Və bir ürək!…

 

Belə bir yazı əvvəl-axır qələmə alınacaqdı...

Nə yazacaqdım, haçan yazacaqdım - bilmirəm, amma o yazının ilk cümlələrinə hələ ötən ilin oktyabrından başlamalı idim...

Türkiyənin Van zəlzələsinin acılarından yenicə ovunub oyalandığı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində təməlqoyma, açılış mərasimlərinə qatılmışdılar.

Van zəlzələsinin ağır günlərində Türkiyəyə doğma qardaş köməyinə görə Azərbaycana şükranlıq duyğularını yetirən hörmətli Baş nazirin nitqindəki belə bir cümlə qəlbimi titrətdi:

"Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda, bir ürəyik"...

Nə gözəl!..

Elə səmimi, təbii, Azərbaycan-Türkiyə vəhdətinin gerçək ruhuna o qədər uyğun səslənmişdi ki, o gündən bəri həmin kəlmələr qəlbimdə əks-səda verib, Azərbaycan-Türkiyə doğmalığı xüsusunda içimdən keçən əsintiləri kağız-qələmlə bölüşməyə məni az qala hər gün borclu çıxarıb...

Nəzərlərim, vərəqdə naxışlanmış bir neçə sətrə dikilib, elə bil bu naxışlar arasından bizi bir-birimizlə məhrəm edən duyğuların izinə düşmək istəyirəm, amma, bu duyğuların sözlə təsviri mümkünmü?!

Görəsən, necə olur, min illərdir, adamlar eyni soyun, dilin, inancın, kültürün, ənənələrin daşıyıcısı kimi doğulurlar, dünyanın rəngarəng insan mənzərəsində eyni nəm-nişanla başqalarından seçilirlər?! Niyə həyat bu ilahi mizanda zərrə qədər yanlışlığa yol vermir, məsələn, türk ingilis, ingilis ərəb, ərəb alman kimi dünyaya gəlmir?!

Hələ ana bətnində ikən fərdin konkret etnosa mənsubluğunu müəyyənləşdirən, aradakı məsafələrə rəğmən, iki toplumu həmrəy, iki könlü həmdəm edən hisslərin adı nədir?! Bir yazar öz qələmi ilə bu hisslərin tam mənzərəsini necə canlandıra bilər?!

Niyyətim bu suallara cavab axtarmaq deyil! Çətin sualların cavabsızlığında yeni söz deyə biləcəyimi də fərq etmirəm. Zamanında bu suallara dövrün böyük zəka sahibləri cavab arayıb, bu mövzuda bir-birindən gözəl, bir-birindən tutumlu yazılar qələmə alınıb. Amma bütün yazılar içində ən gözəl yazı, Tanrının öz qüdrət qələmi ilə iki müqəddəs kəlmədə yazdığı Yazıdır:

Azərbaycan-Türkiyə...

Hələ sovetlər zamanında sərhədlərin o tayında sirli-sehrli bir dünya vardı bizimçün. Səsini ara-sıra şirin nəğmələrindən duyardıq, başqa dillərə çevrilmiş filmlərinin təbii qatından hərdənbir qulağımıza dəyən doğma kəlmələrdən ürəyimiz isinərdi. Bunca doğmalığının sirrinə o zamanlar hələ tam vara bilmədiyimiz bu əlçatmaz dünya bir xəyal aləmi idi. Rəşad Nuri Güntəkinin, Orxan Kamalın, Zəki Mürənin, Müşərrəf Akayın, Barış Mançonun səsi, sözü kimləri çəkib aparmamışdı o xəyal dünyasına...

...Bir də korifey sənətkarımız, əziz deputat həmkarım Zeynəb xanımın sehrli səsindən o illərdən bəri yaddaşımda qalmış bu misra...

"...Mən gedirəm İstanbula,

Bakı, səndə gözüm qaldı!.."

Onda hələ nə müstəqil dövlətimiz vardı, nə müstəqil Azərbaycan dövlətinin xarici siyasəti vardı, nə də SSRİ boyda nəhəng imperiyanın tərkib hissəsi olan respublikazımızın əlahiddə dövlətçilik maraqları.

