Epik teatrın qığılcımları    

 

“Yaşlı xanımın gəlişi” ilə alovlanan bu qığılcımlar milli teatrın səhnəsində vətəndaş duyğusunun bənzərsiz ifadə vasitəsinə çevrilə bilir.

Bu gün Milli Dram Teatrında gedən canlanmanı sezməmək mümkün deyil. Yeni teatr layihələri gerçəkləşdirilir, beynəlxalq əməkdaşlıq genişlənir, qapılar xariciyerli teatrların üzünə daha səxavətlə açılır, müxtəlif üslublu rejissorlar dəvət olunur, ən başlıcası isə seyrçiləri teatra çəkib gətirən maraqlı tamaşalar seçilib oynanılır. “Teleskop”,”Xanuma”,”Qatar altına atılmış qadın”, ”Boyçiçəyi”, “Don Juan” və s. tamaşalar yaxın dövrün belə uğurlu səhnə əsərlərindəndir. Teatrda gedən  yaradıcılıq proseslərinə güclü impuls verəcək həmin tamaşalardan biridünya şöhrətli dramaturq F.Dürrenmattın nümayişi uğurla davam etdirilən “Yaşlı xanımın gəlişi”dir...

Avropa teatrlarının tez-tez müraciət etdikləri Fridrix Dürrenmatt yaradıcılığında mühüm yer tutan bu əsərin Azərbaycan səhnəsinə gəlişi, həm düşüncə və qavrayış, həm də sənət meyarlarının təsdiqi baxımından əhəmiyyətlidir. Müasir teatra xas olan cazibədar dramaturji model, fərqli səhnə oyunu, gerçəkliyin ifadə parametrlərinin zənginliyi, parlaq xarakterlər, aktyor plastikası və üstəgəl müəllif ideyasının gözlənilməz səhnə həlli ilə yadda qalan tamaşa, hər halda ciddi mədəniyyət hadisəsi sayıla bilər. Bəribaşdan deyək ki, rejissor Rövşən Almuradlı dünyanın absurdluğunu öz parlaq məzhəkələrində və parodiyalarında qeyri-adi tərzdə əks etdirməyə çalışan F.Dürrenmattın məqsədini hər incəliyinə qədər dəqiq anlamış və fədakar yaradıcı komandası ilə teatr sənətinin tələbləri baxımından, olduqca cazibədar bir tamaşa yarada bilmişdir. Əsərin mövzusunun, hadisələrin gərgin axarının və rejissorun verdiyi səhnə mizanlarının birbaşa nəticəsidir ki, tamaşaçı səhnədə baş verənlərə biganə qalmır, dramatik hadisələrin dəmir məntiqinin ortaya çıxardığı parodoksal situasiyalara, talesizliyə, qəhrəmanların dəyişkən duyğularına,  daxili hayqırtılarına, ədalətsizliyə, satqınlığa, pulungücün hakimiyyətinə, bu hakimiyyətin insanları necə miskinləşdirməsinə biganə qala bilmir... Yoox, bunlar reallıq deyil, sadəcə səhnədə ortaya çıxan qəzavü-qədər, böyük dramaturqun qurduğu bir oyun, ibrətamiz bir hekayət, pritçadır. Elə buradaca hər şeyə ləzzətli məzhəkə kimi baxan F.Dürrenmattın özü dadımıza yetişir: “Pyeslər dünyanı anlamaq üçün yazılır. Dünyanı anlatmaq üçün isə pritçalar lazımdır. Mənim bütün pyeslərim – pritçalardır”. Deməli, tamaşa boyu seyrçiləri gərginlikdə saxlayan “Yaşlı xanımın gəlişi” də bir pritçadır, bizə həyatı, dünyanı və insanları tanımağa imkan verən ibrətamiz bir pritça...

