Kamilə Əliyeva:
“Elmi-tədqiqat institutlarında bəzi ali
məktəblərin kafedralarının filialları
açılmalıdır”
MÜSAHİBİMİZ MİLLƏT
VƏKİLİ, BDU-NUN PROFESSORU KAMİLƏ ƏLİYEVADIR
–
Kamilə xanım, yaz sessiyası öz işinə başlasa
da, hələ də “ Elm siyasəti haqqında” və “ Ali təhsil
haqqında ” qanun layihələri başa
çatdırılıb parlamentin plenar iclaslarının
müzakirələrinə çıxarılmayıb.
Parlamentin Elm və təhsil komitəsinin üzvü kimi sizcə,
bu ləngimə nə ilə bağlıdır? Eyni zamanda,
bir elm adamı, təhsil işçisi kimi bu sənədlərlə
bağlı konkret təklifləriniz varmı?
–Hələ
bir xeyli müddət əvvəl komitəmizin iclasında bu
haqda öz fikrimi bildirmişdim, konkret təkliflərimi
vermişdim, yəni, elmi-tədqiqat işləri ilə əlaqədar
olaraq təkliflərimi dilə gətirmişdim. Mənim
özümün çalışdığım Bakı
Dövlət Universitetinin bilologiya fakültəsində elə
fənnlərimiz var ki, onların elmi-tədqiqat işlərini
universitet çərçivəsində aparmaq
qeyri-mümkündür. Məsələn, insan genetikası,
tibbi genetika , yaxud başqa sahələr üzrə təcrübi
işləri aparmaq üçün universitet səviyyəsində
elə bir laboratoriyamız yoxdur və burada həmin işləri
aparmaq bir az çətindir. Ona görə təklif
vermişdim ki, elmi-tədqiqat institutlarının nəzdində
belə kafedraların filialları yaradılsın. Yəni,
bu, nə deməkdir? Məni o vaxtı bəziləri
düzgün başa düşmədilər. Elə bildilər
mən deyirəm, Milli Elmlər Akademiyası bağlansın,
bəziləri elə bildilər ki, universitetlərin
filialı yaradılsın. Söhbət universitet
filialının yaradılmasından getmir. Söhbət konkret
ondan gedir ki, məsələn, Tibb Universitetinin bazası var –
tibb müəssisələri. Eləcə də Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının, Azərbaycan Dövlət Neft
Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin bazası var və sair. Hamının bazası var
və tələbələr öz təcrübi işlərini
aparmaq üçün həmin bazalardan istifadə edirlər.
Bakı Dövlət Universitetinin isə yuxarıda dediyim kimi,
elə fakültələri var ki, onların təcrübi
işləri aparmaq üçün bazası yoxdur. Bu
baxımdan, o zaman mən məhz belə təklif irəli
sürmüşdüm ki, bu elm haqqında, ali təhsil
haqqında qanunlar qəbul olunanda elmi-tədqiqat
institutlarının nəzdində həmin bizim universitetin
müvafiq kafedralarının filialı olsun...
–
Sizcə, bu nəyəsə xeyir edəcəkmi?
–Təbii
ki. Həm biz həmin elmi-tədqiqat institutunda olan elmi
işçiləri bu prosesə cəlb edəcəyik, həm
də öz tələbələrimiz gedib orada müvafiq təcrübələr
aparacaqlar. Xarici ölkələrin universitetləri ilə
müqavilələr bağlayırıq, əlaqələr
yaradırıq, amma burada yenə deyirəm ehtiyacı olan
ixtisaslardan söhbət gedir. Mən demirəm ki, bütün
fənlər üzrə. Burada ehtiyacı olan fənlərdən
söhbət gedir ki, o fənlərdən biri də, mənim
tədris etdiyim tibbi genetika, insan genetikasıdır.
Özü də bilirsiniz ki, bu sahə son vaxtlar çox
perspektivli sayılır. Ona görə bizim tələbələrin
təcrübə toplaması üçün baza
lazımdır.