Amma sərhədlərin o tayında qəribə bir cazibə ilə ruhumuzu özünə çəkən o dünya bizim üçün onda da mövcud idi. O dünya nə rəngdə idi, bilmirdik, şəhərləri, köyləri, insanları necə idi, məlumatsızdıq, necə yaşayırdılar, nə yeyib, nə içirdilər, xəbərimiz belə yox idi.

Sovet ideologiyası bizi o dünyanın dəyərlərinə nifrət ruhunda böyütməyə çalışırdı, orada kapitalizm vardı, bir sinif başqa bir sinfin əməyini istismar edirdi, körpələr göz açmadan ölürdülər orada, insanların çoxu yazıb-oxumağı belə bacarmırdı. Lakin bu zəhərli təbliğata rəğmən, o dünyanın şərqiləri yenə sevgi saçırdı, kəlmələri bal dadırdı, əfsun dolu bir duyğu xəyallarımızı ahənrüba kimi o dünyaya doğru çəkirdi və bu xəyalların içində həm də bizi o dünyadan ayıran siyasi sərhədlər haqqında düşünmək nə qədər qüssəli idi, onda...

Bu həsrətimiz zamanın xoş olmayan bir qismət vədəsində bitdi.

İmperiya siyasətinin "dinayrı qardaş" köynəyi altında əsrlərcə bizə doğmalaşdırmağa cəhd göstərdiyi ermənilər xristian dünyasının xeyir-duası ilə əsl xislətlərini bir anda ortaya qoyub qanımıza susayınca, yanımızda kimsəni yox, tarixin və taleyin yüz illərcə ayrı saldığı əsl doğmamızı gördük...

"Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Fəqət sabah nə olacağını bu gündən kimcə kəsdirə bilməz. Eynən Osmanlı kimi, Avstriya-Macarıstan kimi Sovetlər Birliyi də parçalana bilər. Bu gün əlində möhkəm tutduğu millətlər ovuclarından qaça bilər. Dünyada yeni bir vəziyyət yarana bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir...

Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməməliyik. Bizim onlara yaxınlaşmamız gərəkli!.."

Azərbaycanın təklənmiş, çarəsiz, kövrək vaxtlarında Qazi Mustafa Kamal Atatürkün bu tövsiyəsini uca tutaraq Türkiyə Xızır kimi yetişdi, əsrlərcə Avropanın qorxulu röyasına çevrilmiş gücü, zəhmi ilə Azərbaycana qəhmər çıxdı, üzləşdiyi müsibətlərdən başı dərddən-dərdə düşmüş doğmasına həyan oldu. Azərbaycan o ağır anlarında Türkiyəyə sarıldı, Mustafa Kamal Paşanın təbirincə desək, Türkiyə və Azərbaycan olayların böldüyü ortaq bir tarixin içində bütünləşdi...

Bu, adi bir pafos deyil, belə bir tarixi ana 90-cı illərin əvvəllərində televiziyada Türkiyə vətəndaşlarının Azərbaycana dəstək çağırışlarını seyr edən sıravi insanlarımızın, Azərbaycanın ucqar kəndlərində, ömrü boyu sovet tərbiyəsi alıb bu quruluşa xidmət etmiş ağsaqqalların, ağbirçəklərin yaş dolu gözlərində şəxsən şahid olmuşam...

İndi Azərbaycan və Türkiyə münasibətləri haqqında yüzü yüz söz danışar, ətlə dırnaq arasına girənin son aqibətini tarixdəki ən "nəcib" missiyasına çevirmiş kimsələr indi də Azərbaycan

Türkiyə münasibətlərinə xələl gətirməkdən ötrü yorulmadan qələm çalar, bu məqsəd uğrunda çeşid-çeşid yazılar yazılar, hər kəs bu münasibətlərin fərqli mənzərəsini yaratmağa çalışar. Amma mənimçün Azərbaycan-Türkiyə münasibətlərinin gerçək mənzərəsi illər öncə televiziyada o hiddətli çağırışları səsləndirən türk qardaş-bacılarımızla, bu dəstəyi riqqət dolu göz yaşları içində qarşılayan Azərbaycan insanlarının içində bütövləşib, bir olduğu dəyərlərdir.