 

lll

 

XX əsrin ikinci yarısından almandilli dramaturgiyanın qüdrətli nümayəndəsi kimi sevilən F.Dürremantt həm də nasir, publisisteyni zamanda rəssam olmuş, bir çox tamaşalarının eskizlərini özü çəkmışdi. 23 pyesin, çoxsaylı romanların, esselərin, hekayələrin, radiopyeslərin müəllifi olan yazıçıya daha çox “Şəhər” hekayələr toplusu, “Hakimonun cəlladı”, “Vəd”, “Ədalət” kimi detektiv əsərləri, həmçinin “Planetin rəsmi”, “Fizik”, “Meteor”, “Yaşlı xanımın gəlişi”  kimi dram əsərləri dünya şöhrəti gətirmişdir. Mənəvi dəyərlərin aşılanması və çıxılmazlıq probleminin qabardıldığı bu dram əsərlərində müəllif insan psixologiyası, inam və əxlaq məsələlərini bir-bir ilə bağlamağa çalışır və burada diqqəti cəlb edən odur ki, əsərlərində qoyulan ictimai problemlərin əksəriyyəti göz yaşları doğursa da, onların həlli müəllifin istehza və acı gülüşlərindən keçir. “Mən dünyaya xüsusi bir optimizmlə baxmaq üçün elə də böyük səbəblər görmürəm. Və heç bir komediya müəllifi də belə etmirdi. Aristofanı xatırlayın. Onun bütün pyesləri – acı komediyalardır” deyirdi. Ona görə də bütün haqsızlıqlara və ədalətsizliklərə, xaosa və mənasızlığa, baş vermişya olacaq qəzalara baxmayaraq, gülüş, F. Dürrenmattın əsərlərinin əsas özəl cəhətidir. Yazıçı, məhz qrotesklərin vasitəsi ilə gizlinləri ifşa etməyə çalışır. “Yaşlı xanımın gəlişi”ndə də tamaşaçı səhnədə baş verənlərə gülərək, tamahkarlığın, bundan doğan miskinliyin, ləyaqətsizliyin və ədalətsizliyin  hökm sürdüyü, həmçinin şəxsiyyətin öz taleyi üzərində tamamilə gücsüz olduğu bu dünyanın həqiqi mahiyyətini anlayır. Bu baxımdan “Yaşlı xanımın gəlişi” Dürrenmattin həyat fəlsəfəsini dram üslubunda əks etdirən ən tipik əsərlərindəndir. Ona görə də əsərdəki gizli və açıq fikir qatlarına gur işıq salan rejissor R. Almuradlı bütün ifadə vasitələrini başlıca ideyaya tabe etdirərək, xaraktercə faciə və qroteskin sintezindən ibarət olan baxımlı bir tamaşa yarada bilib.

 

lll

 

Cəmiyyətin mənəvi deqrdasiyasının bədii mənzərəsini yaradan əsərdəki hadisələr ötən əsrin təxminən 30-cu illərində faşizmin dirçəldiyi dövrdə cərəyan əhatə edir. Gəncliyində yaşadığı bir ədalətsizliyin qisasını almaq üçün doğma şəhəri Hüllenə qayıdan xanım Klara Veşerin (Sənubər İsgəndərova) gəlişi əvvəlcə bayrama, sonra isə faciəyə çevrilir. Xanım milyonerdir, fahişəxanada ona vurulmuş yaşlı ərindən qalan zəngin sərvətilə ölkədə ad-san qazanıb, kasıblara pul paylayır, xeyriyyəçilik edir. Ona görə də  indi iqtisadi sıxıntıda yaşayan doğma şəhəri K.Veşerdən imdad gözləyir, xanımsa insanları sıxıntıdan qurtarmaq üçün milyardlar ödəməyə hazırdır, ammahumanizm milyonerlərin biznesidir” deyən Klaranın  kiçikbir şərti var: gərək ona xəyanət etmiş keçmiş sevgilisi Alfred (Ramiz Novruzov) öldürülsün. Ölüm hökmünün ləğv olunduğu, demokratik ab-havada yaşayan şəhərdə bu, mümkünsüz bir olsa da, xanım Veşerin pulları tezliklə hər şeyi mümkün edir. Tamaşanın birinci hissəsində demokratik dəyərlərdən, insan haqlarının müqəddəsliyindən dəm vuranlar tezliklə özləri Alfredin qatilinə çevrilirlər. Vətəndaş cəmiyyətinin dayağı olan bu adamlar-Burqomistr (Nurəddin Mehdixanlı), Polis (Əli Nur və Kazım Həsənquliyev), Müəllim (Hacı İsmayılov və Rafiq Əzimov), Keşiş (Kazım Abdullayev)  Həkim (Pərviz Bağırov və Telman Əliyev) və Müxalifət (Mətləb Abdullayev, Elnar Qarayev) 40 ildən sonra yenidən toplaşmış məhkəmədə ölüm hökmünə tərəfdar olurlar... Və Alfredin qətli bir fərdin ölümü deyil, cəmiyyətin, ictimai əxlaqın, bəşəri dəyərlərin ölümünə çevrilir. Eyni zamanda bu situasiya, təksə yaşlı xanım Veşerin qadın hikkəsinin gerçəkləşməsi deyil, həm də pulun gücə və hakimə çevrilməsinin təntənəsi, insanların bu güc qarşısında əyilməsi, satılması, mənəvi cəhətdən miskinləşməsinin acı mənzərəsidir. Tamaşa bu çoxqatlı palitranı olduqca rəngarəng və dolğun boyalarla, həm də inandırıcı bir tərzdə seyrçi önündə canlandıra bilir. Tamaşanı canı-dildən, ürəklə oynayan aktyorlar bədii həqiqətin və xarakterlərin dolğun təqdimatı üçün əsl sənət fədakarlığı göstərirlər.

