Ürəyə damanlar və ya
gerçəkləşən gümanlar
Bu məqalə
Türkiyənin önəmli şairlərindən biri olan Əli
Akbaşın “İlin ədəbiyyat adamı” seçilməsi
münasibəti ilə hazırlanan kitab üçün
Anadolu türkcəsi ilə yazılmışdı. Dostumun Azərbaycanda
ilk şeirlər kitabının yayınlanması, Bəxtiyar
Vahabzadə adına uluslararası mükafatına layiq
görülməsi və bu il yetmiş yaşının tamam
olması münasibəti ilə bu yazımı Azərbaycandakı
oxucularımla da bölüşmək istədim.
“MƏNƏ ELƏ GƏLİR
Kİ...”
Fərqinə
varan, mənasını anlayan, anlamayan dünyada gündə
neçə min adam bu sözləri dilinə gətirir. Gələn
nə gələndi və haradan gəlir? Bu, bir ürəyə
dammanın şuraltı dilə gətirilməsidirmi? Anadolu
türkləri bu qeyri-adi hala “içinə dolma”, “iç
güdü”, “sezi”,ya da “iç sezi”, Ruslar “intuitiv” deyirlər.
Biz nə deyirik? Gərək ki ən ağla batanı “ürəyə
damma”dır. Allahla aramızda olan sirrimizi üzə vuran bu
“ürəyə damma”, “içinə dolma”, “iç
güdü”,ya da “iç sezi”, “intuitiv”lərin varoluşunu
yer üzündə nə qədər insan onlara göndərilən
“işarələrə” əsaslanaraq dərk edə bilir?!
Bilirmi? Bütün bunların Allahdan gələn bir işarət,
bir səda olduğunu və boş olmayan dünyanın bu
işarətlərlə dolu olduğunu hər
ölümlü bəndənin idrak edəcəyi
çağlara kim bilir nə qədər qalır...Əslində
dünya və insanlığın təkammülü hər
nəslin gələcək nəsillərə ötürə
biləcəyi biliklərdən, ürəyə dammlardan
çox asılıdır. Dünyaya gələn hər nəsil
özüylə bərabər yaşadığı
dünyanı heç olmasa bir buğda, bir arpa boyu irəli
aparmalıdır. Yoxsa dünya yerində saya-saya durar və
belə olduqda insanlığın gələcək təkamülündən
danışmağa da ehtiyac qalmaz...
İstər
inanın, istər inanmayın hələ o zorlu Sovet dönəminin
səksəninci illərində mənə qonaq gələn Əli
Akbaşla Bakıdakı ilk görüşlərimə
sonradan (yəni son onaltı ildə)başıma gələcək
bütün bu qürbət həyatı içimə
dolmuş, ürəyimə dammışdı. Sadəcə
necə deyərlər “nitqim tutulmuş”, içimə
dolanları dilmə gətirməmişdim. Bəlkə elə gələcək,
ürəyimizə damanlardan, içimizə dolanlardan ibarətdir.
Və buna hardasa xəyalın maaddiləşməsi,
gerçəkləşməsi də deyə bilərsiniz. Həm
də bu ürəyə damanların həyata keçməsi
üçün sonralar, əvvəllər heç
tanımadığın insanların mənə necə dəstək
olduğunu gördükcə heyrətdən damarında
çağlayan qanın şırıltısını belə
eşitməli olacaqdım...
Dəyişkənliyi
ilə zaman insanı heyrətlər içərisində buraxır.
Bir zamanlar Azərbaycana ilk gəlişində hər
addımı gizli-aşikar izlənən, izlədilən Əli
Akbaşın indi elə həmin Bakıdaca kitabı
yayınlanır, ona uluslararası mükafatlar verilir.
(Anası ölməsin zamanın, hansı
mümkünsüzlüyü mümkün qılmır ki?!)
Bunlar bomboz həqiqətlərdir. Amma qursağıdar,
burnundan uzağı görməyən adamların bu tarixi təcrübədən
dərs çıxartmaq düşüncələri yox ki?!
Oxucularımın ixtiyarına vermək istədiyim bu yazı
hardasa qazanılmayan, amma qazanılması vacib olan o dərs
çıxarmaq təcrübələrini xatırlatmaq
üçündür.
