“İlham Əliyevin
prezidentlik dövrü təhsil tariximizdə qızıl
dövr kimi qalacaq”
Pərvinin
həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.
(VIII söhbət)
Bir
neçə həftədir “525-ci qəzet”in şənbə
saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif
mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim
olunur. Bu söhbətlərin hər birində həmsöhbətimin
uşaqlıq, gənclik illərinə, həyatından
keçən insanlara, ailəsinə, övladlarına,
çağdaş cəmiyyətdə baş verən hadisələrə,
mətbuata, təhsilimizin keçmişinə və bu gününə
aid fikirləri ilə
tanış oluruq.
Son
söhbətlərimizin mövzusu nazirin təhsil tarixinə
aid araşdırmalarıyla bağlı idi. Qeyd edək ki,
Misir müəllim Azərbaycanda təhsilin tarixini
araşdıran, bu barədə sanballı əsərlər
yazan azsaylı alimlərdən biridir. Bəlkə də ilk
baxışdan riyaziyyatçı alimin tarixi kitablar
yazmasına skeptik yanaşanlar da ola bilər. Amma müəllifin
kitabların hər birinin yazılma tarixçəsi,
materialların toplanması haqqında şövqlə bəhs
etməsi, ən kiçik əlyazmalarını belə arxivləşdirib
saxlaması və özünün şəxsən redaktə
elədiyi “siqnal” nüsxələri həvəslə
qarşısına qoyub vərəqləyərəq
danışması bir həmsöhbət kimi mənim
üçün maraqlı idi. Düşünürəm ki,
nazirin apardığı araşdırmaları özünəməxsus
təqdimatı, ideyanın yaranmasından kitabın “soba”dan çıxmasına
qədər incəlikləri, sirləri bölüşməsi
oxucularımız üçün də maraqlı ola bilər.
Ötən
söhbətlərimizdə “Azərbaycan təhsil tarixi”
kitabının I, II cildində bəhs olunan dövrün
xarakterik xüsusiyyətlərindən, təhsilin
inkişafında xidmət göstərmiş insanlardan, eləcə
də həmin zamanlar baş vermiş müxtəlif
maraqlı və qeyri-adi hadisələrdən söz
açmışdıq. Qeyd edim ki, bu kitabın III cildində
Azərbaycanda müstəqilliyin ilk illərindən bu
günümüzə kimi ölkəmizdə məktəbəqədər
təhsil, ümumi təhsil, məkdəbdənkənar təhsil,
ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsili
tarixindən bəhs olunur. Budəfəki söhbətimizdə
isə araşdırılan dövrdə təhsilin vəziyyəti,
müstəqilliyin ilk illərində ortaya çıxan
çətinliklər, Qarabağ müharibəsinin məktəbə
təsiri, orta təhsilin bugünki vəziyyəti və digər
bu kimi məsələlərdən danışacağıq.
Pərvin:
Misir müəllim, “Azərbaycan təhsil tarixi”
kitabınızın III cildi ölkəmizin müstəqillik əldə
etməsindən bu günə kimi olan dövrdə əsasən
orta ümumi təhsil tariximizdən bəhs edir. Ötən
söhbətlərimizdə müstəqilliyin ilk illərində
təhsilimizdə yaranan problemlər, çətinliklər
barədə ötəri danışmışdınız.
İstərdim ki, həmin dövrü həm yazmış, həm
də yaşamış adam kimi bir qədər geniş
danışasınız.
Misir
Mərdanov: Ölkəmiz uzun illər, xüsusən 70 il
Sovetlər Birliyinin tərkibindəykən müstəqillik
uğrunda mübarizə aparıb. Müstəqillik ərəfəsində
isə çoxsaylı problemlərlə
qarşılaşmışıq.
Bunlardan
birincisi 1988-ci ilin sonunda Qərbi Azərbaycanda yaşayan 200
mindən çox soydaşımızın mənəvi
repressiyanın qurbanı olub, 48681 şagirdin, onların təlim-tərbiyəsi
ilə məşğul olan 3992 müəllimin doğma
el-obasından didərgin düşərək, Azərbaycana gəlməsidir.
