“Teleskop və ya
yuxuda və gerçəklikdə uçuşanlar
XIX əsrin sonları XX əsrin əvvələrini Azərbaycan ədəbiyyatının demək olar ki, ən çox yazıçı yetişdirdiyi və ən məhsuldar bəhrə verdiyi, eyni zamanda da ən çox haqsızlığa və qırğına məruz qaldığı bir dövr kimi dəyərləndirmək doğru olar. Lakin bu dövrün həm də ən çox “danosçu-yazıçı”lar dövrü kimi tarixdə özünə yer tutduğunu da unutmamalıyıq. Dövrü, ən çox yazıçı yetişdirdiyinə görə alqışlamaq, ən çox və ən geniş miqyaslı, ən çoxşaxəli bəhrə verən, ədəbi nümunələr yaradan dövr olduğuna görə bağrına basmaq və nəhayət ən çox yazıçı qırğını törətdiyinə görə ayağından asmaq hökmü ilə cəzalandırmaq və bu hökmü elə tarixin öz gözləri qarşısındaca icra etmək lazım olduğu doğru hesab edilməlidir... bu məqamda bir anlıq, qələmə, “dur!” deməli və qələmi durdurmağın, dərindən düşünməyə üstünlük verməyin doğruluğu gözümüzü qamaşdırmamalıdır. Əksinə, düşünməkdə bir fayda var ki, əcəba, bizim dili-ağzı olmayan, adına dövr dediyimiz bu tarixi məqamda axtardığımız nədir? Bizim, dövrü cəzalandırmağımız nə qədər doğru olardı? Bu söhbəti elə buradaca dayandırıb, bu söhbətin başqa bir cəhətinə nəzər salmaq və ayrı məqamlara toxunmaq istəyirəm. Gəlin öncə baxaq görək ki, həmin dövrdə hansı tarixi gerçəklik dövrün başını uca tutmasına, o dördə yetişən yazıçıların hansı üstün xüsusiyyətləri dövrü bağrımıza basmağa və hansı naqis cəhətlər dövrü (dövrümü?!) ittiham etməyə əsas verə bilirdi.
Ədəbiyyat tariximiz sübut edir ki, XIX-XX əsrlərin müxtəlif zamanları Azərbaycan ədəbi mühiti üçün həqiqətən də başucalığı gətirən rezenans dövrüdür. O dövrə qədər yalnız şifahi xalq ədəbiyyatının nümunələri və Azərbaycan şeir mühitinin klassik gerçəkliyi ilə öyünə bilən Azərbaycan ədəbi aləmi, XIX əsrin ikinci yarısından etibarən realizmdən başlayan, romantizmə qovuşan, bəzən realizmlə romantizmin qarışığından yoğrulan və ya tam romantik üslubda yaranan ədəbi nümunələri ilə Azərbaycan ədəbi mühitini bütün cinahlardan kamil bir yaradıcılıq mərtəbəsinə yüksəltdi, dünya ədəbiyyatından seçmələr sırasında öz yerini daha da möhkəmləndirə bildi. XX əsrin ortalarından bu günə qədər isə bir sıra cərəyanlara baş vurdu və bu gün də çox aktiv bir dinamika ilə inkişafa doğru gedir.
M.F.Axundzadədən tutmuş, ta bu günə qədər yüzlərlə nəhəng ədiblərin, repressiyaya məruz qalanların və “danosçuluq”la məşğul olub, başqasının taleyi üzərində öz “xoşbəxt” taleyini quranların hər biri, istedadlı və ya istedadsızları, klassikaya çevrilə biləni və ya sandığa doğru yumalananları, hər biri dövrün yaxasından sancaq kimi asılıblar. Lakin bu sancağın hansı ki, əsli qızıl və ya gümüş tərkiblidir, onlar zaman keçdikcə və bu zamanın keşməkeşlərinə sürtüldükcə daha da parlaq görünəcəklər. Lakin hansı ki, qızıl və ya gümüş suyuna çəkilib, onlar zamanın “amansız aynasında” pas bürümüş üzünü gizlədə bilməyəcəklər. Və zamanın divarlarına sürtüldükcə pasın altında erroziyaya məruz qalmış simasındakı kələkötür üzünü-əslini göstərəcəkdir.
