Jurnalistika – demokratiya institutu kimi
XX əsrin əvvəllərində
yaşayıb-yaratmış publisistlərimizin
yaradıcılığı bu günümüz
üçün də çox aktual olaraq qalır. Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Məhəmmədağa
Şaxtaxtlı, Məhəmməd Əmin Rəsulzadə, Nəriman
Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağayev... Bu böyük yaradıcı
insanların adlarını sadaladıqca qurtarmır. Bu sıranı xalqa onun taleyi bəxş etmişdir.
Bu xalqın ən ağır problemləri
çağında tale ona Cəlil Məmmədquluzadə kimi
sözü birbaşa, üzə deyən bir publisist yetirdi.
Böyük Mirzə Cəlilin xalqa
yanımlığı bütöv bir nəslin həyat
amalına çevrilmişdir. “Cəlil Məmmədquluzadə
Azərbaycanda milli istiqlal ədəbiyyatının
bayraqdarı və sərkərdəsidir” (İsa Həbibbəyli).
Habelə əsərləri ilə bədii-ictimai
fikirdə azərbaycançılıq ideologiyasını
yeni vüsətlə ortaya qoyan bir sənətkardır.
Akademik İsa Həbibbəyli, doğru olaraq C.Məmmədquluzadə
yaradıcılığını “dərin, mənalı və
həyəcanlı bir Azərbaycannamə” adlandırır.
Bu mənada ədibin publisistikasının
şah əsəri olan “Azərbaycan” məqaləsi milli
oyanış və siyasi intibah dövrünün...
manifestidir”. Həqiqətən də “Azərbaycan” məqaləsi
xalqımızın müstəqil və demokratik dövlət
quruculuğu prosesindəki ümummilli vəzifələrinin
publisistik tərcümanı, carçısı, vətəndaşlıq
harayının ifadəsidir... “Azərbaycan” məqaləsi
– Azərbaycan məmləkəti coğrafiyasının vətəndaş
ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə
çəkilmiş nadir publisist xəritəsidir” (İ.Həbibbəyli).
C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin
yaratdığı “Molla Nəsrəddin” jurnalının
publisistikası bir sıra cəhətləri ilə bəzən
bu gün üçün daha aktual görünür. Çünki
“Molla Nəsrəddin” və mollanəsrəddinçilər
yatmış xalqı oyadır, özümüzü
özümüzə tanıdır, azərbaycanlını
kamil görmək istəyirdi.
Dövrün publisist ziyalıları birləşməyi
də bacarmışlar. Ö.F.Nemanzadə – Mirzə Cəlil birgəliyi
xalqın maariflənməsi işində misilsiz rol
oynamışdır. Ömər Faiqin təkcə
“Dərdimiz və dərmanımız” publisist yarasını
oxumaq kifayətdir ki, onun bu günümüz üçün
nə qədər aktuallıq kəsb etdiyi
anlaşılsın. Bu yazıda
böyük publisist müsəlmanın geri qalma səbəblərini
açıqlayır, Avropa mədəniyyətinə
qovuşmaq istəyinin necə süni yerinə yetirildiyini
ürək ağrısı ilə dilə gətirir. “Bir qisim kişilərimiz də var. Mədənilərin
əsərlərini və o səbəblə də onların
rəftarlarını, halallarını xoş görürlər,
onlar kimi olmaq istəyirlər. Mədəniyyəti
paltarda, dildə zənn edərək uzun
arxalıqlarını, başmaqlarını
çıxarıb jaket, dar çəkmə geyirlər, hər
kəsin ildə yetdiyi indiki mərtəbəyə bunlar 15-20
manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli
meymunlar kimi yekə bir obrazovannı olub (qeyrətlərinə
nəzər dəyməsin !) firəng
köynəklərinin yaxasını qulaqlarına qədər
çıxarırlar, amma qafalarında köhnə fikiri, xəbərsizliyi
çıxarmayırlar”. Publisist dövlətliləri, alimləri,
iş görməyə, maarif və mədəniyyətin
qayğısına qalmağa dəvət edir.
