KİV-ə
Dövlət Dəstəyi Fondu Nizami Rayon İcra
Hakimiyyəti ilə birgə konfrans keçirdi
İyunun 11–də Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Nizami Rayon İcra hakimiyyətinin birgə
təşkilatçılığı ilə “Yerli icra
Hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf etdirilməsi”
mövzusunda konfrans keçirilib. Tədbirdə Nizami rayon
ictimaiyyətinin nümayəndələri və 30-dək
tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri
iştirak ediblər. Yığıncaq
iştirakçılarını salamlayan Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir
iştirakçılarına konfransın mahiyyəti barədə
məlumat verib. Bu cür tədbirlərin ənənə
halını aldığını söyləyən icra
başçısı artıq ötən il rayonda belə
bir konfransın keçirildiyini diqqətə
çatdırıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr həyata keçirilib. Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını tədbir iştirakçılarının nəzərinə çatdıran V. Səfərli bu sahədə Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirib. O qeyd edib ki, 1998-ci ildə Heydər Əliyev senzuranı ləğv etməklə qəzetçiliyinin inkişafına böyük təkan vermiş oldu. Belə ki, qəzetlərin qeydə alınmasında problemlər aradan qaldırılıb və müstəqil qəzetlərin üzləşdikləri maliyyə problemləri həllini tapmağa başlayıb. Elə bunun nəticəsidir ki, hazırda ölkədə 5 minə yaxın KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda 300 yaxın dövrü mətbuat dərc olunur ki, onlardan da 30 yaxını gündəlik çap edilən qəzetlərdi. Dövlətin mətbuata mütəmadi olaraq qayğı göstərdiyini söyləyən V. Səfərli 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Yaradıldığını dedi. O bildirdi ki, Fond təsis olunduğu gündən müstəqil qəzetlərə maliyyə yardımı etməyə başlayıb və bu yardım hər il artan teplə davam edir. Jurnalist peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışan Vüqar Səfərli qeyd etdi ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Sonda Dövlət başçısının jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırması istiqamətində verdiyi sərəncamı xatırladan icraçı direktor bu sahədə də işlərin uğurla davam etdiyini və jurnalistlər üçün tikilməkdə olan binanın gələn il istifadəyə veriləcəyini deyib.
Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, rəhbərlik etdiyi rayon Bakının ən gənc rayonudur. Onun sözlərinə görə ölkədəki dinamik sosial-iqtisadi inkişaf Nizami rayonundan da yan keçməyib. Ərazisi 19,6 min kvadrat metr olan rayonda son illərdə bir sıra sənaye müəssisələri yaradılıb. Eyni zamanda son illər aparılan işlərin nəticəsi olaraq rayonda bəzi problemləri aradan qaldırmaq mümkün olub. Su-kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayon əhalisinin qaz və elektrik təchizatı xeyli yaxşılaşdırılıb. Poçt və rabitə xidməti sahəsində demək olar ki, problemlər aradan qaldırılıb. Səhiyyə və Təhsil sahəsində də xeyli irəliləyişlər mövcuddur. Rayon ərazisində tıxacların aradan qaldırılması, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər görülür. Hazırda rayon ərazisindəki parklar abadlaşdırılması işləri həyata keçirilir.
Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirildi. “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid və digər iştirakçılar etdikləri çıxışlarda icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğuladılar. Konfransda, eyni zamanda, kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüldü.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “Nizami rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və prespektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan etdi. Eyni zamanda, belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Nizami Rayon İcra hakimiyyətinin rəhbərliyinə, o cümlədən rayon ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirib.
Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov sonda tədbirin jurnalistlərlə icra strukturları nümayəndələri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bir daha önə çəkərək faydalı təşəbbüsə görə Fondun icraçı direktoruna və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə öz təşəkkürünü bildirib.
525-ci qəzet.-
2012.- 12 iyun.- S.6.