Tamaşada əsas yükü çiynində daşıyan üç obraz var: Klara Veşer hadisələri yaradır, Bürqomistr onlara impuls verir, Alfred İl isə bütün tamaşa boyu taleyə müqavimət göstərərək döyüş yükünü və hadisələrin bütün gərginliyini çiynində daşıyır. Bu əsas obrazların xarakterik cizgilərini çox ustalıqla yaradan ünlü aktyorlar-R.Novruzovun, N.Mehdixanlının, S. İsgəndərovanın, eləcə də digər rolları oynayan R.Məlikin, H.İsmayılovun, K.Abdullayevin və başqalarının ifaları yapışıqlı, təsirli və təqdirə layiqdir. Ən kiçik epizodik obrazlar belə oyun şərtlərindən kənar olmadığı üçün gərəkliliyini sübut edib yadda qalır, tamaşanın bütövlüyü içərisində özləri də təkrar olunmaz bir rəngə çevrilir. “Yeddinci ər”, “Birinci, ikinci kişi” ,“Rəssam”, “Stansiya rəisi” , “Müşavir” və s. bu qəbildən olan obrazlardır.

Tamaşanın əsas qayəsinin, müəllif və rejissor ideyasının daşıyıcısı kimi meydanda olan əsas obrazın-Klara Veşerin xarakterini canlandıran aktrisa Sənubər İskəndərovanın istedadlı ifası, incə və zərif plastikası haqqında ayrıca danışmaq lazım gəlir. Gülüş və faciənin sintezindən doğan janrın ağır və mürəkkəb şərtlərinin diqtə etdiyi dəyişkən situasiya, hərəkət və mimikaları ustalıqla yaradan baş rolun ifaçısı kmi S. İsgəndərovanın tamaşaçını ovsunlayan aktyor ifası, sublimativ oyun tərzi misilsizdir. O, kiçik şəhərlə bağlı nisgilini ifadə edəndə də, keçmiş sevgisinin lirik anlarını xatırlayıb duyğulananda da təbii və inandırıcıdir. Eyni zamanda şıltaq bir qızdan həyatın əzdiyi qəddar qarıya çevrilib qisas hissi ilə alışıb-yananda da tamaşaçını eyni məharətlə inandıra bilir. Mən çox tamaşalarda Sənubər xanımın maraqlı rollarını görmüşəm, amma mübaliğəsiz deyə bilərəm ki, Klara Veşer obrazı onun milli səhnəmizdəki ciddi uğurubir aktyor kimi yeni ampluaya keçididir.

 

lll

 