HEÇ NƏ
TƏSADÜF DEYİL
Yaşadığın uzun ömrün
zirvəsindən geri dönüb baxanda bu ömrün hər
mərhələsində təsadüf diyə bir şeyin
olmadığını dərk edərsən. Yaşanan illərin
təcrübəsi zamanla öz sözünü deyir. İndi
bu cümlələri yazarkən yaşadığım bu
şəhərin də, başımdan geçən
olayların da bir Tanrı nizam və diktəsinə
bağlı olduğunu düşünürəm.
İki rejimi bir
vücudda yaşayan insanlar üçün yazdıqlarım,
dediklərim keçilmiş mərhələdir bəlkə?!
Bütün bunları mənə yazdıran hansı həqiqətlərdir?
Bu yazı əslində həm də bu həqiqətlərin
açılması üçündür.
Azərbaycanın
hücrə bir köşəsində dünyaya gəlmişdim.
Orta məktəbdə, hətta universitetdə də (tərs
kimi üniversitetin də elə fakültəsində oxumaq məcburiyyətində
qalmışdım ki, hansı dərsə girmələrindən
asılı olmayaraq bütün müəllimlərin əzbərlədiyi
bir şablon cümlə vardı:” V.İ.Lenin kitabxana
haqqında nə deyib?”) mənsub olduğumuz millətin
türk olduğuna aid nə kitaplarda bir şey
yazılırdı, və nə də müəllimlər bu
barədə bir şey söyləyirdi. Elə isə bəs
yaxşı mənim içimdəki o
qarşısıalınmaz türk sevgisi, Türkiyə sevgisi
hardan qaynaqlanırdı? Gərçi doğulduğum,
oğuz bölgəsi, (O zamanlar başları qarpız olan
sözdə alimlər “doqquz oğuz” kəliməsi dura-dura
alması-qatması olmayan bir türk yurdunun adının
“qarpız” sözündən gəldiyini isbata
çalışırdılar.) Yasaqlar o qədər
güclü idi ki, “türk” kəliməsini dilə gətirmək
Sibirə sürgünə göndərilməyə bərabərdi.
Sonralar Moskvada
oxuduğum illərdə artıq içimdəki türk
sevgisi,Türkiyə sevgisi qarşısıalınmaz bir axara
çevriləcəkdi. Kursumuzda Sovetlər Birliyinin
çeşitli türk bölgələrindən gəlmiş
tələbə yoldaşlarımın arasında
türkçülüğü yaymaya
çalışacaqdım. Bu insanların bir çoxu hələ
türk olduqlarının fərqində belə deyildilər.
Amma mən Moskvanın idman qazətələrində bir
türk idmançısıının uğur
qazandığının xəbərini oxuyanda bayram edər,
bu sevincimi türk bölgələrindən gələnlərlə
də bölüşərdim.. Bu davranışım
sürgünə yol aça bilsə də gözümü
qan örtəcək Türkiyənin Moskvadakı səfirliyinin
adresini öyrənib günlərlə həndəvərində
fırlanacaq, səfirlik əməkdaşları ilə
tanış olmaq istəyəcəkdim. (Rəhmətlik Vidadi
Paşayevlə Moskvanın o zamankı Kalinin prospektindəki
“Oktyabr” restoranında rus müğənniyə “Sənə
qurban” mahnısının sifarişini verib hər kəsin
şübhəli və çaşqın baxışları
altında çıxıb oynayanda çevrəmizi hər
yönü ilə bizə oxşayan adamlar saracaq və
onların Türkiyədən səfirlik binasını təmir
etməyə gəlmiş işçilər olduğunu
görüb ele sevinəcəkdik ki?! Bu, mənim Türkiyə
türkü ilə ilk qarşılaşmam olacaqdı.Onlar
bizim bu riskli hərəkətimizə heyrətlərini gizləməyəcəklərdi:-
Abi, bizə deyiyorlardı ki, sovyetlər birliğindəki
tüm türklər əsir durumundadır, nasıl oluyor da
Moskovanın göbəyində böylə işlər yapa
biliyorsunuz?..)