O dəyərlər hər hansı siyasətlə bir araya sığmır, bu münasibətlərin motivini, kökünü müəyyən etmək üçün siyasət heç bir ölçü vahidinə malik deyildir, bunlar bütün siyasətlərin fövqündədir. Bu dəyərlər türk övladının at belində doğulub Tanrıya tapındığı ucsuz-bucaqsız çöldə, vaxtın və məkanın hududlarından kənarda formalaşmışdır.

Siyasi oyunları düzüb qoşanlar, öz maraqları naminə insanları, bütöv xalqları, dövlətləri üz-üzə qoymaq istəyənlər günahkar bəndələrdir. Azərbaycanla Türkiyəni bir-birinə bağlayan dəyərlərsə bir atanın belindən, bir ananın bətnindən gəlmiş, bir ocaqda doğulmuş, bir soydan törəmiş insanlar üçün Tanrının yazdığı xoş bir alın yazısıdır.

Tanrının yazdığını bəndə poza bilərmi heç?!

Nə vaxtsa ünlü Argentina yazarı X.L.Borxesin belə bir fikri diqqətimi çəkmişdi: "İnsan hər səhər doğulur, hər gecə yenidən dünyasını dəyişir..."

Belə baxanda, hətta fərdin bu günü dünəninin davamı deyil, axı insan hər yeni günün içində yaşayır, öz vaxtını onun ab-havasına, gözlənilməz olaylarına uyğun qurur, bu dünyada hər kəs öz əməllərinə görə cavabdehkən, bir nəslin tarixi keçmişinə, atıb-atmadığı hansısa addımlarına görə növbəti nəsillərdən necə hesab sormaq olar?!

Tarixi insanlığın tarixi qədər saf və qudsal olan Türk qövmünü indi uydurma "soyqırımı" çamuruna bulaşdırmaq mümkünmü?!

Aşırı millətçilik kimi görünməsin, amma bizim də, Türkiyə türklərinin də şanlı tarixində, misilsiz kültüründə bir olduğumuz Türk başqa xəlq olunmuşlara bənzəməz, Türk adi bir xalq deyil, bütöv dəyərlər sistemidir, Tanrının yaradıcılıq qüdrətinin bir toplum halında ifadəsidir, Tanrı bu qövmü öz sevgisindən yaradıb, Türkün qoca tarixdəki saysız-hesabsız hər nişanəsində bu İlahi eşqin təcəllasını görərsən.

Türkün qisməti dünyaya sevgidir, bəşəri dəyərlərə vurğunluqdur, hərdən nifrət hissimizin olmamasını bir unutqanlıq suçu kimi üzümüzə vursaq da, bu, əsla unutqanlıq deyil, sadəcə olaraq - Türk istəsə belə - nifrət edə bilmir, düşmənçilik bəsləməyi bacarmır, onun kitabında günahsız qan tökmək, bir məsumun günahına girmək yox, hansısa millətə qənim kəsilmək imkansız...

Bir zamanlar Doğudan-Batıya, düzü-dünyanı tutmuş fatehlərimizi öz yazılı tarixlərini yaratmadıqlarına görə hərdən qınayırıq, amma fikrimcə, yazılı mənbələrə həvəssizliyin özü belə, ulularımızın dünyaya tükənməz sevgi hissindən irəli gəlib, axı hər bir tarix, istər-istəməz həm də xalqların hərb meydanında üz-üzə gəlməsidir, qılıncların toqquşmasıdır, heç bir Türk hökmdarı, yazılı tarixlə gələcək nəsillər üçün başqa xalqlara hikkə, qəzəb, nifrət buraxmaq istəməyib, əvəzində öz şanlı tarixini bir-birindən gözəl məhəbbət nəğmələrində, sazında-sözündə ifadə edib.

