Füzuli sehrinin əsiri

 

“Dəmadəm cövrlərdir çəkdigim

birəhm bütlərdən,

Bu kafərlər əsiri bir müsəlman olmasın,

yarəb!”

 

Məhəmməd Füzuli

 

 

“Sirrin – əsirindir; ancaq azad etsən,

o səni əsir edər”.

Ərəb atalar sözü

 

Əslində, XXI yüzilliyin ikinci onillik hesabının açıldığı bir dövrdə “əsirliksözündə müasir insan şəxsiyyəti üçün qəbul edilməyən bir çalarinsanın əsas hüquqlarının, azadlığının məhdudlaşdırılması mənası açıq-aşkar görünməkdədir. Bir də var könüllü əsirlik ki, şəxsiyyət öz böyüklüyünü və məhəbbətinin ülviliyini çox vaxt özünə ağa, böyük seçdiyi bir başqasına bu cür bildirir. Necə ki, böyük Füzulinin aşağıdakı beytində “əsirsözünün məhz bu çaları öz əksini tapır:

 

Səba, əsirləri qəsdin eyləmiş ol gül,

Bizi həm onda, əgər düşsə fürsətin, yad et!

 

Adətən, əsirlik insan şəxsiyyətini alçaldan, başqasından asılı edən, ona heç də başucalığı gətirməyən bir sosial status kimi qiymətləndirilir. Füzuli sehrinin əsirlərinə isə bu qiyməti qətiyyən şamil etmək olmaz. Bu, məhz insanı ucaldan, onu kamala yetirən bir əsirlikdir ki, aşağıda həmin “əsirlərdənbiri olan köhnə rəfiqəm, görkəmli füzulişünas-alim, gözəl pedaqoq və təhsil təşkilatçısı, professor Gülşən Əliyeva-Kəngərlinin füzulişünaslıq fəaliyyəti haqqında öz mülahizələrimi bölüşməyə çalışacağam.

Gülşən xanım “Çağdaş poeziya və klassik irs”, “Poetika məsələləri”, “Füzuli sehri”, “Azərbaycan füzulişünaslığı”, “Füzuli irsinin əruz kanonları üzrə tədrisi”, “Bədii düşüncə: tarixi gerçəklik və estetik idealmonoqrafiyalarının, saysız-hesabsız elmi və elmi-publisistik məqalələrin müəllifi kimi Azərbaycan elmidəbi ictimaiyyətinə yaxşı tanış olan gənc ailmlərimizdəndir.

Elmi tədqiqat əsərlərində Füzuli irsini sevə-sevə, həm də tam bir elmi ciddiyyət və professionallıqla araşdıran Gliyeva-Kəngərli 20 ilə yaxın bir müddətdə füzulişünaslıq sahəsində topladığı materialları da üç sanballı cilddə nəşr etdirməklə, gələcək füzulişünasların boynuna böyük bir minnət qoymuşdur. Ancaq hələ sözümüz bunda deyil. Onun keçən il çapdan çıxmış, akademik İsa Həbibbəylinin səriştəli redaktor qələmi ilə həyata xeyir-dua almış, həm formasına, həm də məzmununa görə fundamentalBədii düşüncə: tarixi gerçəklik və estetik idealmonoqrafiyası haqqında bir neçə kəlmə ilə fikrimizi bildirəndən sonra əsas problemə keçmək istərdik.

Monoqrafiyada irəli sürülən elmi mülahizələr problematikasına görə üç böyük hissədə qruplaşdırılmışdır. Ancaq bu hissələrin hamısını daUzun, incə bir yoldayam...” adlı maraqlı giriş sözü birləşdirir. Gülşən xanımın özü kimi incə, romantik bir üslubda yazılmış bu giriş sözünü əslində kitabın cövhəri də adlandırmaq olar. Təkcə bu bölməni oxuyan kəs onu qarşıda nə qədər maraqlı, orijinal elmi fikirlərin gözlədiyi barədə əyani təsəvvür əldə edir və həyəcanla səhifələri çevirməkdə davam edərək sanki cəlbedici bir roman oxuyur, klassikanın sehrinə necə daldığını özü də bilmir...