Kursu bitirdikdən
Moskva mətbuatında az-çox uğur qazandıqdan sonra demək
olar ki, hər il SSRİ Yazıçılar Birliyinin Xarici əlaqələr
şöbəsinə Türkiyəyə getmək
üçün ərizə versəm də hər dəfə
bir bəhanə gətirib mənə,- gəl səni filan
ölkəyə göndərək deyə yönümü
başqa istiqamətə salacaqdılar. Beləcə mən
Türkiyəyə göndərilməməyimin hesabına Kubadan
vurub Vyetnamdan, Vyetnamdan vurub Burkino Fasodan çıxacaq, otuzdan
çox ölkəyə səyahət edəcəkdim. Hətta
bəzən mindiyim təyyarə Türk hava sahəsindən
də keçəcəkdi, amma Türkiyəyə yollarım
doxsanıncı illərin əvvəllərinə qədər
qapalı qalacaqdı. Bir dəfə Suriya səfərindən
dönərkən təyyarəmiz yolçu almaq
üçün Kiprin Latakiya limanına enmişdi. Latakiya
limanından qalxarkən təyyarə bəldçisi təyyarəmizin
Türkiyə Respublikası torpaqları üzərindən
uçacağını elan edəndə sevincimin həddi-hüdudu
olmayacaqdı, həsrətində olduğum torpaqları
heç olmasa yuxarıdan da olsa seyr edə biləcəkdim.
Gecənin üçü idi, səfər yoldaşlarım
beşinci yuxuda idilər, mən isə gözümü
qırpmadan bu bəxtimdən aylı gecədə yuxarıdan
aşağıya həsrətində olduğum torpaqları
seyr edəcəkdim. Ay işığı qar
işığına qarışmışdı,
aşağıda çiyin-çiyinə söykənmiş
dağlar, dağlar, qalaylanmış kimi bəmbəyaz
ağaran qarlı zirvələr bir-birini əvəz edəcəkdi.
Arada yenə təyyarə bələdçisinin səsi
eşidiləcəkdi:-Az sonra təyyarəmiz Türkiyə
respublikasının paytaxtı Ankaranın üstündən
keçəcək... Bu xəsbər içimi
işıqlandıracaqdı, heç olmasa yuxarıdan da olsa
arzularımın baş kəndini görəcəkdim...Amma
kimə deyirsən, gözlənilməz buludlar bu aylı gecənin
də, mənim də qanımızı qaraldacaq və
Ankaranı görünməz edəcəkdi. O zamanlar necə
məyus olduğumu sözlə ifadə etməkdə çətinlik
çəkirəm, Ankara, sevgilim Ankara mübarək
üzünü mənə göstərmək istəməmişdi.(Az
qala aradan iyirmi ilə yaxın vaxt keçdikdən sonra ikimin
dördüncü ilin qarlı bir dekabr axşamında
Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı
ilə Milli Kitabxananın geniş salonunda ilk dəfə
yaşayan bir sənətkara (yəni mənə!)yubiley
keçirilərkən çıxışımda birdəncə
təyyarə ilə üzərindən uçarkən
Ankaranın mənə üz göstərmədiyini
xatırlayıb deyəcəkdim:- Ankara o zaman üzünü
bilirsinizmi mənə niyə göstəbilər, sən kim
olursan da, mənə yuxarıdan aşağı baxasan, gələcəkdin,
qarıma, çamuruma bələnəcəkdin və ondan
sonra üzümü görə biləcəkdin!!)
MƏN DARDANEL BOĞAZIYAM
HAMI MƏNDƏN KEÇİB GEDƏR!
Lap elə o
Ankaranın mənə üz göstərmədiyi gecədə
də ürəyimə dammışdı necə, nə təhər,
amma günlərin birində mütləq Türkiyəyə
gedəcəyimi bilirdim, bilməsəydim, hələ min
doqquzyüz səksən doqquzuncu ildə bu misraları
yazardımmı:
İki sahil
yaxasıyam,
Həsrət-həsrət
baxasıyam.
Mən Dardanel
boğazıyam
Hamı məndən
keçib gedər!
Niyə Cəbbəl-üt-Tarik,
Bosfor, Berenq, nə bilim nə boğazı yox, Dardanel? Bu
sualın cavabını illər sonra Çanaqqala şəhərində
işə başlayıb Dardanel boğazının sahilində
gəzərkən biləcəkdim: yazdıran belə
yazdırmışdı! Yazılana isə pozu yoxdur! Mənə
nəinki Türkiyəyə gəlmək hətta başqa bir
yerdə yox, uzun illər öncə şeirimdə adı
keçən Çanaqqala şəhərində
çalışmaq da qismət olacaqdı.Amma bunlar hələ
sonralar olacaqdı, çooox sonralar!
