Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış   

 

Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Üçüncü əsrdən başlayaraq Roma dünyası tənəzzül dövrünü yaşamağa başladı. Generallar bir-birilə vətəndaş müharibələri aparırdılar. German tayfaları və Persiya orduları imperiyaya müdaxilə edirdilər. Taun xəstəliyi yayılır, əhalinin sayının azalması və iqtisadi problemlər baş verirdi. Yeni din olan xristianlıq bütün imperiyaya yayılmışdı.

Köhnə Roma imperiyasının şərq hissəsi, mədəniyyətində yunan tipinin artması və böyüməsi ilə Bizans imperiyası kimi öz varlığını davam etdirdi. Həmin vaxt german çarlıqları Qərbdə kök salırdı.

Roma imperiyası Avqust hökmranlığının sonundan Trayan hakimiyyətinin başa çatmasına qədər Avropada Qalliyanı, İspaniyanı, Dakiyanı, Britaniyanı, Balkan yarımadasını, Afrikanın bütöv şimalını, Asiyada isə bütün Kiçik Asiya ərazisini, Suriya, İudeya və Mesopotamiyanı əhatə edirdi. Onun şərq sərhədində Parfiya və Ərəbistan yerləşirdi. IV əsrin başlanğıcından isə Köhnə Roma imperiyası parçalanmışdı, Şərqdə Mesopotamiya itirilmişdi. Bu vaxt Roma imperiyası şərqi və qərbi hissələrdən ibarət iki yerə bölündü. “Roma sülhü” adlanan Pax Romana ərazilərində artıq imperator həmişə olduğundan daha böyük hakimiyyətə malik idi. IV əsrin əvvəllərində hakimiyyətə gələn Konstantin tikinti proqramları ilə xüsusilə maraqlanırdı. Əyalətlərdə böyük miqyasda inşaat işləri aparıldığından Roma sadəcə simvolik paytaxta çevrildi. Bu vaxt sərhədlərdən uzaq olan imperial mərkəz meydana gəldi. İmperator Konstantinin ən böyük proyekti 324-cü və 330-cu illər arasında Şərqdə yeni paytaxtın salınması idi. Bu, “Konstantin şəhəri” və ya Konstantinopol adlanmaqla yunan şəhəri Vizantium tərəfdə tikilmişdi, Bosfor boğazının sahillərində yerləşirdi. Konstantinopol (indiki İstanbul) müdafiə məqsədləri üçün böyüdü, şəhər həm də çox mühüm strateji nöqtədə yerləşirdi. Forumuna, iri meydanlarına və geniş amfiteatrına görə onu “Yeni Roma” adlandırırdılar. Burada sonrakı illərdə yenicə qəbul edilmiş xristian dininin kilsələri tikildi.

Lakin Konstantinin ölümündən sonra imperiya qərb və şərq hissələrinə bölünməkdə davam edirdi. 395-ci ildən imperiyanın bu iki hissəsi faktiki olaraq müstəqil dövlətlərə çevrildilər. V əsrdə Qərb imperiyası germanların hücumu ilə süquta uğradı və german çarlıqları ilə əvəz edildi. 476-cı ildə german mənşəli Odoakr Roma (Qərbi) imperatorunu devirdi və özünü german çarı elan etməklə, Şərqi Roma imperatoruna nəzəri olaraq tabe olacağını bildirdi.

Əslində isə V əsrin sonunda Qərbdə Roma imperial hakimiyyəti başa çatdı və onun intellektual, idarəetmə və mədəni ənənələri yeni german çarlıqlarında yaşamasını davam etdirdi.

