Susmuş uşağın sözü və ya uzaqlara baxan şair    

 

...Şair uzaqlara baxmalıdır.

Uzaqlara  baxmayandan şair olmaz!

İnqilab İsaq uzaqlara baxan şairdir!

Axı möcüzə deyilən şey uzaqlarda olur.

Axı söz özü də yaxında görünsə də çox-çox uzaqlardadır.

Bu qələmə əlimiz dəysə də, o qələmə (Qurandakına) əlimiz dəyirmi?!

Elə bizi yaradan Allah yaxın göründüyü qədər də uzaqda deyilmi?!

Məşhur rus şairi Aleksandr Blokun oxucusu gözünü açanda 4 şey görür: gecə, küçə, aptek, fanar. Bu iki bəndlik şeirin son misrası da həmin sözlərlə bitir. Blok deyir ki, ölüb yenidən dünyaya gəlsən yenə görəcəksən bu zalım dünyada hər şey əvvəlki şəkildədir! Heç nə dəyişməyib. Gecədi...küçədi...aptekdi...fanardı...

Oxucular məni qınamasın. Mən A.Blokla İ. İsaq yaradıcılığında bir məhrəmlik, yaxınlıq (oxşarlıq) gördüm.

Blokun sözünün yönü gecəyə, küçəyə, aptekə, fanara sarıdır.

İnqilabın şeirinin səmti səhraya, dərə ağzındakı dumana, aşılmaz hasara, ömrə əyilən günə (Günəşə) tərəfdir.

Blok ağzına su alıb susmuş böyükdür.  (gecəsinin,küçəsinin sükutu,aptekinin,fanarının “danışığıyla”)

İnqilab ağzına su alıb susmuş uşaqdır.

Və hiss edir ki... təkcə “danışan” aptekdə, fanarda yox...

Susmuş uşaq sözündə

Özünü tapır adam!

Blokun “Göl üstündə” bir şeiri də var. Orda deyilir ki, sıldırımlı, qorxunc bir yerə çıxıbmış. Aşağıda uzanan yol ağarır. Bir tərəfdə aşağıda daşın dibinə sevgililər sığınıblar. Onlara sarı sürünən ilandan xəbərsizdirlər. Qızın gözü uzaqlara baxır. Şair yazır:

 

Elə uzaqlara baxır ki,o qız,

Ora mən özüm də baxa bilmirəm!

 

Bəlkə poeziya da məhz həmin uzaqlardadır. Elə uzaqlarda ki,ora bircə Blokun gecəsnin, küçəsinin, aptekinin kölgəsi, bir də fanarının solğun işığı düşür!

Orda bir də Səhra var (Blokun “Gecə”si anlamında), dərə ağzındakı Duman var, (“Küçə” əvəzi) aşılmaz Hasar (“Aptek” timsalında) ömrə əyilən Gün var (“Fanar”a oxşar).

...İnqilab İsaq hökmən şair olmalıymış. O da adicə bir insan ömrü yaşamırmış. Sıldırımlı bir qayalıqda dayanıb uzaqlara,çox uzaqlara baxırmış.

Neynəsin?! Yaxına baxmaq olur ki?

“Qələmlə nəcisin bir-birinə qarışdığı dövrdə” (N.F. Qısakürək) “stəkanlarda boğulanlar dənizdə boğulanlardan çoxdur” (yapon atalar sözü).

Ha yaşayırsan, ha qurursan, ha tikirsən:

 

Yenə bax, aşammırsan

Ucaltdığın hasarı!

 

İ.İsaqın şeirləri gecənin qoynunda göylərə uzanıb gedən “Ağ yolu” (“Saman yolu”nu) xatırladır. Ulduzlar bir-birinə elə yaxındılar,ulduzlar sanki bir yerə toplaşıb bir-biriyçün işıq salırlar.

“Ağ yola” dönürlər... (bəlkə Blok elə bu yoldan danışırmış,onun qəhrəmanı bəlkə elə  bu yola baxırmış?!)

Bu yoldakı ulduzlar şeh-şeh parıldayır, çay-çay şırıldayır, nur-nur səpələnir kainata, yer üzünə...

Ağ yolu” seyr edirmiş kimi oxumaq lazımdır bu şairin şeirlərini!

O, hər şeydən əvvəl “Ağ yol”un sirrini bilir. Bilir ki,”Ağ yolu”n özü də şeirdir. Sadəcə oxuyub köçürə bilmək gərəkdir. Köçürmək üçünsə gecəyə acıq etmək lazım deyil. İnqilab kimi müdrik olmalısan və deməlisən:

 

Bu cəhənnəm əzabından

Qurtarmağa tapmadım yol.