Tarixə baş vuran hər kəs özü buna şahid olacaq! Əgər kimlərisə tarixdə baş verənlər maraqlandırırsa, qoy, bu missiya tarixçilərə həvalə edilsin, ayrı-ayrı dövrlərdə baş vermiş hadisələr tarixçilər tərəfindən obyektiv işıqlandırılsın, müxtəlif vasitələrlə gələcək nəsillərə çatdırılsın. Tarixə bu cür yanaşmaq lazımdır.

TARİX insanın qürurudur, fərəhidir, acısıdır, ona maraq göstərən, onun hansısa bir parçasına əlini toxunduran kəsin keçirdiyi qeyri-adi duyğulardır, gələcək üçün aydın istiqamətdir, yeni nəslin yaratdığı ənənələr üçün bələdçidir.

TARİX ondan ibrət dərsi almaqdan, gələcək nəsilləri öyrətməkdən, insanlara yol göstərməkdən ötrüdür, onları mühakimə etmək üçün yox! Bir dəfə də qeyd etdiyim kimi, tarix siyasi iddialara çevriləndə, saxtalaşdırılanda, başqa xalqlara qarşı yönəldiləndə qudsallığını itirir, eybəcərləşir, ali bir dəyərdən çirkin siyasi alət səviyyəsinə düşür.

Dünyada müharibə aparmayan, itkilər verməyən bir xalq göstərə bilərikmi?!

Tarixin sonrakı dönəmlərində münasibətləri nizama salan, qaynayıb-qarışan, birgəyaşayış normaları çevrəsində öz gündəlik həyatını sürdürməyə çalışan xalqlar indi keçmişdə olub-bitənlərə görə bir-birini məşhər ayağına çəksələr, Yer üzündə nələr olar?!

Hansısa xalqa tarixlə istədiyi kimi oynamaq üçün əlahiddə haqqı kim verib?!

Niyə dünya cəmi 20 il əvvəl ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı dəhşətinə kor olub, guya yüz il əvvəl baş vermiş hansısa uydurma hadisəni soyqırımı kimi isbat etməyə çalışmalıdır?!

Əgər, bütün bunların başlıca səbəbi xristian həmrəyliyidirsə, axı bu cür əməllər İslam kimi xristian inancının baxış bucağından da tam bir Allahsızlıqdır!..

...Bu qış Parisdən eşidilən xoşagəlməz xəbərlərlə başladı, dünyanın Sevgi və ətir paytaxtı bu dəfə Ermənistanın illərdir dünyaya yaymaqdan yorulub-usanmadığı qan və nifrət qoxusuna büründü...

Fransa Milli Assambleyası uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi, bununla da əsrlərcə tarixi saxtalaşdırmaqla məşğul olmuş ermənilərin Xocalı soyqırımı qurbanlarının al qanı hələ qurumamış qatil əllərindən yapışdı, haqq söyləyən dilləri qanlı ovuclarla qapamağa, həqiqət deyən ağızlara daş basmağa qalxdı...

Təəccüblənmədik, təəccüblənə bilmədik...

Bütün bunlar, nə vaxtsa öz həqiqətini qorxmadan dilə gətirdiyinə görə Janna Darkın diri-diri odda yandırıldığı bir torpaqda baş verdi...

Bu rəzalət zamanında bəşəriyyətə maarifçilik, söz, ifadə azadlığı dərsi vermiş Jan Jak Russonun, Volterin, Monteskyönün respublikasında yaşandı...

Heyrətlənmədik...

Çoxumuzun ilk dəfə ölməz Viktor Hüqonun "Səfillər" abidəsinin dayandığı ucalıqda görüb məftun olduğumuz bir məmləkət bəzi siyasilərinin beş-on erməninin səsini qazanmasından ötrü özünü həyatın dibində sürünən işğalçı Ermənistanla bərabərləşdirmək istədi...

Təəssüfləndik, neyləməli, dünyanın gərdişi belədir...