Roma imperiyası öz qüdrətinin zirvəsində olanda da ona qarşı qiyamlar, mübarizə cəhdləri ara vermirdi, həm də Parfiya onun üçün ciddi təhlükəyə çevrilmişdi. Ümumiyyətlə, romalılara nifrət güclü idi. Romanın özündə vətəndaş müharibəsi baş verəndə düşmənlər onun hərbi və siyasi zəifliyindən istifadə etməyə çalışırdılar. Pont çarı VI Mitridat Yevpator b.e.ə. 88-ci ildə Müttəfiqlər müharibəsindən istifadə edib, Kiçik Asiyadakı bütün Roma ərazilərini tutmağa çalışdı. Mitridatla müharibə Roma sərkərdələri Sulla və Mari arasındakı vətəndaş müharibəsi ilə bir vaxta düşdü və bu müharibədə Mitridat mühüm uğurlar qazandı. Bundan sonra o, Kiçik Asiya əhalisini romalılara qarşı üsyana çağırdı və bir günün ərzində 80 min nəfər romalını və italiki öldürməyi əmr etdi. Böyük alman tarixçisi Teodor Mommzen bu hadisəni belə qələmə alır: “Çar Efesdən ona tabe olan bütün valilərə əmr göndərdi ki, bir gündə orada olan bütün italikləri, azad və ya qeyri-azad olmalarından asılı olmayaraq öldürsünlər. Sərt cəza qorxusu altında, məhkum olanlara xilas olmalarında kömək göstərmək qadağan olunurdu. Mitridat göstəriş verdi ki, öldürülənlərin cəsədini yeyilmək üçün quşlara atsınlar, əmlaklarını müsadirə edib, yarısını qatillərə versinlər, digər yarısını isə çara çatdırsınlar.  Bu dəhşətli əmrlər hər yerdə dəqiqliklə yerinə yetirildi. 80 min, başqa mənbələrə görə 150 min, əgər günahsız olmasalar da, ancaq silahsız olan kişi, qadın və uşaq bir gündə Kiçik Asiyada soyuqqanlılıqla qətlə yetirildi”. Tarixçi hansısa qəribə hissin təsiri altında bu dəhşətli qırğında asiyalıların cəllad rolunda sultana xidmət etmək nümunəsini görür, bunun intiqam hissindən yuxarı olduğu qənaətinə gəlir. Əslində isə o vaxtlar heç yerdə sultan ifadəsi işlənmirdi, bu titul yalnız türklərə məxsusdur və onlar da o vaxtlar tarix səhnəsində hələ gözə dəyməmişdilər. Elə bil ki, Qədim Romanın görkəmli tədqiqatçısına bu dövlətin məşhur sərkərdələrinin həm Avropada, həm  Asiyada, həm də Afrikanın şimalında axıtdığı qan çayları məlum deyildi. Axı romalılar təkcə Karfageni qəddarlıqla məhv etməklə kifayətlənməyib, şəhərin yerini şumlamış və ona duz səpmişdilər. Qay Yuli Sezarın özünün təsdiq etdiyi kimi, səkkiz il ərzində 800-dən çox şəhəri hücumla tutmuş, romalılara qarşı mübarizə aparan üç milyondan bir milyonunu məhv etmiş, bir milyonunu isə əsir götürmüşdü. Təkcə qalların Aleziya şəhəri işğal edildikdən sonra o, hər bir əsgərinə bir qul bağışlamışdı. Görən onda ömrü boyu müharibə allahı Marsa xidmət göstərən Sezara haqq qazandırmaq mümkündürmü? Şərqdə həlak olan nisbətən az sayda romalılarla, ümumiyyətlə onlarla aparılan müharibələrdə öldürülən şərqlilərin kəmiyyəti arasındakı fərq olduqca böyük olduğundan, belə bir müqayisəni aparmağa da ehtiyac qalmır.

 

İslam dininin və imperiyasının yaranması

 

VII əsrin əvvəlində Şərqdə, qarşıdakı dünya tarixinə mühüm təsir göstərəcək bir hadisə baş verdi – Ərəbistanda İslam dini meydana gəldi. Bu din özündən əvvəlki dinlərlə: iudaizmlə, zoroastrizmlə və xristianlıqla bir sıra bənzər cəhətlərə malik olsa da, onlardan həm də ciddi surətdə fərqlənirdi. Ən mühüm fərqlərdən biri o idi ki, özünü onu yaradanın adı ilə deyil, ərəb dilindən tərcümədə “itaət”, yəni “Allahın iradəsinə itaət” mənasını verən “İslam” kimi adlandırmışdı. Əvvəlki dinlər isə öz adlarını baniləri olan Buddanın, Zərdüştün (Zoroastrın) və Xristin adından götürmüşdü. İslam dini həm də başqalarına nisbətən daha demokratik din idi, ona sitayiş edənlərin hamısını qardaş elan edirdi. Bu isə İslam dininə bütün inanc gətirənlərin irqi, milli, dil fərqindən asılı olmayaraq bərabər olmasına şərait yaratdı. İslamın dini mərkəzi yoxdur və o klerikal ierarxiyanı qəbul etmir. Ona görə də müsəlmanlar hansısa dini xadim vasitəsi ilə deyil, özləri Allahla bilavasitə əlaqə yaratmaq imkanına malik olurlar.