Bağlı qalan bir qapıya,

Bağlı qalan bir gecəyə

İndi necə deyim-“sağ ol!”

 

Ömrə “mən getdim, sağ ol!” deyə bilərsənmi,könülə “sağ ol,mən getdim” deyə bilməyəcəyin kimi?!

Gözlərimizə dolan xəzəli göz yaşlarıyla salan şair son yarpaqla birlikdə nəfəs alır,könlünün,gözünün şaxını sındırmadan,eyni yaşam eşqiylə həyatın (və ölümün!) gözünə baxır, ağayana halda deyir:

Nə ölümdən küsmüşəm,

Nə də Allah sözündən!

Çox düz seçilmiş mövqedi bu!Ölümdən küsmək olmaz.Çünki Allahdan gəlir.Sözdən də inciməyə dəyməz.O da onunkudur!

İ. İsaq özünə qısılıb yazır şeirlərini, içinə çəkilib yazır...

 

Ömrə sahiblik edən,

Nə sevincdi,nə də qəm.

Özümdən qorxa-qorxa

İçimə çəkilmişəm.

 

İnsan kimisə, nəyisə qorxudanda yox,özünə çəkiləndə,özündən qorxanda şeir yazırmış.Hər adamsa  bunu dərk etmir.Ona görə də hər adam şair olammır:

İ.İsaqın şeirlərini oxuduqca bir tənha ağac durur gəlib gözlərimin önündə.O tənha ağac ki, meşədən uzaq düşüb,Səhralıqdadır! Öz kölgəsi olsa da meşə “kölgəsinə” ehtiyacı var.İ.İsaq o ağacın yaşadıqlarını yaşayan şairlərdəndir.Və sual verməyə haqqı var:

 

İndi tənha ağacı

Meşə salırmı yada!

 

Bu ağac Müşfiqin “Tənha ağac”ı deyil  ki?

Oxşayır deyəsən?!.

İnqilabın poetik dünyasında bu “Tənha Ağac”dan bir az aralıda dərə ağzına duman yığılıb.Adicə dumandımı?

Yox, şairin düzgün müşahidəsi qarşısında az qala adam əlini açıb dua etmək istəyir.

Dərə ağzında duman

Oxunmamış duatək...

Yox, keçilməmiş  (və keçilmiş!) küçə tək uzanıb harasa gedir. Hara uzanıb getdiyini heç özü də bilmir.

İnqilab İsaqın şeir dünyası dünyanın,təbiətin,kainatın özü kimi rəngarəngdir,suallı- cavablı, sirli-sehirlidir.

Onun tənha ağacı hamının, (bəşərin) meşənin ağacıdır!

Onun dərə ağzındakı dumanı təbiətin duasıdır.

Onun çatılı gördüyü ocaq da əslində həmin ağacdır,həmin dumandır.

Ocaqda qızınarlar. İnqilabın gördüyü ocaqsa...

Aman Allah!

Bu nə ocaqdı,çatılıb,

Ağıllı, dəli üşüyür!

O ocağa baxdıqca üşütməsi artır adamın, ocağın özünün də üşüdüyünü hiss edirsən...

Və bu ocağın qırağında soyuqlamış vətən də varsa,üstünü örtsən də söz də titim-titim titrəyirsə, vay olsun ocaq çatmaq istəyənlərin halına!

Dünya üşüyür! Kainat üşüyür! Bütün bəşər üşüyür, odur bax!

Elə bizi (bütün bəşəri) bu cür ocaqlar aldatmadımı!

Başına yığsa da,əslində başından dağıtmadımı bizi də bu illizüyalar?!

Ağac-ağac, duman-duman, bənövşə-bənövşə səpələmədi yer üzünə bizləri?!

Adam ocağa “Yan ocağım, yan! deyər, belə ocaqlara “yanma!yanma!” deməkdən özünü saxlaya bilmirəm.

İnqilab İsaqı oxumaq “Dost olmaqdır əzaba”! İnqilab İsaqla yola çıxmaq da zor işdir. Çünki İnqilab İsaqa  görə “Yol daralır Səhrada”!? Səhranın böyüklüyü itir. Bir nöqtə boyda olur o Məcnun gözündə, şair gözündə, aşiq nəzərində!

“İşıqdan doğulmuşuq,biz kölgəlik deyilik” deyən şair, İşraqilik fəlsəfəsinin banisi, ulu babası Sührəverdinin yanında dayanıb deyir öz sözünü.Onçün də atəşi körpə oyuncağı sanır. Günəş övladı olduğunu (olduğumuzu) xatırladır bizə, bax, beləcə:

 

Qaranlıqlar içində

Ünvanımı tapmasan,

Günəşdən soruşarsan!