Türkiyə
arzumun qərçəkləşmədiyi illərin birində
– min doqquz yüz səksən səkkizdə Türkiyədən
səfərdən dönmüş şairlərdən biri mənə
bir məktub və bir də “Masal çağı” adlı
kitab gətirəcəkdi. Kitab da, məktub da adını ilk
dəfə duyduğum Əli Akbaşdan gəlmişdi. Təbii
olaraq mən ünvanıma göndərilən bu kitaba da, bu məktuba
da sevinəcəkdim. Nəhayətində dastani sevgi ilə
vurulduğum ölkədəndi bu gətirilənlər.( O
dönəmlərdə bəlkə kimsənin ağlına gəlməzdi
ki, Sovetlər Birliyi bir gün yıxılacaq və vətənimiz,
qanlar içində olsa da azaldığına qovuşaq.
İllər boyu arzuladığım, uğrunda mübarizə
etdiyim vətənim azaldığına qovuşsa da o
azadlığı o vətəndə doyasına
yaşamağa mənə imkan verilməyəcək, siyasi səbəblərdən
dolayı canım qədər sevdiyim torpaqlardan ayrılmaq
zorunda qalacaq və uzun müddət gələ bilmədiyim,
daha doğrusu gəlməyimə imkan verilməyən
Türkiyəyə sığınacaqdım. Türkiyədə
isə Allahın öz əlləri ilə mənə
göndərmiş olduğu Əli Akbaş vardı...)
Siz bunlara bir təsadüf
əsəri, ya da nə deyirsinizsə deyin, amma mənim
üçün bunlar göydəki Tanrı qərarının
yerdə həyata keçməsindən başqa bir şey
deyildi. Niyə mənə qonaq gələn bir başqası
yox, Əli Akbaş olmalıydı? Sirr nədədir? Dəmir
pərdə zamanında da, sonraki azadlıq dönəmlərində
də başlanğıcda dastan sevgisi səviyyəsində
olan Türkiyə ilə Azərbaycan arasındakı
gediş-gəlişlər xəyal
qırıqlığını da bərabərində gətirəcəkdi.
Türklük sevdası düşük insanlar arasında
yavaş-yavaş öncəki müqəddəsliyini itirəcəkdi.
Mən də, Əli Akbaş da eyni xəyal
qırıqlığını yaşaya bilərdik.
Şükürlər olsun ki, taleh deyilən güc bunu bizə
yaşatmadı, biz diyən yox, Tanrı deyən oldu.
Və... nəhayət
min doqquz yüz səksən səkkizin payız günlərindən
birində Əli Akbaş Qars üzərindən, Ermənistan
sərhəddini keçib Azərbaycana ayaq basdı.
Yaxşı bir
misalımız var; soruşurlar, qardaşını
tanıyırsanmı, deyir, yoldaş olmamışam. Tale mənə
Əli Akbaşla sadəcə yoldaş olmağı deyil,həm
də bir ay eyni zaman və məkanı paylaşmağı da
qismət elədi. Və mən belə dost, qardaş,
sirdaş qazana bildiyim üçün ilk
tanışlığımızdan günümüzə qədər
özümü hər zaman şanslı bildim. Elə bilirəm
Əli Akbaşdan bu xüsusda soruşan olsa o da eyni cavabı
verər.
Osmanlı
kültüründən gələn canayaxın
davranışlarıyla elə ilk gündən ailə
üzvülərimlə elə qaynayıb
qarışacaqdı ki, sanki illərdir ömrümüzü
bir damın altında keçirmişdik. Saçları yenicə
bəyazlaşmağa başlamış, ilk baxışda
yosma boy-buxunu ilə (Azərbaycana səfəri zamanı
yazdığı:”Pəhlivanlar gördüm Müttalip gibi,
Xırdasın görmədim bən qarip gibi” misraları elə
bilirəm çox şeydən xəbər verir...) bir elə
də diqqəti çəkməyən bu adamın içində
elə bir sevgi enerjisi vardı ki, ilk tanış olduğu
adamı anındaca sehrinə salmağı bacarırdı O
zamanlar Türkiyədən Azərbaycana gəlişlər hələ
yeni başlayırdı. Əli Yavuz Akpınar və rəhmətlik İbrahim Bozyeldən
sonra bu, üçüncü gəlişdi. Öncədən
Əli bəy üçün gəzi planı
hazırlamıştıq. Ona ölkəmizin ən önəmli
yerlərini göstərəcəktik. Amma o zaman ölkə ən
çalxantılı günlərini yaşayırdı.