Publisistin
“Nə üçün haqqımızı istəmiriz?”, “Biz
də vaxta görə çalışaq”, “Ağacı qurd
içindən yeyər”, “Məzlum ən böyük
zalımdır”, “Millətpərəstlik zamanıdır”, “Bizə
hansı elmlər lazımdır”,
“İşığımız sönməyəcəkdir” və
s. onlarca yazıları müasirlərimizin də ədəbi
dərsləri ola biləcək sənətkarlıq səviyyəsindədir.
Dünya publisistikası təcrübəsində
yazıcının bu sahədəki fəaliyyəti bir
sıra xüsusiyyətləri ilə seçilir. Yazıçı
publisistikası bədii publisistikanın ən önəmli, ən
ustad nümunələrini ortaya qoyur. Bu
publisistikada yazıçı sənədli və birbaşa sənətkar
sözünü bədii detallar, daha inandırıcı
tapıntılar, oxucuya ünvanlanmış fakt, məzmun və
bir sıra digər keyfiyyətlər – hətta bədii
üslubu daha mükəmməl ehtiva edən stilistika, leksikon
elementləri kamilləşdirir, sənət səviyyəsinə
yüksəldir. Azərbaycan
yazıçı publisistikasında da belə nümunələr
çoxdur. XIX əsrin ortalarında M.F.Axundovla
başlayan, N.B. Vəzirovla davam edən və XX əsrin əvvəllərində
Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə,
Ü.Hacıbəyli, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ə.Qəmküsar,
M.Ə.Möcuz və digərləri tərəfindən davam
etdirilən yazıçı publisistikası milli
özünüdərk prosesinin güclənməsində
mühüm rol oynamışdır.
Yusif Vəzir
Çəmənzəminlinin “Kiyevdən məktublarındakı
“İki aləm”, “Zəruri məsələlər”, “Azərbaycan
muxtariyyəti”, “Milli və mədəni irslərimiz” kimi əsərləri
bu tip publisistikaya yaxşı nümunələrdir.
M.S.Ordubadinin Azərbaycanın müxtəlif bölgələrində
– ermənilərin soyqırım faktlarının canlı
reportajları səviyyəsində bu gün də öz
aktuallığını saxlayan “Qanlı illər” əvəzolunmaz
əsəri təkcə sarsıdıcı və tarixin
şahidlik faktına çevrilən sənədliliyi ilə
deyil, həm də bu faktların insan hisslərinə təsir
edən, insanı intiqama səsləyən, erməni vəhşililiyinin
miqyasını və bir xalq kimi zəlilliyini göstərən
üslubu ilə də xüsusi maraq doğurur. Yaxud,
Ü.Hacıbəylinin 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetində
dərc etdirdiyi silsilə publisistik yazıları – yazıçı
publisistikasının ölməz nümunələridir.
Bu əsərlərin sovet dönəmində yenidən
çap olunması qəti qadağan edilmişdir. Əgər
sovet dönəmi Azərbaycan gənclərinin bu əsərlərə
əlləri çatsaydı, indiki Qarabağ faciələrinə
yer qalmazdı. Çünki bu əsərlərin
hamısı erməni xislətinin, imperiya siyasətinin
iç üzünü açmış və o zamankı
oxucuya göstərmişdir.
Azərbaycanın müstəqillik əldə etməsilə
klassik publisistikanın ən kəskin problemlər qoymuş
nümunələri işıq üzü görməyə
başladı.
M.S.Ordubadinin erməni soyqırımının xronoloji və
dəqiq faktlarını şahidlərin reportajvari xatirələri
ilə yoğrulmuş “Qanlı illər” əsəri əsl həqiqəti
70 ildən sonra yenidən nəşri ilə bizə
çatdırdı. XX əsrin əvvəlləri
Azərbaycan publisistlərinin əsərləri yeni dönəmdə
önəmli tədqiqatçı Ş.Hüseynovun interpretasiyalarında
oxucuya çatdırılmaqdadır. İndi
elmi səviyyəsi və milli təəssübkeşliyi olan
hər kəs bu publisistikanın geniş təbliğini
özünə borc bilir.