 

Məncə, İnqilabın ünvanını tənha ağacdan  da,ağzı dualı dərədən də,üşüyən (və üşüdən) ocaqdan da asanca öyrənmək olar...

İ.İsaqın şeirlərində təzə bir əkinçi obrazı da var. O əkinçi torpağa yox,qəmlərə dən səpir.

Deməli, İnqilabın,bir “şəklini” də tapdıq. Və bu şəkliylə o, Füzuli babasına da az oxşamır!

Hər şeirində bu şair daş-daş, qaya-qaya ucalmağa başlayır.

Həyat, var ol,

Gördüm varam!

– deyən İnqilabın şeir yazmaqdan,şair olmaqdan məqsədi də var olmaqdı,var etməkdi.Onun nəzərində günəş günorta yerinə gəlmir,axşama (quruba) doğru əyilmir-gün ömürə əyilir. Şair “Ömür keçdi” demir,gün əyildi ömürə, deməklə oxucusunu var olmağa,yaşamağa,yaratmağa, tələsməyə çağırır.

İnqilabın şeirləri “Səngərdə Ev”dir. Düşmənin gözünə dik baxan, qısılmayan, qısalmayan boyuyla.

İnqilab İsaqın şeirlərinin bir qəhrəmanı da var!Sükut!

Və İnqilab sükut etməyi bacardığı üçün danışa bilir.Xəqani deyirdi ki, mən əmim Ömər Kafiyyəddinə çox borcluyam, çünki o, mənə öz məktəbində sükut etmək dərsini öyrətdi.

Sükutu düşünürəm. Kaş mən də sükut edə biləydim,deyirəm.Sükutu qurtarmış vərəqlərə oxşatmaq istəyirəm .O vərəqlərə ki,şairin təbirincə desək,

 

Bir vərəq də qalmayıb,

Hamsını cızıb qızım.

İndi azmış yuxumu

Bilmirəm hara yazım?!

Deyimmi hara yaz, şair?!

 

Səhraya (“Gecə”yə), dərə ağzındakı Dumana,(“Küçə”yə), aşılmaz Hasara (“Aptek”ə ), ömürə əyilən Günə (“Fanar”a)  yaz, getsin...

Heç altından adını da yazma.O dəqiqə bilinəcək ki,bunlar sənin şeirlərindi.İndi də lap yaz .Amma İnqilab yox,Sükut yaz, adını.Bu da səni nişan verəcək gücündədir.Ayıq oxucu səni “Solmuş xəbər daşıyır,çiçəklər düzdüyüm yer” misralarını oxuyan kimi də tanıyacaq, İnqilab İsaq!

 

lll

 

...Təzələnmək istəyəndə hökmən şeir oxumalıyam,təzə şeir kitabı tapmalıyam.Bu dəfə kimi oxuyum deyə düşünəndə bir səs gəldi:

Filan şairi oxu...sonra, canım sənə desin, filan yazıçını oxu, sonra, canım sənə desin, qayıt özünü bir də oxu!

Bir də İnqilab İsaqın “Canım sənə desin” adlı təzə şeirlər kitabı çıxıb, onu da tap oxu...və.s.

İnqilabın o kitabını tapdım,oxudum.Əsas məsələ bu deyil!

Təzələndim!

Bax əsas məsələ budur!İnqilab İsaq dünyaya şair olmağa,şeir yazmağa gəlməyəbmiş.Özü bunu belə açıqlayır:

 

Anamla bir yol gəlmişəm,

Qarşına çıxım,Allahım!

 

Bax budur bir şair dostumuzun məqsədi,məramı,amalı!

Bəli, doğrudan da İnqilab İsaq şeir ha yazmayırmış.

Anasıyla birgə yola çıxıblarmış.

Allahı qarşılamaq üçün!

Qələmi qarşılamaq üçün!

Sözü qarşılamaq üçün!

P.S. Mənə elə gəlir ki,şeir yazılmayan günü qiyamət başlayacaq.”İnsan eşqdən imtina etsə qocalar,başqaları dayandığı zaman addımlamağa davam edərdim”(Markes).

Şairlik də bir eşq hadisəsidir!

Və nə yaxşı ki,İnqilab İsaq da başqalarına baxıb dayanmır,addımlamaqda  davam edir!

 

 

Vüsal Barat

 

525-ci qəzet.- 2012.- 14 iyun.- S.7.