Ruslardan gizli dəstək alan ermənilər tarixi Türk
torpaqları olan Dağlıq Qarabağı Azərbaycandan
qoparmaq üçün yüz cür hiyləyə və fəsada
əl atırdılar.
DAŞIN,
DİVARIN DA QULAĞI VARDI.
Və bu elə bir dönəm idi ki, erməniyə
gözün üstə qaşın var deməyən sovet
dövlət təhlükəsizlik orqanlarının əməkdaşları
demək olar ki, Azərbaycanda “başını
qaşımağa” belə imkan vermirdilər Əli bəylə
haraya gedirdiksə, maşınımızın ya önündə
ya arxasında bir maşınla təqib olunurduq. Hərdən Əli
bəyə zarafat edib deyirdik ki, gör sovet höküməti
necə çox istəyir ki, sənə xidmət etmək
üçün cangüdən və maşın
ayırıb.Zarafat bir yana, hətta öz mənzilimizdə də
rahat danışa bilmirdik.. Çünki
danışdıqlarımızın bir çoxu sabah bizi izləyənlərin
dilində səslənirdi. O zamanlar mən ortaya qoyduğu
açıq fikirləri və cəsarət ilə çox
ünlü olan “Gənclik”-“Molodost” jurnallarının baş
redaktoru olduğuma görə hələ bir elə də
girişmirdilər, amma Əli Akbaşla aramızda
körpü olub tanışdıran ( Bəlkə də Əli
Akbaşın Azərbaycana gəlişi üçün rəy
vermiş) adamı çək-çevirə
salırdılar: Hətta günlərin bir günü mənə
xəbər gəldi ki, dövlət təhlükəzlik
orqanının bir əməkdaşı jurnalit kimliyi ilə Əli
bəylə görüşmək istəyir. Mən buna imkan
verməyəcəyimi söylədim,-əsla belə bir
şey olmayacaq! O zaman dövlət təhlükəzlik
orqanının həmin əməkdaşı özü mənimlə
görüşmək istədi və
qörüşümüz zamanı;- xaricdən Azərbaycana
gələn kim varsa hamısı ilə biz bu yolla
görüşürük, əğər buna imkan verməsəniz
o zaman qonağınızı vaxtından qabaq ölkədən
çıxararıq,-, dedi. İnad etdim,- o zaman mən də
eləmək istədiyinizi jurnalda açıq-açıq
yazacağam, kimin qonağı ilə necə
davranmısınız özünüz bilərsiniz, amma mən
buna imkan verməyəcəyəm,- cavabını verdim. Bəlkə
elə buna görə də hər hərəkətimiz ciddi
bir şəkildə izlənilirdi. Bunu hiss etdiyimizdən hətta
gecənin saat üçündə ürəyimizdən
keçənləri bölüşmək üçün
evimizin çevrəsindəki bağçaya enib orada dərt
bölüşürdük. Əli Akbaş sonralar bənim
Ankarada Türkiyə Diyanət vakfının yayınladığı
“Seçilmiş şeirlər”kitabıma yazdığı
ön sözdə beləcə də yazacaqdı: “Aslında
Baküdə güzəldi; bizi Hazar kıyısından
buralara kaçıran nə, niçin çıktık
dağlara?.. Hürriyət arayışı...diyorum kəndi
kəndimə. Çünki şəhirdə kapalı
kapılar ardında dahi konuşamıyor insanlar. “yerlərin də
kulağı var diyorlar”. Oysa yığın yığın
sorum, onlarınsa yetmiş yıldır saklanan sırları
vardır.”
Burada bir detalı da yazmağı
özümə borç bilirəm. Əli bəy o zaman
basqıcı rejimdən canını qurtarıb
qaçıb Türkiyəyə sığınan bir opera
artistimizdən Bakıda yaşayan ailəsinə
çatdırmaq üçün bəzi şeylər gətirmişdi.