Azərbaycan milli mətbuatının tarixi fəaliyyətini
həmişə xüsusi iftixar hissilə yad edən
ümummilli liderimiz H.Əliyevin tarixi irsimizə qiymət ənənələri
bu gün yeni istiqamətdə davam etdirilməkdədir. Bu yolun böyük
yolçusu Prezident İ.Əliyevin “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı indiyədək bir
sıra klassik yazıcı və şairlərin əsərlərinin,
şifahi xalq ədəbiyyatı nümunələrinin, milli
dəyərə malik digər əsərlərin yeni nəsil
üçün çapına şərait
yaratmışdır. Bu sırada Azərbaycan
klassik publisistikasının da öz yeri var. Bu sərəncamla
çap edilən “Azərbaycan publisistikası antologiyası”
(tərtib edəni Cəlal Bəydilli) kitabı xüsusi
önəm daşıyır. Bu kitabda
klassik publisistikamızın milli-mənəvi dəyərlərə,
müstəqillik ideyalarına, Vətən və müqəddəs
torpağa, azərbaycanlılıq ideyalarına... söykənən
nümunələrinin bir qismi toplanıb. Bunlar
imperiyadan yenicə xilas olmuş yeni nəsil oxucuları
üçündür. Prezident sərəncamı
ilə nəşr olunan belə kitablar və o cümlədən
elə bu kitab nəsil-nəsil azərbaycanlının həyatında
hadisə rolunu oynayacaq. Zaman keçəcək,
onilliklər, yüzilliklər bir-birini əvəz edəcək,
hər şey dəyişəcək, dünya yeni yönə,
yeni zövqlərə istiqamətlənəcək. Ancaq xalqın milli-mənəvi dəyərlərinə
özünün müqəddəs münasibəti heç
vaxt dəyişməyəcək. Deməli,
hər yeni nəsil klassik publisistikamızı minnətdarlıqla
oxuyacaq. Böyük ədiblərimizə,
ictimai xadimlərimizə, Vətən və xalq yolunda qələm
çalmış böyük publisistlərimizə sonsuz minnətdarlıq
hissilə oxuyacaq. Oxuyacaq və mütləq
dərs götürəcək. Dünənin,
bu günün, sabahın klassik dərslərini. Sovet
dövrü ziyalılarımızın da mili dəyərlərə
bağlı publisistikası az olmayıb.
Sovet hakimiyyəti dövründə bolşevik, kommunist
iqtidarı mətbuata nə qədər ağır dəmir
senzura tətbiq etsə də, jurnalistin böyük idealı
yenə də demokratiya olmuşdur. 1930-cu illərin
repressiyası ilə məhv edilmiş yüzlərlə rus
jurnalisti, yazıçı-publisisti məhz demokratik fikirlərin
qurbanı olmuşdur. 1956-cı ildə
Sov.İKP-nin XX qurultayında partiyanın Baş katibi Nikita
Xruşşovun Stalinin şəxsiyyətə pərəstişini
ifşa edən məruzəsi ilə yaranan nisbi demokratik
ab-hava Rusiyada mətbuatın demokratik ideyalar
carçısına çevrilməyinə şərait
yaratdı. Bu dövrdən başlayaraq “Novıy mir”,
“Sovremennik”, “Oqonyok”, “Voprosı literaturı”, “Drujba narodov” kimi
jurnallar, “Literaturnaya qazeta”, “Komsomolskaya pravda”, “İzvestiya”,
“Arqumentı i faktı” kimi qəzetlər demokratik
ideyaların təbliği ilə yeni istiqamət aldılar. “Arqumentı i faktı” qəzeti öz dəqiq, qərəzsiz,
ideologiyadan xeyli uzaq informasiya siyasəti ilə 36 milyon nüsxə
tirajla çap olunurdu. (Müqayisə
üçün deyək ki, həmin dövrdə ABŞ qəzetlərinin
bütövlükdə gündəlik tirajı 65 milyon
nüsxədən çox deyildi).