Bizi təəccübləndirən də, heyrətləndirən də, təəssüfləndirən də başqa səbəblər oldu...

Bu gün Azərbaycan və Türkiyə zamanın sərhədlərlə bir-birindən ayırıb iraq saldığı türk dünyasını ortaq keçmişdən ortaq gələcəyə doğru aparan qoşa qanad misalıdır. Müasir dünyada mənəvi-siyasi baxımdan bir-birinə bu qədər yaxın olan başqa dövlətlərin mövcudluğunu təsəvvür etmək belə çox çətindir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "...bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətlərinə sadiqik".

Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-dan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyədir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl şəkildə müdafiə etməkdədir. Bu ölkə respublikamızın ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması üçün səylərini heç zaman əsirgəməyib. Münaqişənin həlli yolunu ancaq Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə münaqişə nizamlanana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr yaratmayacağı barədə öz qətiyyətli mövqeyindən dönməyəcəyini dəfələrlə bəyan edib.

Türkiyənin bu sözünü hansı çətinliklər hesabına tutduğunu təsəvvürə gətirməkdən ötrü, bir neçə il əvvəl Sürix şəhərində məlum protokolların imzalanması zamanı Türkiyə xarici işlər nazirinin başının üzərini kəsdirib məkrli nəzərlərini ümidlə onun qarşısındakı vərəqlərə - Ermənistanın ac-yalavac durumdan xilas yoluna dikmiş siyasilərin hiyləgər çöhrələrini xatırlamaq yetər. Amma Türkiyə bu təhdidlər qarşısında yenə öz qətiyyətini qoruyur, Azərbaycanın təklənib qurdlar süfrəsinə çəkilməsinə təhəmmül etmir.

Azərbaycan-Türkiyə münasibətləri bu gün bərabərhüquqluluğu, qarşılıqlı-faydalılığı ilə hər iki dövlətin siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik maraqlarına cavab verir. Bu münasibətlərin sivil beynəlxalq münasibətlərə tam uyğunluğu göz önündədir, aydın sezilir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinin təəssübünü çəkir, bir-birinin maraqlarını qoruyur, eyni zamanda bunu eyni millətə mənsubluğun doğurduğu emosional hisslərlə yox, beynəlxalq hüquq normalarına uyğun bir şəkildə etməyə cəhd göstərir.

Türkiyə Qafqazlarda özünün bütün addımlarını Azərbaycanın köməkliyi və maraqlarının nəzərə alınması ilə, Azərbaycan isə özünün Qərb siyasətini eyni prinsiplə həyata keçirməyə çalışır.

Azərbaycan Türkiyə üçün Qafqazlarda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsindəki digər dövlətlərlə, xüsusən türk dövlətləri, İslam dininə mənsub xalqlarla əlaqə üçün mühüm vasitədir və ölkəmiz bu bağlantının təmin olunması üçün səylərini əsirgəmir.

Azərbaycan Türkiyənin dünyadakı siyasi, iqtisadi, mənəvi qüdrəti üçün əlindən gələn hər şeyi edir, çünki Türkiyə demək həm də Azərbaycan demək, sevinci ilə də, acısı ilə də...

"Bu yaxınlarda Türkiyə BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu, indi Azərbaycan təmsil olunur. Ancaq siz də bilirsiniz, biz də bilirik ki, bu yer bizim müştərək yerimizdir". Azərbaycan-Türkiyə münasibətlərinin gerçək mahiyyəti, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyənin Baş nazirinə, Türkiyə ictimaiyyəti nümayəndələrinə xitabən söylədiyi bu kəlmələrdədir, insanlarımızın içdən gələn bu səmimi hisslərində, duyğularındadır...

Bu gün Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə var, Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan...

"Eurovision" mahnı müsabiqəsinin finalında Azərbaycanın tarixi qələbə anlarını xatırladınızmı?! Həmin anlarda izlədiyimiz maraqlı "müqəddəs bir yanlış" Azərbaycan və Türkiyənin dünya düzənində bir-biri üçün nə demək olduğunu simvolizə edən naxışa çevrildi, finalçılarımızdan biri həyəcan içində arenaya Türkiyə bayrağı ilə yüyürdü.