İkinci,
daha ciddi problem isə, elə həmin vaxtlar Dağlıq
Qarabağda ermənilərin ayağa qalxıb Ermənistana
birləşmək ideyası, erməni
separatçılarının Azərbaycana əsassız ərazi
iddiası ilə Dağlıq Qarabağ münaqişəsinin
başlaması idi. Yeri gəlmişkən, deyim ki, həmin
illərdə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə
işləyərkən açıq şəkildə hiss
edirdik ki, biz Dağlıq Qarabağı rəsmi olaraq Azərbaycanın
subyekti kimi qəbul etsək də, o artıq qeyri-rəsmi
olaraq Ermənistan rəhbərliyi tərəfindən idarə
edilir.
Pərvin:
Dağlıq Qarabağ məktəblərində bizim dərsliklərdən
istifadə olunmurdu?
Misir
Mərdanov: Bu da çox maraqlı məqamdır ki, biz oraya dərsliklər
göndərsək də, onlar Yerevandan gələn kitablardan
istifadə edirdilər. Bizimkilər isə, necə deyərlər,
hələ ayılmamışdılar, dövlətin büdcəsindən
böyük miqdarda vəsait ayıraraq, o zamankı
Stepanakertin, Mardakertin, Hadrutun və ermənilər yaşayan
başqa rayonların məktəblərini əsaslı təmirlə,
müasir kompyuterlərlə təmin etməklə məşğul
idilər və düşünürdülər ki, bu yolla
onların qarşısını alacaqlar.
Sovet
hakimiyyəti isə Ermənistanı və Dağlıq
Qarabağın erməni rəhbərliyini
açıq-aydın müdafiə edirdi.
Dediyim
iki problem, sonralar da 20 Yanvar hadisələri
xalqımızı nə qədər mətinləşdirdisə,
amma həm də usandırdı, mənən əzdi. Və
bu əhval-ruhiyyənin təhsildən də yan keçməməsi
təbiidir.
Pərvin:
Sovetlər Birliyi dağılandan sonra idarəçilikdə
də müəyyən çətinliklər yaranıb yəqin
ki?! Çünki hər zaman himayəyə, idarə
olunmağa öyrəşmiş ölkənin öz idarəçilik
sistemini yaratmağa zaman lazım idi. Təhsildə bu problemlər
necə həll olunurdu?
Misir
Mərdanov: İlk vaxtlarda əsas çətinliklər də
elə bundan ibarət idi. Azərbaycan müstəqillik əldə
etdikdən sonra ittifaqa daxil olan ölkələrlə bir
çox əlaqələr, o cümlədən təhsil əlaqələri
kəsildi. Qısa bir zamanda bütün problemlərin həlli
öz üzərimizə düşdü. Əvvəllər
elə düşünürdük ki, müstəqilliyə
nail olan kimi bütün problemlərimiz öz həllini
tapacaq. Təəssüf ki, belə olmadı. Müstəqilliyin
ilk illərində ölkədə mövcud qeyri-stabil siyasi
şərait bütün sahələrdə olduğu kimi təhsilə
də öz təsirini göstərdi və burada ciddi bir
inkişafdan söhbət gedə bilməzdi.
Pərvin:
Həmin illərdə təhsil sahəsində islahat
proqramları hazırlanmırdı? Yaxud yaranmış
çətinliklərdən çıxış yolu
axtarılırdımı?
Misir
Mərdanov: O dövrə aid irəliyə doğru bir
addımı deyə bilərəm ki, dərsliklərin milliləşdirilməsi
istiqamətində müəyyən işlər
görüldü. Lakin Azərbaycanın maddi
imkanlarının zəif olması bu sahədə də
köklü inkişafa imkan vermirdi. Təsəvvür edin ki,
hətta Sovet dövründə dərsliklər məktəblərə
pulsuz çatdırıldığı halda, müstəqilliyin
ilk illərində bu qərarı
ləğv etdilər və belə bir çətin zamanda dərsliklər
şagirdlərə pulla satılmağa başladı.