Eyni proses
Azərbaycan mətbuatına da xas olmuşdur. 1960-cı illərdə
Azərbaycan mətbuatı Azərbaycan ədəbiyyatının
bu gün də haqqında qürurla
danışdığımız “altmışıncılar”
nəslini – yeni istiqamətli, yeni üslublu – ən əsası
isə azadlıq və demokratiya ruhlu ədiblərini yetirdi. Yaşlı nəslin M.İbrahimov, İ.Əfəndiyev,
İ.Hüseynov, R.Rza kimi nümayəndələri bu
dövrdən həm bədii, həm də publisistik əsərləri
ilə Azərbaycanın müstəqillik ideyasını,
demokratik fikirləri ortaya qoyurdu. R.Rza
özünün “Sarı dana və balaca qız” şeirində
sovet sistemində bir buzovun insandan qiymətli olduğunu ifadə
edirdi. Dəmir sovet senzura şəraitində
dövrün eybəcərliyini ifşa edən bu şeiri
olduğu kimi verməsək anlaşılmazlıq yaranar:
Səs
düşdü Göytəpə kəndinə:
“Sarı dana xəstələnib!”
– Necə,
sarı dana?
Sazaqlı
külək kimi
xəbər yayıldı hər yana.
Sədr gəldi,
partkom gəldi,
baytar,
bir də briqadir.
Hər gələn
soruşdu:
–Azarı
nədir?
Baytar
qulağını qoydu
dananın sinəsinə.
Hamı dondu qaldı.
Baytar tövşüdü, tərlədi.
Dana öz bildiyi kimi nəfəs aldı.
Baytar qaşlarını çatdı.
Hamı qəm dəryasına batdı.
Baytar
dedi:
–Süddədir
illəti.
Sağıcı
Gülxaranın
gözlərinə çökdü dünyanın zülməti.
Baytar
dedi: tez olun!
Tənzif,
pambıq verin! Qarnını bağlayaq,
İsti
su gətirin ayaqlarına!
Damcı
dərman da lazımdır
qulaqlarına.
Nüsxə yazdı bir qarış.
Maşın
ürkək keçi kimi sıçradı:
sədrin
buyruğu ağzından çıxmamış.
Handan-hana
qoca
mühasib gəldi.
Baxdı,
ah çəkdi
Dedi:
yazığın gəlsin bizə,
sarı
dana.
Amandır
bu zülmü eləmə
illik
plana!
Üç
gün, üç gecə
Gülxara
ayrılmadı
sarı
danadan.
Dana sakit
yatanda dedi:
ağrın alım.
Dana
qurcuxanda dedi:
Can!
Hər
üç saatdan bir
verdi su
dərmandan,
hər
altı saatdan
toz dərmandan.
Nə evinə gedə bildi.
Nə
urvalıq apara bildi
uşaqlara dəyirmandan.
Tənzifə
qızmadı ürəyi,
dananın qarnına bağladı
gəlinlik şalını.
Sədr hər
axşam, hər səhər,
şəxsən,
soruşdu dananın əhvalını.
Partkom gündə
bir dəfə
xəbər aldı:
–Necədir
sarı dana?
Əhvalat uzundur, nə deyim.
Bəsdir
bunu desəm
dana
ölmədi azardan.
Ancaq
Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar bazardan.
Quyruğunu
qoyub belinə
qaçır, tullanır
sarı
dana indi,
Ancaq, soruşan
yoxdur,
yaşıl otlar içindəki
o balaca
qəbir kimindir!
Əlbəttə, açıq publisistikanı nisbətən
örtülü üsulla əvəz edən belə şeirlərə
görə R.Rza çox ciddi senzura təzyiqlərinə məruz
qalırdı.
Ədiblərin
yeni nəslinin – Anar, Elçin, Ə.Əylisli, F.Mehdi, R.Rövşən,
M.İsmayıl, V.Bayatlı, İ.Məlikzadə,
M.Süleymanlı, R.Behrudi, M.Oruc kimi nümayəndələrinin
mətbuat səhifələrində dərc olunan əsərləri
tamamilə yeni dövrün məhsulu kimi bu gün də
öz demokratik ruhunu saxlamaqdadır.
