Real həqiqətdən
ilahi həqiqətə gedən yol
Klassik ədəbi-bədii irsə tədqiqatçı marağı insanın öz xalqına, millətinə məhəbbətdən doğulur. Füzuli kimi dahi şairdən, onun ilahi söz möcüzələrindən yazmaq üçün ilk növbədə Füzulini yetirən xalqı sevmək lazımdır. Belə bir dəruni sevgi əsl ziyalı, vətənkeş alim, istedadında duyğunu və zəkanı uğurla sintez etmiş Gülşən Əliyeva – Kəngərlinin bir füzulişünas kimi yazdıqları, müasir ədəbiyyatşünaslığın şərəf lövhəsində düzümlənən bütün əsərlərinin cövhərini təşkil edir.
Filologiya elmləri doktoru, professor Gülşən Əliyeva – Kəngərlinin yeni kitabı (“Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal”, Bakı, “Təhsil” 2011.) onun füzulişünaslıqla bağlı tədqiqatlar toplusudur. Kitaba həmçinin müəllifin müxtəlif illərdə qələmə aldığı məqalələri və füzulişünas alimin elmi yaradıcılığı haqqında yazılmış məqalə və resenziyalar daxil edilib. Kitab aşağıdakı bölümləri əhatə edir: “Poetik sözün fəlsəfi imkanları”, “Şeir fəziləti də ayrı bir elmdir”, “Tarixi həqiqət və elmi təfəkkür”, “Bədii irs və tədqiqatçı fərdiyyəti”.
“Poetik sözün fəlsəfi imkanları” və “Şeir fəziləti də ayrı bir elmdir (Füzulişünaslıq: şəxsiyyətlər, istiqamətlər və problemlər)” bölümündə tədqiqatçı alimin füzulişünaslıqla ilişgili tədqiqat əsərləri toplanıb. Füzuli sözünün ucalığından yaza-yaza müəllif dərk edir ki, “mən də bu “ulu cadugər”in sehrinə düşənlərdən biriyəm. Bu sehr məni uzun, incə və Füzuli sözünün haləsi ilə nurlanmış bəyaz bir yolla ilahi eşqin Tanrı ünvanına doğru aparır”. “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal”a qədər o, “Çağdaş poeziya və klassik irs”, “Füzuli sehri”, “Azərbaycan füzulişünaslığının təşəkkülü”, “Ədəbiyyatşünaslıqda Füzuli fenomeni”, “Azərbaycan füzulişünaslığı”, “Füzulinin əruz kanonları üzrə tədrisi” kimi kitab və monoqrafiyalarını çap etdirib. Füzuli yaradıcılığını elmi-nəzəri fikir, sənət nəzəriyyəsi və Füzuli yaradıcılığı kontekstində araşdırmaya cəlb edən tədqiqatçı-alim problemi nəzəri-tarixi baxımdan çevrələyir. Öz fikirlərini əsaslandırmaq üçün dünya filoloji fikrinin görkəmli simalarının və klassik nəzəriyyəçilərinin elmi mənbələrinə istinad edir. Zəngin ədəbi-nəzəri məxəzlərə əsaslanan müəllif Füzuli sehrinin ideya-estetik məqsədini “onun SÖZünün qənirsiz hüsnündə” arayaraq yazır ki, “Füzuli sözü dərin mənalar xəzinəsi, gözəlliklər gülşənidir. O, elə bir nur dəryasıdır ki, səhərləri günəşdən, gecələri aydan süslənir. Füzulinin qəlbi günəş kimi, zəkası ay kimi, SÖZləri isə günəşlə ayın sevgisindən doğmuş möcüzədir”. Tərəddüdsüz qeyd etməliyəm ki, “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” kitabı məncə zahiri dizaynına, əzəmətli həcminə görə deyil, xüsusilə elmi sanbalına görə XXI əsr – III minilliyin Azərbaycan ədəbiyyatşünaslığında elmi hadisədir. Kitaba daxil olan “Füzuli şeirinin rükünləri” silsiləsi – Füzulidə hüsn, Füzulidə eşq, Füzulidə qəm məqalələri, habelə, “Rindü-Zahid-irfan abidəsi”, “Füzulinin Məcnuna qısqanclığı”, “Leyli-Məcnun –ilahi eşq abidəsi”, kimi fəlsəfi məqalələr “Azərbaycan füzulişünaslığı” (2007) kimi fundamental tədqiqatdan sonra yetkin füzulişünas alimin Füzuli poetik aləminə yenidən baxışlar sistemidir. Füzuli haqqında çox yazılıb, amma Füzuli şeirinin rükünlərini bu dərəcədə dərindən, şeirə həssaslıqla, belə fəlsəfi yöndən açan olmayıb. Əslində bu məqalələrlə M.Füzuli poeziyası, Füzulidə eşqin xarakteri haqqında XVI əsrdən – şairin özündən başlanan mübahisələrə son qoyur, oxucu “Bədii düşüncə...”ni oxuyub qərar çıxarır: Füzuli Şərqin böyük sufi şairidir.! O, məşhur sufişünas, Amerikanın Miçiqan Universitetinin professoru (Bax. “Musulmanskiy mistisizm” monoqrafiyası) A.Knışın belə bir mühüm qənaətini təsdiq edir ki, orta əsrlərdə Şərqdə sufizmdən kənarda qalan şair olmamışdır. Füzulidə sufizm korifeylərinin – imam Qəzzalinin, ibn Ərəbinin, 30 yaşında öz “Gülşəni paz” əsəri ilə dünya elminə “sufizmin açarı”nı vermiş Şeyx Mahmud Şəbüstərinin poeziyada davamçısıdır. G.Əliyeva –Kəngərli Füzulidə hüsnün mahiyyətini açır. Bu yerlərin və göylərin gözəlliyini əks etdirən Tanrı hüsnü, İlahi hüsndür:
Hüsnün
olduqca füzun
eşq
əhli artıq zar olur
Hüsn nə
miqdar olursa,
eşq ol
miqdar olur.