Biz (daha doğrusu mən) o geyimləri sahiblərinə
çatdırmadıq. Çünki o zaman dövlət təhlükəzlik
orqanlarının əməkdaşlarının əlinə
bəhanə düşər və Əli bəyi vaxtından
əvvəl ölkədən çıxara bilərdilər.Əlbəttə
o zaman gətirdiyi şeyləri sahiblərinə
çatdırmamağımızın əsas səbəbini Əli
bəyə deyə bilməmişdim, bəlkə də bu
“qorxaqlığıma” görə içində məndən
küsmüşdü də. Amma mən onun vizasının
müddəti bitənə qədər Azərbaycanda
qalmasını istəyirdim.Vaxtından öncə ölkədən
çıxarılsaydı, yəqinki ona heç Türkiyədə
də “sağ ol” deməzdilər.
Əli bəy Azərbaycanda
qaldığı müddətdə demək olar ki, onu ölkəmizin
aşağı yuxarı bütün ədəbiyyat və
kültür çevrələri ilə tanış etdik,
üz-üzə gəldiyi, tanış və qonağı olduğu
hər kəsin könlündə silinməz iz buraxdı. O
zamanlar mən eyni zamanda respublika gənclər ədəbi
birliyinin də sədri idim. Gərək bizim ədəbi gəncliklə,
gərəksə də digər görüşlərdəki
canlı təmasları elə bir təsir buraxacaqdı ki,
inana bilərsiniz, o təsir aradan bir bu qədər zaman
keçməsinə baxmayaraq hələ də
canlılığını qoruyur. Nə zaman Azərbaycana
getsəm ( Yazdığım kəlimələrə bax, sən
Allah: “Azərbaycana getsəm!” Ay səni gidi dünya, ay səni
vətəndən didərgin salınan canım!) və o əski
zamanlardakı görüşlərimizin
iştirakçıları ilə qarşılaşsam aradan
keçən bunca zamana baxmayaraq “nə var, nə yox”dan sonra
ilk soruşduqları adam heç şübhəsiz Əli
Akbaş olur. İşin diqqətçəkən yanı
odur ki, yaddaşıyla o qədər də öyünməyən
Əli bəy də hafizəsində Azərbaycanda təmas
ettiği bütün adamların adını bircə-bircə
xatırlamaqdadır.
Azərbaycanda qaldığı bir aya
yaxın müddətdə
haralara getdik, haralarda olduqsa Əli bəy oralarda silinməz
izlər buraxdı, dedim. Və Anadolu türkləri təsadüfi
demirlər ki, hər şeyin mövsümü keçir, əfəndilikdən
başqa. İlk tanışlığımızdan keçən
bunca zaman içində Əli bəy əfəndiliyindən
bir zərrə də itirmədi, əksinə onun əfəndiliyi
yüksələrək sahibini kamillik zirvəsinə
ulaşdırdı.
BİR ADAM AZ
DEYİL, MİLYON ADAM ÇOX
Əli bəy Osmanlı
kültürünün bütün yönlərini süngər
kimi içinə çəkən bir müdrik kimi gəlmişdi
Azərbaycana! Sanki Anadolu topluluğu uzun zaman ayrı
düşdüyü Qafkazlardakı qardaşlarına örnək
davranış sərgiləyə biləcəyindən öz
təmsilçisi kimi onu- Əli Akbaşı
seçmişdi. Və buna görə də diyə bilirim ki,
bu seçim təsadüfi seçim deyildi.
Sazlı sözlü bir ay hiss edilmədən
ötüb keçdi. Ayrılıq zamanı gəlmişdi.
Amma Dağlıq Qarabağ çevrəsindəki hadisələr
aydan aya yox, gündən günə daha gərgin bir hal
alırdı. Artıq Azərbaycanla Ermənistan arasında
elan olunmamış müharibə başlamışdı. Bu
durumda Əli bəyin Ermənistan sərhəd keçid məntəqəsindən
Türkiyəyə dönməsi çətin olacaqdı.
Onun Moskva üzərindən geri dönüşünü təşkil
etmək üçün çəkdiyimiz əmək də
boşa çıxacaqdı. Moskvadan gələn cavab bunu
deyirdi: Haradan ölkəyə daxil olubsa, oradan da ölkəni
tərk etməlidir... Əlacsız qalıb Əli bəyin
xatasız-bəlasız vətəninə dönməsini təşkil
etmək üçün Qazax rayon partiya komitəsinin o
zamankı birinci katibi Murat Aşurova müraciət etdik.