“Ədəbiyyatın predmeti nədir?” sualına “xislət” (belə cavab yalnız və yalnız Elçin təfəkkürünün məhsulu ola bilər!) deyə cavab verən Azərbaycanın görkəmli, sözün həqiqi anlamında və bütün parametrlərdən görkəmli ədibi, Xalq yazıçısı Elçin, əsli həqiqi qızıldan olan əsərləri ilə yuxarıda ortaya çıxan sualların əksəriyyətini layiqincə cavablandırır. Təkcə Azərbaycan ədəbiyyatının miqyas dairəsini öz hüdudlarından uzaqlara apara bilmək həqiqəti və yalnız öz taleyini yaşamağa deyil, həm də başqalarına yol açmağa çalışan bir insan və yazıçı olaraq Elçin XIX əsrdən yol alan, XX əsrdə kələkötür çuxurlardan keçən və nəhayət XXI əsrdə öz ələkdən keçmiş Azərbaycan ədiblərinin dəyərli, parlayan ümumsərvət anlamında olan yüksək əyarlı ədəbi nümunələrinin xislət krassvordunu, öz “Teleskop”u ilə, göylərin görünməz qatından baxan ruhların gördüyü, uca Tanrının gözləri önündə, Tanrısını tanımayan, şeytanın şərinə uyan, xisləti xarab insanların öz qan və ruh qohumuna – insana törətdiyi bəd əməllərin canlı mənzərəsində düzgün doldurmağa haraylayır. Müəllif insanları, heç kəsə qalmayacaq olan bu fani dünyada, xislətinin xarab olmasından qorunmağa, bəd əməllərə uymamağa, uyanları həmin əməllərdən qurtarmağa çağırsa da, hətta qurtuluşun yollarını var gücü ilə səslənsə də, insan öz bəd əməlindən dönmür ki, dönmür. Yaxşı ki, heç olmasa bizim, “Teleskopdan” “Teleskopa” teleskopik baxışımızın seyrində canlanan mənzərədə, “keçilən yollarda” insanın özünü məxsusi ifadə etməsi üçün var olan münbit zəmindən və yaranmış imkanlardan istedadın gücünə söykənərək, xisləti təmiz insanların yararlanma bacarığının canlı şahidinə çevrilir, ədəbiyyatın predmeti qədər insanın da varlığnın xislət olduğunu dərk edir və bu həqiqətin hikmətinə heç bir şübhəmiz qalmır. İnsanın idarə olunma mexanizmi işə düşərkən ona qığılcım verən və işlədiyi bütün müddət ərzində ona od püskürən məhz xislətdir. XIX-XX və XXI əsrlərdə uca Tanrı Azərbaycan xalqına istər ədəbiyyat, istər elm və mədəniyyət, istərsə də tibb sahəsində, hələ heç bir xalqa vermədiyi bir “qaymaq təbəqə” təntənəsi verdi... Lakin nəhayət biz XXI əsrin birinci yarısından geriyə boylanarkən, bu həqiqəti anlamalıyıq ki, Elçinin bütün əsərlərində yüksək tonla öz yerini tutan “İNSAN OL!” hikməti, cinsindən asılı olmayaraq, bütün qulaqlara sırğa kimi taxılmalı və bu sırğa qürurla gəzdirilməyə çalışılmalıdır!!!
“Xəyalda və gerçəklikdə uçuşanlar” xəyalda da, gerçəklikdə də mütləq, öncə uçacaqları səmtin istiqamətini düzgün müəyyənləşdirməli, uçuşarkən mənzilin məsafəsini uğurla qət etmək üçün qanadlarının gücünə tam arxayın olmalı, hansı xalqın təmsilçisi olduğuna diqqət yetirməli, milli düşüncəsini və qürurunu yad düşüncələrin və basqıçıların tapdağı altına salmamalı, idrak meydanında sonsuz fəzalar məsafəsinə qədər uça biləcəyi təfəkkürlə uçuşa girişməli və nəhayət millətindən asılı olmayaraq Tanrı həqiqətini canından üstün tutmalı, insan meyarını canı qədər dəyərləndirməyi bacarmalıdır. Beləliklə bundan sonrakı ömür həqiqətəndə anlamalıdır ki, dövr, üzərinə heç bir günah ləkəsi yayıla bilməyən, sadəcə, əyrili-düzlü bütün “sancaqları” öz yaxasında yerləşdirmək qüdrətində olan və əyriyə də, düzə də həqiqət hikmətindən münasibət göstərən və hər şeyi öz simasında sərgiləyən bir haqq tərəzisidir. Ona görə də anlamaq lazımdır ki, dövrü nə alqışlamaq, nə bağrına basmaq, nə də ittiham etmək və ya cəzaya layiq görmək, heç biri doğru deyildir. Çünki dövr, zaman amili insanın əməlləri ilə zənginləşir. Bu zənginliyin məzmununu da insan yaradır. Odur ki, insan fenomeninin bütün varlığını, saflıq və paklığını qorumaq uğrunda çalışmağın hər türlü məsələnin həlli demək olduğunu dərk etmək lazımdır!