G.Əliyeva-
Kəngərli bu beytə əsaslanaraq belə bir fəlsəfi
ümumiləşmə verir: Hüsn nə qədər kamil
olsa eşq o qədər böyük olar, eşq nə qədər
böyük olsa qəm o qədər dərin olar. Alimin son qənaəti
belədir: ilahi hüsn, ilahi eşqin mənbəyidir, ilahi
eşqin qəmini yalnız həqiqi aşiqlər, Allahı-əsl
məşuqəni sevən haqq aşiqləri səadət
kimi yaşaya bilər. İlahi eşqin gözəlliyi onun əbədiliyində,
əlacsızlığında,
sağalmazlığındadır.
“Bədii
düşüncə: tarixi
gerçəklik və estetik ideal” kitabına
yazılmış “Uzun incə bir yoldayam” adlı ön
söz (bu misra türk sufisi aşıq Veysəlindir)
özü müstəqil bir əsərdir. Burada müəllif
həm özünü, həm də Füzulini təhlil edir.
Dəqiq desək, dahi Füzulini öz içindən
keçirən bir duyğusal şeirşünasın fəlsəfi,
psixoloji obrazını yaradır. Bu uzun, incə yol Füzulidən
Allaha gedən yoldur.Bu böyük yolçuya ancaq uğur diləmək
qalır bizlərə... Şərqin üç dilində – türk, ərəb
və fars dillərində əsl sənət nümunələri yaratmış dahi Füzulinin yaşarı poetik-fəlsəfi əsərləri həm də dünya
ədəbiyyatının misilsiz sərvətidir. Müəllif tədqiqatında belə
qənaətə gəlir ki, dünya füzulişünaslığı
500 ilə yaxın tarixi olan və müxtəlif istiqamətlərdə
yaranan müəyyən nəzəri-metodoloji prinsiplərə malik müstəqil elmdir. Dünya
füzulişünaslığını dünya ədəbiyyatşünaslığının
nəzəri tərkib hissəsi
kimi dəyərləndirən alim onu
şərti olaraq beş hissəyə ayırır: Azərbaycan
füzulişünaslığı, Türkiyə
füzulişünaslığı, Avropa
füzulişünaslığı, Rusiya füzulişünaslığı
və Orta Asiya (özbək)
füzulişünaslığı. Azərbaycan
füzulişünaslığının tarixi təkamülünü
üç mərhələyə
ayıran G.Əliyeva- Kəngərli
onu dünya füzulişünaslığının müqayisəsi fonunda
tədqiq edərək belə nəticəyə gəlir ki,
dünya
füzulişünaslığının nəzəri-tarixi baxımdan ən güclü istiqaməti Azərbaycan
füzulişünaslığıdır. O, belə
bir elmi
həqiqətə
tapınır ki, “dünya
füzulişünaslığının
başında məhz öz yaradıcılığı, sənətinin tarixi,
poetik və estetik mahiyyəti haqqında
ilk nüfuzlu sözü Məhəmməd Füzuli özü
demişdir. Dünya
füzulişünaslığının banisi M.Füzulidir”. Tədqiqatçı
öz elmi qənaətlərini əsaslandırmaq
üçün yüzlərlə mənbələri
araşdırmış, müqayisələr
aparmışdır. Müəllif elmi şəkildə əsaslandırır
ki, füzulişünaslıq
müstəqil nəzəri-estetik prinsiplərə,
özünəməxsus metodologiyaya malik elm kimi XXI əsrdə – III minilliyin
başlanğıcında da yeni nəzəri üfüqlər
fəth etməkdədir.