Heydər
Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə
gəlməsinə qədər ölkədəki
başıpozuqluq, aramsız mitinqlər, ziyalıların
xaricə köçüb getməsi bütün sahələr
kimi, təhsilə də öz mənfi təsirini göstərirdi.
Pərvin:
Çıxışlarınızdan birində demişdiniz
ki, təhsil çox mühafizəkar sferadır və həmin
dövrdə məhz bu səbəbdən fəaliyyəti
dayanmayan, işləyən sahələrdən biri olub.
Misir
Mərdanov: Bəli. Bütün digər sahələrdən
fərqli olaraq təhsili inkişaf etdirmək, yenidən qurmaq,
qısa müddətdə uğurlu nəticəyə nail
olmaq çox çətindir. Amma onu tezliklə məhv etmək
də mümkün deyil. Sovetlər Birliyi dağılandan
sonra demək olar ki, bütün sahələr iflic vəziyyətinə
düşsə də, təhsil sistemimiz az-çox işləyən
sahələrdən biri idi.
Pərvin:
Maddi çətinliklərin təhsilə təsirindən
danışdınız. Sizcə, problemlərin həllində
maddiyyat vacibdir, yoxsa peşəkarlıq?
Misir Mərdanov:
Hər ikisi önəmlidir. Elə haqqında
danışdığımız kitabın III cildinə nəzərə
salsanız, hadisələrin gedişatında ölkəmizdə iqtisadi inkişaf meyllərinin
yaranması ilə təhsildə hansı dəyişikliklərin
baş verdiyini görə bilərsiniz. Təsəvvür
edin ki, müstəqilliyin ilk illərində biz kitabları
çap etdirmək üçün kağız belə
tapmırdıq. Türkiyənin Milli Egitim
Bakanlığına müraciət etmişdik ki, bizə
kağız göndərsinlər. Belə şəraitdə
hansı peşəkarlıq kömək edə bilərdi?
Amma
1994-cü ilin sentyabrın 20-də ulu öndər Heydər Əliyevin siyasi iradəsi
və müdrik siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi”
sayəsində Azərbaycanda qısa müddət ərzində
iqtisadi inkişafın təməli qoyuldu. Yalnız
bundan sonra ölkənin təhsil sektoruna ayrılan büdcə
vəsaitləri ilbəil artırıldı, islahatlara şərait
yarandı və nəticədə bugünki səviyyəyə
çatdıq.
Pərvin:
Ötən söhbətimizdə təhsilin inkişafında,
milliləşdirilməsində İslahat proqramının əhəmiyyətindən
danışmışdıq. Həlledici və
inkişafa xidmət edən başqa hansı addımları
göstərə bilərsiniz?
Misir Mərdanov:
Bəli, məhz İslahat proqramını görülən
işlərin zirvəsi hesab etmək olar. Ona görə
1999-cu il yeni dərs ilinin əvvəlini əsaslı
inkişafın başlanğıcı sayıram. İqtisadi
inkişafın həyata keçirilən islahatlarda rolundan
danışdıq, məncə, Dünya Bankının bu işlərə
cəlbi, onlarla bağlanan müqavilələr, təcrübəli
mütəxəssislərin tövsiyələri, inkişaf
etmiş ölkələrin təhsil sahəsində müsbət
təcrübələrinin öyrənilməsi həlledici
rol oynadı. Düzdür, ilk vaxtlarda ayrılan vəsait
çox az idi. İlk kredit
sazişində ayrılması nəzərdə tutulan vəsait
cəmisi 5 milyon dollar idi. Bu, təhsil üçün
çox az məbləğdir. Ancaq nəzərə
alsaq ki, bu vəsait hesabına həyata keçirilən
işlər əsasən beynəlxalq təcrübəni
öyrənmək, Dünya Bankının o qədər də
sadə olmayan prosedurları ilə yaxından tanış
olmaq, təhsil sahəsində yüksək biliyi,
bacarığı olan milli və beynəlxalq ekspertləri Azərbaycan təhsilinə
cəlb etmək məqsədilə edilmişdi, bu mənada hətta
az məbləğin də bizə uğur gətirdiyini deyə
bilərik. Bu sazişlərdə nəzərdə
tutulmuş proqramlara əsasən ölkəmizin
çoxsaylı təhsil ekspertləri dünyanın
inkişaf etmiş ölkələrinin təcrübəsini
yerində öyrənmək məqsədilə həmin
ölkələrə səfərlər etdilər və nəticədə
harada hansı addımları atmağımızı müəyyənləşdirdik.