2012-ci il 27 may tarixində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşa salonunda işıqlar qaraldıqca ətrafa çökən səssizliyin içindən eşidilməyə başlayan və eşidildikcə diqqətimizi indi başlayacaq tamaşaya yönəldən ürək döyüntüsünün səsi, qaranlığın sükutuna hakim kəsilirdi. Səhnənin sol tərəfindən süzülən zəif işıq, yavaş-yavaş qaranlığın zülmətini pozduqca, təlaşla səhnəyə tələsən personajların dialoqları onların özü haqqında həm tamaşaçıda anlayış yaradır, həm də bizə bəlli olan, başlayacaq hadisənin süjetinə giriş verirdi. Tamaşa salonunda görkəmli teatrşünas-alim, professor Məryəm xanım Əlizadə də əyləşmişdi. AMEA-nın Memarlıq və İncəsənət İnstitunun elmi işçiləri, istedadlı alimlər, sənətşünaslıq üzrə fəlsəfə doktorları Nərminə xanım Ağayeva və Rəcəb Məmmədovla tamaşanı bərabər izləyirdik.
Və mən bu əsərin Akademik Milli Dram Teatrının səhnəsində tam başqa janrda və üslubda, başqa yozumda və fərqli estetikada hazırlanan tamaşasına da (rejissor K.Şahmərdan) baxmışam, hətta həmin tamaşa haqqında böyük resenziya da yazmışam. O tamaşaya heç bir bənzəri olmayan bu səhnə əsərinin tərtibatdan tutmuş səhnələrin bir-biri ilə ardıcıl birləşmə mexanizmindəki fərqli cilalanma prinsipləri və qrotesk oyun tərzinin tələbləri sistemində keçidlərin özünəməxsusluğu, səhnədə, süjet xətti əsasında hər baş verən hadisənin sonunun məntiqə uyğun rəqslərlə yekunlaşması və dərhal da növbəti səhnəyə keçid zəmini yaratması həm tamaşanın janrının mükəmməlliyinə, həm də yaranan vəziyyətin dramatizminə və janrdan irəli gələn əyləndiricilik əhvalı yaratmağa xidmət edirdi. Doğrusunu deyim ki, bu cür başlanğıc mənim diqqətimi tamaşanın içinə doğru istiqamətləndirməyə başladı.
Tamaşa haqqında fikir söyləməzdən öncə, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində hazırladığı bir sıra maraqlı tamaşaları ilə öz rejissorluq dəsti xəttini təsdiqləmiş əməkdar incəsənət xadimi İrana Tağızadənin bu səhnə əsərində təklif etdiyi traktovkanın maraq doğuran cəhətinə diqqəti yönəltmək istəyirəm.
Rejissor əsərə, əsərin özünün janrına adekvat olmayan bir janrda yanaşaraq, tamaşanı tam başqa düşüncənin, yozumun, konsepsiyanın, estetikanın məhsulu kimi ərsəyə gərtirməsinə baxmayaraq, ümumi ruh və mövzuya yanaşma metodu baxımından müəllifin ideyasına, əsərin qayəsinə heç bir xələl gətirmədən, bir az da baməzəlik, şuxluq, zarafatsayağılıq və əyləndiricilik manerası ilə tam fərqli üslubda təqdim etməklə, hər bir hadisənin istənilən məkanda və istənilən şəraitdə, istənilən vəziyyətdə və istənilən formada, istənilən ruhda və istənilən tərzdə təqdimatının mümkünlülüyünü sübut edir.
Qaranlığın zəhrini yarmağa başlayan, yavaş-yavaş süzülən işığın aydınlığında səhnəyə tələsən personajların gətirəcəkləri hadisənin haradan başlayıb haraya qədər davam edəcəyi və hansı kuliminasiya nöqtəsindən razvyazkaya doğru istiqamət alacağı və nə ilə nəticələnəcəyi hər birimizə aydınca bəlli olduğu halda, gözlənilməz şəkildə səhnədə manej-məkanın ortaya çıxması, əsərin ruhundan irəli gələn, gözlədiyimiz bəlli vəziyyətin tam fərqli məkanda cərəyan edəcəyi ortaya çıxdı. Və bu dərin-fəlsəfi, lirik-romantik, zəngin psixoloji ruhla dolu olan trogikomediyanın bu məkanda necə həllini tapa biləcəyi bizdə böyük maraq doğurdu.