Füzulişünaslığa aid tədqiqatında müəllif
ilk dəfə olaraq 12 təzkirədən M.Füzuliyə aid
hissələri “Əlavələr” şəklində Azərbaycan
dilində öz kitabına
daxil etmişdir.
“Tarixi həqiqət
və elmi təfəkkür” adlı bölümdə
toplanmış nəzəri-estetik
məqalələrdə məna
–fikir dərinliyinin birər
örnəkləri görükür. “Milli vicdanın qəm
işığı” məqaləsində Cəlil Məmmədquluzadə
yaradıcılığını
elmi təhlildən keçirən müəllif
onun ən böyük xidmətini təkcə Azərbaycanda və Qafqazda deyil, bütün Yaxın
Şərqdə geniş əks-səda doğuran “Molla Nəsrəddin”
jurnalını yaratması ilə bağlayır. Bu jurnalı
Azərbaycan xalq həyatının ensiklopediyası,
bugünkü milli məfkurəmizin abidəsi, azərbaycançılıq
dərgisi hesab edir.
“Ölülər” əsərində İskəndər obrazının təhlilinə geniş yer ayıran
müəllif yazır:
“...Həqiqətən də
Kefli İskəndər
tarixi kökləri olan epoxial
obraz idi. Bu surətin
prototipi mənim ana babam Kəngərli nəslindən olan
maarifçi-hüquqşünas, Fransada universitet bitirmiş
Paşa Ağa Sultanov – Kəngərlidir.
Paşa Ağa Sultanov Parisdə təhsilini başa vurub
qayıdır Naxçıvana. Bir səhər minbərə çıxıb başlayır fransız dilində
azan verməyə. Camaat onu qınayır və deyirlər
ki, biz sənin nə dediyini başa düşmədik. Onda Paşa
Ağa sual verir: məyər mollanın ərəbcə nə
dediyini başa
düşürsünüzmü? Beləliklə də,
Paşa Ağa Sultanov öz hərəkətlərilə
Mirzə Cəlilə Kefli İskəndər obrazını
yaratmağa imkan verir”. Ümumiyyətlə, “Milli
yaddaşımızın fəryadı”, “Molla Nəsrəddin
– milli kimliyimizin yaddaş kitabı”, “Səma şairinin xəyal aləmi” və s. məqalələr problemə
metodoloji baxış yeniliyi, nəzəri-estetik
dolğunluğu və özəl keyfiyyətləri ilə
seçimlənir. G.Əliyeva – Kəngərlinin obyektiv tədqiqatçılıq
səriştəsi ondadır ki, o, öz fikirlərini orijinal-
özümlü nümunələrlə əyaniləşdirir.
Burada üstün alim keyfiyyətləri ilə seçkin, əsl
tədqiqatçılıq səriştəsi və bir də
ali vətəndaşlıq duyğusunun vəhdəti
görükür. Bu bölümdə R.Rza, B.Vahabzadə,
M.Araz, Ə.Kərim, R.Rövşən, V.Səmədoğlu,
V.Bayatlı Odər yaradıcılıqlarını Füzuli
işığına gedən
yolla, Füzuli ənənələri kontekstindən təhlil
edir. Rəsul Rzanı “Füzuli
poeziyasının ən parlaq ənənələrinə mərdliklə ağuş açmış yeni poeziyanın
istedadlı və cəsarətli nümayəndəsi”, Məmməd
Arazın “Bir şair kimi Füzuli işığında
doğulduğunu, onun lirikasındakı fəlsəfi dərinliyin cövhərini
bu nurdan aldığını və
bu işığın Məmməd Arazı öz
qanadlarında yüksəklərə qaldırmasını və Füzuli
orbitinə çatdırmasını”, Bəxtiyar
Vahabzadəni “XX əsrdə Füzuli kökündən
pöhrələnmiş ən bəhərli budaq”, Vaqif Səmədoğlunun”poetik
fəlsəfəsində böyük Azərbaycan şairi Məhəmməd
Füzuli yaradıcılığından gələn
irfanın təsirini”, Ramiz Rövşən
yaradıcılığının qaynaqları arasında
“Böyük Füzulini, onun
ölməz
poeziyasını və
Füzuli kədərini” xüsusi qeyd
edir.