Yazıçı Anarın “Yaxşı padşahın
nağılı” povesti yaltaqlığı, tənqidə
sovet dözümsüzlüyünü, rus dilinin zorla tətbiqini,
vəzifənin layiq olmayanlara verilməsini, mətbuatda dəqiq
informasiyaya senzura qadağalarını ifadə edirdi. Bütün
bunlarsa Azərbaycanda yeni yaranan “Ulduz”, “Qobustan” kimi demokratik
ruhlu jurnallarda dərc olunurdu. 1960-1970-ci illərdə “Azərbaycan
gəncləri”, “Ədəbiyyat və incəsənət”,
“Bakı”, “Baku” qəzetləri xeyli dərəcədə
müstəqil və azad sözləri ilə cəmiyyətə
yeni ab-hava gətirirdi. “Azərbaycan”
jurnalının 1970-ci illərdəki Ə.Əylislinin
redaktorluq dövrünü Tvardovskinin tam demokratik ruhda nəşr
etdiyi “Novıy mir” jurnalına redaktorluq dövrü ilə
(1960-cı illər) müqayisə etmək olar.
Xatırladaq ki, “Novıy mir” o dövrdə SSRİ
Yazıçılar İttifaqının orqanı idi və
istedadlı yazıçı D.Qraninin də dediyi kimi, onun
redaktoru Tvardovskinin əzablı səyləri nəticəsində
ölkədə demokratik ideyaların carçısına
çevrilmişdi.
Azərbaycan mətbuatının 1960-1980-ci illərdəki
demokratik ideyaları 1980-ci illərin sonundan meydana
çıxan azadlıq mübarizəsinin əsasını təşkil
edirdi.
Elə təsəvvür yaranmasın ki, XX əsrin II
yarısı Azərbaycan mətbuatı guya
bütövlükdə demokratiya institutu rolunu
oynamışdır. Əlbəttə, belə deyil. Həmin dövrdə də senzura güclü
olmuş, “Kommunist”, “Bakinski raboçi” kimi sovet ideologiyasına
sidq-ürəkdən xidmət göstərən qəzetlər
də olmuşdur. Haqqında demokratik
ideyalar yayan mətbuat orqanları kimi bəhs etdiyimiz qəzet
və jurnallar da qismən bu tipli materiallar dərc etmişlər.
Lakin bütövlükdə Azərbaycan
jurnalistikası XX əsrin II yarısından daha çox
demokratik ideyalarla yaşamışdır.
1988-ci ildən başlayan azadlıq və demokratiya
uğrunda xalq mübarizəsi dövründə Azərbaycan
mətbuatı bu sahədə ayrıca bir institut kimi
formalaşmış və onun bu fəaliyyəti müasir cəmiyyətin
demokratik dəyərlərə tam yiyələnməsində
böyük rol oynamışdır.
XXI əsrin əvvəli bütün dünyada informasiya
cəmiyyətinin formalaşma dövrüdür. Kompüter
texnologiyası yeni təfəkkür formalaşdırır.
ABŞ tədqiqatçısı E.Brens
doğru qeyd edir ki, informasiya cəmiyyətində vətəndaşların
özləri informasiyanın toplanması, saxlanması,
hazırlanması, yayılması işində iştirak edirlər.
Kompüter texnologiyası hər kəsin maneəsiz
informasiya ötürməsini və informasiya almasını təmin
edir. İnformasiya texnologiyaları, kütləvi
informasiya vasitələri cəmiyyətin siyasi proseslərdə,
müxtəlif problemlərin müzakirəsində birbaşa
iştirakını təmin edir.
Azərbaycan bu gün vətəndaş cəmiyyəti,
hüquqi dövlət sistemində yaşayır. Belə
dövlətin, sistemin formalaşması həm də
KİV-in təsiri ilə baş verir. Ona
görə də demokratik dövlət sistemini təmin edən
atributlar sırasında demokratik institutlar, insan
hüquqları, xüsusilə azad mətbuat ayrıca yer
tutur. Çünki KİV vətəndaş,
hüquqi dövlət formalaşdıran ictimai demokratiya
institutudur.