Burada kitab müəllifi həm də yaradıcılığının başlıca istiqamətini təşkil edən Füzuli məhəbbətini etiraf edir, onun sehrinin əsirinə çevrilməsi ilə fəxr edir. Dilçi alim Musa Adilovdan iqtibas etdiyi həmin fikri Gliyeva-Kəngərli öz oxucusuna bu cür təqdim edir: “Mən də buulu cadugərin” (Məhəmməd Füzuli nəzərdə tutulurZ.E.) sehrinə düşənlərdən biriyəm. Bu sehr məni uzun, incə və Füzuli sözünün haləsi ilə nurlanmış bəyaz bir yolla ilahi eşqin Tanrı ünvanına doğru aparır.”

Gülşən Əliyeva-Kəngərlinin özünün obrazlı şəkildə “uzun, incə bir yoladlandırdığı araşdırıcılıq tarixi Füzulidən başlanır, Füzuli ilə davam edir və bundan sonra da uzun onilliklər boyunca davam edəcək.

Monoqrafiyaya əlavə kimi verilmiş dördüncü bölmədə Gliyeva-Kəngərlinin elmi yaradıcılıq fəaliyyəti, monoqrafiya və kitabları haqqında onun həmkarlarının məqalə və rəylərindən müəyyən qismi özünə yer almışdır. Təkcə onu göstərmək kifayətdir ki, bu yazıların müəlliflərinin sırasında üç akademikin – İsa Həbibbəyli, Budaq Budaqov, Fuad Qasımzadə, üç müxbir üzvünRafael Hüseynov, Teymur Kərimli, Nizami Cəfərov, yeddi professorunRudolf İvanov, Aleksandr Knış, Möhsün Nağısoylu, Himalay Qasımov, Vaqif Yusifli, Məryəm Əlizadə, İlham Rəhimli kimi görkəmli alimlərin adları vardır. Bu da təsadüfi deyil, kumiri Füzuli poetik sözünün çoxqatlılığı kimi, Gülşən xanımın elmi sözü və fəaliyyəti də çoxqatlıdıro, təkcə füzulişünas deyil, həm də belə demək mümkünsə, füzulişünasların şünasıdır... Yenə də alimin öz sözlərinə müraciət etsək: “...Füzulidən yazmaq çətin, Füzulidən yazanlardan yazmaq ikiqat çətin, müşkül məsələdir... Bu müşkül məsələni həll etmək üçün mən həm Azərbaycan nəzəri fikir tarixini, həm də dahi Füzulini dərindən dərinə öyrənməli oldum.”

Beləliklə, 500 il əvvəl Azərbaycan ədəbiyyatının qarşısında durandüşvarı asan eyləmiş” Mövlana Məhəmməd Füzulinin ardınca 500 ildən sonra professor Gliyeva-Kəngərli Azərbaycan ədəbiyyatşünaslığının qarşısında durandüşvarı asan eyləyərəkfüzulişünaslığımızın keçdiyi 500 illik şərəfli yola öz qələmininyupiteriilə gur və aydın işıq saldı. Akademik İsa Həbibbəylinin haqlı olaraq “ədəbiyyatşünaslıq elmində mövcud olan boşluğu aradan qaldıran birinci monoqrafik tədqiqatkimi qiymətləndirdiyiAzərbaycan füzulişünaslığı” monoqrafiyasını, müəllifin özünün qürurla “şah əsərimadlandırmasına doğrudan da haqqı var.

Yuxarıda adını ötəri çəkdiyimizAzərbaycan füzulişünaslığının qaynaqları” trilogiyası da məhz bu “şah əsərinelmi cəbbəxanasına daxil olan əsasuzaqvuran silahlardantəşkil olunub.