G.Əliyeva-
Kəngərlinin H.Cavidə həsr
etdiyi “Romantik faciənin mistik
qatı” və “Səma şairinin xəyal
aləmi” məqalələrində XX əsr romantizminin
görkəmli nümayəndəsi,
filosof şairin
yaradıcılığının
bədii-estetik özəlliklərini
sərgiləyir. Qeyd edir ki, Cavidin romantizmi Şərqin və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı
olan sufizm bulağından dirilik
suyu içib. Tədqiqat əsərinin elmi yeniliyi materialların təzəliyində
və mənbələrə münasibətdə öz əksini
tapır. Müəllif uzun
illər arxivlərdə,
kitabxana və əlyazma fondunda axtarışlar aparmış
mövzuyla ilişgili mənbələri,
füzulişünaslığın təşəkkül
tarixini diqqətlə öyrənmişdir. Nəzəri
mülahizələrini əsaslandırmaq və tipoloji nəticələrə gəlmək üçün tədqiqatçı-alim
yeri gəldikcə faktlara da
üstünlük verir. Akademik İ.P.Pavlov yazırdı ki, “fakt-alim üçün hava deməkdir. Faktsız siz heç
vaxt yüksəkliyə qanadlana bilməzsiniz. Faktsız sizin
bütün nəzəriyyələriniz hədər şeydir”. Müəllifin dərin
ümumiləşdirmə və nəzəri təhlil
prinsipləri ilə qələmə aldığı tədqiqatları elmi məziyyətlərinə
və orijinal məzmununa görə diqqəti çəkir. Kitaba daxil olan məqalələr axtarış ruhunun təzəliyi, dolğun fikir
zənginliyi və
aydın elmi dili ilə seçimlənir.
Kitabın sonuncu bölümü “Bədii irs
və tədqiqatçı fərdiyyəti”
adlanır. Burada nüfuzlu ədəbiyyatşünas
və sənətşünas alimlərin G.Əliyeva-Kəngərlinin
kitabları haqqında
yazdıqları məqalələri və rəyləri
toplanmışdır. Ümumiyyətlə, kitab füzulişünas alimin gərgin
əməyinin, çoxillik
axtarışlarının və yuxusuz gecələrinin bəhrəsi, onun yaradıcılıq məhsuludur.
Bu bölməyə daxil olan yazılar, görkəmli fikir
adamlarının mülahizələri bir
füzulişünas alim kimi G.Əliyeva –Kəngərlinin
portret cizgilərini əks etdirir. Bütün yazılardan
çıxan yekdil nəticə budur ki, G.Əliyeva- Kəngərli
ədəbiyyata, xüsusən də XX əsrin müxtəlif təmayüllərə malik poeziyasına məhz Füzuli
zirvəsindən nəzər salır. Füzuli poeziyası
onun üçün ən kamil bədii-estetik meyardır.
Kəngərlilər
nəslinin layiqli davamçısı, professor Gülşən
Əliyeva- Kəngərliyə bir
zamanlar dərs demişəm. O, təhsil illərində özünü nümunəvi tələbə kimi göstərdi. Tələbəlik illərində
də o, Füzuli
hüsnünü, eşqini və
qəmini “illərlə
içində gəzdirib”.
Gülşən Əliyeva- Kəngərli
2000-ci ildə namizədlik, 2009-cu
ildə isə doktorluq dissertasiyası müdafiə
etdi. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində müəllimlik
fəaliyyətinə
başlayan professor G.Əliyeva- Kəngərli hazırda
birgə çalışdığımız “Ədəbiyyat
və Azərbaycan dili” kafedrasına rəhbərlik edir. Tədqiqatçı
– ədəbiyyatşünasın elmi axtarışlarının
özülünü qeyd etdiyimiz kimi,
füzulişünaslıq təşkil edir. AMEA-nın
müxbir üzvü Əlyar Səfərlinin
yazdığı kimi, “Azərbaycan
füzulişünaslığının yeni dövrü mərhələsi
Gülşən Əliyeva- Kəngərlidən başlanacaq,
o, bu mərhələnin
baneyi-kari rütbəsinə nail olmuşdur”. Gülşən
Əliyeva- Kəngərli universitetin fakültələrində
“Azərbaycan ədəbiyyatı tarixi”, “Füzuli
poetikası” və “Poetika” fənlərindən tələbələrə mühazirələr oxuyur. Kafedra rəhbəri
kimi respublika əhəmiyyətli
ədəbi-bədii tədbirlərin,
klassiklərin yubileyləri ilə
ilişgili elmi-nəzəri
konfransların keçirilməsində də xüsusi fəallıq
göstərir. “Bədii düşüncə: tarixi gerçəklik və
estetik ideal” kitabı təkcə
müəllifin özü, əsl elm xiridarları
üçün qiymətli olduğu qədər mənim
üçün də dəyərlidir. Dahi Füzuliyə böyük məhəbbətlə
yazılmış “Bədii düşüncə: tarixi
gerçəklik və estetik ideal” kitabını oxuyanda bir az
da darıxdım: qürbətdə qalan Füzuli babam
üçün- qürbətdə qalan Füzuli yurdum
üçün!
Vəfa Xanoğlan
525-ci qəzet.- 2012.- 13 iyun.- S.6.