Bəxtiyar Sadıqov Naxçıvan Dövlət Universitetinin qonağı olub  

 

Naxçıvan Dövlət Universitetində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovla görüş keçirilib. Görüşdən öncə millət vəkili, tanınmış jurnalist universitetin Jurnalistikadünya ədəbiyyatı kafedrası, Media Mərkəzi ilə yaxından tanış olub.

Məlumat verilib ki, 2002-ci ildən fəaliyyətə başlayan  Jurnalistikadünya ədəbiyyatı kafedrasında ali təhsilli jurnalist mütəxəssislər hazırlanır. Muxtar Respublika rəhbərliyi jurnalist məzunların işlə təmin olunmasını hər zaman diqqət mərkəzində saxlayır. Media mərkəzinə daxil olan “Qeyrət” nəşriyyatı və  müasir avadanlıqlarla təchiz olunmuş mətbəə, universitetin KİV ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Mətbuat şöbəsi, Naxçıvan MR Nazirlər Kabinetinin 11 oktyabr 2006-cı il tarıxli sərəncamı ilə  fəaliyyətə başlayan, texnologiya əsrinin müasir tələblərinə uyğun şəkildə qurulan, 3 km  radiusunda yayımlanan, maarifçi televiziya, “Nuhçıxan” radiosu jurnalistika ixtisasında təhsil alan tələbələr üçün fundamental təcrübi baza rolunu oynayır.

Bəxtiyar Sadıqov Universitet Televiziyasının montaj otaqlarında və studiyasında, “Nuhçıxan” radiosunda, “Qeyrət” nəşriyyatında, Mətbuat şöbəsində prosesi ilə tanış olub, verilişləri izləyib.

Jurnalistika ixtisasının müəllim və tələbələri ilə görüşü universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq milli jurnalistikanın müasir inkişaf səviyyəsindən danışıb.

Qeyd olunub ki, “Azərbaycan” qəzeti dövlətçilik ideyalarını, milli mənəvi dəyərləri təbliğ edən, analitik yazıları, yüksək poliqrafiyası və tərtibatı ilə seçilən mətbuat orqanıdır. Vətənpərvərlik, siyasi yetkinlikjurnalistika sənətkarlığı baxımından bu mətbu orqan məktəb funksiyasını yerinə yetirir ki, burada da baş redaktorun əvəzsiz əməyi var. Bəxtiyar Sadıqovun mətbuatdakı mütəmadi çıxışları, analitik yazıları siyasi publisistikanın mükəmməl nümunələri hesab oluna bilər. İsa Həbibbəyli Bəxtiyar Sadıqovun Milli Məclisin, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərməsi barədə də məlumat verib. Bəxtiyar Sadıqov çıxış edərək milli mətbuatın keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında, milli jurnalistikanın inkişafındakı mühüm xidmətlərindən danışıb. O, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli mətbuatın 135 illiyinin dövlət səviyyəsində qeyd olunması,  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, tanınmış jurnalistlərin dövlət mükafatları və fəxri adlarla təltif olunmasını jurnalistikanın inkişafına dövlət qayğısı kimi dəyərləndirib.

Millət vəkili və baş redaktor Naxçıvanda KİV-in fəaliyyəti, jurnalistika sahəsində ali təhsilli mütəxəssislərin yetişdirilməsi barədə təəssüratlarını bölüşüb. Tanınmış jurnalist bu sənətin incəlikləri, peşəkarlıq sirləri barədə tələbələrə dəyərli tövsiyələr verib, müəllim və tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda Jurnalistikadünya ədəbiyyatı kafedrasının əməkdaşları ilə maraqlı diskussiya aparılıb.

 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat

şöbəsinin müdiri

 

525-ci qəzet.- 2012.- 13 iyun.- S.6.