Hesab edirəm ki, ümumtəhsil məktəbləri
üçün yeni nəsil dərslik və dərs vəsaitlərinin
hazırlanmasını uğurlu və əhəmiyyətli nəticələrdən
biri hesab etmək olar. Qısa müddət ərzində
bütün fənlər üzrə dərsliklərin ölkəmizin
milli maraqlarına və beynəlxalq standartlara uyğun olaraq,
məhz həmin fənlərin məktəblərdə tədrisini
həyata keçirən müəllimlərin iştirakı
ilə hazırlanması və dövlət tərəfindən
şagirdlərə hədiyyə edilməsi ən
böyük uğurlarımızdan biridir.
Pərvin:
Müsahibələrinizdə,
çıxışlarınızda ümumi orta təhsilin əsas
pillə olduğunu, islahatları da ilk növbədə məhz
bu pillədə
etməyin vacibliyini çox vurğulayırsız.
Misir Mərdanov:
İnsanın şəxsiyyət kimi formalaşmasında, zəruri
biliklərə və həyati bacarıqlara yiyələnməsində
ümumi təhsil müstəsna rol oynayır. Ola
bilər, insan bağçaya getməsin, yaxud da təhsilin digər
pillələrinin imkanlarından istifadə etməsin, lakin
hamı hökmən ümumi təhsilin icbari mərhələsini
keçməlidir. Eyni zamanda ümumi təhsil
sonrakı pillələri keçmək üçün
möhkəm bünövrə missiyasını da yerinə
yetirir.
Bilirsiniz
ki, bu vəzifəyə gələnə qədər ali təhsil müəssisəsində
çalışmışam. Yaxşı xatırlayıram,
Sovet dövründə uzun müddət ali təhsil əsas pillə hesab
olunurdu, hər bir valideyn inadla
çalışırdı ki, övladı ali məktəbə
qəbul olunsun. Əlbəttə, sevindirici haldır ki, əksəriyyət
övladını ali təhsil pilləsinə
hazırlayır. Amma bu da danılmazdır ki,
mükəmməl orta təhsil almadan həyatın sonrakı
pillələrində müvəffəqiyyət qazanmaq
qeyri-mümkündür.
Bu
baxımdan Heydər Əliyevin dəfələrlə söylədiyi
fikirlər yerinə düşür: Heç kəs elə
düşünməsin ki, orta məktəbin əsas vəzifəsi
ali məktəb üçün tələbə
hazırlamaqdır, onun əsas funksiyası ana dilini dərindən
bilən, vətəninin tarixi və mədəniyyəti haqda
ətraflı məlumatlara malik olan, dövlətçiliyə
və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən,
insanlara, təbiətə, əxlaqi-mənəvi dəyərlərə
dözümlü, həssas və ədalətli münasibət
bəsləyən, müstəqil mövqeli olmaq keyfiyyətlərinə
yiyələnən, ana dili ilə yanaşı bir və ya bir
neçə xarici dildə ünsiyyət saxlamağı
bacaran, millət üçün gərəkli şəxsiyyət,
vətəndaş yetişdirməkdir.
Bütün bu qeyd etdiklərimi və mütəxəssislərin
məsləhətlərini nəzərə alıb qərara
gəldik ki, islahatlara ümumi orta təhsildən başlayaq. Mən fəxr və məsuliyyətlə
deyə bilərəm ki, 13 il ərzində
ümumi orta təhsil sistemində çox ciddi nailiyyətlər
əldə etmişik. Bunu BMT, UNİCEF, UNECKO kimi nüfuzlu
beynəlxalq təşkilatların ekspertləri,
uşaqları bizim məktəblərdə təhsil alan xarici ölkə səfirləri deyirlər.
