Məhəmməd deyildiyində əmin olmaq gəlir, inanılır olmaq gəlir ağıla . Sizin də şeirlərinizdə Adəm, Yusuf, İsmayıl kimi adlara rast gəlirik. Nədir bunun sirri və səbəbi?

–İbni Ərəbinin “Füsus- ul- Hikemin”ə baxdığımız zaman, orada bütün zamanlara yayılmış ad simvollarını görürük. Hər bir ad yalnız çağlarını deyil, gələcək zamanları üçün də bir nəsnədir. “Allah bilmədiyi adları Adəmə öyrətdi” isə, təhsil və təhsil dili də öz sifətinə bağlıdır. Mən mədəni və inanc arxeologiyası ilə əlaqədar deyiləm. Yaşayıb gələn və yaşamaqda olanlar mənmi marağımı çəkir, məni odlayır. Başqa sözlə o yaşayanı mən bütün çılpaqlığıyla gördüyüm üçün, şeirimə əks olunur o adlar. Ölüm belə bir canlılıq işarəsi kimi gəlir mənə bu baxımdan. Bitməyən dərs. Qaralmayan səma.

–Kitabda sistemə dair üstü bağlı  tənqidləriniz də var. Şeir siyasətə, sistemə necə bir bağla bağlıdır?

–Şeir yalnız özünə bağlıdır və şair bunun xaricində bütün bağlanmalara qarşıdır. Platondan bu yana bitməyən bir döyüş var. Etirazçı, itaət etməyən varlıqlar, şairlər nə olacaq? Şair və şeir ən yüksək səs altında belə səssizliyin qədim susqunluğuna qulaq kəsilər. Dünən, Osmanlı nümunəsində, padşahlar, şairlərə, şeir yazmağa etina edirdilər və bu onların güclərinə xələl gətirmirdi. İndi şeir deyincə partlamış sözlər anlayırlar. Şairin siyasi tutumu, dünya görüşü, kainat qəbulu, sistem analizləri səs vermə və partiyalara bölünmə qədər də sadələşdiriləcək bir şey deyil.

–Bu dəfə digər şeirlərinizdə rast gəlmədiyim bir şeyi gördüm. Ömər Ərdəm yaşıyla, düşüncələriylə daha çox daxil olmuş kitaba. Yanılırammı?

–Yaş, yaşlanmağı da xatırladır istər-istəməz. Və yaşlanmağı nə olaraq düşündüyünüzü bilməli.Yaş irəlilədikcə mən daha müstəqil olduğumu, daha gur səsləndiyimi, iradənin ipini buraxdığımı düşünürəm. Lakin inkişafı, məlumatı, bacarığı anlayırıqsa, yaş da gözəl bir şeydir, deyilmi? Məncə, yaşlaşdıqca şair daha çox axtarışa başlayır. Şairin diqqətə çarpan olması öz bütünlüyünü ortaya qoymasıyla da yaxından bağlıdır.

–İlhan Berkin çantasında bəzi misraları yazılmış yarımçıq şeirlər çıxır. Bir gün oxucu Ömər Ərdəmin çantasını tapsa içindən şairə və şeirə dair nələr çıxar?

–Geri-geri, ilk kitaba doğru getmək, sonra ortalarda dayanıb istirahət etmək, indiki yazılanlara baxmaq, bu şeirlərin daşıdığı sonsuz arzuya qulaq kəsilmək lazımdı. İnsan keçər. Keçirik işdə. Dilimizdə şeirin o bir damla belə tutmayan qızıl damlasından bir iz ya var, ya yox. Hal içində olmaq, təmiz qalmaq, insani olanı, qədim olanı yaşatmaq və yaşamaq, Tanrısal musiqini eşitmək, içlənmək-duyğulanmaq, pisə qarşı dayanmaq, öyrənmək,bilmək,istəmək. Səyahətin bütün uclarına toxuna bilmək. Mən olmağı bacarmağa, mən olmağı davam etdirməyə həmişə əhəmiyyət verdim. Necə olursa-olsun, “Var” meydana gəlsin deyə səslərə qonşu oldum. Mən nə qədərsəm, nə qədər uzağa baxa bildimsə, çantamda da onlar olacaq.Mən yalnız şeirin dünyasındayam və orada ağla bağlı hər şey dövrə xaricindədir. Nə qorxu olar içimdə, nə  də çaxnaşmaya qapılaram. Kimsə məndən şeir gözləmir ki? Şeiri kimlərdənsə miras olaraq əldə etmədim ki? Bu mənim öz həyatım.Hər şeyim, varlığımın özü. Düşüncə dünyası ayrı, hiss dünyası ayrı. Şairin intellektual təcrübəsi, inancı, dünya görüşü, gündəlik problemləri şeir dövriyə girincə əriyər, dibə çökər. Orada başqa qanunlar işlər. Və hər qanun hər şairə görə başqa qarşılıqlar tapar.

 

 

ÖMƏR ƏRDƏM ŞEİRLƏRİNDƏN

 

bir.adam.

bir.adam.var.otağımda.

pərdələri sallayan.

bir adam.var.

mələfədə.sarıldığım leylək.

bir adam var.mətbəxdə.

bir.adam.yarım çörəyimdən dişləyən.

bir adam var.

barmaqlarımda.

daima mənim.heç yaşamadığım

küçədə.”qurutduğum gül altın tasda”.

bir.adam.varr.

xəstəlikdə.bir qaşıq limon.

şorba.

birr adamm varrr.

getmək istərəm.

rüzgar qaraltısı.bir adam.var!

bir.adam.var.

açıq.çəkik gözləri.

bir adam.var.

avtovus.dolaşır şəhərləri

bir.adam.var.odamda.

toz.içində.

bir adam.var!

 

 

Lal

 

Sən nəsən ki yanarsan

Sisdən bir qəfəsdə lal

İçin təmiz gül yağmuru, nar

Qarışır qəlbə vuran səsə hər bahar

Dünya yaranandan

sislərin də bir dili var

Ağır, dalğalı və səssiz

Ömrün aynasına soxularaq doxunurlar

Mənsə...

Böyük bir maraq üzündən girdim bu baxçaya

Ey sis bürü məni al sinənə sarmala

 

 

Yan-yana iki boş bardaq

 

diqqət!

eşq yan-yana iki boş bardaq kimi

gözlər bizi hər sabah mətbəxdə

qəhvaltıda

süfrələrin mor kənarına işlənmiş

paşabaxçə çizgili bir işıq şüası

səkərək durar bəmbəyaz dalğalarıyla

diqqət

ayrılıqda belə...

doldurur bir-birini

yan-yana iki bardaq boşluğuyla

 

 

Qarson

 

O zamanlar

Qarsondum mən Samatyada

Ayağımda dallas markalı çəkələklə

Dönülməyəcək qədər uzaqda

Və bir axşam telefonda

“Cumhuriyyət” qəzetində idim

məni itirdin

Sən artıq Ankarada Məktəb-i-Hüquqda

Səsimi rüzgar olaraq saxla

O zamanlar

Mən bir qarsondum Samatyada.

 

 

 

Tofiq Abdin        

 

525-ci qəzet.- 2012.- 9 iyun.- S.23.