Bildiyiniz
kimi, biz Təhsil Nazirliyinə tabeyik, Tibb Universiteti isə Səhiyyə
Nazirliyinə. Odur ki, bizdə insanla əlaqədar işlər
olanda tibbi müəssisələr bizim tələbələrimizi
yaxın buraxmır. Deyirlər, siz, ayrı nazirliyə
tabesiniz, biz sizi ora buraxa bilmərik. Bəs, yaxşı bizim
ixtisasçı genetiklərimiz öz təcrübi işlərini
harada aparsınlar, harada öyrənsinlər? Sabah xarici
arenalara çıxmalıyıq, tələbələrimiz
Avropaya inteqrasiya edirlər və etməlidirlər. Bu inteqrasiya
ilə ayaqlaşmaq , xaricə çıxmaq üçün
də bizim tələbələrə tək elmi nəzəriyyə
axı bir şey vermir?! Nəzəriyyəni bilməklə
yox, onu praktikaya tətbiq etməklə müəyyən nəticələr
almalıyıq. Bax, bu yönümdən, yəni, bu mənə
daha yaxın olduğuna görə belə bir təklif irəli
sürmüşdüm. İndi mən o təklifimi yenə
vaxtı , zamanı gələndə həm komitənin
iclasında, həm də ola bilsin plenar iclasda deyəcəm. Təkliflərim
çoxdur, onlardan ən əsası bununla əlaqədar idi
ki, onu da bildirdim.
– “
Elm siyasəti haqqında ” qanun layihəsi komitənizdə
müzakirə olunarkən müxtəlif təkliflər oldu
ki, bu, əslində, “Elm və universitetlər haqqında”
qanun kimi adlandırılsın. Bu haqda nə deyərdiniz?
– Mənə
elə gəlir burada əsas odur ki, qanunun adının dəyişdirilməsi
ilə onun məğzi, mahiyyəti uyğun gəlsin. Qanunun
adının dəyişdirilməsi , onun bu və ya digər
formada başqa adla əvəzlənməsi bir o qədər də
önəmli deyil. Əsas məzmun önəmlidir ki, biz nə
gözləyirik, hansı qanunu qəbul edirik, bu qanunun nəticəsi
necə olacaq, biz bunu necə tətbiq edəcəyik və bu
tətbiqin nəticəsi necə olacaq. Yəni, qanunun
adına universitetlər sözünün əlavə
olunması və ya olunmaması mənə elə gəlir ki,
o dərəcədə əhəmiyyətli deyil.
–
Ümumiyyətlə, həm ali təhsil, həm bu elm
haqqında qanunun qəbulu təhsilə nələri verə
bilər?
–
Çox şey verə bilər. Hər sahədə olduğu
kimi, Azərbaycanda təhsil sistemində də Avropaya
inteqrasiya yolunu, öz mentalitetimizi saxlamaq şərti ilə,
tutmuşuq, bu, çox gözəldir. Məsələn, elə
Boloniya sisteminə keçməyimizlə əlaqədar
müsbət nəticələr artıq ortadadır. Bunun nəyi
pisdir ki, diplomlarımızı artıq dünyada
tanıyırlar. Ancaq son illərə kimi bizim diplomlar
tanınmırdı. Boloniya sisteminə keçəndən
sonra hər bir insan burada aldığı diplomla gedib xaricdə
rahat işləyə bilər. Və yaxud görürdüz
ki, tələbələrimizdən kimsə ailə qururdu,
yaxud, ailəsi köçürdü xaricə, burada ali təhsil
haqqında diplomu var, amma gedirdi orada onun diplomu
tanınmırdı.
Bax
bu diplomların tanınması məsələsində bizim
Boloniya sisteminə keçməyin bir müsbət xüsusiyyəti
bununla əlaqədardır. Həmçinin elə tələbələrin
özləri üçün də mühüm əhəmiyyəti
var. Məsələn, əvvəllər əgər
universitetdən xaric olunma məsələsi var idisə, indi
bu yoxdur. Həmin tələbə artıq universiteti 4 ilə
yox, 5 ilə, 6 ilə, 7 ilədə qurtara bilər. Yəni,
bu da onlara bir üstünlük verir ki, artıq onlar öyrənsinlər,
oxusunlar, cavab versinlər, vaxtında qurtarsınlar. Amma belə
bir şans olmadıqda, – ola bilsin bunun müxtəlif səbəbləri
ola bilər – həmin tələbə pis vəziyyətdə
qala bilər və qalırdı . Ona görə Boloniya sistemində
bu ikinci bir üstünlükdür. Yəni, müxtəlif
istiqamətlərdə üstünlüklər daha
çoxdur...
Təhsilimizdə
olan bu inkişafı isə onun hüquqi bazasını
möhkəmləndirməklə sürətləndirmək
olar və bundan da gəncliyimiz, tələbələrimiz
çox şey udarlar.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 1 mart.- S.5.