Pərvin:
Bu sahədə əsas görülməli işlər bitibmi
artıq?
Misir Mərdanov: Xeyr, mən hesab etmirəm ki,
işlər bitib. Biz çox məsuliyyətli və şərəfli
bir yolun
başlanğıcındayıq, inşallah, hələ
bu yolla çox getməli olacağıq, ən əsası
odur ki, seçdiyimiz doğru yoldur və əldə edəcəyimiz
nəticələr də əvvəlcədən bəllidir. Beynəlxalq təcrübəni hələ də
öyrənirik. Amerika, Böyük Britaniya, Hollandiya,
Almaniya və
Avstraliyaya bir neçə səfər edib
onların məktəblərində olmuş, müxtəlif məsləhətlər
almışıq.
Pərvin:
Təhsil sahəsində görülən əsas və
insanlarda birmənalı fikir yaratmayan işlərdən biri də
Kurikulum islahatıdır. Artıq ibtidai siniflərdə
tədris bu proqram üzrə həyata keçirilir. Amma
hələ də “Bu bizim nəyimizə lazım idi” – deyib
şikayət edənlər var. Sizin
özünüzün bu barədə düşüncəniz
necədir?
Misir Mərdanov:
Beynəlxalq və milli ekspertlərin bəziləri islahatlara
I, V, IX siniflərdən eyni zamanda başlamağı təklif
etmişdilər. İşin incəliklərini bilən və
gələcəkdə əsas məsuliyyət
daşıyacaq şəxs kimi qətiyyən buna razı ola bilməzdim. 2005-ci ildə Təhsil Problemləri İnstitutu nəzdində
Kurikulum Mərkəzi yaratdıq. Ölkəmizin görkəmli
alimlərinin, fəal təhsil işçilərinin,
tanınmış metodistlərin və qabaqcıl müəllimlərin
iştirakı ilə “Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum)” sənədi hazırlandı və 2006-cı ildə
hökumət tərəfindən təsdiq edildi. Bu tarixi sənəd
ümumi təhsil üzrə təlim nəticələrini və
məzmun standartlarını, ümumi təhsilin hər bir səviyyəsində
tədris olunan fənləri, həftəlik dərs və dərsdənkənar
məşğələ saatlarının miqdarını,
pedaqoji prosesin təşkilini, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi üzrə əsas
prinsipləri, başqa sözlə, təlim prosesi ilə
bağlı olan bütün fəaliyyətlərin təşkili
və həyata keçirilməsini özündə əks
etdirir. Sonralar
ibtidai siniflər üçün fənn kurikulumları və
onların əsasında yeni, müasir tələbləri
ödəyən dərslik komplektləri hazırlandı və
2008-ci ildə, birinci sinifdən məktəblərdə tətbiq
olunmağa başladı. Artıq dörd ildir ki, bu
proses gedir, inşallah, gələn dərs ilindən V siniflərdə
davam etdirəcəyik. Kurikulumu tənqid edənlərə
məsləhət görərdim ki, məktəblərimizin
ibtidai sinif şagirdləri, onlara dərs deyən müəllimlər
və valideynlərlə görüşüb söhbət
etsinlər, onda biləcəklər ki, kurikulumun tətbiqi nəticəsində
nələr dəyişib.
Pərvin:
Misir müəllim, Kurikulumun tələbi ilə müəllimlərin
də dəyişməsi çox vurğulanır. Sizcə, müasir müəllim necə
olmalıdır?