Qəzaya düşmüş, klinik ölüm nəticəsində cənab Əzrail (ali qanunların ali qərarlarının icraçısı obrazını mükəmməl yaratmağa nail olan əməkdar artist Natalya Balıyeva) tərəfindən Kişinin (peşəkar və püxtə oyunu, şirin danışığı, akrobatik bacarığı, obrazın daxili və xarici plastikasını orqanik şəkildə, ustalıqla cilalayan və mükəmməl bir vəhdət halında tamaşaçıya sevdirən və tamaşaçının rəğbətini qazana bilən Xalq artisti Səfa Mirzəhəsənov) göylər məkanına aparılması səhnəsi, sirkdə təhlükəli nömrələr göstərən hava gimnastlarının yaratdığı kimi tamaşaçıda həyəcan doğuran bir vəziyyət yaradırdı. Akryor (S.Mirzəhəsənov) ştanketə bağlanmış halatlarla (polad kəndirlər) səhnənin yuxarı dərinliyinə qalxdıqca salonda təşviş doğuran vəziyyət, sonradan aktyorun havada səlist davranışı nəticəsində bir rahatlıq yaratdı. Daha sonra, vaxtilə dünyasını dəyişmiş, göylər məkanında onu qarşılayan birinci arvadının – Qadının (səhnə plastikası, səlist oyun tərzi, akrobatik səhnələrin həyata keçirilməsində çevik və dinamik hərəkətləri ilə tamaşaçını heyran qoyan Natəvan Hacıyeva) səhnənin sağ tərəfindən ştanketə bağlanmış halatlardan asılmış, daha böyük təhlükə doğuran sürətlə səhnənin yuxarı dərinliyinə şütüməsi və orada çevik hərəkətlərlə oyun nümayiş etdirməsi daha gərgin vəziyyət yaratdı, lakin sonra onun da akrobatik hərəkətlərlə professional davranışı tamaşaçını rahatlaşdırdı. Və biz bundan sonrakı bütün akrobatik səhnələrə sakitcə baxa bildik. Bu akrobatika tamaşada təklif olunmuş oyun prinsipi ilə bütün tamaşa boyu uyğunluq təşkil edən bir canlanma yaradırdı. Hər şey çox maraqlı idi. Sankt-Peterburqlu rəssam Emil Kopelyuşun tamaşaya verdiyi tərtibatla, ay işığının arxasından sayrışan ulduzlar kəhkaşanıın əlçatmaz romantikası, göylərin görünməz qatı aləminin nağıllardakı qədər əfsanəvi dünyası rejissorun ideya-estetik ruhunun əsrarəngiz gözəlliyini ehtiva edirdi və ən başlıcası riyazi dəqiqlik tələb edən, professional mexanizmlə tənzimlənən, estetik effek təsiri qüvvəsinə malik olan, yarada bildiyi bir səhnə məkanı, bu məkanda, Sankt-Peterburqlu geyim üzrə rəssam Yuri Suçkovın zövqlə çəkdiyi eskizlər əsasında tikilən, tamaşanın ruhu ilə uyğunluq təşkil edən, aktyorların oyunu üçün xarakterik xüsusiyyətlərə malik münbit şərait yaradan kosmopalitik geyimlər, xüsusən cənab Əzrayıl və digər mələklərin geyimi, onların istifadəsində olan şəffaf yelpiklər, göylərin şəffaf aydınlığı qismində özəl təsirə malikdir. Bu məkanın əsrarəngizliyi rejissoru, əsərə tam fərqli baxış bucağndan yanaşaraq, orijinal traktovkada tamaşa yaratmağa sövq etdirir. O, buffonadaçılıq və qroteskçilikdən mükəmməl şəkildə istifadə edərək, maraqlı bir aktyor ansanblı ilə ləzzətlə izlənən zövqlü bir tamaşa ərsəyə gətirə bilmişdir.
Tamaşanın bütün bu maraqlı cəhətləri və Akademik Milli Dram Teatrında hazırlanan “Teleskop” əsərinin tamaşası ilə müqayisədə bizə maraqlı görünən çoxlu fərqli məqamların olması bizi bu tamaşaya müqayisəli şəkildə baxmağa vadar etdi.