İslamın beş dayaq sütunlarında dinə sitayiş edənlərin bilavasitə vəzifələri ifadə olunur. Bunlara, Allaha və onun peyğəmbəri kimi Məhəmmədə inam gətirmək, gündə beş dəfə standart dua etmək (namaz qılmaq) və cümə günü günorta ictimai dua ibadəti; müqəddəs ay olan Ramazanda səhər şəfəqlərindən gün batana qədər oruc tutmaq; ömürdə bir dəfə də olsa həcc kimi tanınan Məkkəyə ziyarət etmək; əgər imkan varsa kasıblara və bədbəxtlərə ianə vermək. Bu qaydalara əməl edən möminlərə cənnətdə əbədi yer vəd edilirdi.

İslam təkcə dini inanc deyildi, həm də həyat yolu idi. Məhz bu səbəbdən də İslama sitayiş edənlərin gündəlik həyatını nizamlayan qaydalardan ibarət “Şəriət” adlanan qanun məcəlləsi yaradılmışdı. Şəriətin çox sayda müddəaları müsəlmanların müqəddəs kitabı olan Qurandan götürülmüşdü. Beş dayaq sütununda ifadə olunan göstərişlərlə yanaşı müsəlmanlara spirtli içki, qumar və zinanın haram və günah hesab edilməsi şəriətin müddəalarına daxildir. İslamın totalitar mahiyyəti öz başlanğıcını şəriətdən göturür.

İslam dininin meydana çıxması da təsadüfi bir hal deyildi. Cənubi-Qərbi Asiyada yaşayan ərəblər uzun tarixə malik olmaqla, Ərəbistan yarımadasında yaşayırdılar. Burada daim öz mal-qarasına su və qida axtaran bədəvilər ağalıq edirdilər. İlkin dövrlərdə onlar əsasən qoyun otarmaqla və ya ötüb keçən karvanları soymaqla dolanırdılar. Sonralar onlar karvan ticarəti ilə məşğul olmağa başlamışdılar, İran körfəzi ilə Aralıq dənizi arasında baş əmtəə daşıyıcılarına çevrilmişdilər. Əvvəllər ərəblər çoxallahlı idilər, lakin həm də Allah adlanan ali bir allah var idi ki, o, digər allahları idarə edirdi. Burada heç bir keşiş yox idi və tayfanın bütün üzvləri inanc praktikasına cəlb edilmişdilər. Allah müqəddəs daşda rəmzlənirdi və hər tayfa öz daşına malik idi. Bütün tayfalar həm də iri qara meteoritə – Qara Daşa sitayiş edirdilər və bu daş Məkkə şəhərindəki sonralar qiblə kimi tanınan Kəbə adlanan mərkəzi məsciddə yerləşirdi.

Bizim eranın V və VI əsrlərində Ərəbistan yarımadası yeni əhəmiyyət kəsb etməyə başladı. Aralıq dənizindən başlanan ticarət yolu Məkkədən keçib Yəmənə gedirdi. Ərəbistan dənizində və Hind okeanında üzən gəmilər daha populyar oldu və Ərəbistan yarımadasındakı Məkkə kimi icmalar karvan ticarəti nəticəsində inkişaf etməyə başladı. Bunun nəticəsi kimi, səhradakı bədəvilərlə şəhərlərdə var-dövləti artan tacir sinifləri arasındakı gərginlik yüksəlməyə başladı. Bu gərgin dünyada Məhəmməd peyğəmbər meydana çıxdı.