Misir Mərdanov:
Bu bir qədər geniş mövzudur. Müəllim
peşəsini digərlərindən fərqləndirən cəhətlərdən
biri odur ki, cəmiyyətdə elə bir insan tapmaq
mümkün deyil ki, onun müəllimi olmasın,
dünyanı dəyişən, idarə edən, tarixi yaradan
dahi şəxsiyyətləri də müəllim
yetişdirmişdir. Məncə, “müəllim”
sözünü ən dəqiq ifadə edən kəlamları
Ulu öndərimiz demişdi: “Müəllim adı ən
yüsək addır, mən yer üzündə müəllimdən
yüksək ad tanımıram”, Türkiyə Cümhuriyyətinin
banisi Atatürk isə deyirdi ki, “milləti yalnız və
yalnız müəllimlər xilas edə bilər, bir cəmiyyətin
millət ola bilməsi üçün
müəllimlərə ehtiyacı var, onlar cəmiyyəti həqiqi
bir millət halına gətirirlər”.
Pərvin:
Bizim təhsil aldığımız dövrdə müəllimin
işi danışmaq, öyrətmək və növbəti
dərsdə öyrətdiyini tələb etmək idi, sadəcə.
Sizcə,
müasir müəllimin yanaşmasında nəsə
dəyişibmi?
Misir Mərdanov: İndi cəmiyyət
qarşısında dayanan əsas sual da bundan ibarətdir ki, “müəllim
şagirdə necə yanaşmalıdır ki, millətinə
layiqli vətəndaş yetişdirsin?” Zənnimcə,
müasir müəllim öz ixtisasını dərindən
bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa malik
olmaqla, peşəsini sevməklə yanaşı, şagirdlərinin
hər birinə fərdi yanaşmağı bacarmalı,
qayğılarını öyrənməli, münasibətləri
əməkdaşlıq səviyyəsində qurmalı və
onun potensial imkanlarını nəzərə almaqla
düzgün istiqamətləndirməlidir.
Müasir dövrdə pedaqoji prosesə yanaşmada əsas
paradiqmalar dəyişilib, müəllim-şagird münasibətləri
də buna uyğunlaşdırılmalı, şagirdin obyektdən
subyektə doğru inkişafı, ona şəxsiyyət kimi
yanaşılmasını, bütün təlim prosesinin
şagirdin maraqları, qabiliyyəti üzərində
qurulmasını, onun fərdi-psixoloji xüsusiyyətlərinin
nəzərə alınmasını tələb edir. Müəllim cəmiyyət
qarşısında öz məsuliyyətini hiss etməlidir.
Pərvin:
Dediyiniz tələblərə bütün müəllimlər
cavab verirlərmi? Bu gün müasirlikdən uzaq, dövrlə
ayaqlaşmayan, deyək ki, ən azı kompyuterdən istifadə
edə bilməyən müəllimlərin də çox
olması hamımıza məlumdur...
Misir Mərdanov:
Düşünürəm ki, bütün mərhələlərdə
müəllim olmaq istəyənlərin seçimində
müəyyən tələblər hökmən gözlənilməlidir.
Müəllimlər müasir qiymətləndirmə mexanizmləri
ilə yaxından tanış olmalı, təhsildə
İKT bacarıqlarını daim yüksəltməlidirlər.
Artıq ölkəmizin təhsil sistemində
keçmişdə mövcud olan yaddaş, hafizə məktəbindən,
məntiqi təfəkkürə və tətbiqi
bacarıqlara əsaslanan məktəbə keçməkdəyik
və müəllimlərimiz bu keçidə hazır
olmalıdırlar.
Biz də öz növbəmizdə bu işdə əlimizdən
gələni əsirgəmirik. İslahatın həyata
keçirildiyi illərdə bir tərəfdən müəllim
hazırlığı ilə məşğul olan ali məktəblərin proqramlarında ciddi dəyişikliklər
aparılıb, təhsilin məzmunu beynəlxalq təcrübəyə
uyğun yeniləşdirilib, pedaqoji təcrübəyə
ayrılan vaxt artırılıb, digər tərəfdən
hazırda məktəblərdə işləyən müəllimlərin
ixtisasartırması, təcrübə keçməsi, yenidənhazırlanması,
təkmilləşdirilməsi istiqamətində ciddi yeniliklər
edilib.
Əgər nəzərə alsaq ki, bu gün olkənin
ümumtəhsil məktəblərində 150 mindən
çox müəllim işləyir və onların əksəriyyətinin
müasir təlim texnologiyalarından müvafiq bilik və
bacarıqları arzulanan səviyyədə deyil, onda problemin
mürəkkəbliyi aydın olar.