Akademik Teatrın məhsulunda rejissor K.Şahmərdan səhnədə yaratdığı sırf lirik-psixoloji, dərin-fəlsəfi ovqatın təsir qüvvəsi ilə tamaşaçını düşündürməyə məcbur edir, onu görünən aynada öz eybəcərlikləri ilə üz-üzə qoyur və bu eybəcərliklərdən xilas yollarının istiqamətini anladan bir həqiqət mənzərəsi yaradır. Bu tamaşadakı mükəmməllik ədəbi materialın fəlsəfi qüdrətini onun ruhuna bir başa daxil olmaqla aça bilən incəliyə söykənir. Rus Dram Teatrının məsulunda isə rejissor İ.Tağızadə tamaşaçını əylənməyə, vaxtının səmərəli keçməsinə imkan yaradır və bununla yanaşı həm də əsas məsələ kimi müəllifin ədəbi materialındakı məqsəd və məramın itməməsini, əsərdə obrazların gözü ilə cəmiyyətin eybəcər cəhətlərini göstərir və bu eybəcərliklərdən xilas yollarının axtarılmasını təmin edir, eyni zamanda bu tamaşada Elçinə xas lirik-romantik ovqatla, dərin-fəlsəfi yükün vəhdətində öz həllini tapa bilən qavrama mexanizmi öz estetik səciyyəsi ilə qorunub saxlanılır. Və üstün cəhət orasındadır ki, tamaşanın, buffonada elementləri ilə cilalanmış qrotesk oyun janrı təqdimatında müəllif fikrinin fəlsəfi qatları xəmir kimi yoğrulmuş və nəhayətdə, əyləncəli-düşündürücü bir nəticəyə nail olunmuşdur. Vaxtın son dərəcə səmərəli keçməsini təmin etməyə çalışmaq və eyni zamanda tamaşaçını dərindən düşündürə bilmək, qlobal problemlərin həlli üçün onu öz arxasınca aparmaq, həyat həqiqətlərinə inandıra bilmək, Tanrısal, ruhsal saflığa yönləndirmək və bütün yüksək keyfiyyətlər kontekstində marifləndirmək həmişəki kimi bu gün də dünya teatrlarının böyük maraq dairəsində olan aktual bir vəzifədir. Bunun üçün cürbəcür eksperimentlərə əl atan teatrların son vaxtlar bir qədər üstünlük verdikləri manej məkanında sirk elementləri və effektlərindən istifadə üsulundan yararlanan İ.Tağızadə eyni zamanda müəllifin əsərindəki məzmun və qayəsinin açılması üçün tamaşaçıya əyləndirmə və düşündürmə fəlsəfəsinin vəhdət kontekstindən təsir etmək, dərketmə imkanı yaratmaq və bir rejissor kimi əyləndirmə və düşündürmə fəlsəfəsinin qovuşuğunda dayanaraq tamaşaçıya iki istiqamətdən təsir göstərməklə balans yarada bilmək, fikrimcə onun təfəkkür və təxəyyülünün üstün cəhətidir.
Əsərdə olduğu kimi tamaşada da qəzaya düşmüş Kişinin təəssübünü çəkənlər simasında özünü təqdim edən, lakin hadisələr inkişaf etdikcə bəlli olan ki, həmin personajların heç də, heç biri onun təəssübünü çəkmirlər, sadəcə görüntü yaradırlar və əslində isə rianimasiyada kliniki ölümdə olan və ölümlə olum arasında mübarizə aparan Kişi əgər dünyasını dəyişərsə hər kəsi öz düşəcəyi vəziyyətin nəticəsi düşündürür və vəziyyətdən çıxış yollarını axtarırlar. Arvadı (gözəl səhnə yaraşığı və maraqlı oyunu ilə diqqəti çəkən Bella Safina) ərə getmək, Oğlu və qızı (səmimi təəssüratla səhnədən tamaşaçı ilə ünsiyyət yarada bilən və tamaşaçının diqqət mərkəzində olmağa çalışan Elşad Murtuzov, Milana Mərdahanova) var-dövlət bölgüsü aparmaq davasında olmaq, daha sonra qaynanası (maraqlı səhnə cazibəsi, plastikası, rəqsləri, obrazın bütün orqanikasının işləməsinə incə münasibətlə yanaşan, ustalıqla yaratdığı obrazı ilə tamaşaçının yaddaşına yazılan Xalq artisti Aleksandra Nikuşina) öz qızının və özünün gələcək həyatları barədə düşünmək, dostu və dostunun xanımı (səmimi oyunları ilə xoş təsir bağışlayan əməkdar artist Fuad Osmanov və istedadlı aktrisa İnna İmranova) riyakar münasibət kimi insana xas olmayan ikili əməlləri ilə tamaşa boyu tənqid obyektinə çevrilirlər.