1948-ci ildə
qəbul olunmuş “Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 19-cu maddəsində deyilir: “Hər kəsin
düşüncə azadlığı və
düşündüyünü azad ifadə etmək haqqı
var. Bu haqqa heç bir əngəl olmadan öz
düşüncəsində qalmaq, dövlət sərhədlərindən
asılı olmayaraq hər hansı vasitə ilə məlumatları
axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasında qəbul olunmuş “Mülki və
Siyasi Haqlara dair Beynəlxalq Pakt”ın da 19-cu maddəsində
insanın məlumat azadlığı təsbit edilib. 1950-ci ildə
Avropa İnsan Haqları Konvensiyasının qəbul etdiyi
“İnsan Haqlarının və Əsas Azadlıqların
Müdafiəsi haqqında Konvensiya”da da hər kəsin öz
fikrini azad ifadə etmək haqqı təsbit olunur. Bütün bu haqlar isə birbaşa mətbuatda,
KİV-də gerçəkləşir və bu gerçəkləşmə
jurnalistikanı ictimai institut səviyyəsinə yüksəldir.
Azərbaycan Respublikasının Konstitusiyası və
konstitusiyadan doğan KİV qanunları Azərbaycan vətəndaşının
söz, ifadə, fikir azadlığını təsbit edir. Bütün
bunları özündə birləşdirən və
gerçəkləşdirən KİV-in fəaliyyət
mexanizmini daim təkmilləşdirmək çox vacibdir.
Bu mənada KİV-in dövlətdən, hər
hansı bir siyasi qüvvənin diqtəsindən azad olması
onu daha mükəmməl instituta çevirir.
Jurnalistika IV hakimiyyət funksiyası ilə hakimiyyət
dairələrinin fəaliyyətini şəffaf edir, cəmiyyəti
bütün istiqamətlər üzrə məlumatlandırır. Belə bir məsələni
də xüsusi qeyd edək ki, KİV-in IV hakimiyyət rolu
demokratik cəmiyyətdə sona yetir və ona ehtiyac
qalmır. Belə cəmiyyətdə
KİV ona məxsus immanent rolunu – münasibət yaratmaq,
dialoq, məlumatlandırma, maarifləndirmə, sosial mədəniyyət
tərbiyəsi, habelə qanunvericilik, icra və məhkəmə
hakimiyyəti üzərində nəzarət rolunu ifa edir.
KİV-in interaktivlik rolu cəmiyyətin həyati
normasına çevrilməlidir.
KİV cəmiyyətin şikayət yeri deyil, onun
problemlərinin güzgüsüdür. Əsl
kütləvi informasiya vasitəsi demokratiyaya demokratik yolla xidmət
edir. Son vaxtlar Avropanın demokratik
institutları dövlət və özəl sektordakı
KİV tiplərinin axıradək demokratik, müstəqil
olmasına o qədər də etibar etmir.
Müasir yanaşmaya görə demokratiyaya gedən yolun
ilk və ən böyük vasitəsi müstəqil
KİV-dir. Bu KİV-in də əsasında Qərb ölkələrində
xeyli vaxtdan bəri formalaşmış və həyata
keçirilmiş ictimai teleradio tipi dayanır.
Azərbaycanda
da gerçəkliyə çevrilmiş
İCTİMAİ
TELERADİO TİPİ
bir
anlayış kimi özünə aydın izah tələb
edir. Avropada “kütləvi televiziya” termini ilə
artıq xeyli vaxtdan bəri fəaliyyət göstərən
bu tipli radio və televiziya Azərbaycan türkcəsinə rus
dilində son vaxtlar işlənən “obşestvennoye
televideniye” söz birləşməsindən gəlir.