Yüksək zövqlü poliqrafik tərtibatda biri-birindən qalın üç kitab, üç xəzinə qarşımdadır. Maraq üçün səhifələrin ümumi sayını hesablayıram: 1556. Bu nədir? Təsadüfmü? Mistikamı? Yoxsa Füzuli ruhunun tərtib və çap prosesinə müdaxiləsimi? Bəlkə də hər üçü... Axı bu rəqəm miladi tarixlə Füzulinin bu fani dünyadan baqi dünyaya vaxtsız köç etməsinin tarixidir. Sanki bu, Füzulinin sənətkar həyatının müxtəlif yönlərdə davam etməsinin bir təzahürünün də məhz bu trilogiya ilə gerçəkləşməyinin simvoludur.

Qaynaqlar”ın birinci cildi Füzulinin özündən tutmuş Mustafa Quliyevə qədər 400 illik nəhəng bir dövrün dahi sənətkarın irsi haqqındakı say-seçmə materiallarını əhatə edir. Bu cilddə maraq doğuran ən başlıca cəhətGülşən Əliyeva-Kəngərlinin elmi kəşf səviyyəsində qiymətləndirilə biləcək “Ən böyük füzulişünasFüzulinin özüdürmüddəasına uyğun olaraq, böyük şair və mütəfəkkirin müxtəlif əsərlərində yer almış öz sənətinə verdiyi qiymətlərin topluya daxil edilməsidir. Belə ki, Gülşən xanımın “İlahi sözün əbədiyyətiadlı geniş və zəngin informasiya yüklü, dərin elmi təhlil daşıyıcısı olan giriş oçerkindən sonra cildi məhz Füzulinin ölməzLeyli və Məcnunpoemasındakı ədəbi-nəzəri siqlətli məşhurSaqinamə”si, türkcə və farsca divanlarının dibaçələri açır. Bu örnəklərdə Füzuli doğrudan da özünü bir ədəbiyyatşünas və bir füzulişünas kimi göstərməyə müvəffəq olmuşdur. Hətta bundan sonra gələnTəzkirələrbölməsində Füzuli sənətinə verilən qiymət Füzulinin özünün özünə verdiyi qiymətin, apardığı elmi təhlillərin yanında sönük və şablon görünür.

 

Derəm, əhvalımı canana qılam ərz, vəli

Görə bilmən özümü, onda ki, canan görünür.

 

Firidun bəy Köçərli, Abdulla Sur, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Bəkir Çobanzadə, Salman Mümtaz, Əmin Abid, Yusif Vəzir Çəmənzəminli, Fuad Köprülü, İsmayıl Hikmət kimi XX əsr müəlliflərinin bu gün belə əhəmiyyətini qoruyan Füzuli haqqında yazıları bu cildi bəzəyən tədqiqatlardandır. Onu da qeyd etmək gərəkdir ki, bu araşdırmalardan bəziləri ilk dəfə məhzQaynaqlarda bütöv şəkildə transliterasiya olunaraq oxuculara və tədqiqatçılara çatdırılmışdır. Bu, mötəbər bir qaynaq kimi toplunun elmi sanbalını və antoloji siqlətini daha da artırır.

Gülşən xanımın çox doğru olaraq ədəbiyyatşünaslıq elminin Füzuliyə qayıdış dövrü kimi xarakterizə etdiyi 1958-1968-ci illərdəki qısa zaman kəsiyi ərzində Füzuli sənətini müxtəlif yönlərdən açıqlayan bir sıra sanballı əsərlər meydana çıxdı ki, “Qaynaqlar”ın ikinci cildi də məhz bu dövrün füzulişünaslığında hadisə sayıla biləcək seçmə tədqiqatları qapsayır. Bunların sırasında professor Mir Cəlal Paşayev, akademik Həmid Araslı, akademik Məmməd Cəfər, professor Mirzağa Quluzadə kimi korifey füzulişünasların fundamental tədqiqatları ilə yanaşı, o dövrdə Füzuli sənətinin bu və ya başqa cəhəti haqqında məqalələr yazmış Əkrəm Cəfər, Əziz Mirəhmədov, Əli Əjdər Səidzadə, Əli Hüseynzadə, Azadə Rüstəmova, Hidayət Əfəndiyev, Rəfiqə Qayıbova, Samət Əlizadə, Məsud Əlioğlu kimi alimlərin araşdırmaları da füzulişünasların şünası Gülşən xanım Əliyeva-Kəngərlinin ciddi elmi “senzurasından” keçdikdən sonra ikinci cildə daxil edilmişdir.