Akadamik Milli Dram Teatrının tamaşasında olduğu kimi, xəstəxananın reanimasiya şöbəsində cərəyan edən hadisələrin dramatizmində kuliminasiya nöqtəsinə qədər bizi ruhən öz arxasınca gah göylərin yeddinci qatına aparan, gah da yerə endirən və bu minvalla bir xətt üzrə inkişaf edən, əsərin sonunda isə məlum bir nəticə ilə yekunlaşacağı bəlli olan bu tamaşanın ilk başlanğıcdan gözlərimiz önündə yaratdığı mənzərə həqiqətən də tamaşaçını əsrarəngiz bir aləmə salır. Səhnədə baş verən hadisələr Azərbaycan ədəbiyyatına yeni fikir, düşüncə tərzi, yeni ruh, üslub, yeni estetik baxış, mövzu orijinallığı gətirmiş, zəngin obrazlar qalereyası yaratmış və dərin fəlsəfi mahiyyət kəsb edən və aydın yol kimi görünən bir ədəbi məktəbin (həm də teatr sənətində “Eılçin modeli”nin!) təməlini qoymuş görkəmli ədib, Xalq yazıçısı Elçinin təxəyyülünün növbəti, bənzərsiz və fəlsəfi yükü ilə insan düşüncəsini silkələyən əsərləri sırasında özünəməxsusluğu ilə fərqlənən “Teleskop” əsərinin bu tamaşası da əvvəlki kimi tamaşaçını elə ilk andanca öz ovsunu altına salır.
Beləliklə biz, Akademik Milli Teatrının “Teleskop”undan Rus Dram Teatrının “Teleskop”una istər-istəməz elmi-teloskopik nəzər salmaqla, çağdaş Azərbaycan teatrlarının inkişaf mənzərəsinin aydınlığına işıq tutmuş olacağımıza əminliklə, eyni zamanda rus teatr estetikasının azərbaycan teatr estetikası ilə müqayisəli paralellərlə onların inkişafında Elçin dramaturgiyasının yerini müəyyənləşdirmiş oluruq.
Akademik Milli Dram Teatrında hazırlanan “Teleskop” tamaşasından fərqli olaraq bu tamaşanın bütün varlığı, yuxarıda qeyd etdiyimiz kimi həlli buffonada elementlərinin özünəməxsus, maraqlı görüntü yaradan rəngarəngliyi və qrotesk oyun tərzinin vəhdəti ilə, şux, əyləndirici və düşündürücü ovqat yaradan bir hadisə şəklində yaradılmışdır. Hər şey zarafatla deyilir, məzhəkə şəklində canlandırılır. Personajların hər birinin hadisələrə müdaxiləsi zamanı, sonda, oynanılan epizodların hər birinə, hadisələrin ruhuna uyğun, son dərəcə estetik təsir qüvvəsi yaradan maraqlı rəqslə nöqtə qoyulur. Bütün bunlar ona xidmət edir ki, yenə də təkrar olaraq qeyd edirik ki, rejissor İ.Tağızadə öz maraqlı yozumu ilə inandıra bilir və tamaşaçılara diqtə edir ki, hətta ən faciəvi hadisəni belə, istənilən vəziyyətdə və istənilən əhvalda təqdim etmək olar və istənilən hər hansı fikri, düşdüyü vəziyyətdən asılı olmayaraq bütün mükəmməlliyi və tutumu ilə ifadələndirməklə, tamaşaçıya təsir qüvvəsi yaratmaq mümkündür.
Maraqlı cəhət burasındadır ki, Akademik Milli Dram Teatrındakı “Teleskop” tamaşasında rejissor tamaşaçını yerlə göy arasındakı məsafədə yaratdığı bir vakuma salırsa və bu vakumda cərəyan edən hadisələrin az qala içinə daxil edə bilirsə, bununla da bu hadisələrin sarsıdıcı dramatizmi ilə tamaşçını həyat həqiqətlərinə inandırmaq üçün dərindən düşünməyə vadar edə bilirsə demək ki, bütün bunların hiklmətində Azərbaycan teatr estetikasının yüksək bədii keyfiyyət kontestində inkişaf nöqtəsinə yüksələ bildiyini ifadə edən bir amilin dayandığını söyləmk və məsələni bu cəhətdən dəyərləndirmək doğru olardı.