İndi ünlü bir vəkil kimi tanınan dostumuz İsaxan
da Qazax polis idarəsində işləyirdi. İsaxan, nə
olur olsun, öz maşını ilə Əli bəyi sərhəddə
qədər ötürməkdə israrlı idi. Amma sağ
olsun Murad bəy daha tədbirli davranmağın işin xeyrinə
olacağını söyləyib bir erməni
tanışını Yerevandan Qazağa
çağırıb İsaxanla birlikdə Əli bəyi
Türkiyə sərhəddindən keçirməyi
tapşırdı. (Bir neçə maşınla getməyimiz
imkansızdı.)
Dostumun sağ-salamat gedişinə sevinsəm
də gizləmirəm, sanki bir boşluğa
düşmüşdüm. Əli bəy özündən
şualar buraxan bir insandır desəm, ylan olmaz, o da rus
şairi Yuri Kuznetsov kimidir, onunla bir yerdə olub təsiri
altında qalmayan çox az adam tapılar. Kiçik, yosma
vücudunda hansı sehirli qüvvə varsa, dəmir
özünə çəkən maqnit misalı ətrafında
kim olur olsun özünə çəkməyi, təsiri
altına salmağı bacarır.
O zaman kim bilə bilirdi ki Əli bəyin
Azərbaycana o çətin səfəri sonralar ona
bütün Türk Dünyasının,Avrasyanın
qapılarını açacaqdı.. Əli Akbaş çox
yönlü bir şəxsiyyətdir.Onun haqqında bir
çox yönləri ilə; çox istedadlı şair,
sadiq dost, Avrasya Yazarlar Birliyinin katibi və ən əsası
Avrasyaya qucaq açan, ulu bir missiya yüklənmiş
“Kardeş Kalemler” jurnalının baş redaktoru kimi söz açmaq olar. Bir adam az
deyil, milyon adam çox. Millət fərdlərinin sayı ilə
deyil, mərdlərinin sayı ilə millət olur, demişdim
bir zamanlar. Əli Akbaşın şəxsində bu fikir necə
də yerində səslənir, o, mərd və heç
şübhəsiz milli missiyası ilə seçilmiş bir
adamdır.
Əli bəy Türkiyəyə
döndükdən sonra əlaqələrimiz daha müntəzəm
xarakter aldı, Azərbaycandan aldığı təəssüratla
yazdığı şeirləri mənə göndərirdi mən
də hələ o zamanlar latın əlifbasına
keçidin xəyal olduğu bir zamanda həmin əsərləri
orijinalda olduğu kimi latın əlifbası ilə “Gənclik”
jurnalında çap edirdim. “Kutlu Taş”, “Göygöl” o
zamanlar çap etdiyim şeirlərdən ağlımda qalanlardır.
Bu şeirlər “Gəncliy”in oxucuları tərəfindən
böyük bir rəğbətlə
qarşılanırdı. Cəsarətlə diyə bilərəm
ki, bu üsyankar və məcazlarla dolu şeirləri ilə
Azərbaycanın özgürlük mücadiləsində
bizimlə birliktə Əli bəy də iştirak
etmişdir.
SƏN SAYDIĞINI
SAY...
Bu dəfə Türkiyəyə gəlmək
sırası mənə çatmışdı. Amma Azərbaycanda
hadisələr elə sürətlə gəlişirdi ki, bu
dəyişkən hadisələr mənim o zamanlar Türkiyəyə
gəlişimə imkan verməzdi.
Əli bəylə ikinci
görüşümüz ikiilyarımdan sonra olacaqdı. Min
doqquz yüz doxsanıncı ildə Bakıdan Türkiyəyə
ilk turist səfərləri başlayırdı. Yüz əlli
nəfərlik gənçlik turist qrupunun rəhbəri kimi
ilk dəfə İstambula uçanda sevincimin həddi,
hüdudu yox idi, nəhayət ki, neçə illik arzuma
çatacaqdım, Türkiyəyə gəlişimdən Əli
bəyin də xəbəri vardı, (Burada İstambul
Atatürk Hava limanına ilk enişimin o coşqulu
anlarından geniş söhbət açıb yazımı
uzatmaq istəməzdim.) onunla İstambulda görüşəcək
və iki gün illər boyu həsrətində olduğum
dünya şəhəri İstanbulu gəzib dolanacaqdım.
Bu arada Kaysəri şəhərində ilk Büyük Azərbaycan
Konqresi olacağı xəbərini də almışdım.