Məkkədə tacir ailəsində doğulan Məhəmməd (bu söz hərfi mənada “təriflənən” mənasını verir) (570-632-ci illər) beş yaşından yetim qalmışdı. O, karvanı idarə edən kimi böyüyürdü və onu işə götürmüş varlı dul qadınla evləndi. Onun ömrünün ortalarında (40 yaşında) gözünə bir sıra görünmələr dəydi, vəhylər çatdırıldı. O, inandı ki, bunlar məhz Allah tərəfindən təlqin edilir. Allah artıq öz varlığını Moisey və İisus vasitəsilə, yəhudi və xristianlara nazil etdiyi kitablar vasitəsilə bildirmişdi. Mələk vasitəsilə Məhəmmədə çatdırılan vəhylərdən isə Quran meydana gəlmişdi. Quran Allah tərəfindən nazil olmaqla, onun ardıcıllarının necə yaşamalı olduğunu göstərən rəhbər bir sənəd idi. Allah ən qüdrətli varlıq olmaqla kainatı və onda olan hər şeyi yaratmışdır. İnsanlar əgər əbədi həyata çatmağa arzu edirlərsə, özünü Allaha tabe etməlidir. Ona sitayiş edənlər “İslamı tətbiq edən” mənasını verən “müsəlmanlar” adlanırlar.

Vəhyləri qəbul etdikdən sonra Məhəmməd Məkkə əhalisini inandırmağa çalışdı ki, onlar doğrudur. Əvvəlcə çoxları elə düşünürdü ki, o, dəlidir, bəziləri onu sehrbaz adlandırırdı, digərləri isə qorxurdular ki, onun öz ətrafındakı pozulmuş cəmiyyətə hücumları artıq qoyulmuş sosial və siyasi qaydaları dağıdacaqdır.   Hətta öz doğma tayfası olan gureyşlilərin əksər hissəsi də ona müxalif mövqədə dayanırdı. Məkkəlilərin onun mesajını qəbul etməməsi ilə uğursuzluğa düçar olmasından narazı qalan Məhəmməd onu yaxından dəstəkləyənlərlə 622-ci ildə doğma şəhəri tərk edib, şimaldakı rəqib şəhər olan, sonralar Mədinə (“Peyğəmbərin şəhəri”) adlanan Yasribə köçdü (hicrət etdi). Mədinəyə köç ili tarixdə “hicri” – “yola düşmək” mənasını verən kimi tanınır və islamın rəsmi təqviminin birinci ili hesab olunur.

Məhəmməd Mədinəyə bu şəhərin bir sıra görkəmli adamları tərəfindən dəvət edilmişdi və tezliklə təkcə onun sakinlərinin deyil, həm də şəhər ətrafındakı bədəvi tayfaların üzvlərinin də dəstəyini qazandı. Bu qruplardan o, ilk müsəlman icmasını yaratdı. Müsəlmanlar siyasi və dini hakimiyyət arasında heç bir fərq görmürdülər. Allahın iradəsinə tabe olmaq onun peyğəmbəri Məhəmmədə tabe olmaq demək idi. Məhəmməd tezliklə həm dini, həm də siyasi liderə çevrildi. Mədinədə onun inzibatçılıq istedadı da üzə çıxdı. Onun siyasi və hərbi ustalığı ona güclü hərbi qüvvə yaratmağa imkan verdi və o, bir neçə uğurlu döyüşü arxada qoyaraq, 630-cu ildə bu qüvvə ilə Məkkəyə qayıtdı. Doğma şəhərində onu artıq qalib kimi qarşıladılar və şəhər sakinlərini yeni dinə cəlb etdi. Məhəmmədin ideyaları buradan tezliklə ətrafdakı Ərəbistan yarımadasına yayıldı və qısa müddət ərzində ərəb cəmiyyətinin dini və siyasi cəhətdən birləşməsinə səbəb oldu.

İslamın ürəyində onun müqəddəs kitabı olan Quran dururdu və onun təməl xəbəri ondan ibarət idi ki, Allahdan başqa allah yoxdur (“Lailahəilləllah”) və Məhəmməd onun peyğəmbəridir (“rəsuludur”). Ən mühüm cəhət o idi ki, Quran səmavi kitab olmaqla Məhəmmədə vəhy edilən müddəaları özündə əks etdirirdi. 114 fəsildən (surədən) ibarət olmaqla Quran müsəlmanların dininin ehkamlarından xəbər verməklə yanaşı, onlar üçün əxlaq və qanun kodu kimi xidmət edir.

 

(Ardı var)

 

 

525-ci qəzet.- 2012.- 9 iyun.- S.18.