Biz indi işlətdiyimiz “ictimai” sözünü “cəmiyyət”
sözü ilə əvəz etsək, termin bəlkə bir az daha aydın olardı: “Cəmiyyət
televiziyası”. Lakin Azərbaycan elmi-nəzəri
və praktik fikrində xeyli vaxtdan bəri dil faktı kimi
formalaşmış “ictimai televiziya” terminini məhz artıq
formalaşma prosesini keçirdiyinə görə saxlamaq, bizcə,
daha məqsədəuyğundur.
İctimai
televiziyanın çox qısa bir tarixi var:
Avropa Şurasının Parlament Assambleyası 1975-ci ildə
özünün növbəti 26-cı sessiyasında demokratik
cəmiyyətdə telekommunikasiyanın artan roluna diqqəti
çəkərək Şuraya üzv dövlətlərin mədəniyyət,
təhsil və mətbuat nazirlərinin teleradionun mədəniyyətdə
və maarifçilik işində imkanlarının
ümumavropa siyasətində yerini müəyyənləşdirmək
üçün xüsusi konfrans keçirməyə
çağırır. 1986-cı ildə keçirilən belə
bir konfransda gələjək “ictimai teleradionun” konturları
hazırlanır. 1994-cü ildə isə
müvafiq nazirlərin kütləvi informasiya siyasəti ilə
bağlı IV konfransında xüsusi qətnamə qəbul
edilir. Bu qətnamə ictimai
televiziyanın mahiyyətini, onun demokratik cəmiyyətdə
yerini müəyyənləşdirir. Konfrans ictimai
televiziyanın demokratiyanın formalaşmasına ciddi təsirini
geniş izah edərək, KİV-in bu modelinə siyasi
yanaşma qaydalarını, onun maliyyələşdirilməsi
yollarını, iqtisadi praktikasını, müstəqilliyini,
translyasiya vasitələrini, əməkdaşlıq və
Avropa həmrəylik üsullarını müəyyənləşdirib.
Avropa Şurasına daxil olan dövlətlərin
müvafiq nazirlərinin təmsil olunduğu bu konfrans öz qətnaməsinin
bütün bəndlərində ictimai televiziyanın müstəqillik
keyfiyyətini ön sıraya çəkir və bu müstəqilliyin
mexanizmini göstərir. Müstəqillik
quruma siyasi yanaşmadan başlayır.
İctimai
televiziyaya siyasi yanaşma aşağıdakı tələbləri
qoyur:
–
İctimai televiziyanın proqramları cəmiyyətin
bütün üzvlərinin istiqamətlənməsinə
xidmət etməli, onların sosial birliyinə şərait
yaratmalı, bütün fərdlərin, qrupların və
icmaların inteqrasiyasına təkan verməlidir:
– Bu
televiziya diskussiyanın elə kütləvi tribunasına
çevrilməlidir ki, həmin diskussiyada cəmiyyətin
mümkün qədər geniş fikir spektri öz əksini
tapsın;
–
İctimai televiziya qərəzsiz və müstəqil
informasiyanın təqdimini təmin etməlidir;
–
Bazarın maraqlarına baxmayaraq, plüralizmi, yeni ideyaları
inkişaf etdirən, etik normalara söykənən yüksək
professional səviyyəli proqramlar hazırlamalıdır;
–
Azlıq təşkil edən qrupların da istəyini nəzərə
almaqla, geniş kütlənin marağını təmin edən
proqram və xidmət setkası təşkil etməlidir;
– Cəmiyyətdə
özünü göstərən etnik və mədəni
müxtəliflik məqamları ilə bağlı
qarşılıqlı anlaşma və tolerantlığa nail
olmaq məqsədilə çeşidli fəlsəfi
ideyaların və dini etiqadların əks etdirilməsinə
nail olmalıdır;
–
İctimai televiziyanın proqramları müxtəlif milli və
Avropa mədəni dəyərlərinin qavranılmasına və
qiymətləndirilməsinə kömək göstərməlidir;
–
İctimai televiziyanın proqramlarının yüksək səviyyədə
olmasına, xüsusilə onların orijinallığına
diqqət yetirilməli, tammetrajlı filmlərin, teleradio
tamaşalarının və digər yaradıcılıq məhsullarının
səviyyəsinin yüksək olması təmin edilməlidir;
– Teleradio
dinləyicilərinin seçim imkanlarını genişləndirməli,
kommersiya strukturlarının təqdim etmədikləri xidmətləri
göstərməlidir. Adıçəkilən
konfransın qətnaməsinə görə, bütün bunlar
ictimai televiziya siyasətinin əsasları hesab olunur.
