“Qafqazda
sülhə nail olunmasının əsas yolu Ermənistanın işğal
altındakı torpaqlardan
çıxmasıdır”
CƏMİL ÇİÇƏK:
“TÜRKİYƏ BAŞ NAZİRİMİZİN AZƏRBAYCAN
MİLLİ MƏCLİSİNDƏ DEDİYİ SÖZLƏRİN
VƏ O SİYASƏTİN ARXASINDADIR”
Türkiyə Böyük Millət
Məclisinin (TBMM) sədri Cəmil Çiçəkin APA-ya
müsahibəsi
–
Xocalı soyqırımının 20-ci ilində Türkiyə
Böyük Millət Məclisində açılan sərgiyə
görə sizə təşəkkür edirik. Türkiyə
ilə Fransa arasında yaşanan siyasi böhranda Fransanın
ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması
üçün Türkiyənin təklifi olmuşdu. Məclis
sədri kimi sizin bu məsələyə münasibətiniz
necədir?
–
Baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməliyik.
Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki,
sizin acınız bizim acımızdır. Sizi sevindirən hər
şey bizi sevindirər, sizi üzən hər şey bizi də
üzər. Sizlərin də eyni duyğular içində
olduğuna inanıram. Sərgidə
çıxışımda da dedim, Qafqazda sülh və
sabitlik olacaqsa, Ermənistanla Azərbaycan arasındakı
Qarabağ probleminin ədalətli şəkildə həll
edilməsi lazımdır. Bunun da yeganə yolu Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarından
çıxmasından keçir. Bu prosesə dəstək verən
hər kəsi biz təqdirlə qarşılayırıq.
Buna qarşı çıxanlar olarsa, biz bunu haqsızlıq
və hüquqsuzluq kimi dəyərləndirərik. Biz məsələyə
bu şəkildə baxırıq. Əslində Minsk Qrupu da
müəyyən müddətdən bəri Türkiyənin
ciddi cəhdləri sayəsində yenidən nəsə etmək
üçün təşəbbüs göstərir. Hər
kəs bu qrupun hansı məqsədlə
yaradıldığını nəzərə alaraq siyasət
müəyyənləşdirməlidir.
–
Xocalı soyqırımı “soyuq müharibə”dən sonra həyata
keçirilmiş ilk soyqırımdır. Bu hadisədən
3,5 il sonra serblər Srebrenitsada müsəlman boşnaklara
qarşı soyqırım həyata keçirdilər.
Srebrenitsa soyqırımı 15 ildən sonra siyasi və
hüquqi qiymətini aldı. Azərbaycan da Xocalı
soyqırımının 20-ci ilində o soyqırımı
törədənlərin beynəlxalq ədalət məhkəməsinə
çıxarılması üçün ciddi cəhd
göstərir. Beynəlxalq hüquq sahəsində təcrübəli
mütəxəssis kimi bu barədə nə demək istərdiniz?
–
Bunlar hökumətlərin qərar verəcəyi məsələlərdir.
İnanıram ki, Azərbaycanı idarə edən
dostlarımız bu faciəni törədənləri cəzalandırmaq
üçün lazımi addımları sərrast şəkildə
atacaq və Türkiyə də əlindən gəldiyi qədər
bu cəhdlərə dəstək verəcək. Bu işlərdə
ilk addımı atması lazım olan, bununla bağlı izlənəcək
yolu müəyyənləşdirəcək olanlar – hər
şeydən əvvəl ölkəni idarə edənlərdir.
Ümid edirəm ki, təfərrüatlı şəkildə
bir yol xəritəsi hazırlanıb və o yol xəritəsinə
uyğun addımlar atılacaq.
– Ermənistan
Azərbaycan torpaqlarının Dağlıq Qarabağdan kənarda
qalan qismini işğal etməyə başlayınca Türkiyə
1993-cü il aprelin 4-də Ermənistanla sərhədini
bağladı. Baş nazir Tayyib Ərdoğan 2009-cu il
mayın 14-də Azərbaycan Milli Məclisindəki
çıxışında sərhədin
qapadılmasının “səbəb-nəticə” əlaqəsinə
bağlı olduğunu vurğulayaraq Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarından
çıxmadığı müddətcə sərhədin
açılmayacağını bəyan etdi. TBMM-nin keçən
dönəmində Sürix protokolları gündəmdən
düşmüşdü, ancaq bu günlərdə
protokolların yenidən gündəmə gələ biləcəyinə
dair iddialar səsləndirilir. Bu barədə nə demək
istərdiniz?
–
Hörmətli baş nazirimiz Azərbaycan Məclisində nə
dedisə, Türkiyə o sözlərin və o siyasətin
arxasındadır. Türkiyə ilə Azərbaycanın
arasını açmaq istəyən fitnə-fəsad
ocaqları olmuşdur. Bu tələlərə düşməməliyik.
Biz ətlə dırnaq kimiyik. Hörmətli baş nazir
Türkiyə Cümhuriyyətinin baş naziri kimi Azərbaycan
parlamentində çıxış edib və dediyim kimi,
Türkiyə o çıxışın arxasındadır.
–
Bazar günü İstanbulun Taksim meydanında Xocalı mitinqi
oldu...
– Təəssüf ki, mən burada yox idim.
– O mitinqdə hörmətli daxili işlər nazirinin çox gözəl bir çıxışı oldu,
ancaq bəzi dairələr o çıxışı
tənqid edirlər. Bunu necə dəyərləndirirsiniz?
– Türkiyədə demokratiya
var, hər bir çıxışı
qəbul edən də olur, o çıxışa etiraz
edən də. Ancaq ictimaiyyət bunu öz vicdanının tərəzisinə qoyub çəkir və dəyərləndirir. Bizim millətimizin
duyğuları çox
sağlamdır, ona güvənmək lazımdır.
Kimin nə yazdığından,
nə dediyindən çox, millətin nə dediyi önəmlidir.
525-ci qəzet.-2012.- 1 mart.- S.4.