Azərbaycan bayrağının arenaya Türkiyə bayrağının ardınca gəlməsi Azərbaycanda kimsəni qısqandırmadı, kimsəni narahat etmədi, əksinə, sevinc hissimizə daha bir duyğu qatdı, sevincimizin hüdudlarını genişləndirdi, çünki bu, həm də Türkiyənin zəfəri idi...

"Bir millət - iki dövlət" - böyük dövlət adamı Heydər Əliyev özünəməxsus müdrikliklə hələ illər öncə Azərbaycan - Türkiyə münasibətlərinin dəqiq düsturunu belə müəyyənləşdirmişdi. Yaxın keçmişimizdə bu tarixi şəxsiyyətin türk dünyasının gələcəyi üçün irəli sürdüyü ideyalar aradan keçən zamanda bizi bir-birimizə daha sıx bağlayır, birliyimizi sarsılmaz edir. Azərbaycan və

Türkiyə "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars", "TransAnadolu qaz" kimi qlobal möcüzələrlə bu gün dünyanın böyük bir coğrafiyasında əl-ələ tutuşur, iki qardaşın birləşmiş əllərinin yenilməzliyi, tarixin qədim çağlarında törətdiyi hər qəbahət üstündə bu əllərin şapalağını çox dadmış türk düşmənlərini qayğılandırır.

Erməni "soyqırımı" inkar qanununun Fransada gündəmə gətirildiyi ilk günlərdən Azərbaycan və Türkiyə bəlkə də çağdaş tariximizdə ilk dəfə bu qardaş əllərin birgə gücünü bütün reallığı ilə nümayiş etdirməkdən çəkinmədi...

Parlamentlərimiz, millət vəkillərimiz, diplomatik qurumlarımız, mediamız, qeyri-hökumət təşkilatlarımız, vətəndaşlarımız, xaricdəki soydaşlarımız, bir sözlə, bütün Türkiyə və Azərbaycan birgə hərəkətə keçdi, haqsızlığın, ədalətsizliyin, Allahsızlığın üzərinə ilk dəfə bu qədər güvənlə, birgəliklə yürüdü...

Hər kəs bu qardaş əllərin birlikdə nə qədər güclü olduğunu duydu, hiss etdi, dost sevindi, düşmən təşvişə düşdü...

Belə bir coşğuya, bərabərliyə kölgə salmaq, xələl gətirmək, səfimizi dağıtmağa səy göstərmək ancaq bu birgəlikdən təlaşlanmış düşmənlərin və öz içimizdə onların xidmətində dayananların ağlına gələ bilərdi və əfsuslar olsun ki, ötən karvanımızdan baxdığımızda həm Türkiyədə, həm Azərbaycanda belələrinin də səs-səsə verdiyini gördük...

Və bizi təəccübləndirən də, təəssüfləndirən də, bax, bu oldu!..

Biriləri belə çətin məqamda Azərbaycanın Fransa Senatının məlum addımına qarşı Türkiyə ilə birgə gördüyü işləri, rəsmi səviyyədə sərgilədiyi prinsipial mövqeyi kənara qoyub, bunların əvəzində Azərbaycan Prezidentindən Onun daşıdığı ali vəzifənin məsuliyyəti, peşəkar diplomatik üslubu üçün xarakterik olmayan emosional bəyanatlar gözlədilər, buna səbirsizlənib, qələmlərini qərəzlə, təxribat sevdası ilə itilədilər, unutdular ki, Prezident Sözünün dəyəri onun öz məqamında, öz tərzində deyilməsindədir!

Məqamında bu Söz, bir zamanlar pivəxanalarında Hitlerin faşizm ideyalarını cücərtdiyi bir şəhərdə, Azərbaycanın da Misirin, Liviyanın, İraqın gününə düşməsini arzulayanların bəd ağzına tərs sillə kimi səsləndi: "Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu görməyəcəksiniz!.."