Konfransın qətnaməsi belə bir məsələni
təkidlə tələb edir ki, Avropa Şurası tərkibində
olan ölkələr ictimai televiziyanın etibarlı, müstəqil
maliyyə mexanizminin hüquqi bazasının
yaradılmasına kömək göstərməlidir. Yuxarıda
göstərilən vəzifələrin yerinə yetirilməsi
üçün ictimai televiziyanın etibarlı maliyyə
müstəqilliyi olmalıdır. Konfrans ictimai
televiziyanın maliyyələşməsinin müxtəlif mənbələrini
təklif edir:
1. Abonent
hesabına
2.
Dövlət subsidiyası hesabına
3. Reklam və
sponsorluqdan gələn maliyyə ilə
4. TV-nin
audiovizual produksiyasının satışından gələn
gəlirlə.
İctimai
TV tematik xidmət növləri ilə də maliyyə
imkanlarına malik ola bilər.
Avropa Şurasının tələblərinə görə,
dövlət ictimai televiziyanı hər hansı iqtisadi
çətinlikdən, xüsusilə KİV-in təmərküzləşməsi
prosesindən qorumağa borcludur. Konfrans qərara
alır ki, Avropa Şurasında birləşən dövlətlər
ictimai televiziyanın müstəqilliyini hər cür siyasi və
iqtisadi müdaxilədən qorumağa zəmanət verirlər.
İctimai TV xüsusilə proqram setkasının tərtibində,
redaktə işində, proqramların mövzusu və məzmunu
ilə bağlı bütün proseslərdə müstəqil
olmalıdır.
İctimai TV-nin müstəqilliyi daxili plüralist
şuralar, yaxud digər müstəqil orqanlar tərəfindən
təmin olunmalıdır.
İctimai TV-nin öz vəzifələrini yerinə
yetirməsinə nəzarət də müstəqil qurumlar tərəfindən
həyata keçirilməlidir.
İctimai TV özü də ictimaiyyət
qarşısında məsuliyyət daşımalıdır. Bu məqsədlə
o, vaxtaşırı öz fəaliyyəti barədə
hesabatla çıxış etməli,
tamaşaçılara da onun fəaliyyəti ilə
bağlı fikir söyləməyə imkan
yaratmalıdır. Dövlət ictimai
televiziya üçün texniki imkanlar yaratmağa borcludur.
Göstərilən bütün vəzifələrin
həyata keçirilməsinin hüquqi bazası
olmalıdır.
Avropa
Şurası tərkibində olan dövlətlər sistemində
ictimai TV-nin fəaliyyətini tənzimləyən qanunun
meydana çıxmasına nail olmalıdırlar. İctimai
TV-nin hüqüqi əsaslarını təşkil edən bu
qanun xüsusilə aşağıdakı məqamlarda
yayımın müstəqil olmasını təsbit edir:
–
Verilişlərin cədvəlinin tərtibində;
–
Verilişlərin niyyəti və istehsalında;
– Yeniliklərin
və digər verilişlərin redaktəsi və efirə
çıxarılmasında;
–
İctimai televiziyanın xidmət fəaliyyətinin təşkilində;
– Kadr cəlb
etmək, kadr yığmaq və onları idarə etməkdə;
– Maliyyə
ehtiyatlarından istifadədə;
– Büdcənin
təşkili və istifadəsində;
–
Müqavilə və digər hüquqi sənədlərin
imzalanmasında;
–
Hüquqi araşdırmalarda nümayəndəliyin təyin
edilməsində və s.
– Qanunda
ictimai televiziyanın fəaliyyətinə nəzarət
mexanizmi özünün dəqiq əksini tapır.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 1 mart.- S.7.