Sadəcə “Gənçlik” jurnalındakı
Türkçülük fəaliyyətlərimə görə
o konqredə iştirak etmək mənim də haqqımdı.
Amma haqqımı biriləri insafsızcasına yemiş və
adım o konqreyə gedənlərin siyahısına
salınmamışdı. Həm də konqrenin
başlayacağı gün vizəm bitəcəyindən
geriyə qayıtmağa məcburdum. Türkiyəyə gəlmişkən
və əldə fürsət varikən vizamı uzada bilsəm
gedib konqredə mən də iştirak etmək istəyirdim.
Axtarıb Sovet səfirliyinin İstambul konsulluğunun
binasını tapacaq və vizamın uzadılmasını
xahiş edəcəkdim. Amma üzümə soyuq su səpiləcək,
“olmaz” cavabını alacaqdım. Həm də bu “olmaz”
cavabını bir rus yox, konsulluqda bu işə baxan V.Sultanzadə
deyilən birisi verəcəkdi və
“özümüzünkünün” “olmaz” cavabı məni
daha çox üzəcəkdi. Amma, sən
saydığını say, gör fələk nə sayır
misalımız burada da işə yarayacaqdı. Sən demə
İstambulda qaldığım hotel Türk Dünyası
Araştırmalar vəqfinin lap yaxınında yerləşirmiş.Bu
vəqfin başqanının sayğı duyduğum Turan Yazqan
bəyəfəndi olduğunu öncədən bilirdim. Təsadüfən
vəqfin qarşısından kəçəcəktim,
maraqlanıb binanın həyətinə girəcəkdim.Və...girdiyimdə
çaşıb qalacaq, məndən başqa Azərbaycandan
hər kəsin burada olduğunu görəcəkdim.Məni Vəqfin
başkanı sayqıdəğər Turan Yazqanla tanış
edəcəklərdi: “Gənclik” jurnalının baş
redaktoru şair filankəsdi deyəcəklərdi. Turan bəy
adımı çoxdan duyduğunu söyləyəcək,
amma “Gənçlik” dərgisini bizə bir başqa adam
göndərirdi, deyəcəkdi. Və tərəddüt etmədən
məni də konqreyə dəvət edəcəkdi. Vizamın
bitdiyini söyləyəckdim. Elə oradaca Sovet səfirliyinin
İstambul konsulluğuna məktub yazılacaq və az
keçməmiş mənim viza məsələm də həll
olunacaqdı.Qatarla əvvəlcə Ankaraya gələcək,
Əli bəyin mübarək ailəsi və dostları ilə
tanış olacaktıqdım. Sonra da Əli bəy məni
qurultayın qərçəkləştiriləcəği
Kayseriyə götürəcəkdi...
Və hər təsadüfdə bir zərurət
var deyiminin bir həqiqət olduğunı Kaysəri səfərim
bir daha təsdiqləyəcəkdi.Əgər mən bu
gün Türkiyədə yaşayır və
çalışıramsa bunun bəlkə də tək səbəbi
Kayseri səfərimdir. Uzun-uzadı bu səfər haqqında
burada yazmayacağam (Bu ayrı bir yazının mövzusudur)
yalnızca onu deyəcəyəm ki, “Bu qan yerdə qalan deyil”
şeirim Kayseridə yazılacaq və oxucularla Azərbaycan
şairlərinin görüşündə oxunacaq və...təvazökarlıqdan
uzaq olsa da ( Elə bilirəm həqiqəti söyləmək
heç də təvazökarlıqdan uzaqlıq deyil)
hamıdan çox alqışı da o şeirə görə
mən alacaqdım.Görüşdən sonra qəzetlərin,
televiziya və radioların təmsilçiləri məndən
müsahibə almaq üçün sıraya girəcəkdi.Hətta
sonralar o şeiri ülkücülər özlərinin
marşına çevirəcəklərdi. Və mən hələ
onda irəlidə başıma nələrin gələcəyindən
xəbərsiz o uğurun qanadında uçanda heç
ağlıma da gəlməzdi ki, elə də çox vaxt
keçməyəcək və mən canım qədər
sevdiyim vətənimdən ayrılmaq zorunda qalacaqdım.
(Ardı var)
Məmməd
İSMAYIL
525-ci qəzet.- 2012.-
9 iyun.- S.14-15.