Ötən
müddət ərzində ibtidai siniflərdə dərs deyən
40 mindən çox müəllim xüsusi
hazırlanmış proqram çərçivəsində
müvafiq treyninqlərdən keçmiş, bu il yay tətili
dövründə yeni kurikulum əsasında V siniflərdə dərs deyəcək
30 mindən cox müəllim xüsusi təlimçilərin
– öyrədənlərin rəhbərliyi
ilə müvafiq bilik və bacarıqlara yiyələnəcəklər.
Bunlarla yanaşı, ölkə prezidenti tərəfindən
təsdiq edilmiş “Təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” çərçivəsində 50 mindən
çox müəllim müvafiq kurslar keçib.
Pərvin:
Müasir dövrdə qiymətləndirmə sahəsində
də yeniliklər çoxdur. İndi diaqnostik,
formativ və summativ qiymətləndirmə üsullarından
istifadə olunur ki, bu da xeyli effekt verir. Bunların üstünlükləri ilə
yanaşı, çatışmayan tərəfləri də
varmı?
Misir Mərdanov:
Yeni qiymətləndirmə şagird nailiyyətlərinin, fəaliyyətinin
izlənməsi ilə dərsi müşaiyət edən
prosesdir, müəllimi yaradıcılığa, şagirdə
fərdi yanaşmaya sövq etməklə bərabər,
şagirdləri də, valideynləri də bu prosesə cəlb
edir. Məhz, yeni qiymətləndirmə sayəsində
şagird siniflə, yoldaşları ilə müqayisədə
deyil, bacarığına görə qiymətləndirilir.
Qiymətləndirmənin əsas istiqamətlərindən
olan məktəbdaxili qiymətləndirmənin diaqnostik
formativ və summativ olmaqla üç yerə bölünən
hər tərkib hissəsinin öz məqsədi var. Diaqnostik
qiymətləndirmə ilə müəllim sinifə,
şagirdə “diaqnoz” qoyur, özünün təlim
strategiyasını müəyyənləşdirir. Sözlü yəni,
formativ qiymətləndirmə ilə şagirdin fəaliyyətini
ardıcıl izləyir və nəticədə summativ qiymətləndirmə
ilə (rəqəmli qiymətləndirmə) həm
özünün fəaliyyətinə, həm də
şagirdin nailiyyətinə qiymət verir.
Yeni qiymətləndirmənin
istiqamətlərindən ikincisi milli qiymətləndirmə tətqiqatıdır,
o, təhsillə bağlı bütün amilləri-şagirdi,
müəllimi, məktəbi, məktəb rəhbərliyini,
dərslikləri, tədris vəsaitlərini, təlim
texnologiyalarını, valideyni, şagirdi əhatə edən
mühiti qiymətləndirməklə təhsilin vəziyyətini
öyrənir, perspektivləri müəyyənləşdirir.
Pərvin:
Milli qiymətləndirmə tətqiqatının xüsusi məqsədi,
istiqaməti olurmu? Yoxsa bu ümumi aparılır?
Misir Mərdanov:
Əlbəttə, xüsusi istiqamət və məqsəd
olur. Sonuncu dəfə bu ilin may ayında ümumtəhsil məktəblərinin
dördüncü sinifləri arasında keçirdiyimiz milli
qiymətləndirmənin məqsədi məhz artıq
dörd ildir ki, tətbiq etdiyimiz kurikulumun tədrisi vəziyyətinin,
o cümlədən yeni qiymətləndirmə sisteminin səmərəsini
öyrənməkdir. Onun nəticələri
haqqında 2012-ci ilin sentyabr-oktyabr aylarında ölkə
ictimaiyyətinə geniş məlumat veriləcək.