XX yüzilliyin son çərəyini “Füzuli irsinin poetik dərki mərhələsi” adlandıran G.Əliyeva-Kəngərli “Qaynaqlar”ın üçüncü cildini də məhz bu dövrün Füzuli araşdırmalarından seçmələrlə tərtib etmişdir. Əvvəlki cildlərdə olduğu kimi, bu cild də, şəksiz-şübhəsiz ən böyük füzulişünaslar cərgəsində layiqli yerini tutan ümummilli lider Heydər Əliyevin öz təşəbbüsü, təşkilatçılığı və yüksək himayəsi altında keçirdiyi Füzulinin 500 illik yubileyi haqqında belə bir fikrini epiqraf gətirməklə başlanır ki: “Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir.”

Doğrudan da, sağlığında dövrandan kifayət qədər şikayətlənən Füzulinin dövranı məhz 500 illik yubileyi ərəfəsində və ondan sonrakı onillikdə gəlib çatdı. Necə deyərlər, Füzuli sənəti özünə layiq dövran sürdü. Xüsusən, Azərbaycanda ədəbi-elmi dairələrdə Füzuli irsinə marağın hədsiz artması nəticəsində Fuad Qasımzadə, Əlyar Səfərli, Sabir Əliyev, Cənnət Nağıyeva, Ayaz Vəfalı, Vəcihə Feyzullayeva, Ramiz Faseh, Aydın Abi Aydın kimi nisbətən yaşlı nəslin nümayəndələri ilə yanaşı, Rafael Hüseynov, Teymur Kərimli, Aidə Qasımova, Möhsün Nağısoylu, Nəsib Göyüşov, Lalə Əlizadə, Şəfəq Əlibəyli, Vərağa Almasov kimi nisbətən gənc tədqiqatçıların da araşdırmaları meydana gəldi. Maraqlıdır ki, füzulişünaslıq materiallarının seçimi zamanı Gülşən xanım öz elmi yaradıcılığına da “senzor” kimi yanaşmış, yalnız ən layiqli bildiyi məqalə və oçerklərini buraya daxil etmişdir. Füzulişünaslığın bu ən məhsuldar dövrünü əhatə edən “Azərbaycan füzulişünaslığının qaynaqları” toplusunun üçüncü cildinin əvvəlki cildlərdən daha qalın və sanballı olmasının səbəbi də dövlət müstəqilliyimizi əldə etdikdən sonrakı dövrün Füzuliyə münasibətinin göstəricisi sayılmalıdır.

Bu da sevinc doğurmaya bilmir ki, “Azərbaycan füzulişünaslığının qaynaqları” toplusunun üçüncü cildi heç də sonuncu cildi demək deyildir və tərtibçi-müəllifin belə bir niyyətini alqışlamaqla bu müxtəsər qeydlərimizi bitirmək istərdik:

“Tərtibçi-müəllif, füzulişünaslıq inkişaf etdikcə bu cildlərin sırasını davam etdirmək niyyətindir.”

Niyyətin hara, mənzilin ora! Yolun açıq, qələmin iti, Füzuli sevgin əbədi olsun, bacım!

 

lll

 

İyirmi il bundan öncə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini yenicə bitirmiş gənc bir qızın ürəyində bir sirr göyərdi – Füzuliyə məhəbbət sirri. Nə yazıq (bəlkə də nə xoş!) ki, bu sirri çox gizləmək mümkün olmadı, bir gün gənc qız bu sirri açdı və onun əsirinə çevrildi.

 

Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,

Şəhrə düşmüş “mən səni sevdim” deyən avazələr.

 

Ancaq nə gözəl bir əsirlik!..

 

 

Zülfiyyə ELDARQIZI,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 2 mart.- S.7.