Tamaşanın uğurunu şərtləndirən əsas amil, şübhəsiz ki, dramaturji materialın zənginliyi və F. Dürrenmattın da qızğın tərəfdarı olduğu epik teatrın gücüdür. Yəni əsərlərində cəmiyyət, insan və əxlaq problemini daim diqqət mərkəzində saxlayan müəllif qarşısına tamaşaçıya “təsəlli vermək” məqsədi qoymur. O, qrotesk və ironiyanın köməyi ilə tamaşaçıda qıcıq yaratmağa üstünlük verir. Məhz bu məqamda Dürrenmatt yaradıcılığına B. Brextin güclü təsiri duyulur. B. Brextin vaxtilə yaratdığı “Epik teatr”ında da belə bir prinsip güdülürdü ki, tamaşaçı səhnədə qoyulan əsərə baxır, dərk edir, öyrənir və baş verənləri izah etməyə çalışır. Hadisələr yadlaşdırma prinsipi əsasında qurulur, yəni tamaşaçı ənənəvi Aristotel teatrında olduğu kimi katarsis yolu ilə “təsəlli tapmağayox, əsərdə qoyulan problemin həllini tapmağa sövq edilir. Düzdür, dramatik teatr da  hadisələri hərəkətdə göstərir, tamaşaçını hadisələrin axınına cəlb edir, onda müəyyən emosiyalar oyadır. Lakin bu teatr çox da aktiv olmayan tamaşaçısını başqa bir mühitə aparır, hadisələrin mərkəzinə çıxarır və onu da baş verənləri yaşamağa məcbur edir. Əsas düyünün açılışına güclü maraq oyadan dramatik teatr daha çox tamaşaçının hisslərini hədəf götürür.  “Yaşlı xanımın gəlişi” isə sırf  epik teatr estetikası ilə hazırlanıb. Əlbəttə, epik teatrda da hadisələr nəql olunur, rejissor tamaşaçının aktivliyini stimullaşdırılır, onu müəyyən qərar verməyə məcbur edir.

Tamaşaçıya başqa bir mühit göstərən epik teatr onu öz hisslərilə qarşı-qarşıya qoyur. Məhz bu halda tamaşaçı bir tərəfdən nə baş verdiyini öyrənməyə, digər tərəfdən hadisələrin gedişatına maraq göstərməyə başlayır və bu prosesdə tamaşa hisslərdən daha çox, ağıla (rasionallıq) istinad edir. Bu halında epik teatr beynini piy basmışlar, burnundan uzağı görə bilməyən harınlar üçün deyil, cəmiyyətin bugünü və güvənli sabahı üçün düşünən, bundan ötrü hər cür mübrizə aparmağa hazır olanların teatrına çevrilir...

 

lll             

 

Tamaşanın bizə təlqin etmək istədiyi ciddi bir məqam var: insan özü özünün qəzalar dünyasını yaradır və bu dünya getdikcə daha gözlənilməz  xarakter alır. İnsan gözlənilməzliklərlə dolu olan dünyada yaşayır. Bu, ən müxtəlif imkanların, bədbəxt hadisələrin və təsadüflərin dünyasıdır. Təsadüf  isə həmişə bizim təsadüfən düşdüyümüz vəziyyətdir. Onu qabaqcadan bilmək, planlaşdırmaq mümkün deyilbiz heç bilmirik ki, sondaolacaq? İnsanın yaşadığı vəziyyət məhz elə budur-sonda nə olacağını bilməmək! İnsanların sayca artması isə təsadüflərin sayının artması deməkdir.  “Yaşlı xanımın gəlişi”ndə  F. Dürrenmatt bu təsadüflərin fəlakət dolu anatomiyasını-acı reallığı aşkar ironiya, daha dərin bədii üsullarla təsvir etməyə çalışıb, bu baxımdan bəzi səhnələrdə hərəkətlərin şişirdilməsi tamaşaçının diqqətini daha kəskin tərzdə cəlb etməyə yönəlib. Əslində bu tərz B. Brextin təsirindən irəli gəlir, lakin Brextdən fərqli olaraq Dürrenmatt səhnədən tamaşaçıya hansısa bir ideologiyanı və ya dünyagörüşü aşılamağa can atmır. O, öz qaçılmaz sonuna doğru addım –addım irəliləyən və bunun fərqində olmayan insana təsir etmək məsələsinə son dərəcə şübhə ilə yanaşır. Böyük dramaturqun fikrincə, belə insanlara heç nə ilə təsir etmək mümkün deyildir. Onlar artıq öz yollarını seçmişlər. Amma Dürrenmatta görə, bütün hallardabu bədheybət və fəlakətlərlə dolu olan dünyadaonun qəhrəmanları təslim olmamalı, düzgün və əxlaqlı qərarlar verməlidirlər. Lakin nə etməli ki, qərarlar həmişə faciəvi sonluqla tamamlanır...