Bundan əlavə
beynəlxalq qiymətləndirmənin də xüsusi əhəmiyyəti
var. Ölkədə
təhsil səviyyəsinin digər dövlətlərlə
müqayisəli təhlilini aparmağa imkan verir. Məhz beynəlxalq qiymətləndirmənin nəticələri
fəaliyyətə müqayisəli şəkildə nəzər
yetirməyə, problemləri müəyyənləşdirməyə,
perspektivləri dəqiqləşdirməyə etibarlı zəmin
yaradır.
Pərvin:
Son illərdə təhsil sahəsində daha hansı
proqramlar təsdiqlənib?
Misir Mərdanov:
Son on ildə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən bu sistemin ayrı-ayrı səviyyə
və pillələrində mövcud olan problemlərin həlli
ilə əlaqədar 16 inkişafyönlü Dövlət
proqramı hazırlanıb, müvafiq qurumlarda ekspertizadan
keçdikdən sonra ölkə başçısı və
ya hökumət tərəfindən
təsdiq edilib. Buraya Məktəb tikintisi, məktəblərin
əsaslı təmiri, müvafiq avadanlıqlarla təminatı,
istilik sisteminin bərpası, İKT ilə təminatı ilə
bağlı iki proqram, ucqar kəndlərdəki məktəblərin
müəllimlərlə təminatı, Texniki Peşə təhsilinin
və Məktəbəqədər təhsilin inkisafı
üzrə Dövlət Proqramları, Dünya Bankının
dəstəyi ilə həyata keçirilən, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili
üzrə Dövlət Proqramı, Dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə
verilməsi və alternativ qayğı Dövlət
proqramı, Azərbaycanlı gənclərin xarici ölkələrin
ali məktəblərində təhsili ilə əlaqədar
və.s proqramlar daxildir. Məsuliyyətlə
demək istəyirəm ki, bu proqramların hər birinin
hazırlanmasına böyük əmək sərf olunub və
burada bu gün nazirliyin mərkəzi aparatda işləyən
əməkdaşları böyük fədakarlıq göstəriblər.
Nəticədə ötən müddət ərzində
milli təhsil sisteminin beynəlxalq standartlara uyğun
hüquqi normativ bazası yaradılıb, 2200-dən çox
yeni məktəb binası inşa olunub və ya əsaslı
təmir edilib, şagirdlərin 80 faizindən çoxu əlverişli
təlim şəraiti olan məktəblərdə təhsil
almağa başlayıb və s.
Yeri gəlmişkən, xüsusi qeyd etmək
lazımdır ki, bu nailiyyətlərin qazanılmasında
Heydər Əliyev fondunun, fondun rəhbəri Mehriban xanım Əliyevanın
müstəsna xidmətləri olub. Fondun həyata
keçirdiyi layihələr nəticəsində 300-dən
çox yeni məktəb, uşaq bağçası, uşaq
evləri və internat məktəbləri tikilib və ya əsaslı
təmir edilib, məktəblərə əvəzsiz təlim
vəsaitləri hazırlanıb.
Əlbəttə, bütün bunlar “Təhsil sahəsi
ölkəmizin davamlı inkişafının əsas amillərindən
biridir” deyən Prezident İlham Əliyevin ölkədə həyata
keçirdiyi uğurlu daxili və xarici siyasətin, təhsil
sektoruna olan birbaşa diqqət və qayğısının
nəticəsidir.
Pərvin:
Misir müəllim, adətən yazılan əsərlər,
yaxud yazarların səviyyəsinə görə ədəbiyyatda
“qızıl dövr” müəyyənləşdirilir. Siz təhsilin
tarixini qədim dövrdən indiyə kimi araşdıran və
bu sahəyə bağlı adam kimi
hansı dövrü təhsilimizin qızıl dövrü
hesab edərdiniz?
Misir Mərdanov:
Hesab edirəm ki, artıq sizin sualınız öz
cavabını tapıb və nəticələr göz
qabağındadır. Atalarımızın gözəl
sözü var: Görünən dağa nə bələdçi?!
Heç şübhəsiz ki, İlham Əliyevin
prezidentlik dövrü təhsil tariximizdə qızıl
dövr kimi qalacaq.
525-ci qəzet.-
2012.- 9 iyun.- S.10-11.