Öz yüksək intellektuallıq qüdrətini heç vaxt itirməyən və həmişə inkişafda olan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının “Teleskiop” əsərinin “Teleskop və ya yuxuda və gerçəklikdə uçuşanlar” adı altında oynanılan tamaşasında əsas olan bir cəhətə də diqqət yönəltməyi vacib hesab edirəm. Bildiyimiz kimi buffonada və qrotesk, istər zahiri görünüş baxımından, istərsə də daxili emosional təzahür baxımından həddini aşmış gülüş anlamıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu tamaşanın janrı məhz bufonada elementləri ilə qrotesk oyun tərzinin vəhdəti kimi müəyyənləşdirilmişdir. Lakin burada qroteskin içində sezilən və bütün hallarda qroteskə güc gələ bilən, kədərdən doğan gizli göz yaşlarının, yəni Elçinin təqdim etdiyi mətnaltı kədərlə örtülmüş dərd, qəm, ictimai problem, labirintə düşmüş, dilemma qarşısında qalmış və sağalması bir türlü şətinliklərdən keçən insani məsələlərin həllinin kədərli notlarla inləyən yükü rejissorun təklif etdiyi oyun janrını zorlayır, öz təsir qüdrəti ilə istər-istəməz janrın gücünü zəiflədir və əsərin məzmun yükünün təsiri altına salmağa çalışır, hətta salır da.
Bu tamaşaya baxarkən adama elə gəlir ki, əyləncəli bir situasiyada hadisənin gedişatının kədərlə dolu məzmunu, bu hadisələrin nə qədər qeyri-adi və məzhəkə donuna salınmasına, zövqlə qurulmuş və profesionallıqla ifa olunan, bir-birindən fərqli, gözəl rəqslərlə zənginləşdirilməsinə, tamaşaçı ilə həssas, incə və baməzə ünsiyyət yaratmaq cəhdlərinə baxmayaraq, insan bütün gözəlliklərlə əhatələnən gözoxşar mənzərənin və bu gözoxşarlıq içində bir-birini tamamlayan mükəmməl mizanların zəngin qrafikasının dinamik təsirindən, nəhayət özlüyündə orijinal bir səhnə əsəri kimi yüksək dəyərə malik olan bu tamaşada tamaşaçının nə qədər xoş əhvalda olmasına baxmayaraq, gülüşün təsirinə düşməkdən daha çox, sona qədər, təklif olunmuş vəziyyətdə yaranmış gərginlik, hadisələrin dramatik dəyişikliyi insanı əylənməkdən daha çox dərindən düşünməyə vadar edir.
Düşünürsən ki, belə olan surətdə tamaşanın janrında qüsur axtarmaq yerinə düşərmi? Dərindən fikirləşdikdə görürsən ki, bu, insafsızlıq olardı. Bəs onda anlaşılmazlıq nədən ibarətdir ki, belə şux, oynaq və başdan-ayağa qədər gülüş zənginliyinə malik bir janrda çox böyük zövq və ustalıqla hazırlanan bu səliqəli tamaşada başqa ovqata köklənirik? Bir qədər də geniş düşündükdən sonra anlaşılır ki, vəziyyətin belə hal almasının bircə səbəbi var, o da rejissorun yozumuna, mizanların qurulmasına, oyunun təyinatına, geyimlərin həllinə, tamaşanın əhvalını janra uyğun yarada bilən əməkdar mədəniyyət işçisi Vladimir Neverovun zəngin musiqi tərtibatına, hadisələrin inkişafını zərgər dəqiqliyi ilə izləmək imkanı yaradan işıq üzrə rəssam Rəfael Həsənovun mükəmməl işıq effektlərinə, əməkdar artist Fuad Osmanovun qurduğu xoreoqrafik səhnələrin gözəlliyinə, İsa Əsədov və Raqib Axundovun kaskadyor tryuklarının dəqiqliyinə, aktyor heyətinin (T.Rəhimov, İ.Mehdiyev, F.Bəhramov, M.Dubovitskaya, E.Hüseynli, M.Varobjanskaya, Y.Trifonov, E.Tahirov, N.Abdulsəlimov) cani-qəlbdən yaratdıqları obrazların rəngarəngliyinə öz hökmünü diqtə edən, böyük təsir qüvvəsinə malik olan və bu gücü qoruyub saxlaya bilən müəllif məninin yaratdığı fəlsəfi qüdrət dayanır. Və ədəbi materialın fəlsəfi gücü, psixoloji yükü janrı öz təsir qüvvəsi ilə yükləyir və öz təsirindən çıxmağa qoymur. Buna görə də nəhayətdə səliqəli zövqlə hazırlanmış bu tamaşada tamaşaçı özünü daha çox müəllif mətninin yükü ilə yüklənməyə üstünlük verir və bu da tamaşanın uğursuzluğuna deyil, məhz rejissorun həllinə nail olduğu oyunla əylənən tamaşaçının məzmunla yüklənməsini həssasca həyata keçirə bilməsinin təzahürüdür və bu onun sənətkarlıq qüdrətinin ifadəsidir.