 

lll

 

“Yaşlı xanımın gəlişi” zəngin ifadə vasitələrinə, yaradıcılıq axtarışlarının vüsətinə, rejissor, rəssam və bəstəkar işinə görə də fərqli bir tamaşadır. Məhz axtarışlarla zəngin olan belə tamaşalar təsdiq edir ki, teatr bir toplu, sintetik sənət növü kimi yeni bədii üsullardan, saysız-hesabsız kombinasiyalardan faydalanırsa, əsl sənət əsərinə çevrilir. Görkəmli sənət xadimləri və ustadlardan (Valentin Pluçek və Ədil İskəndərov) yaxşı dərs almış, kino,televiziyateatr sahəsində kifayət qədər ugurları olmuş, müxtəlif səviyyəli teatrlarda “Dəyirman”, “Bəylik dərsi”, “Ölüləri qəbristanlıqda dəfn edinkimi ciddi sənət hadisəsi kimi maraq doğurmuş əsərlərə səhnə həyatı vermiş rejissor R.Almuradlı, məhz teatrın ecazkar ifadə vasitələrindən məharətlə bəhrələndiyinə, təxəyyülünün bədii-estetik çərçivəsini dəqiq müəyyənləşdirdiyinə, həmçinin özünün düşüncə-konsepsiyasını dəqiq ifadə edən rejissor qrafikasını aydın palitrada verdiyinə görə belə uğurlu tamaşa yarada bilmişdir.  Tamaşada bədii bütövlük yüksək professional səviyyədə həll olunub. Yəni ədəbi material, bədii tərtibat (rəssam Zöhrab Bəykişiyev), tamaşaçını əvvəldən axıradək gərginlikdə saxlayan, amma eyni zamanda baş verənlərin mənasını, hadisələrin xarakterini dəqiq qavramağa kömək edən, melodik çalarları kəskin dəyışə bilən musiqi (bəstəkar Sərdar Fərəcov) və aktyor oyunu aydın şəkildə əsas ideyaya yönəldir, vasitələr bir-birini tamamlayır, nəhayət ideyanın parlaq rejissor həllində bütövləşir. Bunlar da tamaşanın yüksək bədii-estetik səviyyəsini təmin etmiş olur.

Müasir teatrın ən ciddi problemlərindən biri yeni minillikdə yeni ifadə tərzinin-yeni səhnə dilinin axtarılmasıdır. Bu mənada R.Almuradlı  tamaşada modern teatr imkanlarından, yeni dildən, o cümlədən kino effektlərindən uğurla istifadə edib. Yaxşı haldır ki, kino estetikasından istifadə nəzərə çarpmayacaq dərəcədə, zərif və yerində istifadə olunur. Kinomontaj tərzi səhnələrin bir-birinə keçidində rahat körpü rolunu oynaya bilir. Səhnədə zaman və məkanı heyrətamiz şəkildə özündə birləşdirən xronotop “dairənin” fırlanması və işıq effektlərini də uğurlu tapıntılar sırasına yazmaq olar. Dairə daima Yer kürəsinin əks istiqamətində fırlanır ki, bu da bir məcazdır, yaxud Hüllen şəhərinin saatı işləyir, amma əqrəbləri yoxdur. Bu növ məcazlar ifa baxımından dəqiq düşünülmüş oyunda yüksək emosional təsir bağışlayır.

Müsbət haldır ki, tamaşada uğurla gerçəkləşdirilən bütün effektlər nəticə etibarilə epik teatrın vətəndaş mövqeyinə çağırış simvolu olan parlaq qığılcımlarının daha gur şölələnməsinə xidmət edir. Bu şölələrin alova çevrilməsinə isə milli teatrımızın xüsusi ehtiyacı vardır, çünki bu qığılcımlar bizim teatr yaddaşımızda uzun illər yaşayıb. Böyük ustad Ədil İskəndərovun yaratdığı monumental teatr da  və mədəniyyət tariximizdə yeni mərhələ açmış Tofiq Kazımovun modern teatrı da bir vaxtlar bu qığılcımların sayəsində genış tamaşaçı kütləsinin qəlbinə yol tapmışdı.

 

 

Qulu Məhərrəmli,       

Professor

 

525-ci qəzet.- 2012.- 9 iyun.- S.19.