Məqamında bu Söz onu eşitmək üçün Fransa senatorlarını hüzuruna qədər gətirdi, digər həmkarlarından fərqli olaraq ədalət hissini itirməmiş bu insanlara Fransanın tutduğu yolun yanlışlığını, demokratik dəyərlərlə bir araya sığmadığını, Fransa kimi bir dövlətə yaraşmadığını anlatdı.

Hər hansı isterik davranışlara deyil, müasir dünyanın oyun qaydalarına, əsl dövlət adamının peşəkar diplomat səriştəsinə əsaslanan bu Sözün, Azərbaycan-Türkiyə birgəliyinin, indi Fransanın məlum addımına sevinib, bütün bunlardan həm də Azərbaycanla Türkiyənin arasını vurmaq, beləliklə, bulanıq suda tutulmuş balıqları bazara çıxarmaq üçün fürsət gözləyən kəslərə hansı sürprizləri hazırlayacağını indidən kimsə təxmin edə bilməz...

Bu arada Türkiyədə düşmən felinə uymuşlara ən tutarlı cavabı sayın Ərdoğandan duyduq: "Mən son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər! Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyədən olan millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı bütün dünyada tanınsın. Bizim düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir..."

...26 fevral günü - Xocalı soyqırımının 20-ci ildönümündə Bakıda və İstanbulda keçirilən möhtəşəm aksiya sevinci də, acısı da bir olan iki qardaşın çiyin-çiyinə verib "Ya həddinizi biləcəksiniz, ya da həddinizi bildirəcəyik!" deyə ədalətsizliyin, haqsızlığın, Allahsızlığın üzərinə yürüdüyü əzəmətli abidəsi idi...

...Və bu yürüşün ilk addımından türk tarixinin yeni bir səhifəsi başlanır!...

Fərqindəyik, yer üzü, bir günün içində dəyişəsi deyil...

Əliqanlı insan qəssabları tövbə qapısından gen gəzib öz cinayətlərini davam etdirmək üçün bundan sonra da fürsət axtaracaqlar...

Erməni yalanları yenə beynəlxalq aləmdə, xarici ölkələrin parlamentlərində acı toz-duman kimi dolaşıb zəhlə tökəcək...

Dünyanın tezliklə haqqa tapınacağını, ədalətsizlikdən əl çəkəcəyini də düşünməyə dəyməz...

Amma daha heç nə əskisi kimi olmayacaq...

Bundan sonra haqqımızı pozmağa, qürurumuza toxunmağa qalxan hər kəs qarşısında çiyin-çiyin verib üzərinə yeriyən Türkiyə və Azərbaycanı görəcək!

Biz bunu bacardıq və biz bunu yenə bacaracağıq!

Türkiyədə də, Azərbaycanda da indiyə qədər bu mövzuda min məzhəbə qulluq edib düşmən ocağını körükləyənləri, utanc hissini itirmişləri, öz istəklərini qəzet səhifələrində sərgiləyənləri isə, qoy, Türkün şanlı tarixi, Bilgə xaqanın Kül tigin daşlarına qazılmış çağırışı məyus etsin: "Türk bəyləri! Eşidin! Üstdə göy basmasa, altda yer dəlinməsə, sənin elini, sənin adətini kim poza bilər? Sənə kim qalib gələ bilər? Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!.."

...Aman Allah, necə də möhtəşəm səslənir: "...sən özünə dönəndə..."

Fevralın 26-da bütün ruhumuzla duyub, yaşadıqlarımız - qüdrətli bir Xalqın titrəyişi idi...

Meydanları və küçələri silkələyən addımlar, hayqırtılar yenidən bütövləşən, böyüyən BİR ÜRƏYİN vaxtın ahəngi ilə sinxron döyüntüsü idi...

Bəli, Türkün özünə dönüşü idi bu...

Dönüşümüz xeyir!

 

 

İmamverdi İsmayılov

 

525-ci qəzet.- 2012.- 2 mart.- S.4.