Bu məqamda mən diqqəti bir vacib məsələyə də yönəltməyi doğru hesab edirəm. Azərbaycanda Rus teatr sənətinə tamaşaçı marağı həmişə yüksək olmuş və ümumən Rus teatrlarının tamaşaçı səviyyəsi də bu miqyasla ölçülmüşdür. Lakin Azərbaycan teatr sənətinə maraq son vaxtlara qədər qismən zəifləmişdi və buna görə də tamaşaçı səviyyəsi bir qədər aşağı düşmüşdü. Son illərdə teatrlarımızda hazırlanan bir sıra tamaşaların premyeralarında ziyalı təbəqəsinin tez-tez görünməsi nəticəsində tamaşaçı səviyyəsinin xeyli qalxması nəzərə çarpır. Bu amil məhz Azərbaycan teatr sənətinin inkişaf miqyasının göstəricisi kimi dəyərləndirilməlidir. Heç şübhəsiz ki, istər Azərbaycanda Rus teatr sənətinin səviyyəsinin həmişə yüksəkdə saxlanılmasınında və milli teatrımızın yeni inkişaf mərhələsinə qədəm qoya bilməsində rus ədəbi nümunələri ilə yanaşı Azərbaycan ədəbi nümunələrinin də böyük yeri vardır. Azərbaycan teatr sənətinin səviyyə etibarı ilə son vaxtlarda yüksəlişində isə Elçin dramaturgiyasının təsiri danılmaz bir fakt kimi özünü parlaqcasına göstərir. Bu mənada “Teleskop və ya yuxuda və gerçəklikdə uçuşanlar” tamaşası, dəyişən dünyamızın idrak və təfəkkür arenasında çevik dinamikaya söykənən modern teatr estetikası prinsiplərinin xüsusiyyətlərinə xas olan sənət nümunəsi kimi hazırlanmış və bu estetika arqanikasında çağdaş tamaşaçı tələbinə və zövqünə qida verə biləcək qüvvəyə malik olduğu, səhnədən tamaşa salonuna çox üzvi şəkildə yayılan ovqatın tamaşaçılarda yaratdığı emosional təsir qüdrəti ilə özünü ifadə edirdi. Belə tamaşaların Azərbaycan teatr məkanında istər Azərbaycan teatrlarında, istərsə də Rus teatrının səhnəsində yer alması həm çağdaşlıq, həm də estetik baxımdan müasir tamaşaçı zövqünün zənginləşməsinə xidmət edə biləcək bir missiyanın həyata keçməsinə şərait yaradacağına heç bir şübhə qalmır.
Tamaşadan sonra hörmətli alimlərimiz Nərminə xanımla Rəcəb müəllimə sual verdim: “Təəssüratınız necədir?” Nərminə xanımın cavabı belə oldu: “Müəllif qayəsinin dərin-fəlsəfi MƏN-i ilə rejissorun əsərə orijinal yanaşma harmoniyasının ovqatını gördüm!” Rəcəb müəllim xeyli susdu və: “Tamaşadan zövq aldım. Həqiqətən də əsərə orijinal yanaşılıb.”-deyə cavab verdi. Hər iki alimin dəyərli fikirləri içimdə düşündüklərimin həqiqətinin təsdiqinə təkan verdi. Şübhəsiz ki, Elçin dramaturgiyasının özünəməxsusluğu və çağdaşlığı müasir düşüncə dairəsinin diqqət mərkəzində dayanır və mən heç yanılmadan onun əsərlərinin tamaşaları haqqında yazarkən, məhz ədibin yaradıcılığındakı qeyri-adiliyini, təkrarsızlığını, bitkinlik və dolğunluğunu, məna dərinliyindəki çoxcəhətliliyini, novatorluğunu, əsərlərinin məzmun və mahiyyətindəki gələcəyə istiqamət alan yeniliyini, eyni zamanda klassikaya çevrilə bilən çəkisini diqqət mərkəzinə gətirməklə hesab edirəm ki, Elçin müasirdir, Elçin klassikdir!
İftixar PİRİYEV
525-ci qəzet.- 2012.- 13 iyun.- S.2-7.